Eşqin cəbri - Nurlan Abdurahmanov

Nurlan Abdurahmanov

Nurlan Abdurahmanov

8 dekabr 2021
# 17:02

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Nurlan Abdurahmanovun “Eşqin cəbri” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

A.

Qırmızı işıq...

Qırmızı işıq…

Qırmızı işıq…

Bu gün mən görüşə tələsirəm, yanma işıq, yanma işıq. Onunla görüşə gedirəm, vurulduğum, bölündüyüm, azaldığım və cəmlənə bilmədiyim onunla.

Min yol axtardıqdan sonra özümdə tapdığım cəsarəti yol işarələrində itirirəm. Ona gedən yolda işıqforlar da mənə yol verib, yaşıl işıq vermir. Beynim isə “işarələrə çox fikir versən, azadlığın əlində olmaz!” deyir.

  • Azadlığın əlində deyilsə, ayaqların azadlıqdır © Çin şairi Xu Ye

Aşiqin azadlığı da birə bölmə kimi gülməlidir, amma heç güləcək halda deyiləm. Beyindən min bir sual keçir, mən keçiddən keçirəm. Görəsən, bu dəfə açıla biləcəyəmmi? “Görəsən”i söz gəlişi dedim. Başqası baxanda həyəcanlanıram, dilim trivela vurur.

  • Şirlər nərgiz sevir © Fransız şair Viktor Eqo

Elə bu dəm “Lalə&Jalə” çiçək mağazasına çatıram. Kaş indi dəm olaydım, həm də ona həmdəm olaydım... Qadınların ən yaxın dostu daş-qaşdırsa, kişilərinki gül-çiçəkdir. Bunu əldə bayraq, ayaqda torpaq, dildə araq, gözdə çıraq, beyində maraq edib girdim qafiyə mağazasına.

  • Sarı güllər yeni eşqin müjdəçisidir © Afro-amerikan şair Afro Dita

Çiçək bazarına girən kimi addımlayıram sarı güllərə sarı. Sizdən nə gizlədim, nərgiz dedim sarışın satıcı nə istədiyimi soruşanda. Tərzəcə aldığım tər nərgizlərlə yoldaş olub, görüş yerinə tərləsirəm. İki su istəyib, üç nərgizlə, dörd gözlə, bir sözlə B.in yolunu gözləyirəm “Yuxa&Nuxa” kafesində.

  • B.= məntiq vurulsun hisslərə © Müasir Dünya İlyası

Məntiq məni A. nöqtəsindən B. nöqtəsinə apara bilərdi, amma sevgidə nə məntiq?! Məncə, məntiq cəbr bilməyənlərin uydurmasıdır. Sözsüz ki, sevgini sözsüz qalmış şairlər, xoşbəxtliyi bədbəxt reklamçılar icad edib. İnsanları olmayan xoşbəxtliyin varlığına inandırsan, ömürboyu onu axtarmağa davam edəcəklər. Ən yaxşı reklamçılar coğrafiyaçılardır, bütün dünyanı Bermud üçbucağına inandırıblar.

Dünya boş insanlarla doludur © Yapon şair Do Lu

Boş zamanımı dolu-dolu dəyərləndirirdim ki, “Yuxa&Nuxa” kafesi sevgi ilə doldu. Görüş yerimizə qədəm basdı incə bellim, sərv boylum, dar ağızlım, al yanaqlım. Potensial həyat yoldaşıma qovuşmaq üçün yol yoldaşımdan ayrıldım. Nərgizləri təqdim etdim, cəsarətimin son damlaları ilə açılırdım ki, B. ağzımı bağladı.

  • Üçüncü şans da ikinci şansın ikinci şansıdır © Türk şair Həsən Keçəl

Edam məhkumunun son arzusuna çatdığı kimi öldürməzdən öncə son həzzi yaşatdı mənə, gülümsədi. Sonra buzqıran gəmi kimi danışmağa başladı. Cismi burdaymış, fikri onun yanındaymış. O olmasa, yaşaya bilmirmiş. Ona bir şans daha verəcəkmiş, …mış, …muş, …müş.

O, bu söhbətdə həm üçüncü şəxs, həm üçüncü şəxsin təki, həm də məhəbbət üçbucağımızın üçüncü tərəfiydi. O, mənim tərəf müqabilim C. idi.

  • Qarşılıqlı sevgi parkdakı tapdalamaq olmaz nişanı qədər əsrarəngizdir © Misir şairi Mis Tik

Eşitdiklərindən saralmış nərgizləri də götürüb o getdi. Aramızda olan bütün yaxşı şeyləri unudub, yadında təkcə incikliyi, küsünü saxlayıb getdi. Axı mən neyləyəydim ki, onun haqqında çox şey bilirdim? O bildiklərimi unutmaq üçün, o yükü üstümdən atmaq üçün mənə vaxt lazım idi. O vaxtı dostum vermədi…

B.

Sarı işıq…

Sarı işıq…

Sarı işıq…

Bu gün mən iki görüşə tələsirəm. Yanma işıq, yanma işıq. İçimdə elə bir hiss var ki, kaş bu görüş olmayaydı, işıqfor saralıb solmayaydı. Yol hakimləri də sarı kartlarla tələsmə xəbərdarlığı edir. Beynim isə “tələsmək üçün artıq çox gecdir” deyir. Mən də “Yuxa&Nuxa”da yuxarı başa tez keçirəm.

  • Fərlilər qızılgül alır, fərqlilər nərgiz © Anonim

A. seysmoqraf kimi həyəcanlıdır. Gözləməkdən kökü saralmış nərgizləri təqdim edir, təqdir edirəm. Bala-bala sözə başlayacağını hiss edib, sözünü balla kəsirəm. İtirəcək zamanım, səbir etməyə amanım yoxdur. Şair deyir, sev səni sevəni, amma mən şair deyiləm. Və A. məni elə sevir ki, özümü olmadığım insan olmadığım üçün günahkar hiss edirəm. Bəlkə də, hər şeyi zamana buraxmaq daha yaxşı olardı. Xoşbəxt olmaq mənim də haqqımdır və bu amalla qartəmizləyən maşın həssaslığı, parkinson zərgər dəqiqliyi ilə sözlərimi seçirəm.

  • Sevgi=Nifrət © İsmayıl Nyuton

A. ilə son görüşümüzü son görənləri – nərgizləri bir kənara atıb, “Tortuqa” şirniyyat evinə tələsirəm. Yenə birinci mən gəlmişəm. Ürəyimdən keçənləri necə dilə gətirəcəyimi beynimdə canlandırıram.

  • Hər kəs öz xəyal dünyasının Allahıdır © Amonim

Elə bu an “Tortuqa”nın şəkər səviyyəsi birdən yüksəlir. Üzümlü kekim, sərv boylum, al koftalım, Namiq tağlım, üç otağlım, qaş-qabağlım həsrətimə son verir. Uzun barmaqlarının ağuşuna aldığı nərgizləri mənə uzadır, üzümdə çiçəklər açır. Nərgizləri sevdiyimi demişdim?!

  • İnsan sevdiyini modulda görür, nə etsə müsbət © Eşqin Cəbri

Cəsarətimin son damlalarını cəmləyib C. ilə bir yola çıxmaq istədiyimi, onu hər görəndə sapı özümüzdən olan dərzilərə gəlinlik tikdirdiyimi demək istəyirdim ki, sözümü tort ilə kəsdi. Qozqıran telefon sərtliyi ilə danışmağa başladı, hər sözündə mən qırıldım. Artıq xoşbəxt olmaq Qızqıranın da haqqıymış, dördüncü şans üçüncü şansın ikinci şansıymış, bundan sonra hər şey fərqli olacaqmış, bu gün yeni həyatının ilk günüymüş, …mış, …miş, …muş.

C.

Yaşıl işıq…

Yaşıl işıq…

Yaşıl işıq…

Bu gün mən iki görüşə tələsirəm, yan yaşıl işıq, yan yaşıl işıq. İşıqforlar da mənim bu görüşə getməyimi istəyir, ya da mən qərarımı dəstəkləyəcək işarələr axtarıram. Beynim “belə şeylərə fikir vermə” deyir, ancaq bu dəfə də bir kənara atılmış tər nərgizləri tapıram. Ümid edirəm, bu xoş sürprizlər davamlı olar “Tortuqa” şirniyyat evində də, “Saqi&Baqi” şərab evində də.

  • İnsan sevdiyi adamla bədbəxt olur ən yaxşı halda © Yorğun Demokrit

Ç.

D.

E.

Ə.

F.

G.

H.

X.

İ.

J.

K.

Q.

L.

M.

N.

O.

Ö.

P.

R.

S.

Ş.

T.

U.

Ü.

V.

Y.

Z.

  • Tarix təkərrür edirsə, ancaq axmaqlar zaman maşınıyla gələcəyə gedər © Eşqin Tarixi

# 1724 dəfə oxunub

Oxşar xəbərlər

Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

09:00 30 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Mamam - İlqar Rəsulun yeni hekayəsi

Mamam - İlqar Rəsulun yeni hekayəsi

14:00 22 oktyabr 2024
Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

18:40 21 oktyabr 2024
Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

15:00 18 oktyabr 2024
"Mənim adım Emiliya Del Valle" -  Gənc yazıçı həqiqət axtarışında

"Mənim adım Emiliya Del Valle" - Gənc yazıçı həqiqət axtarışında

10:27 18 oktyabr 2024
#
#
# # #