Gülünün gözəlliyi bir yana... – İlham Əzizin yeni hekayəsi

Gülünün gözəlliyi bir yana... – İlham Əzizin yeni hekayəsi
6 iyul 2021
# 09:01

Kulis.az "Hekayə günü"ndə İlham Əzizin "Gülünün gözəlliyi də bir yana..." hekayəsini təqdim edir.

Feyzi yedəkli motosikletinə söykənib tilovun qarmaqlarını bərkidə-bərkidə qəti qərara gəldi ki, Mahiri öldürsün. Və bu yoldan dönməyəcəyinə kişi sözü verdi.

Onun üçün kişi sözü ən müqəddəs anddı. 25 il yaşadığı Rusiyada da bu sözə görə çox şeydən keçmiş, çox adamlarla qanlı-bıçaq olmuş, olanını-qalanını satıb doğulduğu Qara gölün lap yanında, ya göldən qabaq, ya da göldən sonra (orasını dəqiq bilmirdi) salınmış Sum kəndinə qayıtmışdı.

Düzdü, gələndə əlində yaxşı pul-para vardı, amma 7 ildə çoxunu xərcləmiş, azı qalmışdı. Xərcləmişdi deyəndə, özünə toy eləmişdi, ev-eşik düzəltmişdi, dədədən qalma bağ-bağatı sahmana salmışdı. Kəndin ən gözəl qızını almışdı, qır-qızıla, pal-paltara pul əsirgəməmişdi.

Gülüylə yaş fərqi iyirmi ildən bir-iki ay az idi. Gülü də nə Gülü, kəndin bu başından görünəndə o başında cavanların halı dəyişirdi, yerişləri itirdi, hərəsi ağzında bir mahnı mızıldanırdı. Gülünün gözəlliyi bir yana, şaqraq gülüşü qoca kişilərin də içini tərpədirdi, qamətini dikəldirdi.

Feyzi kəndə gələr-gəlməz Gülünü görüb başını itirmişdi. Qonşularındakı aradüzəldən Qönçəyə “moskovski” konfetdən pay-püş edib, dərdini usulluca anlatmışdı. Belə işlərin pərgarı olan Qönçə zarafata salıb bu işin “moskovski” konfetlə düzəlməyəcəyini göz-başını oynada-oynada işarə vermişdi. Onda Feyzi səxavət kisəsinin ağzını birdəfəlik açıb, ay Qönçə xala, bundan 10 dənəsini cibində bil, deyib, qırmızı yüzlükləri əlində yelpik kimi hərləmişdi. Qönçənin də həmən-həmən çiçəyi çırtlamışdı, o iş mənlikdi, amma kişi kimi söz ver, demişdi. Razılaşmışdılar.

Qönçə hər tərəfdən Gülünün anası Xanbəyimə hücuma keçmişdi:

- Az, nə var bu acından günorta duranlarda? Hərəsinin də evində qayınana, baldız... Acından ölürlər, söz-sözə də gələndə hərəsi bir hava çalır, çullu dovşan sığmır ağızlarına. Amma Feyzi? Evi-eşiyi, bağı-bağatı, pulu-parası... Gözünü Allah nə bağlayıb, yağlı tikədi, əldən buraxma.

Xanbəyim də qızına bələd idi. Yar-yaraşığına baxma, gözü başı oynayırdı, bir salamat adam tapıb tezliklə baş-göz eləmək istəyirdi. Feyzi də göydən düşmə idi. Çox da özünü naza qoymadı, razılaşdı. Bir qalmışdı qızıyla danışmağı. Söhbətin çətini də elə o idi. Əri Mirzalı Xanbəyimin bir sözünü iki eləməzdi, evin dərdi-səri həmişə arvadın boynunda olmuşdu.

Axşamüstü qızını qabağına qoyub olanları nağıl elədi. İncəvara qız da çox atlanıb düşmədi. Nə kəramətdirsə, lal-dinməz razılaşdı.

Nişan, toy çox çəkmədi. Qönçə qırmızı yüzlüklərinə, Feyzi Gülüyə qovuşdu, kəndin subaylarının da gözü yoldan izdən yığıldı. Qonum-qonşu toyda özlərinə əl qatdılar, işlədilər, oynadılar, yır-yığış elədilər. Toy hardan gəldi, hardan getdi, Feyzi bilmədi. Ən çox da can yandıran iki üç ev aralı qonşu Mahir oldu. Elə toyun səhərisindən də Mahirin ayağı Feyzinin evinə açıldı. Yay bilmədilər, qış bilmədilər, gah həyətdə, gah evdə yedilər, içdilər... Gülü qulluq elədi, dedilər, güldülər... Feyzi də rahatladı, nə işi, nə dərdi oldu, özündən xeylaq cavan Mahirə dedi, o da hamısına əl yetirdi, baş sındırdı. Gülü də yavaş-yavaş yanlı-yançaqlı gəlinə döndü. Qadınlıq birə beş də gətirmişdi gözəlliyinin üstünə. Xanbəyim bir iki dəfə qızına təpinmişdi. Demişdi, o Səfərin gədəsini az otarın evinizdə, kənd yeridi, söz-söhbət olar, xarabada sizdən başqa qonşusu olan yoxdu? Bu nə hay həşirdi?

Xanbəyim Mahirdən çox qızından narahat idi. Gəlin gedəndə fikirləşdi canı soyuyar, gözü başı yığılar, amma, əksinə olmuşdu, Gülü toydan sonra xam ata dönmüşdü, geyimi keçimi yaxşılaşsa da, ətəyi qısalmışdı, sinəsi açılmışdı. Gecə gündüz dua eləyirdi, “ilahi buna ağıl ver”. Toyun ili tamam olmamış Gülü bir oğlan doğmuşdu, Feyzini xoşbəxt etmişdi, özünün də fısqırığı yerə göyə sığmırdı. Nə də olsa, oğul anasıydı.

Feyzi gün-gündən arvadına isinişir, arada Gülünün gözəlliyinə tamaşa edib deyirdi, lotareyam udub. Yoxsa 20 yaş gənc, gözəl qızı kim verərdi Feyziyə. Qönçəni içində hər dəfə alqışlayırdı: o 10 dənə yüzlük ana südü kimi halal xoşu olsun. Uşaq da asta-asta böyüyürdü, böyüdükcə saralır, sapsarı bir adam olurdu. Uşaq saraldıqca rəngi Feyzinin içinə dolurdu, dünyasını saraldırdı.

Gülü qarabuğdayı, mən də qapqara, bu uşaq kimə çəkdi?

Sonra nəslində hamını yada salırdı, bir nəticə hasil olmurdu. Arada zarafata salıb Gülüdən də soruşmuşdu:

- Ay Gülü, nənəndən, babandan sarı olanı var idi?

Gülü də uğunub gedirdi, bir söz demirdi. Feyzinin qarnına ağrı dolurdu. Arada da, lənət şeytana deyib özünü danlayırdı. Hesab kitabla da uşaq özününkü idi. Amma adamın qarnına qurd düşməyə, yeyib bitirəcək. Ta o günə - Feyzinin rayona gedib qayıtdığı həmin günə kimi...

Motosikletin yedəyinə olandan-olmazdan yığıb rayondan qayıdırdı. Həyətə girəndə hələ heç nədən duyuq düşmədi. Elə bir iki addım atmışdı aynabəndin qapısı açıldı, Mahir evdən çıxdı. Dalıyca da Gülü. Tutuldu, ancaq özünü o yerə qoymadı. Qayıdıb yedəkdən ayın-oyunu çıxardı. Mahir əl atmaq istədi, Feyzi əliynən işarə elədi ki, dəymə, özüm! Gülü özünü çox rahat aparırdı. Elə onun rahatlığı Feyzinin ürəyinə bir az su səpdi. Fikirləşdi, bir şey olsa, özünü itirərdi. Mahir quruyub qalmışdı. Gülü tez tələsik sözə başladı.

Gallery

- Uşaq yatıb, səs-küy salma. Mahir də sənin yanına gəlmişdi, sağ olsun, uşağı aşağıdan qucağına alıb evə qoydu. Feyzi var gücü ilə inanmaq istəyirdi, yoxsa dəli olacaqdı. Mahirin də qırışığı açıldı.

- Uşağın da maşallahı var, neçə kilodu görəsən, qolum qırıldı.

Feyzi bir az özünə gəlib soruşdu?

- Nə əcəb gəlmişdin?

- Heç, tilov tapmışam, dedim balığa getsən, məni də çağırardın.

- Hə, nə olar, gedərik. Su istidi, ya axşam tərəfi, ya da gün çıxmamış getmək lazımdı. Axşam mığmığa dədəmizə od qoyar, yaxşısı budu, obaşdan gəl gedək.

Mahir də yaxşı-yaxşı deyib qapıya tərəf getdi. Feyzi arxadan bir də səsləndi:

- Yadından çıxmasın ha…

Mahir başıynan oldu eləyib, özünü darvazadan çölə atdı. Evdən uzaqlaşanda yadına düşdü ki, tilovu yoxdu... Fikirləşdi ki, bu balıq tutmaq hardan çıxdı? Sonra da düşündü ki, tilovu Kapitalist Əhmədin oğlu Kərəmdən götürə bilər. Feyzi də dalınca baxdı, amma hiss etdi ki, Mahir həmişəkindən sürətlə uzaqlaşır.

Qayıdıb aldıqlarını aynəbəndin pilləkəninə yığdı, Gülü də bir-bir götürüb yerbəyer elədi. Əl damından tilovları gətirib motosikletin yanına qoyanda Gülü səsləndi:

- Gəl, yemək hazırdı.

Uzun-uzadı yemək stoluna baxdı, nə fikirləşdisə, gedib əl üzünü yudu, gəlib oturdu həmişəki yerində. Gülü bozbaş bişirmişdi. Qabağına çəkib qarışdıranda aynabəndə baxdı, gördü uşaq pərdənin arasından ona zillənib. Onda dəqiq bildi ki, Mahir Gülüylə yatır və bunu illər uzunu unamayıb. Yeməyi qarışdıra-qarışdıra Mahirin bu günə qədər onun evinə gəlib getməsi, hər işə cani-dildən kömək etməsi, Gülüylə göz-gözə gələndə üzündə yaranan şeytan təbəssümü yadına düşdü. Gülü də bir az aralıda zümzümə eləyə-eləyə gülləri oxşayırdı.

Yeməyin içinə astadan tüpürüb ayağa durdu. Tilovları götürüb qarmaqları bərkitməyə başladı. Planı hər incəliyinə qədər düşünmüşdü. Qara göl adam öldürüb itirmək üçün ən uyğun yerdi. Sonra fikirləşdi ki, nə əcəb indiyə kimi orda heç kimi öldürməyiblər? Yəqin indiyə qədər kənddə belə oğraşlıq olmayıb, ya da öldürüblər, Qara gölün sirrində-sehrində itib batıb, bilən olmayıb. Baltanı motosikletin yedəyinə qoyanda Gülü gördü:

- Baltanı neyləyirsən?

- Heç, bir az şax söyüdü qıracam, kabab çəkməyə

- Yeməyini yeməmisən ki?

- Götür, ye, iştahım yoxdu, yorğunam, tilovları bərkidib qurtarım yatacam.

Gülü yaxşı deyib, bozbaşın suyundan qaşıqlayıb yeməyə başlayanda, Feyzinin ürəyi ağzına gəldi.

***

Tezdən Mahirin oğru səsinə yerindən qalxdı.

- Dur gedək də, özün demisən 5-in yarısı gəl, gəlib şöngümüşəm burda.

- Yaxşı, arvad kimi deyinmə, gəldim.

Hər şeyi hazır idi. Motosikleti işə saldı. Mahir də hazırlıqlı gəlmişdi. Tilovları ehmalca yedəyə yerləşdirəndən sonra vedrəni motosikletin arxasına asdı. Feyzi oturub bir başa gölə tərəf sürdü. Kəndin daş-kəsəkli yollarında motosiklet atlanıb-düşür, vedrənin danqıltısı aləmi başına götürürdü.

- Mahir, vedrənin danqıltısına göldə çətin balıq qala, bağlamağa yer tapmadın?

Mahir motosikletin səsindən, bir də ürəyində özünü söyməkdən Feyzini eşitmirdi.

Çatıb yerbəyer olandan sonra ortaya göl səssizliyi çökdü. İkisi də gözünü ağ “paplavok”a zilləyib baxırdılar. Ətrafda heç kim gözə dəymirdi. Feyzi lapdan qalxıb motosikletə tərəf gedəndə Mahir diksindi. Sonra da içində "nə zibilə düşmüşəm?", deyib yenidən “paplavoka” zilləndi. Feyzi gizlətdiyi baltaya baxıb köks ötürdü, elə istəyirdi ki, götürsün, Mahir Feyzini harayladı.

- Tez gəl, aparır!

Feyzi qaçıb tilovu götürdü, həqiqətən aparırdı, əlində hiss elədi ki, yekə balıqdı!

Mahir dişərə-dişərə “sapsarı çəki olacaq” dedi.

Sarı sözünü eşitcək dünya Feyzinin başına uçdu. Var gücüylə tilovu çəkdi. Balıq gəlib lap ayağının altına düşdü. Quyruğundan ikiəlli yapışdı. Qaldıranda sapsarı bir çəki əlindən yağ kimi sürüşüb suda yox oldu.

Mahiri gülmək tutdu.

Feyzi birdən anladı ki, bunu burda oğru kimi öldürmək lazım deyil. Onsuz da bilinəcək. Ömrünün də çoxu gedib, azı qalıb. Ən yaxşısı bunu aparıb evdə kişi kimi öldürsün, həm uşaq gələcəkdə deyər, atam bu iti kişi kimi öldürüb, həm də içəridə hörməti olar. Qoy, Gülü də görsün, necə kişiyə xəyanət edib! Bunları düşünə-düşünə:

- Dur gedək, alınmadı balıq ovumuz – dedi.

Mahirin də ürəyindən oldu, tələsik tilovları yığdı, vedrəni götürüb həmin yerdən asmaq istəyəndə Feyzi çəmkirdi:

- Qucağında tut, yoxsa atacam gölə.

Yol boyu danışmadılar. Çataçatda Feyzi dedi, Mahir, gəl evə, bir şey göstərəcəm. Motosikleti çöldə saxladı. Darvazadan keçib evə yaxınlaşanda gördülər ki, uşaq yarıyuxulu nərdivanda oturub. Feyzi uşağın başını sığallamaq istəyəndə, içəridən Gülünün zarıltısı gəldi, dalıyca da kişi nəfəsi, sonra da nəsə boğuq səslər... Tələsik evə keçəndə Feyzi gördüklərindən donub qaldı. Üstə Kapitalist Əhmədin oğlu, altda Gülü. Gülü bir təkməylə adamı üstündən aşırıb qapıya qaçdı.

Birdən Mahirdən dəli qışqırıq çıxdı. Pələng kimi adamın üstünə atıldı. Atılmağıyla Kərəmin başını yumruğa dolamağı bir oldu. Kərəm də aşağıdan “ay oğraş, sən niyə vurursan” dedikcə Mahir lap dəliyə döndü, var gücüylə vurdu.

Kərəmin ağzının qanı ağappaq döşəküzünə çilənirdi. Gülü mələfəyə bürünüb Feyziyə sığınmışdı. Feyzi də ölü kimi baxırdı. Birdən qapı taybatay açıldı, qapqara adamlar dolu evə sarı işıq düşdü, uşaq içəri girib qışqırdı:

- Ata!

Feyzi elə bil yuxudan oyandı, göz qırpımında uşağı qucağına alıb yana-yana evdən çıxdı. Ən çox da Qönçəyə verdiyi 10 qırmızı yüzlük yandırırdı onu, elə işin axırı belə də olmalıydı. Gərək verməyəydi.

Sonra yadına düşdü ki, kişi kimi söz vermişdi, onu düşünüb ağız dolusu tüpürdü. Uşağı yedəyə qoyub motosikleti işə saldı, Qara gölün qırağı ilə sürməyə başladı.

Sürdükcə külək bir yandan, bu binamus ömür bir yandan... Gözlərindən yaş gilələnirdi. Sola baxdı, Qara gölə gün düşmüşdü, sarı-sarı gülümsəyirdi.

Yedəyə baxdı, külək uşağın sarı saçlarını dimdik qaldırmışdı, özü də gülürdü. Qazı artırdıqca sapsarı saçları bir az da dik durur, uşaq daha bərkdən gülürdü. Feyzi qazı bir az da sıxdı, sevincdən uşağın az qaldı ürəyi yerindən çıxsın. Özünü saxlaya bilmədi, uşağa qoşuldu, ürəkdən gülə-gülə qazı bir az da sıxdı...

# 5952 dəfə oxunub

Oxşar xəbərlər

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
# # #