Görünməyən kölgələr - Xəyyam Rəfili

Xəyyam Rəfili

Xəyyam Rəfili

1 dekabr 2021
# 13:30

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Xəyyam Rəfilinin “Görünməyən kölgələr” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Dünənki telefon zəngindən sonra Yusif özünə yer tapa bilmirdi. İllərlə tənha yaşadığı yataqxana otağı bir gündə elə daralmışdı, hara tərpənirdi, əli-ayağı bir diləyə ilişirdi. Elə bil, indiyə kimi otağında bu qədər əşyanın varlığından xəbərsiz idi. Arada dodaqaltı deyinirdi ki, bu qədər taxta-tuxtanı otağa nə vaxt, niyə yığıb. Sanarsan, hər günü qonaqlı-qaralı keçəcəkmiş. Hələ masanın ortasında qocalan, heç vaxtı içinə gül qoyulmamış güldanı salıb sındırmasın deyə, hər dəfə masanın yanından ehmal keçməyi Yusifin həyatında əlavə yükə çevrilmişdi. Əziz Misirlinin zəngi onun həyat ritmini dəyişmişdi. Əziz Misirli şəxsən özü onun haqqında məqalə yazacaqdı. O, Əziz Misirlinin kim olduğunu bilməsə də, adından ziyalılıq yağdığına əmin idi. Özünü bu qədər gərəkli hiss etməyi Yusifin oturub-durmağından tutmuş yerişinə, danışığına, hətta fikirlərinə belə sirayət etmişdi. Yerindən durandan o darısqal otağın hər kvadratında azı on dəfə dolanıb, əli ilə masaya neçə dəfə sığal çəkmişdi. Çarpayı dağılmasın deyə, səhərdən stulda oturub, qonağın gəlməyini gözləyirdi. Dünən telefonla danışanda yır-yığış eləməyə vaxtı olsun deyə, qonağa saat üçdə gəlməyini söyləmişdi. İndi isə saat on ikidən hazır olub gözləməkdən bezdiyi üçün dünən dediyi sözə peşman olmuşdu. “Gərək saat bir deyəydim” sözü beynindəki bütün fikirləri əsir almışdı.

Əziz Misirli qapını döyəndə Yusif ayaq üstə hazır idi, çünki onun ayaq səslərini hələ dəhlizin başından eşitmişdi. Yataqxanada yaşayanların hamısını ayaq səslərindən tanıdığı üçün, yeni səsin onun qonağına aid olduğunu yəqin eləmişdi. Qonağı qapıda qarşıladı. Salamlaşdılar... Əziz Misirli içəri keçib, əlindəki sellofan torbanı masanın üstünə qoyanda, Yusif:

- O nədi? – soruşdu.

- Heç, bir-iki şirniyyat almışam. Ağzımızı şirin edərik.

- Mən elə bilirdim, yazarlar ağızlarını acı eləməyi daha çox sevirlər.

Yusif ürəkdən güldü. Bu gülüşün zarafatdan daha çox səmimiyyət yaratmağa xidmət elədiyini ikisi də yaxşı anlayırdı. Əziz Misirli də bu anlayışla Yusifin gülüşünə qoşuldu.

- Onda mən çay qoyum, boğazımızı yaşlayaq. – Yusif eyhamla əlavə edib, əlini otağın küncündəki dolaba uzatdı.

- Yox, siz narahat olmayın, çayı mən qoyaram. Deyəsən çaydan da doludu. – Əziz Misirli elektrik çaydanını yoxlayıb, düyməsini basdı.

- Hə, səhər doldurmuşdum. Fincanlar o dolabda olmalıdı. Orda konfet də var, amma siz şirniyyat almısız, əziyyət çəkmisiz, elə onunla içərik.

Yusif əli ilə masanı tapıb, yanındakı stula əyləşdi. Qonaq iki fincanı qaynar su ilə doldurub, içinə birdəfəlik çay paketləri qoydu.

- Ehtiyatlı olun, çay istidi, qarşınıza qoymuşam. Şirniyyatlar da burdadı.

Gətirdiklərini torbadan çıxarıb, Yusifin əlinə toxundurdu. Sonra da ehtiyatla əlinin yanına qoyub, Yusifin titrək əllərinin şirniyyatları axtarıb tapmağını, barmaqları ilə onları kəşf etməyini seyr elədi.

- Əziz müəllim, deməli, mənim barəmdə yazı yazacaqsız. Nə yazacaqsız, harda çıxacaq, kim oxuyacaq?

- Sadəcə Əziz deyə bilərsiz. Əslində, hələ yazının nə formada olacağını özüm də bilmirəm. Məqalə də ola bilər, bəlkə də yaxşı hekayə alınar.

- Hə, hekayə alınar. Məndə hekayə çoxdu. Sizə o qədər maraqlı hekayələr danışım ki, heç bir kitabda oxumamısınız.

- İnanıram, amma icazə verin əvvəl mənim hazırladığım suallara baxaq, mən qeydlərimi edim, sonra sizdən nə qədər istəsəz hekayə dinləyərəm. Olarmı?

- Əlbəttə, olar. Qələm sizin əlinizdədi, mən nə deyə bilərəm?!

Əziz diktofonun düyməsini basıb, Yusifin yaxınında masaya qoydu.

- Etiraz eləmirsinizsə səsinizi yazacam.

- Mənim səsim yaxşı deyil axı. – Yusif boğazını arıtladı.

- Narahat olmayın özüm üçün yazıram, heç nə yadımdan çıxmasın deyə.

Deməli belə. Bildiyim qədər anadangəlmə görmə qabiliyyətiniz olmayıb. İlk dəfə gözünüzün görmədiyini, ya da başqalarının gözünün gördüyünü nə vaxt anladınız?

- Dəqiq yadımda deyil. Yəni, elə bir əlamətdar hadisə yadıma gəlmir. Hər halda, anam əlimi ilk dəfə buraxanda anlamağa başlamışam. Ağlım kəsdikcə fərqli olduğumu hiss edirdim. Ən çox eşitdiyim sözlər “ora getmə”, “buna dəymə”, “ehtiyatlı ol”, nə bilim, belə-belə şeylər olub. Əslində, bu şeylər indi də davam edir. Hər gün eşitdiyim sözlərdi. Yəni, hər gün kor olduğumu təkrar-təkrar anlayıram.

Yusifin sözləri Əzizin illərin təcrübəsindən güc alan rahatlığını pozdu. İndiyə qədər kimlərdən nə müsahibələr almışdı. Bir növ vərdişə çevrilmiş rahatlıqla başlayan müsahibənin bu sözlərdən sonra asan olmayacağını anladı. Bir anlıq fikrə getmək istədi, amma Yusifin diqqətlə dinləyən halı onu davam etməyə məcbur edirdi.

- Valideynləriniz haqqında soruşmaq istəyirəm. Onlar?

- Yox, onlar kor deyildilər – Yusif Əzizin sözünü kəsdi – ümumiyyətlə, nəsildə bir mən nankor çıxmışam.

Yusifin üzündə yaranan təbəssümlə gülüş arasında, amma içində daha çox kədər olan ifadə qısa olsa da, Əzizin yaddaşına həkk oldu.

- Anladım. Burda çoxdan qalırsız?

- Bu otaqda on səkkiz yaşımdan qalıram. Məktəb vaxtı uşaqlar üçün otaqda qalırdım. Hə, mən məktəb də oxumuşam axı. Beş il. On iki yaşımda anam yox oldu. Atam dedi, anan daha yoxdu, ölüb.

- Ölməmişdi yəni?

- Yox, atam doğru deyirdi. Onun üçün ölmüşdü, mənim üçün yox olmuşdu. Siz mənim belə danışmağıma fikir verməyin, bütün dünyam təsəvvürümdə olduğu üçün, orda var olmaq var, bir də yox olmaq. Ölməyin nə olduğunu bilmirəm.

Yusif, Əzizin dərindən nəfəs aldığını hiss edəndə, heç nə deməsin deyə, onu qabaqlayıb, sözünə davam etdi:

- Xahiş edirəm, başa salmağa da çalışmayın. Mənə belə rahatdı. Anam yox olandan bir il sonra atam məni korlar məktəbinə yazdırdı. Təzə vaxtları arabir gəlib baş çəkərdi, sonra o da yox oldu. On səkkiz yaşımda mənə bu otağı verdilər. O vaxtdan düz otuz bir ildi burda yaşayıram.

- Tək?

- Tək deyəndə ki, yataqxananın komendantı var. Adı Raildi. Mən ona Əzrail deyirəm. Bizi ona tapşırıblar, onu da Allaha. Hər işimiz ondan keçir. Ona deyirəm, bizimki imtahandı, səninki cəza. Allah bizi birinə möhtac eləməliydi, sən nəyin cəzasını çəkirsən, özün fikirləş. Arada sancıram deyə mənimlə heç arası yoxdu. Hərdən bəzi təşkilatlar bizə yardım eləyir, Əzrayıl mənim payımı ən axıra saxlayır. Çayınızı için, soyumasın.

Əziz, Yusifin iki əli ilə masadakı fincanı qaldırıb, dodaqlarına toxundurmağını seyr edə-edə özü də qeyri-ixtiyari fincanı iki əli ilə götürdü. Bir udum çay içdi.

- Suallarım sizi yormur?

- Yox, xoşdu. Soruşun!

- Belə başa düşdüm ki, sizin həyatınızın böyük hissəsi bu otaqda keçib.

Əziz ətrafa göz gəzdirdi. Qapının yanındakı küncdə üstündə elektrik çaydanı olan kiçik dolab, digər küncdə böyük ikiqapılı paltar dolabı, onun qabağında başı pəncərə tərəfə söykənən çarpayı, çarpayının yanında isə küncdəki dolabın eynisi və üstündə köhnə, lakin hələ də istifadə edildiyi anlaşılan radio vardı. Əzizin Yusiflə qarşı-qarşıya oturduğu masa otağın sol divarına söykənmişdi. Bütün əşyalar köhnə, bəziləri hətta çirkli olsa da, otaqda qəribə bir nizam və simmetriya hökm sürürdü. Hər əşyanın, hətta qapının ağzında üzü dəhlizə dayanan bir cüt yorğun ayaqqabının belə öz daimi yeri vardı. Bu otaqda heç nəyin yerini dəyişmək olmazdı. Cinayət yeri kimi heç nəyə toxunmaq olmazdı. Adama elə gəlirdi ki, bir əşyaya toxunsan, hər şey öz yerindən tərpənəcək. Domino daşlarından düzəlmiş yapon evi kimi uçub-dağılacaq. Divarlarda nə bir rəsm vardı, nə də bir təqvim, Əzizin diqqətini ən çox bu çəkdi. Baxışlarını yenidən Yusifə yönəltdi.

- Bu otaqda sizin ən xoş və ola bilsin, ən çətin günləriniz keçib.

- Həə, onu doğru dediniz. Keçib.

Əzizin müsahibini uzaqlara aparmaq cəhdi heç cür baş tutmurdu. Hər dəfəsində toruna nərə balığı düşmüş balıqçı kimi ehmalca ovunu özünə tərəf dartsa da, son anda balıq tordan sürüşüb, öz bildiyi yerə üzürdü. Bu dəfə də Yusif daldığı o uzaqlıqdan tez qayıtdı.

Birdən Əzizə elə gəldi ki, Yusif düz onun gözlərinin içinə baxır. Boynunu qısıb, masanın ortasındakı güldanın arxasında gizlənməyə çalışdı. Ağlının bir küncündə kor adamın nəzərlərindən qaçmağın imkansız olduğunu anlayıb, qəddini düzəltdi. Yusifsə həqiqətən Əzizin gözünə baxırdı.

- Bütün yazıçılar kimi sizi də ən pislə, ən yaxşı maraqlandırır. Arada olanlar sanki həyat deyil.

- Yox, niyə ki? Onlar da maraqlıdı, – Əziz yalan danışdı.

- Bilirəm-bilirəm, az kitab dinləməmişəm. Olmayan yerdən faciə yaradırsız. Məsələn, elə Don Kixot, guya öz qəsrində oturub ördək qızartması yeməklə ömrünü keçirə bilməzdi? Bəlkə də elə mən dediyim kimi olub, heç qəsrindən çölə çıxmayıb.

- Don Kixotu Don Kixot edən elə onun qəsrindən çıxmağıdı. Siz deyən kimi yazılan əsər heç kimə maraqlı olmazdı axı.

- Mənə olardı. Mən dinləyərdim. Ona görə ən çox Tolstoyu sevirəm. Bir mənzərəni azı on dəqiqə təsvir edir. Dinləyəndə elə bilirəm ovcumun içindədi. – Yusif köks ötürüb, davam etdi: – Yaxşı, sizi çox yormayım. Madam ki, faciə eşitmək istəyirsiz, buyurun sizə faciə. Bir gün radiom xarab olmuşdu.

Aradakı uzun sükutu Əziz pozmalı oldu.

- Və?..

- Dedim axı, radiom xarab olmuşdu. Bu binada bundan böyük faciə yoxdu. Yəni mən görməmişəm. Üzr istəyirəm, eşitməmişəm. O vaxt maqnitofonum yox idi, mobil telefon da hələ çıxmamışdı. Məni dünyaya bağlayan yeganə səs o balaca qutudan çıxırdı və o, xarab olmuşdu. Zalımın balası. Təsəvvür edirsiz? Tərs kimi Əzrailin də istirahət günü idi. Komendantı deyirəm. Bütün günü ruh kimi dolaşdım. Axşama yaxın ürəyim o qədər sıxıldı, bir an elə bildim hamı çıxıb gedib, dünyada bir mən qalmışam. Özümü ucsuz-bucaqsız boşluqda hiss edirdim. Sanki ayaqlarım da yerdən üzülmüşdü, havadan asılı qalmışdım. Doktor B. necə deyirdi? “Dünyada heç bir şey insan ruhuna heçlik qədər təzyiq edə bilməz”. Çox insan bu cür sarsıntıda ölmək istəyər, mən isə ən çox o gün yaşamaq istəmişdim. O heçliyin-boşluğun sonunu bilmək üçün ən çox o gün görmək istəmişdim. Ən sonunda anladım ki, gözlərim görsəydi, mən o heçliyi duya bilməzdim. Həyatımda ilk dəfə gözlərimin görmədiyinə xırda da olsa bir təsəlli tapmışdım. O gün həyatımın ən pis və ən yaxşı günü idi.

Əziz o qədər şövqlə dinləyirdi, Yusif sözünü bitirəndən sonra da bir neçə saniyə səssizliyi dinləməyə davam etdi. Nəhayət Yusif Əzizə səsləndi:

- Burdasız?

Əziz diksindi.

- Hə, burdayam. Fikrə getdim, üzrlü sayın. O günləri təkrar xatırlatdığım üçün üzr istəyirəm. Sizi incitmək istəməzdim. Bu illər ərzində gözlərinizin açılmağı üçün həkimlər heç bir iş görməyibmi?

- Çox iş görüblər, çox müayinə-müalicə ediblər, nəticə olmayıb.

- Bir gün gözünüz açılsa, ən çox nəyi görmək istəyərdiniz?

- Kölgəni. Bəli-bəli, kölgəni. Əlimlə toxunduğum hər şeyi aşağı-yuxarı təsəvvür edə bilirəm, amma kölgə məni dəli edir. Nə olduğunu heç cür anlaya bilmirəm.

- Düşünmədən cavab verdiniz.

- Mənim ömrüm bunları düşünməklə keçib. Platonun mağarasındakı adamlar ancaq kölgə görürdülər, mən onu da görmürəm.

- Amma siz həqiqəti duyursuz, əsl olan da bu deyilmi?

- Kölgəsiz həqiqət olurmu?

Əziz müsahibinin bütün suallarına cavab verə biləcək bilgi ehtiyatına sahib olsa da, rolları dəyişmək istəmirdi. O, bura sual verib, cavab almağa gəlmişdi. Onun əsas məqsədi yazacağı məqalə üçün mümkün qədər çox material toplamaq idi. Odur ki, Yusifin son sualına cavab verməyə tələsmədən arada uzun pauzanın yaranmasına şərait yaratdı. Sonsuza qədər uzanacaq kimi görünən pauzanı hardansa, sanki gizli bir yerdən gələn qırıq-qırıq siqnal səsləri kəsdi. Elə bil otağa saatlı bomba qoyulmuşdu və siqnal səsləri bitən kimi bomba partlayacaqdı. Bu arada Yusif dodağının altında siqnalları sayırdı.

- Beş oldu.

- Nə beş oldu?

- Saat beş oldu. Pencəyimin cibindədi elektron şanapipik. Zəhmət olmasa işığı yandırardız, sizə daha yaxındı, qapının yanında.

- Mən görürəm, narahat olmayın.

- Sizə görə demirəm. Mən hər axşam işığı yandırıram, adamlar bilsin ki, hələ ölməmişəm, yaşayıram.

Əziz bir xeyli qarşısında titrək əlləri ilə masadan yapışıb-oturan, əl ağacı ilə ayağının altında yeri axtarmaqdan beli bükülmüş balaca adama tamaşa elədi. Ağlındakı fikirlər nəhayətsiz uzaqlıqdan sürətlə gəlib, bir nöqtədə toqquşur, sonra o fikir qırıntılarından yeni fikirlər törənir, onların da aqibəti əvvəlkilər kimi olmağa davam edirdi. Bu fikir labirintindən salamat çıxmağın bir yolu vardı, o da işığı yandırmaqdı. Oturduğu yerdən başını qaldırıb tavana baxanda gördüyü mənzərə həmin fikir labirintinin ortasında saatlı bomba kimi partladı. Elə partladı ki, gözünə qığılcımlar belə göründü. Cəld Yusifə baxdı, ardınca yenə tavana, yenə Yusifə, yenə tavana. Nəhayət Yusifdə dayandı. Gördüyü mənzərəni qarşısındakı aciz adama deməli idi, deyə bilməli idi, amma əvvəl beynini gəmirən cavabsız bir sualdan azad olmaq lazım idi. “Niyə mən? Axı niyə məhz mən?” Bu dünyada cavabı olmayan ən amansız sual hər halda bu olmalı idi. Ən azından Əziz üçün o anda Yusifə həqiqəti söyləyə bilmək belə “niyə mən?” sualının kölgəsində qalırdı. Uzun daxili çək-çevirdən sonra Əziz nəsə demək üçün ciyərlərini hava ilə doldurdu, amma sözlər ilişib boğazında qaldı. İlk cəhdi alınmayanda, masadakı fincanın dibində qalan soyuq çaydan bir udum içib, astadan Yusifə səsləndi:

- Sizə bir söz deməliyəm, düzü bilmirəm necə deyim.

- Necə deyə bilirsiz elə deyin, məni heyrətləndirmək o qədər də asan deyil.

- Yaxşı. Bilirsiniz, tavanda lampa yoxdur. Yəni naqil-filan yerindədir, amma ucunda lampa yoxdur.

***

Əziz komendantdan bir ay əvvəl dəhlizdəki xarab lampanın yerinə Yusifin otağından çıxartdığı lampanı qoymasını öyrənməyindən, sonra da yaxındakı markedə qədər qaçıb, əlində yeni lampa ilə gəlməyinə qədər Yusif bir kəlmə də danışmadı. Səhərdən bəri hər yeri gəzən göz bəbəkləri indi görmədiyi bir nöqtəyə zillənib, durmuşdu. Əziz vəziyyəti yumşaltmaq üçün nə deyəcəyini düşünə-düşünə heykələ dönmüş Yusifin üzünə baxırdı.

- Yusif bəy, yaxşısız? İşıq yanır artıq, narahat olmayın, hər şey qaydasındadı.

- Hə, lap yaxşı, – nəhayət Yusifdən səs çıxdı. - Necə yanır?

- Hamıda necə, sizdə də elə yanır.

- Çox sağ olun. Sizə də əziyyət oldu. İstəyirsinizsə, artıq siz gedin.

- Mənə görə narahat olmayın, mən bir az da qala bilərəm.

- Yox, getsəniz yaxşıdı.

Əzizin ürəyi Yusifi bu vəziyyətdə qoyub getməyə razı olmasa da, daha orda qalmağa həvəsi də yox idi. Diktofonu götürüb ayağa qalxdı.

- Siz necə istəyirsiz, elə olsun. Sizdə nömrəm var, bir şey lazım olsa, mütləq zəng vurun. Mən yaxında yaşayıram, tez gələ bilərəm. Sabah işdən sonra gəlib sizə baş çəkərəm.

- Yox, gəlməyin! Xahiş edirəm. Çıxanda işığı söndürün zəhmət olmasa, boş-boşuna yanmasın.

Əziz qapının kandarında dayanıb, Yusifin otağına baxdı. Bayaqdan gözünə darısqal görünən otaq indi gözündə o qədər böyümüşdü, Yusif otağın ortasında bükülüb qalmış balaca kirpi kimi görsənirdi. Ya da Yusif o qədər kiçilmişdi ki, otağın içində itib-batmışdı. Əlini uzatdı, amma içində adam yaşayan evin işığını söndürməyə qıymadı. Əllərini cibinə dürtüb, getdi.

Yusif bir müddət də oturduğu yerdə səssiz qaldı. Yavaş-yavaş ürək döyüntüləri artdı, nəfəs almağı sürətləndi. Dilinin altında: “demək mən bir aydır ölmüşəm, heç kimin də bundan xəbəri yoxdu” - deyib, masaya söykədiyi əl ağacından yapışdı. Cəld ayağa qalxıb, əlindəki ağacla çarəsizcə havaya zərbələr endirməyə başladı. Heç bir zərbəsi lampaya tuş gəlmədi. Əvəzində masadakı boş güldanı qıra bildi. Zərbələrin ən qüvvətlisi dolabın üstündəki radioyaya dəydi. Əlindəki əsanı hər dəfə fırladanda, bir yeri qırır, nəyisə zədələyirdi. Tavandan asılan lampadan savayı otaqda nə vardısa Yusifin zərbələrinin hədəfinə çevrilirdi. Onun üsyanı təngnəfəs olub, arxası üstə çarpayıya sərilənə qədər davam etdi. Uzandığı yerdə xeyli hərəkətsiz qaldı. Elə bil azca yuxuya da getdi. Qəzəbi getmiş, yerinə çarəsiz kədər gəlmişdi. Üsyan etməyin faydasız olduğunu dərk edə biləcək qədər sakitləşmişdi. Nə əllərini qaldırmağa, nə başını tərpətməyə taqəti vardı. İşığın olduğu yeri təxmin edib, üzünü ora tutdu:

- Mən bilirəm, sən orda-yuxarıda bir yerdəsən. Səni görsəm də, görməsəm də, işığın mənə düşsə də, düşməsə də ordasan. Sənin orda olduğunu bilməsəydim, bu qədər ümidli olmazdım axı. Madam özünü mənə tanıtmısan, üzünü də göstər. O işığı mən də görmək istəyirəm. – dedi və susdu.

# 10488 dəfə oxunub

Oxşar xəbərlər

Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
# # #