Azərbaycanda dini cəhalətin gücü – Aqşin Yenisey

Azərbaycanda dini cəhalətin gücü – Aqşin Yenisey
16 avqust 2023
# 11:30

Kulis.az Aqşin Yeniseyin "Təəssübkeşlik" adlı yeni yazısını təqdim edir.

Təəssübkeşlik - kökü ərəbdən, şəkilçisi farsdan gələn bu söz ilk baxışda faydalı bir əmələ işarə edir. Halbuki bu sözün mədəniyyətə vurduğu zərəri bəzəkli bir ilanın dişinin altındakı zəhərlə müqayisə etmək olar.
Bu sözün ingiliscə qarşılığı "fanatic", fransızcası "fanatique" kəlməsidir.

Təəssübkeşlik təəssübünü çəkdiyin şeyə fanatikcə yanaşmanın adıdır. Təəssübkeş bir cəhalət bayquşudur.
Çağdaş mədəniyyətimizin bütün sahələri bu sözün üzərində qurulub. Təəssüflərimizin əsas qaynağı təəssüblərimizdir.
Bizi mədəni, elmi, siyasi, ədəbi cəhalətdə saxlayan mədəni, elmi, siyasi, ədəbi təəssübkeşliyimizdir.
Məsələn, siz Dədə Qorqudun Tövratdakı izlərindən, yəhudilərin Yaradılış kitabında tanrının yaratdıqlarına ad vermək üçün Adəmi görəvləndirdiyini və Adəmin də ətrafındakı adsız flora və faunaya ağzına gələn adlar qoyduğundan yazıb, bunun səbəbini də Səlçuqların, Oğuzların qısa bir müddətliyinə yəhudi dinini qəbul etdiyi ilə bağlasanız xeyli oxumuş, hətta elmi rütbə daşıyan Dədə Qorqud təəssübkeşinin qınağı ilə qarşılaşacaq və bir araşdırma mövzusu açdığınıza peşman olacaqsınız.
Yaxud beş yüz illik Qərb mədəniyyətinin irsi (bioloji) istedad hesabına deyil, intellektual zəhmət hesabına yarandığını söyləsəniz bu dəfə də ekzotik instinktlərini kitaba köçürüb, aşıq Ədalətin, ya da Alim Qasımovun kültürəl mirasdan gələn irsi sənətkarlığını beş yüz illik mədəniyyətə qarşı qoyan milli-irsi təəssübkeşlərlə üz-göz olacaqsınız.

Azərbaycan dili bu gün bu təəssübkeşlərin əllərində can verir. Şüurlu zəhmət hesabına yaradılan mədəniyyəti yaxına buraxmadığımızdan dilimiz çağı ifadə etmək üçün özünün daxili enerjisi hesabına yeni sözlər yarada bilmir. Getdikcə lallaşır. Əslində, müasir Azərbaycan ədəbiyyatı bu gün "ölü dildə" yazılır. Əgər biz bu günün insanının, tutalım, kiber təhlükəsizlik mühəndisinin işi haqqında öz dilimizdə bir abzaslıq yazı yaza bilmiriksə, onu ən xırda detalına qədər öz adıyla təsvir etdiyi atarabası xilas edə bilməyəcək.
Günahkar kimdir? Akademik filoloji təəssübkeşlik! Dili nənəsinin doqquz qat tumanı ilə eyniləşdirən, dilin simvolik mənşəyinin təəssübünü çəkən rütbəli ziyalı mühiti.

Siyasi mühitimizdən, ümumiyyətlə, danışmağa dəyməz, orada təəssübkeşlikdən kənar heç bir dəyər yoxdur. Adamlar Hegelin önünə partiya təəssübkeşliyi ilə çıxacaq qədər cəsarətə sahibdirlər.
Hippokrat andı içmiş həkim çıxıb ruhun təəssübkeşi kimi danışır. Ürəyin içindəki ruhu, tibb elminin şüuraltısında sındıra bilmədiyi şüşənin içindəki göyərçin kimi təsəvvür edir. Ürəyin metafizik bir oqran olduğuna inanır və inandırır. Halbuki andını içdiyi Hippokrat özü 2500 il əvvəl ruhun varlığını inkar edib, insanın bütün varlığının beynin fuksiyalarından ibarət olduğunu yazırdı.
Bu gün Azərbaycanda dini cəhalət öz gücünü Orta əsrlərdən, şəriətdən, hədislərdən almır. Bunu iddia edənlər cəmiyyəti yanlış istiqamətə yönəldirlər.

Bu gün Azərbaycanda cəhalət öz gücünü elmi, mədəni, ədəbi, siyasi cəhalətdən alır. Onun çörək dərdi çəkən eqoist təəssübkeşliyindən alır.
Biz gələcəyini çörəyinə qurban vermiş təəssübkeşlər qövmüyük.

# 3143 dəfə oxunub

Oxşar xəbərlər

"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

10:00 13 oktyabr 2026
"Təvazökarlıq insanın öz həqiqi dəyərini anlamasıdır..." - Anatol Fransın sitatları

"Təvazökarlıq insanın öz həqiqi dəyərini anlamasıdır..." - Anatol Fransın sitatları

17:00 12 oktyabr 2026
Konsert - İtaliyanın Nobel mükafatçısından hekayə

Konsert - İtaliyanın Nobel mükafatçısından hekayə

16:00 12 oktyabr 2026
"Xalx qız verib quda qazanır, biz də qada qazandıq..." - Elçinin  "Kaşeyin taleyi" povestindən

"Xalx qız verib quda qazanır, biz də qada qazandıq..." - Elçinin "Kaşeyin taleyi" povestindən

12:30 11 oktyabr 2026
"İnsanın əzəməti təfəkküründə deyil, nəğməsində gizlənir..." - Fransua Moriakdan sitatlar

"İnsanın əzəməti təfəkküründə deyil, nəğməsində gizlənir..." - Fransua Moriakdan sitatlar

10:30 11 oktyabr 2026
Gülən balıq -  Süleyman Rəhimovun əfsanəsi

Gülən balıq - Süleyman Rəhimovun əfsanəsi

10:00 11 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər