Amma vaxtımız azdır - Adil Quliyev

Amma vaxtımız azdır - Adil Quliyev
26 oktyabr 2023
# 15:09

Kulis.az Adil Quliyevin "Amma vaxtımız azdır" adlı yeni hekayəsini təqdim edir.

Çöldə, düzdə, dağda, çayda, dəryada,
Sonsuz kainatda, bütün dünyada
İnsan həm nəhəngdir, həm də zərrədir.
Xəyalı dolanır hər yanı bir-bir.

Ömər Xəyyam

Kiçik Qafqaz dağlarından uzaqlaşan sərnişinlər qəmgin və əzgin görünürdülər. Bəlkə də bu əhval-ruhiyyə, guya hər şeyə qadir insanların qarlı zirvələri öz qüdrəti ilə göylərin dərinliyinə baş vuran o əzəmətli dağlara səs sala bilmədiyini anlamasından irəli gəlirdi. Onlar donuq üzlü qəhrəmanlar kimi bir sırada çiyin-çiyinə dayanıb öz qorxunc görkəmləri ilə bizə – balaca insanlara açıq şəkildə çatdırmaq istəyirdilər ki, onlarla vuruşmağa, onlara hücuma keçməyə cəsarət edən bütün hünər sahiblərinə qalib gəlməyə hazırdırlar.

Səssizliyə dalan dağlar haqlı çıxdılar. Dəstəmiz bir zirvəni belə fəth eləmədən geriyə qayıdırdı. Bir neçə kilometr getdikdən sonra yol kənarındakı xudmani bir kafedə dayandıq.

Tüstülənən manqaldan bir az aralıda əyninə cırıq yarımqol mayka geyinmiş üzü tüklü bir kişi ilə, nə vaxtsa ağ olduğu bilinən xələt geyinmiş güləş çöhrəli bir qadın qutab bişirirdi. İçinə göyərti, ət, pendir, soğan, balqabaq və nar dənələri doldurulmuş aypara şəkilli qutab mayasız xəmirdən hazırlanır. Azərbaycan mətbəxinin əvəzsiz atributudur.

Dəstəmiz dərə qırağındakı masalardan birinin ətrafında əyləşdi. Çox ac olmağımıza baxmayaraq yeməyə dərhal başlamadıq. Səssizcə oturub alınmaz dağ qalasına uzaqdan tamaşa elədik. Ağ süngərə bənzəyən buludlar sıldırım qayaların parlaq zirvələrini kirdən və tozdan təmizləyirmiş kimi qayğıkeşliklə sığallayıb keçirdi.
– Biz mütləq bura qayıdıb, baaax, o zirvəyə çıxacağıq, – kimsə Ömər dağını göstərdi.

Dağlar sanki bizi eşitdi. Zirvələrinə sığınmış saflıq və məsumluq rəmzi ağ buludlar qəfildən savaş və kədər simvoluna – qara buludlara çevrildilər. Ola bilsin, onlar bizi dinləmədilər, sadəcə, heç yerə getmədiyimizi gördülər, pis niyyətə düşdüyümüzdən şübhələndilər, ona görə də ağ barış rəngini qara savaş rənginə çevirdilər. Az sonra bir-birinin ardınca, dağ silsiləsinin qırışlarında qorxunc səslə əks-səda verən göy gurultusu eşidildi. Bilmirəm, təbiət bununla bizə nə demək istəyirdi: ya dağlar bizi ələ salır, ya da gözümüzü qorxudurdu. Biz özünüqoruma hissi çox yaxşı inkişaf eləmiş insanlar idik, qorxaq deyildik. Buna görə də ləzzətlə yemək yedikdən sonra maşına minib şütüdük və "yeni ilham pəriləri" axtarmağa getdik.

Dəstəmiz, Azərbaycanın yetəri qədər gur yolları ilə böyük bir dövrə vurub, axşamdan xeyli keçmiş Böyük Qafqaz dağlarının qoynunda səssizcə mürgüləyən qədim Şəki şəhərinə çatdı. Biz onu oyatmamaq üçün sakitcə gedib yaxın otellərdən birində yer tapdıq.

Yəqin indiyə qədər səhər yeməyində evdə hazırlanmış pendir, qaymaq və bal yeməyən adam, ertəsi gün mədəmizin bu ləzzətli yeməkləri necə səbirsizliklə gözlədiyini başa düşməz. Bol yeməklərdən yeyib doyandan sonra, yoxuş yuxarı qalxıb yaxınlıqdakı qədim Alban kilsəsinə getdik.

Eramızdan əvvəl 2-ci əsrin sonu, 1-ci əsrin ortalarında Şərqi Zaqafqaziyada, müasir Azərbaycan, Gürcüstan və Rusiya ərazilərinin bir hissəsini əhatə edən Qafqaz Albaniyası dövləti vardı. Əhalisi xristian dininə qulluq edirdi. İndiyə kimi hələ də “Odlar yurdu”nda çoxlu alban kilsəsi var, onlardan bir neçəsi də Şəki rayonundadır.

Ziyarət etdiyimiz kilsə görünüşünə görə çox böyük olmasa da, verdiyi enerji o qədər güclü idi ki, heç birimiz səsimizi çıxarıb bir söz deyə bilmirdik. İçinə girəndə elə bilirdin ətrafda gizli və sirli kimsə var və sənin dediyin hər sözü eşidir.

Keçmişə gedib-gələndən sonra, müxtəlif növ qızılgül kollarının bitdiyi həyətə çıxdıq. Güllərin ətri, niyəsə bizə öz gözəl gəncliyimizi xatırladırdı. Bir neçə xatirə fotosu çəkdirib şəhərin mərkəzinə, Şəki xanlarının keçmiş saray-qalasına – “Xan Sarayı”na gəldik.

Yerli hökmdar Hüseyn xan Müştağın XVIII əsrdə tikdiyi saray və gövdəsinin diametri 11 metrə çatan beş yüz yaşlı iki çinar öz gözəlliyi ilə bizi heyran etdi.

İkimərtəbəli binanın baş fasadı zəngin təbii, həndəsi naxışlarla bəzədilib. Sarayın otaqları da başdan-ayağa rəngli naxışdır, hər tərəfə şəbəkələrin arasındakı rəngli şüşələrdən işıq süzülür. İlahi, belə bir gözəlliyi yaratmaq üçün insan necə zəngin təxəyyülə malik olmalıdır! Üstəlik, interyerin divar və tavanlarını bəzəyən rəssam özünün rəngkar dili ilə təkcə müasirlərinə deyil, gələcək nəsillərlə də nəsə deyir. Onun rəsmlərinə hopan dərin məna insanları sülhə, xeyirxahlığa çağırır, ona görə bu gün də aktualdır.

Sarayın divarları, zalların və otaqların pəncərə çərçivələri keçirmə vitrajlarla – şəbəkə ilə bəzədilib. Rəngarəng şüşələrdən ibarət şəbəkə – pəncərələrin həndəsi naxışları sarayın baş fasadının ümumi kompozisiyasına uyğundur. Bu naxışları el sənətkarları yapışqansız və mismarsız kiçik taxta parçalardan işləyib. Parçalar o qədər kiçikdir, elə bilirsən əllə götürə bilməzsən. Biz buna yalnız yerli bir sənətkar gözümüzün qabağında şəbəkələrdən birini söküb-yığanda inandıq.

Şəkinin ab-hava çox gözəl, çox xoş gəldi bizə. Şəhər də gözəl idi. İnsanları qonaqpərvər idi. Lakin biz yeni üfüqlər kəşf etmək üçün yolumuza davam etməli idik.

Növbəti ünvan kimi Qəbələni planlaşdırsaq da, dostumuz Tahir, Xəlilov soyadlı keçmiş həmkarına baş çəkmək istədi. Onun xahişinə əməl edib, saat yarım vaxt ayırmağa razılaşdıq. Yolda bir az təsəvvürümüz olsun deyə, Tahir bizə görüşünə getdiyimiz dostu haqqında danışdı.

Rahat yol, maşının pəncərəsindən görünən gözəl təbiət, Tahirin danışdığı maraqlı və gülməli əhvalat səyahətimizə rəng qatırdı.

Dostumuzun dediyinə görə, o, Xəlilovla əsgərlikdə tanış olub. Xəlilov çox intizamsız, bir az yumşaq desək, cinayətə meylli bir insanmış. Onuncu sinfi sürünə-sürünə bitirib və orduya çağırılıb. O, pis xidmət edirmiş: çavuşlara və zabitlərə tabe olmurmuş, nizamnaməyə əməl etmirmiş, ona görə də tez-tez cəza alırmış. İki illik hərbi xidmət müddətində sovet ordusunun bu əsgəri rus dilini zərrə qədər də öyrənməmiş, dalbadal iki cümlə deyə bilməmişdi. Tahir bu başabəla əsgər haqqında bizə çox əhvalatlar danışdı: o, dəfələrlə özbaşına hərbi hissədən çıxır, diskotekaya gedir, oradan qayıdanda isə haradansa ələ keçirdiyi ata minib gəlirmiş. Bir dəfə necə olubsa, özü özünə məzuniyyət verib və iki həftəliyə evə gedib, buna görə də az qala cərimə batalyonuna göndəriləcəkmiş. Ancaq elmi kommunizmin banisi Karl Marksla bağlı əhvalat mənim daha çox xoşuma gəldi.

Xəlilov vərdişli bir intizam pozucusu imiş, ona görə də şəxsi heyətin toplantılarında ən çox onun adı çəkilirmiş. Hər dəfə adını eşidəndə ayağa qalxır, zabit onun üzünə uzun və yorucu bir töhmət oxuyurmuş. Bütün xidmət müddətində bu hadisə o qədər təkrarlanır ki, əsgər auditoriyasında darıxdırıcı bir hal yaranır. Bir gün bu gedişat kökündən dəyişir.

“Bir dəfə, – Tahir danışır, – kazarmada Oktyabr inqilabının növbəti ildönümünü keçirilirdi. Bölmə komandirinin rəhbərliyi ilə rotanın şəxsi heyəti Lenin otağına toplaşdı. Xəlilov həmişəki kimi mənim yanımda oturmuşdu və adət etdiyi məzəmməti gözləyə-gözləyə əsəbi halda ayaqlarını döşəməyə vururdu. Vaxt gedirdi, amma onun adını çəkmir, dəqiqə başı “Marks, Marks” deyirdilər. Dostum mənə tərəf əyilib soruşdu:
– Tahir, bu bədbəxt Markus neyləyib ki, bayaqdan bəri rota komandiri ancaq onu anlayır?
– Kimi danlayır? – deyə təəccüblə soruşdum.
– Markusu! Eşitmirsən?

Əvvəlcə heç nə başa düşmədim, sonra məsələnin nə yerdə olduğunu anlayanda özümü saxlaya bilməyib ucadan güldüm.
Məsələ burasındadır ki, bizim rotada əslən Latviyadan olan Markus soyadlı əsgər vardı. O, sakit və başıaşağı bir adam idi. O qədər fağır idi, yalnız tənbəl yoldaşları onu incitmirdilər. Xəlilov elə bilib toplantıda söhbət həmin bu Markusdan gedir. Bisavad Xəlilov haradan bilsin ki, XIX əsrin ortalarında Almaniyada siyasi iqtisad üzrə ən böyük əsəri olan “Kapital”ı yazmış Marks adlı bir filosof və ictimai xadim yaşayıb. Xəlilov bu soyadda yalnız bircə nəfər tanıyırdı, onun da haqqında eşidəndə kifayət qədər həyəcanlı reaksiya verdi. Nəticədə hər ikimizi biabırçı şəkildə toplantıdan çıxarıb cəzalandırdılar”.

Yüz kilometrdən çox yol qət edərək, nəhayət, mənzil başına çatdıq. Bir az dolu bədənli, xoş simalı Xəlilov bizi gülərüz qarşıladı. Əl tutma mərhələsindən sonra qonaqları evə dəvət etdi. Onun evinin ətrafını bacarıqlı və qayğıkeş bir bağbanın yaxşı qulluq etdiyi bir bağ bəzəyirdi. urada çoxlu müxtəlif ağaclar vardı: albalı, alça, şaftalı. Ən çox albalı ağacları xoşumuza gəldi. Hər biri öz gözəl görünüşü ilə mənə, qulaqlarından yaqut sırğalar asılan, saçları səliqə ilə kəsilmiş qəşəng qızı xatırladırdı. Öz əlimizlə dərdiyimiz bu şirəli, yetişmiş giləmeyvələr həm dadına, həm də görünüşünə görə bazar rəflərində çürüyən meyvələrdən çox fərqlənirdi.

Görəsən, qonaqlar doğrudan da bu ləzzətli giləmeyvələrdən əl çəkə bilmirdilər, yoxsa bacarıqlı bağbanın məharətinə heyran olduqlarını bu yolla nümayiş etdirirdilər. Ancaq, məsələ burasındadır ki, yol yoldaşlarım qısa vaxt ərzində ağacların başında meyvə qoymadılar. Təəssüf, bizim qarətimizdən sonra bu ağaclar ehtiyatsızlıq edib zinət əşyalarını çıxarmadan qaranlıq və təhlükəli küçəyə çıxan qıza bənzəyirdi. Bir az əvvəlki gözəl ağaclar yoluq və “sırğasız” qalmışdılar.

Bu gözəl bağçanın nemətlərindən doyunca yeyən qonaqlar həyətə qayıtdılar və ev sahibinin dəvəti ilə çay süfrəsinə əyləşdilər. Mən bir kənarda dayanıb bu xoş mənzərəyə tamaşa edir, öz-özümə sual verirdim: “Görəsən, mənim ali təhsilli yol yoldaşlarımı, Marksı bədnam Markusla qarışdıran bir adamla eyni süfrədə oturmağa vadar edən nədir? Axı atalar deyib, dostunun kim olduğunu söylə, sənin kim olduğunu deyim”. Elmdən, incəsənətdən anlayışı olmayan bu insanın ətrafına toplaşanlar, doğrudan da, səviyyəli insanlar idi. Bu gün Xəlilovun qonaqları biz idik: məşhur rəssam Aleksandra Tayanovskaya, məşhurluqda ondan heç də geri qalmayan teatr geyimi üzrə rəssam Dmitri, çoxsahəli təhsil alan mühəndis Tahir Dövlətov, nüfuzlu universitetlərin məzunları Olqa və mən. İlk baxışdan ev sahibi ilə heç birimizin ortaq cəhəti yox idi. Ancaq süfrə arxasında oturanların üzünə diqqətlə baxanda onların simasında mehribanlıq və səmimi təbəssüm gördüm və başa düşdüm ki, təhsil səviyyəsi, mədəniyyəti, cəmiyyətdəki mövqeyi biri-birindən tamamilə fərqlənən bu insanları iki önəmli insani keyfiyyət birləşdirir: xeyirxahlıq və insanlara sevgi. Peşən nə olur-olsun, – yazıçı, alim, mühəndis, kəndli, fəhlə, – bu sənin seçimindir, amma xeyirxah insan olmaq sənin borcundur.

Mürəbbə ilə ətirli çay içib qonaqpərvər ev sahibi ilə sağollaşdıq və yenidən yola çıxdıq.

Qəbələ də Böyük Qafqaz dağlarının ətəyində yerləşir. Burada funikulyorla, ən hündürünə olmasa da, dağlardan birinə çıxmaq mümkün idi. Sən demə, hündürlükdən qorxan təkcə mən deyilmişəm – Tahir də mənim günümdəymiş. Ona görə biz onunla eyni kanat kabinəsinə minməyə razılaşdıq. Az sonra bunun səhv olduğunu anladıq. Biz bir-birimizə dəstək olmaq əvəzinə, əksinə daha çox təşvişə salırdıq. Puşkinin bir vaxt yazdığı kimi, Qafqaz bizim altımızda idi, hələ rekord yüksəkliyə qalxmasaq da, aydın oldu ki, Tahirlə yaşadığımız bütün qorxularda haqlı imişik.

Yüksəklikdən möhtəşəm bir mənzərə görünürdü. Yaşlı ağaclar, böyürtkən kolları, hər yana yayılmış qəhvəyi-moruğu rəngdə giləmeyvələr, yamyaşıl çöl otları və təmiz soyuq hava bu yerlərə əsl ekzotiklik verirdi. Mən bu misilsiz təbiət gözəlliklərinin içində idim, uzaqlara baxır və əzəmətli dağlardan fərqli olaraq, zamanın necə sürətlə axıb-keçdiyini düşünürdüm. Bu yerlərdən heç çıxıb getmək istəmirdim. Amma vaxtımız məhdud idi – dostlarımın qayıtmasına bir neçə gün qalmışdı. Mən isə hələ onlara Bakının ən görməli yerlərindən birini göstərə bilməmişdim: Azərbaycana gəlib İçərişəhəri görməmək o deməkdir ki, sən heç yeri görməmisən.

Rus dilindən çevirdi: Nazim Əhmədli

# 1239 dəfə oxunub

Oxşar xəbərlər

Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

09:00 30 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Mamam - İlqar Rəsulun yeni hekayəsi

Mamam - İlqar Rəsulun yeni hekayəsi

14:00 22 oktyabr 2024
Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

18:40 21 oktyabr 2024
Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

15:00 18 oktyabr 2024
"Mənim adım Emiliya Del Valle" -  Gənc yazıçı həqiqət axtarışında

"Mənim adım Emiliya Del Valle" - Gənc yazıçı həqiqət axtarışında

10:27 18 oktyabr 2024
# # #