Bölgələrdəki gənclərin problemləri - İlkin Öz yazır...

Bölgələrdəki gənclərin problemləri - İlkin Öz yazır...
18 mart 2023
# 12:15

"Gəncliyi anlamayacağımız an dünyadakı işimiz bitmiş deməkdir"

Benjamin Franklin

2020-ci ildə buraxılış və blok imtahanlarından cəmi 460 bal toplamışdım. Bir çoxları kimi mən də tələbəlik həyatımı bölgələrdə yox, məhz Bakı şəhərində yaşamaq istəyirdim. Aydın məsələdir ki, bölgələrə nisbətən Bakının perspektivi, imkanları çox genişdir. Daha geniş ətrafın olur, daha dolğun dünya görüşün formalaşır, düşüncə tərzin məhz orada yaxşı inkişaf edir.

Üstəlik, abituriyent vaxtı Bakıda oxuyanlardan tələbəlik illərinin şirin xatirələrlə yadda qaldığını, ömürlərinin ən gözəl günlərini orada keçirdiklərini eşitmişdim. Və bu mənim oxumaq həvəsimi daha da alovlandırmışdı.

Əlqərəz, ixtisas seçimi zamanı ailəmin maddi imkanı ilə əlaqədar Bakıda oxumaqdan imtina etmək məcburiyyətində qaldım. Çünki bölgələrə nisbətən oranın xərci daha ağır idi.


Sözün düzü, doğulduğum Cəlilabad rayonunda da ali təhsil müəssisəsi var və mənim üçün ən sərfəli seçim elə ora idi. Gəl ki, universitet Nikolayın dövründən qalmadır deyə orada oxumaqdan da imtina etdim. Kim şəraiti daha gözəl olan yerdə təhsil almaq istəməz ki? Şübhəsiz, hər kəs yaxşı yerdə oxumağa can atar. İxtisas seçimi zamanı bəziləri rahatlığını üstün tutub ailəsinə yaxın yerdə təhsil almaq istəyir. Evinə yaxın olsun, çayını-çörəyini anası hazırlasın, əziyyət çəkməsin.
Amma abituriyentlərin adətən rastlaşdığı aktual problemlərdən biri də seçimlər zamanı fikirlərinin zərrə qədər də nəzərə alınmaması, gələcəklərinin heçə sayılmasıdır. “Əşi, əlində diplomu olsun da nə fərqi var ki guya universitetin?” – tipli kökündən yalnış düşüncələr indi də bir çox gənclərə qənim kəsilib. Hərdən elə olur ki, hansısa təhsildən uzaq, kök, bığlı bir dayday kinayəli-kinayəli bu mövzuda uzun-uzadı mühazirə deyir:

“Bala, bizim vaxtımızda belə dölüdü, o vaxtdar biz hansı çətinniynən oxumuşuğ. Oxuyan adamçün fərqi yoxdu. Oxuyan hər yerdə oxuyar...”.

Off, adamı lap dəli edirlər, anladıqları heç nə yoxdur a. XlX əsrə uyğun düşüncə sahibidir belə adamlar. Bəlkə, daha qədim. Gəl ki, məsləhət verməkdən zövq alırlar... Nə isə.

Tutaq ki, universitetin fərqi yoxdur. Bəs onda niyə xaricdə təhsil alan tələbələrə xüsusi üstünlük verilir? Fikrimizi aydınlaşdırmaq üçün gəlin belə bir müqayisə aparaq. Həsən Kembric Universitetində təhsilini başa vurub, Cəfər isə güc-bəla Kooperasiya Universitetini bitirib. İkisi də işələ təmin olunmaq istəyir. Sizcə, onların hansına daha yüksək qiymət verilər? Əlbəttə, Kembrici bitirən Həsəni şam işığı ilə axtaracaqlar, özü də, günün günorta çağı... Odur ki, gələcək üçün faydalı kadr kimi formalaşmaqda mühitin və təhsil ocağının rolu çox böyükdür.
Yenə özümdən misal çəkmək istəyirəm:
Mən hazırda Lənkəran Dövlət Universitetində oxuyuram. Bölgələrdə təhsil alan bir tələbə kimi bizlər üçün Bakı mühiti olduqca qeyri-adi görünür (təbii ki, söhbət oradakı tələbələrin təhsil həyatından, gündəlik məşğuliyyətlərindən, maraqlarından gedir). Sözsüz, təhsil aldığım universitetdə nizam-intizam qaydalarına ciddi riayət olunur, amma bu bizim ürəyimizcədirmi? Əlbəttə ki, yox.

Düşünürəm, bir tələbəni çox boş buraxmaq olmaz, çünki oxumayacaq. İfrat dərəcədə sıxmaq da olmaz, ona görə ki, bezəcək. Müasir təlim interaktiv təlimdir. Və təhsil alanların maraqlarına hesablanıb. Köhnə təhsil sistemindəki kimi təhsil alanı yalnız biliklə yükləmək qaldı orta əsrlərdə. Təəssüf ki, bu hələ də bir çox bölgələrdəki təhsil ocaqlarında tətbiq edilir.

Bir məsələni xüsusi olaraq qeyd edək ki, regionlardakı universitetlər iri həcmli olmadığı üçün tələbələrə ayrılan təqaüd yerləri də az olur. Odur ki, maddi vəziyyəti aşağı olanlar bu cəhətdən xüsusi əziyyət çəkirlər. İşləmək istəsə də, restoranda ofisantlıqdan başqa bir tələbə üçün uyğun iş tapmaq çox çətindir. Bu problemi nəzərə alıb, tələbələrə bu cəhətdən hansısa üstünlüyün verilməsi onların rifahına hesablana bilər.


Düzdür, hamı oxuduğu müddətdə müəyyən çətinliklər, sıxıntılarla rastlaşır. Onsuz rahatlıqla nəyisə əldə edirsənsə, onun qədrini bilməzsən. Hər şeyi qoyaq bir kənara. Lap canını dişinə taxıb birtəhər təhsilini başa vurmaq olar. Bəs bu enişli-yoxuşlu yolda qazancımız nələrdir? Birmənalı olaraq qəbul edək ki, oxuduqlarımız, gördüklərimiz, götürdüklərimizdən başqa bizə heç nə qalmır universitetdən...
Yeri gəlmişkən, xüsusi vurğulayaq ki, gənclərin inkişafı üçün mütaliə çox vacibdir. Amma nəzərə almaq lazımdır ki, regionlarda hər kitabın əldə olunması da asan məsələ deyil. Əvvəla, bölgələrdə təhsil alırsansa, deməli, yeni nəşr olunan kitablardan, vəsaitlərdən, jurnallardan kənardasan. Çünki, təəssüflər olsun ki, müasir ciddi ədəbiyyat nümunələrinə burada çox az təsadüf edilir. Klassika isə diqqəti o qədər də cəlb etmir. Hansı kitabxanaya baxırsan Çingiz Abdullayevin detektiv əsərləri ilə doludur. Dəhşətdir! Erotik mövzulu əsərlərdən hansısa tələbə yaxşı olan nə qazana bilər?! Bu cəhətdən Bakıda oxuyursansa, 1-0 qabaqdasan.
Yəqin ki, son zamanlar Azərbaycanın ən prestijli universitetlərindən biri olan İqtisad Universitetində keçirilən tədbirə tiktoker və bloqerlərin dəvəti yadınızdadır. Təbii ki, bu addım tələbələrin əksəriyyətinin ürəyincə olmuşdu. Amma onları bu istiqamətdə ruhlandırmaq absurd yanaşmadır deyə hərdən düşünürəm ki, Bakıda da müəyyən çatışmazlıqlara yol verilir. Hətta, bu ölkənin ən nüfuzlu təhsil ocağı olsa belə.

Məncə, təhsil müəssisələrində hansısa ədəbi-mədəni xadimlərin təbliği, tələbələri inkişafa səsləmək, onları müsbət mənada maarifləndirmək, zənnimcə, çox daha məqsədə uyğun olar. Məsələn, bir tələbə kimi mənim üçün çağdaş yazarlarla görüşmək o qədər maraqlı olardı ki... Kumiri olduğum müxtəlif yerli, xarici yazıçı-şairlər var. Nəinki görüşmək, heç kitablarını belə əldə etmək hazırda mümkünsüzdür. Söz yox, müasir dövrdür, sifariş et, gəlsin ünvanına. Ancaq bir məsələ var ki, “tələbə” və “pul” bir-birlərinə düşmən olan iki məfhumdur.


Söhbəti təkcə ədəbiyyatla, kitabla da yekunlaşdırmaq, məncə, məsələyə tam yanaşma sayılmaz. Bəzi tələbələr var, hansı ki, onun marağı musiqiyədir, bəstəkarlığadır, nə bilim, kompüter elmlərinədir. Onların qabiliyyətlərinin vaxtında və düzgün müəyyən edilməsi isə müəllimlərin üzərinə düşür. Bu cəhətdən də onlar diqqətli olmalıdırlar!
Niyə bizim Müslüm Maqomayev kimi, Üzeyir Hacıbəyov kimi, Lütfizadə kimi görkəmli simalarımız yetişməsin? Bu ölkənin gələcəyi məhz gənclərdən aslıdır, bunu unutmaq olmaz!
Xülasə, bölgələrdə oxuyan gənclərə maraq və diqqətin artırılması sözügedən problemin həlli kimi verilə bilər. Məsələnin ikinci tərəfinə gəldikdə isə, bölgələrdə kitab yarımarkaları, kitab sərgiləri vaxtaşırı keçirilsə, ümumilikdə, təhsil ocaqlarımıza məhz tanınmış yaradıcı simalar dəvət olunsa, fikrimcə, bu, biz gənclərin inkişafında mütləq öz faydasını verəcəkdir.


# 2429 dəfə oxunub

Oxşar xəbərlər

“Müharibənin evi yıxılsın, müharibədən sonra rahat yata bilmədin” - Ümid Nəccari

“Müharibənin evi yıxılsın, müharibədən sonra rahat yata bilmədin” - Ümid Nəccari

13:00 28 noyabr 2024
Həqiqəti heç kim bilmədi - Günün hekayəsi

Həqiqəti heç kim bilmədi - Günün hekayəsi

13:30 26 noyabr 2024
Divar - Azad Qaradərəlinin yeni hekayəsi

Divar - Azad Qaradərəlinin yeni hekayəsi

14:00 23 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
# # #