7 mart gülü - Tural Turanın yeni hekayəsi

7 mart gülü - Tural Turanın yeni hekayəsi
7 mart 2024
# 16:00

Kulis.az Tural Turanın "7 mart gülü" adlı yeni hekayəsini təqdim edir.

Biz tərəflərin törəsində ta köhnə-köşkül vədələrdən bir adət var. Sözü-savı soruşulmadan, zorla ərə verilən qızlar nişan üzüyünü üç gün boyunlarındakı qızıl bağa keçirərlər. Nişan üzüklərini boyunlarında gəzdirərlər. Bu, nişanlandırılan qızın həm ata-anasına, həm də ər evinin qır-qızılını gətirənlərə bir ismarışıdı. Yəni mənim sevdiyim var, zorla gedirəm. Üç gün ərzində sevdiyi oğlan qızı gəlib aparmasa, qız yetmiş iki saatdan sonra üzüyü boynundan çıxarıb barmağına keçirərdi.

...Həmin gün yuxudan oyananda danyeri üzünün yamşağını hələ tam açmamışdı. Kirayə həyətimizin üzərindəki buludlar qaldığımız evin mamırlı kirəmitləri ilə baxışır, arabir sinəsiniaçıq bağçamıza ürkək öpüşlər göndərirdi. Buludların narın öpüşlərini baxçamızdakı çiçəklərin, arxqırağı kirdələrin üzərindəki otların yanağında görüncə məni bir az da həyəcan bürüyürdü; On üç ildən sonra bu gün ilk dəfə ona ürəyimi açacaqdım. Metronun yanına çatanda ona gül alıb, metronun içərisində buketi diziüstə təqdim edəcək, metrodakıların alqış sədaları altında səni sevirəm deyəcəkdim...

...Çolpanı birinci sinifdən sevirdim. Sarı saçlarına, kişmişi gülüşlərinə, ürkək baxışlarına vurulduğum o vaxtdan on üç il keçirdi. Elə ilk gündən eyni partanı bölüşürdük. Sonra yüksək bal toplasam da, onunla eyni universiteti, eyni fakültəni seçmişdim ki, partasını heç kimlə bölüşməsin.

Qarayallı məktəbində hamı bilirdi ki, Ulus kişinin oğlu Yamac məktəb direktorunun qızı Çolpanı sevir. Hətta bu sevginin səsi-sorağı kəndin tərəkəmə obalarına, qışlaqlara qədər gedib çıxıbmış. Sən demə, tənəffüslərdə müəllimlərimiz də bizim ürkək baxışlarımıza tamaşaya durmaq üçün ayna-qapının ağzını kəsdirərlərmiş. Bunu o illərdə nə mən, nə də ki, o görüb, sevginin iki gözü də əlildir axı...

Hətta bir dəfə sinif yoldaşım Turan qabağımı kəsdi:
- Bütün Qarayallı camaatı sizdən danışır, Yelli Möşü adınıza hər gün bir şınqıroy qoşur, bəs içini nə vaxt açacaqsan Çolpana? - demişdi.
- Utanıram, ay qa, vallah, utanıram - cavabını vermişdim.

...O göy imama and olsun, nə məktəb illərində, nə də universitet vaxtı utandığımdan ona sevirəm sözünü deyə bilməmişdim. Sevirəm demək o yana, 8 Martda Allahın nərgizgülünü də almamışdım. Məni qınama oxucu, biz tərəflərin oğlanları utancaq, evlənən günə qədər bakir olurlar. Elə bilirdim ki, direktor Yaşarın qızına səni sevirəm sözünü desəm, atam məni əvvəl gərməşov koxasının altına salıb qol-qanadımı budayacaq, övladlıqdan çıxaracaq. Sonra anam günümü göy əskiyə büküb əmizdirdiyi südü damcı-damcı burnumdan gətirəcək.

...Buludların kirayə evimizin kiramitlərinə öpüş göndərdiyi həmin cümə günü ayın yeddisi idi. Sabah dərs yox idi, qadınlar günü kişilər üçün də dərs olmur, amma mən həmin gün ən böyük dərsimi almışdım.

Səhər saat 07:50-də Çoloangilin kirayə qaldığı evin həyətindəki şam ağaclarının arxasında onu gözlədim. Otaq yoldaşları evdən ondan daha əvvəl çıxdılar. Hamısının üz-gözündə təbəssüm tumurcuqlamışdı. Ülkərin də, Ulduzun da addımları gülümsəyirdi. On beş-iyirmi dəqiqə sonra Çolpanın addım səslərini eşitdim. Addım səsləri çox qəzəbli tonda idi, sanki deyinə-deyinə gedirdi. Sarı saçları bu gün çox dağınıq idi, sanki heç daranmamışdı. Gözlərinin sürməsi də dünənki idi, təzələnməmişdi. Bir qədər uzaqlaşandan sonra ayaqlarımın arxasınca düşməyə başladım. Qütb ulduzum metronun qarşısına çatanda addımlarını saxladı, çevrilib arxaya, sağına-soluna baxdı. Sonra gülsatan gədəyə yaxınlaşdı:

- Bu, sinəsiyanmış gülü neçəyə verirsən?

Gülsatan gədə Çolpanın sözlərindən bir qədər duruxdu:

- Bacı, mını diyirsən?
- Hə, bunu, qabın küncundə boynunu bükəni...
- Beşcə manata.
- Bacı, gəl daha yaxşısını vərim, onun rəngi qaralıb.
- Yox, elə bunu bəyəndim, eyni rəngdəyik.

Çolpan qırağı qızılı işləməli sarı çantasını eşələyib narıncı pulqabını çıxardı. Bir sarıqulaqlı beşliyi gülsatana uzadıb, "sinəsiyanmış"ın qoxusuna baxdı. Sonra burnunu büzüşdürdü.

Universitetin qapısına qədər gülü arabir qoxlayırdı. Sonra qızılgülün başını aşağı çevirdi. Sinif otağına çatanda addımlarımı yeyinlətdim, otağa iki-üç saniyə fərqlə girdik.

Uşaqlar Çolpanın əlindəki qızılgülü gorüncə hoydu-hoyduya qoydular:

- Aaz, kim aldı?
- Təzə xəbər var?
- Sənə də gül alan tapılarmış... (Gülüş səsləri...)

Çolpan ağzını açmaq istəyirdi ki, dilləndim:

- Mən...

Bir də onda ayıldım ki, hamının gözü mənə zillənib. Özümü itirdim. Hər kəs təbəssümlə baxırdı, bircə ondan başqa. Baxışları əfi ilanınkına dönmüşdü.

- 13 il gecikmisən...

Zəng vuruldu, bir qədər sonra ədəbiyyat müəllimimiz Sayalı xanım sinifə daxil oldu. Çolpan səssizliyi fürsət bilib əlini sinəsinə apardı. Boyun bağına keçirdiyi üzüyü ovcunun içində bükərək gizlicə göstərdi:

- Dünən gecə gəlib üzüyü taxdılar. Şirinçayı da mən yox, qızlar hazırladı.

Bir anın içində boğazım qurudu. Udquna bilmədim. Saniyələr sonra dilimə bir sözlük güc gəldi:

- Kimə?
- Çuğul Gərayın gədəsinə...
- Ax... Çuğul oğlu çuğul...

Dərs boyu 13 ilin kino lenti gəlib gözlərimin önündən keçdi. Pəncərənin qara pərdələri arasından buludla baxışa-baxışa gözlərimi göz yaşlarımın qucağına atdım.

Zəng vurulanda 13 ildə ilk dəfə qeyri-ixtiyarı Çolpanın əlindən tutdum:

- Dərsdən çıxan kimi pal-paltarını yığ, gedirik.

Çolpan əlini çəkmək istədi, gözləri böyümüşdü:
- Hara?
- Çuğulların olmadığı yerə! Qaçıracam səni... Üzüyü də Çuğul Gərayın gədəsinə özüm göndərəcəm, çıxar boynundan...

Çolpanın üzündəki təbəssümünə baxışları ilə bir cümlə də qonurdu:
- Bayaq həyətimizdə arxamca gəldiyini gördüm. Gülsatandan gülü də elə ona görə aldım...

# 2239 dəfə oxunub

Oxşar xəbərlər

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

15:00 14 dekabr 2024
İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

10:00 14 dekabr 2024
Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
#
#
# # #