Bu qəzanın günahkarı kimdir? - Etqar Keretin hekayəsi

Bu qəzanın günahkarı kimdir? - Etqar Keretin hekayəsi
19 avqust 2023
# 10:00

Kulis.az Etqar Keretin "Göbələk" hekayəsini təqdim edir.

Cılız kişi kafenin döşəməsinə yıxıldı. Qarnı o günəcən belə ağrımamışdı. Bədəni özündən asılı olmadan titrəyirdi. “Hər halda ölüm belə bir şeydi” - düşündü, - “Amma, bu, son ola bilməz. Hələ çox gəncəm. Bir vaxt məşhur olub, son illərdə doğru-dürüst işləməyən bir kafenin döşəməsində, əynimdə şortik, ayağımda çəkələk, - belə ölümdən utanıram.”

Kömək istəmək üçün ağzını açdı, amma ciyərlərində hava yox idi.

Bu hekayə ona aid deyil.

Cılız adamın yanına qaçan ofisiant qızın adı Qalyaydı. Qız heç vaxt ofisiant olmaq istəməmiş, həmişə müəllim olacağını xəyal etmişdi, amma müəllimlikdə pul yox idi. Əslində, ofisiantlıqda da çox pul yox idi, sadəcə kirayə pulunu və digər xərcləri qarşılamağa yetirdi.

O il Beit Berl Universitetində özəl dərslər almağa başlamışdı; dərsə getdiyi günlər kafedə gecə növbəsində işləyirdi. O gecə kafenin qapısından içəri heç bir it də girməmişdi və qız bəxşişlərin yarısından da az qazanırdı, amma dərsə getmək onun üçün önəmli idi. “Yaxşısan?” - yerdəki kişidən soruşdu. Kişinin yaxşı olmadığını bilirdi. Bu hekayə heç ofisiant qıza da aid deyil.
- Ölürəm, - dedi kişi, - ölürəm, tez ambulans çağır!”
- Faydası yoxdu, - qəzetdən iqtisadiyyat xəbərləri oxuyan qaraşın, keçəl oğlan dedi, - ambulans yarım saata gələr! - deyə-deyə də yerdə uzanan cılız kişini qaldırdı. - Mən onu xəstəxanaya apararam. Maşınım bayırdadı.

Belə elədi, çünki yaxşı adam idi və ofisiant qızın bunu görməsini istəyirdi. Boşanmağından beş ay keçmişdi və o vaxtdan bəri gözəl bir qızla yeganə söhbəti bu qısa dialoqdan ibarət idi. Bu hekayə heç ona da aid deyil.

Xəstəxana yolunda tıxac var idi. Maşının arxa oturacağında uzanmış cılız kişi eşidilməz səslə inildəyir, qaraşın, keçəl oğlanın təzə aldığı “Alfa Romeo” markalı maşınının döşəməsinə ağzının suyunu axıdırdı. Qaraşın, keçəl oğlan həyat yoldaşından boşananda dostları məsləhət gördülər ki, ailə maşını olan “mitsubişi”ni satıb əvəzinə, elə maşın alsın ki, o maşını görəndə sahibinin subay olduğunu anlasınlar.

Çünki, qızlar onun sürdüyü maşına baxıb çox şey anlayardılar. “Alfa Romeo” markalı maşın qızlara belə deyirdi: “Əla oğlandı, macəra axtarır!”

Arxa oturacaqda inildəyən cılız kişi... Bu da macəra idi. Keçəl oğlan düşündü: “Mən indi ambulans sayılıram! Siqnaldan istifadə edərək, digər sürücülərdən mənə yol vermələrini tələb edə bilərəm. Eynilə kinolardakı kimi svetoforun qırmızı işığında keçə bilərəm.” - qaz verdi və “Reno” markalı bir mikroavtobusla toqquşdu. “Reno”nun sürücüsü dindar adam idi. Təhlükəsizlik kəmərini taxmamışdı. Ordaca can verdi. Bu hekayə ona da aid deyil.

Qəzanın günahı kimdə idi? Maşına qaz verib, svetaforun qırmızı işığını vecinə almayan qaraşın, keçəl oğlandamı? Əslində, qəzanın günahkarı o deyildi. Təhlükəsizlik kəmərini taxmayan mikroavtobus sürücüsü? O da deyildi. O qəzanın günahkarı bircə adam idi.

Bu adamları niyə yaratmışdım? Mənə heç bir zərəri dəyməyən dindar bir adamı niyə ödürmüşdüm? Əslində, var olmayan birisinə niyə acı çəkdirmişdim? Qaraşın, keçəl oğlanın ailəsini niyə dağıtmışdım? Bir şeyi yaratmaq insanı məsuliyyətdən qurtarmır. Həyatda baş verənlər qarşısında çiyinlərini çəkib Tanrıya baxa bilərsən, amma hekayədə Tanrı sənsən. Qəhrəmanın uğursuzdursa, sən elə istəmisən deyə uğursuz olub. Başına pis bir iş gəlibsə, sən elə istəmisən deyə gəlib. Onun qan içində yerdə qıvrılmasını sən istəmisən.

Həyat yoldaşım otağa girib:
- Yazırsan? - deyə soruşur. Məndən nəsə soruşmaq istəyir. Başqa bir şey. Üzündən bilinir. Amma işimə də maneə olmaq istəmir. İstəməsə də, olur.
- Hə, amma önəmli deyil, - deyirəm, - bu hekayə alınmadı. Hekayə demək olmaz, qaşıntı kimi bir şey oldu. Dırnağımın altındakı göbələk kimi.
Həyat yoldaşım guya başa düşür, başını yellədir. Anlamır. Yenə də bu, məni sevmədiyi anlamına gəlmir. Bu hekayə bizə aiddi.

Tərcümə: Furqan

# 2015 dəfə oxunub

Oxşar xəbərlər

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
# # #