Gerçəkliyə bir addım - Fatimə Əliyeva

Fatimə Əliyeva

Fatimə Əliyeva

9 dekabr 2021
# 18:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Fatimə Əliyevanın “Gerçəkliyə bir addım” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

2148-ci il oktyabr ayının 10-dur. Xəbər gəlir ki birdən-birə nəhəng bir meteoroid peyda olub və dünyaya yaxınlaşmaqdadır. Hesablamalardan sonra bəlli olur ki, 10 gündən sonra bu meteoroid dünyayla toqquşacaqdır. Bu, insanlığın sonu demək idi. Bu hadisə hər kəsi təşvişə salır. Hər kəs təəccüb və qorxu içindədir. Bu xəbərdən sonra bütün dövlətlər birlikdə çalışaraq bu meteoroidi məhv etmək üçün çalışmalar etməyə başladılar. Müxtəlif növ partlayıcılar düzəltdilər. Göndərilən bütün partlayıcıların heç biri ona təsir etmirdi. Sanki o, başqa bir elementdən, yəni bizim bilmədiyimiz bir elementdən yaranmışdı. Artıq neçənci cəhd idi ki, boşa çıxdı. Anti-maddə üzərində çalışmalar etdilər, ancaq dünya üzərində yetəri qədər anti-maddə tapılmadığı üçün onu partlayıcıya çevirə bilmədilər. Bir sözlə, artıq çarə tükənmişdi. Professor Robinson Almi Jenius-369-a getmək fikrini irəli sürdü və dünyanın öndə gələn insanları bu fikri qəbul etdi.

Jenius-369 dünyamıza eynilə oxşar bir planetdir. Dünyamızdan bu planetə məsafə 100 işıq ilidir. Təbii ki, bir insanın ömrü 100 işıq ilinə yetməz. Lakin artıq dərin yuxu vasitəsilə bu mümkündür. Dərin yuxu ulduzlararası və qalaktikalararası səyahət üçün şərait yaradırdı.

Başqa bir planetdə yerləşmək insanlıq üçün bir ilk olacaqdı. Ona görə də müəyyən təhlükələr var idi. Məsələn, bu planetin dünya kimi təkamül keçirməməsi və yaxud orada da bizim kimi ali varlıqların olması. Lakin başçılar qərarlarında qəti idilər. Ancaq bir problem var idi. On milyard insanı raketlərə yerləşdirmək mümkünsüz idi. Ona görə də həmişə olduğu kimi pul işə girirdi. Sadəcə bu raketlərə bilet ala bilən insanlar buradan qurtulacaqdı. Bir biletin qiyməti isə on milyon dollar idi. Yəni sadəcə bir-iki milyard insan qurtula biləcəkdi. Qalanları isə sadəcə ölümə məhkum edəcəkdilər və belə də etdilər. Onlara qarşı çıxanları isə sadəcə güllə atəşinə tutdular. 5 gün qalmış uçuş həyata keçirildi və təxminən, bir milyon raket olardı. Çox üst səviyyədə zəkalı olmasına baxmayaraq sadəcə idarəedicilərin qəddar tələblərini yerinə yetirməyi qəbul etmədiyi üçün heç bir zaman sayılan bir alim olmayan Professor Vüsal Rəsulov bunun doğru bir şey olmadığını dedi. O və dostu Professor Xəlil Şahmarov o raketə bilet almaqdan imtina edib, sadəcə dünyanı qurtarmaq üçün çalışacaqlarını dedilər. Vüsal və Xəlil gənc olmaqlarına baxmayaraq çox zəkalı və ağıllı idilər. Lakin onlar nə qədər etdilərsə, buna çarə tapa bilmədilər. Heç bir zaman ümidi tükənməyən Vüsalın artıq ümidi tükənmişdi. Heç bir şey edə bilməmək ona çox pis təsir edirdi.

Vüsal və Xəlil uşaqlar evində böyümüşdülər. Biri-birilərindən başqa heç kimləri yox idi. Onlar uşaqlıqdan bəri dost olmuşdular. Hər zaman bir xəyalları var idi, o da riyaziyyat və fizika üzrə alim olub, həyatı və kainatı kəşf etmək idi. Onlar xəyallarına çatmışdılar. Çox zəkalı insanlar olduqlarına görə dünyanın ən yaxşı universitetlərində təhsil almaq imkanlarına sahib olmuş, universiteti bitirdikdən sonra alim olaraq çalışmışdılar. Onların hər zaman getdikləri uca bir təpə var idi. Orada oturub saatlarca həyatdan, elmdən söhbət edərdilər.

3 gün qalmışdı. Vüsal və Xəlil qərara aldılar ki, bu gecə həmişə getdikləri təpənin başına getsinlər. Çünki onlar ən gözəl fikirləri həmişə bu təpənin başında müzəkirə edərək tapırdılar. Bu təpədə sanki bir sehr var idi. Gecə onlar təpəyə getdilər. Oturub göy üzünə, ulduzlara tamaşa etməyə başladılar. Səma apaydın idi. Ulduzlar çox gözəl görünürdü. Xəlil ulduzlara baxa-baxa Vüsala:

- Vüsal, səncə, həyatın mənası nədir?

Vüsal:

- Məncə, həyatın mənası yoxdur. Həyatda məna axtarmaq düzgün deyil, Xəlil. Bilirsən, niyə insanlar həyatda məna və ya səbəb axtarırlar? Çünki əgər insan yaşamın, həyatın səbəbsizcəsinə var olduğunu və mənasız olduğunu anlasa, yaşaya bilməz, həyat və yaşam ona iztirab verər.

Xəlil:

- Vüsal, mən həyatın mənasız olduğunu düşünmürəm. Məna, həqiqət, xoşbəxtlik, bədbəxtlik və s. şeylər insanların hamısı üçün eyni ola bilməz. Məsələn, xoşbəxtliyi biri elmdə, biri sevgidə, digəri başqa bir şeydə tapır. Əsas olan da bu deyilmi? Özümüzü kəşf etmək, xoşbəxtliyimizi tapmaq. Həyatın mənası, bəlkə də, budur. Bəs niyə həyatın mənasız olduğunu düşünürsən?

Vüsal:

- Xəlil, təsəvvür et. Bir oyun oynayırsan, məsələn, şahmat. Bu oyunu oynayırsan, çünki sonda 1 qalib və 1 məğlub olacaq, yəni bu oyunun sonu var, bir nirvanası var. Nirvanası odur ki, sən dünyanın ən yaxşı şahmat oyunçusu ola bilərsən. Amma həyatda bir son və nirvana yoxdur. Sonsuzluq təsəvvür et. Bir başlanğıc və son nöqtə yoxdur. Sadəcə varıq, yoxluq deyil, varlıq var. Sadəcə dövrdə olan həyat var. Sonsuz bir döngü. Sonsuzluqda isə heç bir zaman bir məna ola bilməz, bir nirvana ola bilməz. Təbii ki, mən sənin düşüncələrinə qarışa bilmərəm. Amma mənim üçün həyat budur.

Xəlil:

- Anladım, düşüncələrinə hörmətlə yanaşıram. Sən kainatın sərhədsiz olduğunu düşünürsən?

Vüsal:

- Xəlil, mənə görə kainatın bir sərhədi yoxdur. Yəni sonsuz böyüklükdədir. Sonsuz kiçiklikdədirmi? Onu hələ bilmirəm. Yəni təməldə bir şey varmı? O mənim üçün hələ müəmmalıdır. Nəzərdə tutduğum odur ki, hər şey biri-birinin içindədir. Məsələn, dünya günəş sisteminin, o bizim samanyolunun, o başqa bir şeyin, yəni belə-belə gedir. Həmçinin hər zaman mövcud idi. Yəni, bir sözlə, yoxdan var olmaz, var olan yox olmaz. Nikola Tesla deyib ki, kainatı anlamaq istəyirsinizsə, enerji, tezlik və titrəyiş nöqteyi-nəzərindən düşünün. Bəlkə də, təməl bu üç şeydir, yəni həyatın özü. İndi mən sənə bir sual verim. Səncə, həyatda mümkünsüz deyilən bir şey var?

Xəlil:

- Məncə, həyatda mümkünsüz deyilən bir şey yoxdur. Hər şey mümkündür. Əgər bir şeyə həqiqətən inanırsansa və onu gerçəkləşdirmək üçün əlindən gələni edirsənsə, həyatda mümkünsüz deyilən bir şey yoxdur.

Xəlil:

- Vüsal, sən qismətə inanırsan, yoxsa azad iradəyə?

Vüsal:

- Mənə görə hər şey təsadüfilik prinsipinə əsaslanır və hər şey ehtimaldır. Kvant fizikası bunu çox gözəl şəkildə açıqlayır. Yəni, məncə, azad iradəyə sahibik. Xəlil, bəs səncə biz simulasiyada ola bilərik?

Xəlil:

- Bu həyatda mənim üçün ən maraqlı sual budur. Lakin cavabı bilmirəm. Bu sualın cavabını hələ araşdırıram. İnan ki, cavablarını axtardığım o qədər suallar var ki, bu gün danışsaq, bitməz. Görəsən, dünyada bu sualları özünə verən nə qədər insan var?

Vüsal:

- Mən əminəm ki, çox azdır. Kaş ki insanlar bu qədər axmaq, qəddar, acgöz məxluqlar olmasaydılar. Təsəvvür et ki, dünyanın sonudur, sabah öləcəklər, oğurluq edənlər var. Sabah öləcək deyə, nifrət etdiyi insanları öldürənlər var. Anasını, atasını, həyat yoldaşını, uşaqlarını burada qoyub o raketə minən insanlar var, Xəlil. Axı bu axmaq varlıqlar niyə yaşayır? Axı ədalətli bir sistem qurmaq varkən, niyə pis əməllər törədirlər?

Xəlil:

- Vüsal, bu qədər mənfi fikirli olma. Pis insanlar olduğu kimi yaxşı insanlar da var. Onlara haqsızlıq etməyək.

Vüsal:

- Əslində, düz deyirsən, Xəlil. Sadəcə bu son zamanlarda gördüklərim məni dəhşətə gətirir. İnsanlara olan güvənim çox sarsılıb. Getdikcə onlardan uzaqlaşıram.

Xəlil:

- Bilirəm, dostum. Amma çirkinlikləri gördüyümüz qədər gözəllikləri də görək.

Vüsal:

- Düz deyirsən, dostum, düz deyirsən.

Xəlil:

- Ah, Vüsal, ah! Kaş ki bir möcüzə olsaydı. Kaş ki belə ölməsəydik. Son belə olmasaydı.

Vüsal:

- Möcüzə, möcüzə. Həyat özü bir möcüzədir. Bu, əslində, sonun başlanğıcıdır, dostum. Bizim sonumuz və bizim kimi yeni nəslin başlanğıcı.

Bu zaman meteor yağmuru başlayır. Bu, dağıdıcı olur və çox insan həlak olur. Vüsal və Xəlil yerə düşən meteorları araşdırırlar. Bu meteorlar indiyə qədər dünya üzərinə düşən bütün meteorlardan fərqlənirdi. Bu meteorların səthi başqa bir maddədən daxili isə başqa bir maddədən ibarət idi. Bu iki maddə də insanlar üçün tanış deyildi. Daxili maddənin içərisində külli miqdarda antimaddə aşkarlanır. Bu meteorların tərkibində bu qədər antimaddə olmasına baxmayaraq partlamaması isə onun səthindəki maddəylə əlaqədar idi. Onlar antimaddənin sayəsində bir gün qalmış bir ədəd partladıcı düzəldə bilirlər. Artıq insanlıq üçün bir şans var idi, ancaq bir şans. Partladıcı meteoroidin üzərinə atılır. O an, bəlkə də, bütün dünyaya sükut çökür. Yəqin ki, hər kəsin qəlbi yerindən çıxacaq kimi döyünür. Və o an meteoroid paramparça olur. Partladıcı qalib gəlir. Hər kəs sevincdən qışqırır, ağlayır. Vüsal və Xəlil biri-birilərinə sarılırlar.

Bir müddət keçdikdən sonra insanlar dağılan əraziləri düzəltməyə başlayırlar. Hər kəs artıq yeni bir həyata və başlanğıca qədəm qoyur. İnsanlar başçı olaraq Vüsalı seçirlər. Vüsal isə bundan imtina edərək bu vəzifəni dostu Xəlilə təklif edir. Xəlil bir şərtlə qəbul edir ki, Vüsal hər zaman ona dəstək və kömək olsun. Beləliklə, onlar xəyallarını qurduqları ədalətli bir dünya yaratmağa başlayırlar. Pul sistemini aradan qaldırırlar. Tək bir dövlət olur. Hətta yeni bir ortaq dünya dili də yaradırlar. Ərzaqlar hər kəsə eyni dərəcədə artıqlaması ilə paylanır. Beləliklə, dünyada ac qalan olmur. Evsizlərə ev, işsizlərə iş verirlər. Artıq bu yeni dünyada ən önəmli şey ağıldır. Vüsal və Xəlil hər kəsin savadlı olması üçün hər yerdə təhsil mərkəzləri açdırır. Beləliklə, bu dünyada hər kəs sadəcə elm öyrənmək və özlərini və həyatı kəşf etmək üçün vaxt xərcləyirlər. Bu dünyada insanlar sadəcə bir şey düşünürdülər. O da daha çox öyrənməliyəm düşüncəsi idi.

100 işıq ilindən sonra Jenius-369 planetinə çatmağa 10 gün qalmış raketlərdəki hər kəs dərin yuxudan ayılır. Onlar səbirsizliklə bu planetə çatmağı gözləyirdilər. Əslində, ürəklərində qorxu hissi də var idi. Təbii ki, bu normal idi. Çünki onlar bilmirdi ki, onları nələr gözləyir. İnsanlar düşünmüşdülər ki, bu planetdə ali varlıqlar var. Həqiqətən də, düşündükləri kimi idi. Bu planetdə ali varlıqlar yaşayırdılar. Onlar öz planetlərinə Voyager adını vermişdilər. Özlərini isə voyagerianlar adlandırırdılar. Burada bizim dünyadan fərqli olaraq çox gözəl və ədalətli bir sistem var idi. Burada sadəcə bir başçı var idi. Voyagerianlar isə onu başçı kimi yox, ata kimi görürdülər. Başçının adı isə Simpson idi. Voyagerianlar irqi insan irqindən təxminən 10000 il qabaqda idi. Texnologiyaları üst səviyyədə idi.

Kosmik sərhəd əsgərləri başçıya xəbər gətirirlər ki, planetimizə başqa varlıqların raketləri yaxınlaşır. Başçı onlara əmr verir ki, onlara heç bir zərər vermədən mənim yanıma gətirin. Özüm onlarla şəxsən danışmaq istəyirəm. Əsgərlər insanları başçının yanına gətirirlər. Başçının əmri ilə insanların başlarının alın hissəsinə telefona bənzər bir cihaz taxılır və eynisini özləri də taxırlar. Bu cihaz beyin oxuyucudur. Bu cihaz vasitəsilə 1 dəqiqə ərzində insanların dilini öyrənib onlarla ünsiyyətə keçdilər. Başçı insanlardan soruşdu:

- Siz hansı irqsiniz, hansı planetdən gəlmisiniz?

Robinson:

- Biz insan irqiyiq, buradan 100 işıq ili məsafədə olan Günəş sistemindəki dünyadan gəlmişik. Biz buraya pis niyyətlə gəlməmişik. Sadəcə dünyamıza meteoroid dəyəcəkdi. Ona görə biz də çarəsizlikdən buraya gəlmişik. Bizim irqlərimiz dost ola bilərlər. Bu planetdə hər iki irq də yaşaya bilər. Planetiniz çox böyükdür. Hər iki irq üçün də yetəcək qədər böyükdür.

Başçı:

- Dost olmaq! Ha ha ha. Ah, insanlar çox vəhşi və axmaq varlıqlardır. İşləri ancaq odur ki, biri-birilərini didib qanlarını içsinlər. Mən nə qədər planetə səyahət etmişəm, lakin siz insanlar kimi parazit varlıqlar görməmişəm. Siz ölümsüz xərçəng hüceyrələrindən belə sırtıq məxluqlarsınız. Bizim planetimizə gəlib buranı da dünyanın vəziyyətinə salmağınıza icazə verə bilmərəm.

Robinson:

- Bəs onda bizə nə edəcəksiniz? Bizi öldürəcəksiniz? Xahiş edirəm, bizi öldürməyin. Yoxsa, yoxsa bizim üzərimizdə təcrübələr aparacaqsınız. Xahiş edirəm, etməyin. Nə istəsəniz edərik.

Başçı:

- Biz sizə heç nə etməyəcəyik. Biz insanlar kimi qəddar bir irq deyilik. Sadəcə sizi öz planetinizə geri göndərəcəyik.

Robinson:

- Bizim planetimizi meteoroid paramparça edibdir. Biz ora necə qayıdaq?! Bizi ölümə məhkum etməyin, xahiş edirik. Nə desəniz, edərik.

Başçı:

- Xeyr, sizin dünyanız sağ və salamatdır. Aparın bunları.

Robinson:

- Axı, axı bu ola bilməz.

Voyagerianlar çox inkşaf etmiş bir irq olduqları üçün şüalandırma yolunu kəşf etmişdilər. Onlar insanları bu cihaz vasitəsilə sadəcə 1 dəqiqədə dünyaya göndərdilər. İnsanlar dünyaya çatdıqda heç biri gözlərinə inana bilmir. Onlar burada olan ədalətli sistemi, xoşbəxtliyi görürlər və səhv etdiklərini və hər şeyin pul ilə ölçülmədiyini anlayırlar.

Mr.John:

- Mr.Smith, vəziyyət belədir, sizə danışdığım kimi. İndi nə edək?

Mr.Smith:

- Mr.John, gözün insanların üzərində olsun. Onlar bizim yaratdığımız bu simulasiya dünyasından çıxa bilməməlidirlər. Gerçəkliyə bir addım belə yaxınlaşmamalıdırlar. Bir addım belə. Yoxsa nələr olacağını sən özün yaxşı bilirsən.

Mr.John

- Baş üstə, Mr.Smith.

# 2241 dəfə oxunub

Oxşar xəbərlər

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel nitqi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel nitqi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
Sarmaşıq - Günel Mehrinin yeni hekayəsi

Sarmaşıq - Günel Mehrinin yeni hekayəsi

15:17 5 dekabr 2024
# # #