“Bomj” seçici - Elman Rüstəmov

 Elman Rüstəmov

 Elman Rüstəmov

27 noyabr 2021
# 18:30

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Elman Rüstəmov "Bomj” seçici" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Bu gün onun üçün sanki günəş də başqa cür işıq saçırdı. Uşaqlıq vaxtlarında olduğu kimi. Məktəb illərində, kitab əlində, sinif otağının gündöyəninə söykənib qızındığı kimi, seçki məntəqəsinin külək tutmayan bir küncünə sığınıb özünü günəşə verməkdən ləzzət alırdı. Sadəcə olaraq əlində tutduğu 50 il əvvəlki ədəbiyyat kitabı, əzbərlədiyi isə M.Ə. Sabirin “Fəhlə özünü səndə bir insanmı sanırsan” şeiri deyil, seçki platforması idi. Seçicilərini boş yox, xoş vədlərlə daha gözəl gələcəyə və firavan həyata ruhlandıran deputatlığa namizədin seçki platforması: İşsizliyə son! Yoxsulluğa son! Səfilliyə son!..

Bu seçkilərdə onun da səsi həlledici ola bilərmiş. Axı o da bu ölkənin vətəndaşıdır və son 10 ildə bir çox hüquqlarını, dəyərlərini, qazandıqlarını itirib müflisləşsə də, səfil halına düşsə də, səsvermə hüququnu itirməyibmiş, sən demə. Yoxsa qaranlıq üfunətli zirzəmidən çıxarıb hamama aparmazdılar, çimizdirib təzə alt və üst paltarı geyindirməzdilər...

Əvvəlcə qorxmuşdu. Arxasınca gələn, son sığınacaq yerindən onu sürüyüb çıxardan qalstuklu peysər oğlanların insan orqanlarının alverçiləri, insanların böyrək və qaraciyərlərinə tamah salan hansısa mafiya qruplaşmasının üzvləri olduqlarını zənn etmişdi. Sonradan isə məlum olmuşdu ki, xeyr, onlar insan orqanlarının alverini deyil, səs alverini edən hansısa qruplaşmalardan birinin üzvləridirlər...

Əslinə qalanda onun özü öz böyrəyinə tamah salmışdı. Ancaq heç bir xəstəxanada çürümüş böyrəklərinə yiyə tapılan olmamışdı. Evdən-eşikdən olub, bütün var yoxunu satıb, son qəpiyinəcən ağ qan xəstəliyinə tutulmuş madar övladının müalicəsinə, oğlunu sağaldacaqlarına söz verən Hipokrat andlı həkimlərə xərclədikdən sonra bu fikrə düşmüşdü... Təkcə oğlunun dövlət xəstəxanasında pulsuz müalicəsinə zavodda işlədiyi vaxt dövlət tərəfindən ona verilən 2 otaqlı “xruşovka” mənzilinin pulunu xərcləmişdi.

Xəstəxanada olmayan və bu səbəbdən üzbəüz aptekdən alınan bahalı onkolojı dərman preparatlarına vermişdi həmin pulları. Bütün bunlara baxmayaraq oğlunu bu sağalmaz xəstəlikdən xilas edə bilməmiş, nəticədə “bomj”a çevrilərək Viktor Hüqonun 2 əsr öncəki səfillərinin gününə düşmüşdü. Əvvəlcə palatada, oğlunun çarpayısının yanında, sonradan isə oğlunu reanimasiya bölməsinə keçirdikləri üçün xəstəxananın yaxınlığındakı qazanxananın zirzəmisində lövbər salası olmuşdur...

Satdığı “xruşovka” mənzilindən qalmış son 150 manatını isə oğlunun dəfninə xərcləyərək, onu baba-nənəsinin dəfn olunduqları qəbrstanlıqda dəfn elətdirmişdir. Dəfndə də ona ürək-dirək, təskinlik verən bir qohum-əqraba tapılmamışdır. Çünki ata-anası detdom uşaqları olmuş və yalnız bir övlad dünyaya gətirmişdilər. İndi günlərinin gündüz vaxtını əzizlərinin qəbrinin üstündə, gecə vaxtını isə təmirə bağlanmış qazanxananın zirzəmisində keçirirdi. Gözləniləcək sərt qışdan çıxa bilməsinin ümidini isə təmir olunacaq qazanxananın zirzəmidən keçən isti borularına bağlayırdı...

***

Deyəsən, bütün bu çətinliklər arxada qalmaq üzrə idi. Onun səs verdiyi namizəd deputat seçiləcəyi təqdirdə “bomj”u yeni həyat gözləyirdi. Platformada göstərildiyi kimi nəinki seçildiyi ərazidə, bütün ölkədə bir nəfər də olsun “bomj” qalmayacaqdı. Yoxsulluq faizi sıfıra yenəcək, bütün işsizlər, səfillər işlə təmin olunacaq, iş qabiliyyətini itirənlərə isə xaricdə olduğu kimi adam kimi yaşamaları üçün dövlət tərəfindən lazımı təzminat veriləcəkdir. Bunun üçün dövlətin lazımi potensial imkanları var. Sadəcə bütün bunları həyata keçirmək üçün dövlət dumasında ağıllı başlar oturmalıdır ki, həmin ağıllı başlardan biri də onun səs verəcəyi namizəd idi. Əgər deputat seçilməmişdən öncə öz seçicisinə bu cür qayğı göstərirsə, onu çimizdirib geyindirə bilirsə, seçiləndən sonra deputat səlahiyyətlərindən tam istifadə etməklə işlə və sığınacaqla da təmin edə bilər. Səfil həyata, zirzəmilərdə yatmağa, zibil qutuları eşələməyə birdəfəlik son qoyular. Sovet dövründəki ab-havaya qayıdılar.

***

O vaxt zavodda birgə işlədiyi rus qadını ilə evləndiyi üçün zavod rəhbərliyi onu ailəli yataqxana ilə təmin etmiş, oğlu dünyaya gəldikdən sonra isə mikrorayonda yeni tikilmiş “Xruşovka”dan 2 otaqlı mənzil vermişdi. 15 il birgə şad və xürrəm yaşadıqları həmin mənzildən arvadı hər səhər onu elə bəzəyib yola salırdı ki, deyə bilməzdin zavodda çilingər işləməyə gedir, yoxsa üzbəüz binada yaşayan qonşusu kimi institutda dərs deməyə. “Allah sovet hökumətini dağıdanın evini yıxsın” düşündü. Hökumət dağılmasaydı bəlkə də arvadı ailəsini atıb Rusiyaya getməzdi. İşlədiyi zavod bağlanmazdı. Müharibə olmazdı. Oğlu əsgərlikdə düşmənin qəfil hücumundan qorxaraq sağalmaz xəstəliyə, ağ qan xəstəliyinə tutulmazdı. Amma bunlar hamısı taleyin işləri idi və artıq baş vermişdi. Var-yoxdan çıxaraq oğlunun müalicəsi ilə məşğul olmaq və sonda səfil həyat... Hərdən sovet dövrü ona yuxu kimi görünürdü. Hələ bir vaxtlar arvadı onu qiyabi alı təhsil almağa da ruhlandırmışdı. Sənədlərini 38 yaşında politexnik institutunun metallurgiya fakültəsinin qiyabi bölməsinə vermişdi. Əfsuslar olsun ki, sovet hökumətinin dağılması bu ümidləri alt-üst etdi. Yoxsa ata-bala eyni instituta ayaq basası olacaqdılar... Anası gedərkən oğlunu özü ilə aparmaq istəmişdi. “Burada sənin gələcəyin yoxdur” demişdi. Atası isə, “sən kişisən, kişi ol! Kişi Vətənin dar günündə onu qoyub qaçmaz” demişdi. Sonda oğul atası ilə razılaşmış və anasını həmişəlik itirmişdi. Ana həsrətini ürəyində çəksə də, məhəllə uşaqlarının arasında, sonradan isə döyüş yoldaşlarının əhatəsində özünü çox qürurlu aparırdı. Vətəni dar gündə qoyub qaçmadığı üçün...

***

Seçicilərinin 100 faiz səsini qazanacağını tam əminliklə gözləyən namizədə səs verməyin zamanı gəlib çatdı və əvvəlcədən təlimatlandırıldığı qaydada seçki məntəqəsinə keçərək ölkədə səfilliyə, yoxsulluğa, işsizliyə son qoyulması üçün öz səsini verdi və sığınacağına qayıtdı. “Bomj” dostu “bəy” kostyumundakı dostunu əvvəlcə tanımadı, tanıdıqdan sonra isə rişxəndlə ona güldü. “Günümə bax mənim. Gör bir nə kökə salıblar səni. Palton harada qalıb? Bir-iki həftəyə sərt soyuqlar düşəcək” dedi.

“Hamamda qaldı. Artıq ona gərək yox. Dövran dəyişilib. Səfillərin vətəndaşlıq hüquqları bərpa olunub. Seçki məntəqəsindən, səs verməkdən gəlirəm. Bir-iki aya zirzəmidən azadlığa çıxacağıq. Səfil həyatına son qoyulacaq...”

***

Qazanxanada iş yekunlaşmaq üzrə idi. Artıq ətrafda abadlaşma işləri aparılır, bu zaman bulaşıq işləri iş icraçısı müqavilə ilə işləyən fəhlələrə deyil, qazanxananın zirzəmisində məskunlaşmış iki nəfər “bomj”a gördürürdü. Bunun nəticəsində həm icraçının özü əlavə qazanc əldə edir, həm də “bomj”lar qəpik-quruş qazanırdılar.

Sonuncu gün iş icraçısı “bomj”ların öz sığınacaq yerlərini onların özlərinə yığışdırtdı. “Qazanxananın açılışına gələcək deputat böyük ehtimalla sizə də baş çəkəcək” deməklə “seçici bomj”u bir daha ümidləndirdi. “Qoy yeriniz təmiz olsun” dedi... Seçki günü “bomj”un dalınca gələn peysər gədalar bir gün əvvəl bütün qazanxananın ərazisini iş icraçısı ilə birlikdə gəzmiş və sonda burunlarına dəsmal tutaraq bomjların məskunlaşdıqları yerə də ötəri nəzər salmışdılar... Hətta “bomj”la salamlaşmışdılar ki, həmin anda “bomj”un yadına çox sevdiyi “Səfillər” romanından bir fraza düşmüşdü: “hər bir qaranlığın işıqlı bir sabahı var”. Bəli onun üçün də bu işıqlı sabah açılmaq üzrə idi.

İş icraçısı zirzəmini “bomj”lara tam təmizlətdikdən sonra bu dəfə xüsusi mərhəmət göstərərək hərəsinə 10 manat pul verdi. Sevincək olmuş “bomj”lar nə vaxtsa hansısa proletar liderinin adını daşıyan, indi isə “bomj”lar parkı kimi tanınan kimsəsiz, baxımsız parka yollandılar... Axşam saat 8 radələrində gecələnmək üçün öz sığınacaqlarına qayıtdıqda zirzəminin girəcəyində bağlı dəmir qapı gördülər. Havada isə qar dənələri görünməyə başlamışdı...

***

Qazanxananın açılışına həmin ərazidən deputat seçilmiş və bunun müqabilində qazanxananın təmirini qeyri-leqal maliyyələşdirən deputat da dəvət almışdı. Tribunasının altına isti piltə qoyulmuş deputatın ağzından səhər-səhər, mənfi 10 dərəcə şaxtalı-qarlı havada, parovoz tüstüsü kimi tüstü püskürürdü. Seçicilərinin 100 faiz səsini topladığına görə Ginnessin rekordlar kitabına düşmə ehtimalı olan deputat seçiciləri üçün alovlu nitq söyləyirdi:

–¬ Biz öz vədimizə əməl edərək bu gün, bu qarlı-şaxtalı gündə, 20 dərəcə şaxtada sizin hər birinizin mənzilinizdə, həmçinin ərazimizin xəstəxanasında pulsuz müalicə olunan xəstələrimizin palatalarında temperatur göstəricisinin müsbət 20 dərəcədən yuxarı olmasını təmin etmək üçün buraya toplaşmışıq. Buraya toplaşmışıq ki, mənim seçicilərim sərt qışın necə keçdiyini hiss etməsinlər. Çiçəklənən ölkəmizin bahar nəfəsini evlərində, isti mənzillərində də hiss etsinlər... Belə şaxtalı-qarlı bir gündə yadıma unudulmaz sənətkarımız, gözəl yazarımız Mir Cəlal Paşayevin dünyaca məşhur olan “Bir gəncin manifesti” əsərindən kədərli bir epizod düşdü. Mərdanın qardaşı şaxtalı havada isti sığınacaq tapa bilmədiyi üçün küçədə donub ölmüşdü... Şükürlər olsun ki, cocuqlarımız artıq səfil həyat keçirərək küçələrdə şaxtadan donmayacaqlar. Çünki bizim hökumətimizin uğurlu siyasəti işsizliyə və yoxsulluğa, səfil həyata son demişdir. Bu gün mən tam əminliklə deyə bilərəm ki, ölkəmizdə bir nəfər də olsun işsiz, səfil, yoxsul adam qalmamışdır...

Bu zaman deputatın çıxışını, qazanxananın açılış mərasiminə toplaşan, əyinlərini isti geyinmiş mənzil sakinlərinin və yun xəstəxana xalatlarına bürünmüş xəstəxana işçilərinin alqış sədaları deyil, şaxtalı-qarlı sakit havada yaxından ötən zibil maşınının uğultusu eşidilməz etdi. Maşında məhəllənin zir-zibili ilə yanaşı, axşam zibil qutularının yanında şaxtadan donmuş iki nəfər “bomj” aparırdılar. Həmin “bomj”lardan biri, çıxışını davam etdirmək üçün zibil maşınının ötüb keçməsini və uğultunun kəsməsini gözləyən deputata səs verən “bomj seçici” idi...

# 2261 dəfə oxunub

Oxşar xəbərlər

Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
#
#
# # #