Kulis.az Nərmin Kamalın "İtaətsiz otlar" adlı yeni hekayəsini təqdim edir.
Axşamtərəfi səkkizinci mikrorayonda skripkaçı Corc Enesku adına parkda bir kişiylə bir qadın əyləşib söhbət edirdi. Yaxındakı oturacaqda şirinquş satan qarı qız nəvəsinə dedi: “Qulaqlarını tut, onların söhbətini eşitmə.”
Kişi öz arvadından, qadın öz ərindən şikayətlənir, ancaq bir-birlərinin bu darıxdırıcı söhbətlərini olmazın maraqla dinləyirdilər.
- Nə qədər olar? Nə qədər belə yaşamaq olar?! – kişi deyinirdi. – İşdən yorğun-arğın evə gəlirəm, görürəm oturub ağlayır. Atasının şəkillərini divara vurub, bir söz demirəm. İndi də atasının pal-paltarını geyinir. Deyirəm, ölünün pal-paltarını evdə saxlamazlar, apar ver məscidə. Atan yekəpər kişiydi, sən nərmənazik qadın, necə ölünün sviterini geyib ərinin qabağına çıxırsan?! Amma kimə deyirsən?! Yarım ildir ağlayır. Onda yenə başa düşmək olardı, atası təzə ölmüşdü, indi buna nə deyəsən?!
- Mənimki də elədir, - qadın deyinirdi. – Ay canım, ev dağılıb gedir, dolabların hamısının qapısı sallanır, nəyə əl atırsan, xarab, heç nəyi düzəltmir, bir düzəldən də çağırmır, bütün günü yatır. Onun ki, atası ölməyib. Elə deyir, yorğunam e, yorğun. Həyatdan bezmisənsə, özün bilərsən, mən bezməmişəm. Həyat gözəldir.
Corc Enesku hər nə qədər heykəl olsa da dözə bilmir, yayı əlindəki skripkanın bəm və zil simlərində gəzdirir, kişi danışanda nəcib alət ayı kimi donquldanır, qadın danışanda isə bülbül kimi ötürdü. Amma bunu ifaçının özündən başqa heç kim eşitmirdi.
- Heç olmasa qəbri var, el adətiylə dəfn etdik, üstünə gül-çiçək qoyduq. Deyirəm, ona dünya getdikcə pisləşir, bəlkə, biz elə öləcəyik ki, indi ölənlərə həsəd aparacağıq?!
- Elə demə, canım, Allah eləməsin.
- Hər şey ola bilər. Sabah bir bomba atarlar, tikəmiz ələ gəlməz. Mülki müdafiə müəllimiyəm, bilirəm belə şeyləri.
- Mən də həmişə deyirəm. Bir də cavan olmayacağıq. Dünyaya bir də gəlməyəcəyik. Ən qiymətli şey zamandır, raket kimi uçur, amma bu raketin pilotu bizik, əzizim, bizik. Uzanıb yatır bütün günü, işləmir-eləmir. Həkim də deyir, ruh düşkünlüyündə olan adamlar çox yatırlar. Nəyin çatmır ruh düşkünlüyündəsən? Ye, iç, gəz, dolan...
- Ay sağ ol. Deyirəm ona, ay qız, nə qədər keçmişdə qalmaq olar?! Başa düşürəm, - kişi uşaqla danışırmış kimi səsini incəltdi, - çox yaxşı başa düşürəm, atan tək böyüdüb səni. Hansı kişi olsaydı, evlənərdi, o evlənməyib, sonra da deyib qızım, evlənsəm, sənin üzünə baxa bilməzdim. Dost kimi, bacı-qardaş kimi olmusuz, bildik. Hər an hər sözü bir-birinizlə bölüşmüsüz. Uşaq vaxtı hər qarnın ağrıyanda yüyürüb maşın tutub, həkimə aparıb səni ki, birdən apendisiti tutar balamın, amma illər dolanıb gün gəlib o qızdırmadan yananda sən başa düşməmisən, əl-qolun bağlanıb, bunu da bildik. O səni qoruyub, sən onu qoruya bilməmisən. Amma sən Allah deyilsən, istədiyin adamı qoruyasan! Nə qədər bu andıra qalmış telefonda kişinin köhnə səslərinə qulaq asmaq olar, adamın artıq sümükləri də çürüyüb. Zaman keçib, zaman! Bunu anlamaq niyə belə çətindir?!
- Bu da elədir, söz anlamır. Ömrünü yuxuda keçirir. Deyirəm, onsuz da öləndə çox yatacaqsan, bəsdir yatdın, çıx işə get, bir adamla dostluq-yoldaşlıq elə. Ayıl, ayıl! Deyir, mənə belə xoşdur, təklik xoşlayıram. Amma sən ona de, ölünün dalınca çox ağlayanda ruhu narahat olur. Ağlamaqdansa dua eləsin ki, atasının nə günahı olubsa bağışlansın. Mənim də atam ölüb, amma belə etməmişəm. Ölənlə ölməzlər. Nə olur-olsun, həyat davam edir. İnsan bir dəfə gəlir dünyaya.
- Deyirəm, elə bilirsən, demirəm? Hamının həyatında ölüm-itim olur, adam vaxt keçdikcə ovunur, bizimki əksinə, zaman keçdikcə batıb gedir. İnsanda dəyanət yaxşı şeydi. Dərd çəkməyin də əndazəsi var...
Əsl payız havasıydı. Quşlar yağışa düşməmək üçün vaxtında şəhərlə sağollaşırdı. Saçı təzə ağaran adamlar kimi parkın yaşıl ağaclarında ilk sarı, narıncı yarpaqlar görünürdü. Qoca bağban itaətsiz otların öhdəsindən gəlməkdə aciz qalıb özünü boş oturacaqların birinə yıxmışdı.
- ...Ağlamağın da əndazəsi var. Böyüklər gəldi, ağsaqqallar, ağbirçəklər yığıldı, dedilər, a qızım, atan ölüb, Allah rəhmət eləsin, həyatdı, hamımız öləcəyik. Hansımızın atası sağdı?! Kim gedəni qaytara bilib ki. Dostlarımız yığışdı, dedilər, Kəmalə, bir vaxt vardı, məktəbə getmək yaşımızdı, sonra məktəbi qurtarmaq yaşımız çatdı, gün gəldi bir-birimizi toyumuza çağırdıq, indi bizim ata-ana itirən yaşımızdı, bir vaxt da gələcək bir-birimizin yasına gedəcəyik. Bu qulağından alıb o qulağından verdi.
Anam qorxdu özünü öldürər, dedi, qızım, o səni dünyaya gətirib, böyüdüb, boya-başa çatdırıb, oxudub, toyunu edib, indi sən də bir uşaq dünyaya gətir, boya-başa çatdır, oxut, toyunu gör, sonra ölərsən.
Atam dedi, keçən il davada iyirmi yaşında uşaqlar öldü, bir-birindən yaxşı uşaqlar, onların körpə-körpə balaları neynəsin bəs?!
Qonşular gəldi, dedilər, şükür et, buna da şükür, az ağrı, asan ölüm, illərlə xəstə yatmayıb, gecə-gündüz şiddətli ağrılardan qıvrılmayıb.
Elə deyir, necə belə oldu, gözləmirdim, inana bilmirdim ki, hər şey çevrilib başqa cür olar.
- Hm, bunun qarantiyası var? Adam var səhər işə gedir, oğluna-qızına xəbər gəlir ki, gəlin yığın asfaltdan, maşın vurub beyni dağılıb.
- Başa düşmür. Yaxşı danışan bir şair tapıb gətirdim, televizora da çıxır, görsən tanıyarsan, gəldi bir kitablıq söz danışdı ona, dedi, əslində atan ölməyib, o səndə yaşayır, o sənsən, sən elə osan. Şair özüylə bir yazıçı da gətirmişdi, mərifətli oğlan idi, adı nəsə Ş ilə başlayır, dedi, bacı, bu elə bir şeydi ki, hamımızın başına ya gəlib, ya gələcək. Amma kimə deyirsən?!
- Öz qohumları, dostları yoxdur? Bəlkə, onlara qulaq asar. - qadın ayağa qalxdı. - Ürəyim sıxıldı, gəl gəzək.
Onlar qalxıb heykəlin ətrafında gəzişməyə başladılar. Mahir skripkaçı şən alman, çex, rumın xalq rəqsləriylə bu gəzintini müşayiət edir, çalışırdı ki, musiqiylə ruha qida verib bu iki cavanı sakitləşdirsin. Amma nə qədər etsə də, onu eşitmirdilər.
- Öz qohumları da gəldi. Bakılılar. Tanımırdım. Heç özləri bir-birini tanımır, dindirmir. Xalası qızı dedi, yaşamaq nədir ki, guya, o nəyi itirib ki. Danışdı! Adama deyərlər, əgər yaşamaq bir şey deyil, get özünü öldür, özün niyə yaşayırsan?! O biri qohumu saqqal tərpətdi: “Həyatın reallığıyla barışmaq lazımdı”. Biri qayıtdı ki, nahaq xəstəxanaya qoyduz, onlar öldürür, elə evdə sistem qoydurardız, çox adam elə edir. Daha da benzin səpdi od üstünə. Xalası yaranı bağlamaq əvəzinə açdı tökdü xatirə dəftərini, dedi, bir dəfə cavan vaxtı rəhmətliyi çağırdım ki, kömək et, qaldıraq bu divanı o tərəfə qoyaq, Sovetin zindan kimi ağır divanı, dedi, çəkil o yana, qaldırdı təkbaşına divanı qoydu lazım olan yerə, inanmaram elə oğul Əzrayıla can verə, həkimlər öldürdü onu. Bibisi lap gül vurdu, dedi, ancaq ki, Kəmalə, atan nəfəs alırdı sənnən! Qohumları çıxdı getdi, bu daha da pis oldu.
- Gəlməsəydilər, ondan yaxşıymış. Toxdatmaq yerinə daha da ağladıblar. Ağlamaqla düzələn olsaydı, mən də ağlayardım, əzizim.
- Padruqası da ağzına su alıb oturdu, ondan eşitdiyim yeganə sözü bu oldu: Həyat qorxunc yerdi. O da eyni ağıldadı. Bir dənə atasının əmisi oğlu babat danışdı, dedi, fikir eləmə, ağlama, hamımız öləcəyik, hər an hər şeyə hazır olmaq lazımdı, yoldaşımın ayağını ayaqqabı vururdu, ayaqqabı ayağı döyəndə adam ölər? Amma öldü. Sən demə, şəkəri varmış, böyüyə-böyüyə getdi məsələ. Öldü, bir dənə ayaqqabı mazolundan.
- Qismət. Amma sənə yazığım gəldi.
- Hələ bu harasıdır?! – kişinin hirsi soyumurdu. - Məcbur qalıb kənddən doxsan yaşında xəstə nənəmi çağırdım onun ayağına. O boyda yol gəldi, ağıllı söhbətlər elədi. Dedi, günlərin bir günü Allah üç mələyə vəzifə verir, Əzrayıl adlı birinə də adamların canını almaq vəzifəsi düşür. Bu vaxt Əzrayılın anası başlayır ağlamağa, deyir, oğlum, bu nə vəzifədir sənə düşdü, adamlar sənə qarğış edərlər! Əzrayıl qayıdır deyir, qorxma, mən adamları elə öldürəcəyəm ki, heç kəs məndən bilməyəcək. Qırmızı almanı uşağa göstərəcəyəm, uşaq onun dalınca gəlib düşəcək təndirə, özləri özlərini günahkar biləcək. Amma nənə nə qədər danışıb özünü yordu, bu yenə dedi, üç gün tez həkimə aparsam belə olmazdı, filan həkimə yox, bəhmən həkimə aparsam elə olmazdı. Nənəm kəndə qayıdanda da dedi, bala, sən deyənlər səbəbdir, yazı var, qismət var.
- Yenə düzəlmədi, hə?
- Düzəlmədi. Qismət deyəndə elə bil onu cin vurur. Deyir, necə olur sizin qismətiniz yaxşı olur, atamınkı pis?!
- Şəkli var səndə?
Kişi paltosunun döş cibinə əl atıb portmanatının içindən arvadının pasport üçün çəkilmiş balaca şəklini çıxardı.
- Görürəm, yanında gəzdirirsən... – qadın sınayıcı nəzərlərlə kişiyə baxdı. Bu vaxt skripka quş kimi cəh-cəh vurub susdu, sonra yenə cəh-cəh vurdu, elə bil o ətraf aləmə qulaq asır, onun həssaslığını yoxlayırdı. Cəh-cəh uzun-uzadı zənguləyə keçdi və qısa fitdən sonra kəsildi. Dərhal bu fitə şəhərdəki yüzlərcə skripka səs verdi.
- Hə, bəzən sənəd-sünəd işlərinə görə lazım olur. Yəni deməyim odu heç bir söz kar eləmədi, heç kəs düz yola gətirə bilmədi onu.
Parkın o başında yay mövsümündən qalan açıq restoranda bir dəstə cavan buz kimi pivə içirdi. Qadın onlara baxıb titrədi.
- Paltomu verim sənə... Be-lə, indi isindin?
- Hə.
Bu vaxt daş skripka bahar şəlalələri tək kükrədi, məlahətli gəzişmələrdən sonra iki qonşu zil səsin üzərinə gəldi, bu iki səsi bacardığı qədər cəld növbələşdirərək adına layiq bir tremolo etdi. Sanki şəlalənin üstünə əyilmiş budaqda, suyun soyuğunda bir cüt yaşıl yarpaq titrəşirdi.
- Axşam düşür. İstəsən, evə get. Səni evdə gözləyirlər.
- Eh, sən də söz danışdın. Uzaq yol gedəcəyəm, çatıb görəcəyəm yenə ağlayır, ev soyuq, qaranlıq.
- Sənin də günün gün deyil.
- Hamısı onun ucbatından, yoxsa mən həyatsevər adamam. Bu gecə də səhərə yaxın yatdığım yerdə hiss elədim çarpayı titrəyir. Yuxulu adam, indi sən özün təsəvvür et. Elə bildlim zəlzələdir. Sonra görürəm bu ağlayır. Deyirəm, nə olub yenə? Deyir, indicə atamı yuxuda gördüm, lap yaxından üzü üzümə baxırdı, gülümsədi mənə. Adama deyərlər, yuxu görmüsənsə, gözlə səhər açılsın, get yasin oxutdur, niyə qoymursan yatım? Axı mən səhər işə gedəcəyəm. Mənim təqsirim var?!
- Sənin heç bir təqsirin yoxdu, canım. Heç mənim də təqsirim yoxdu. Adam gərək həyatdan zövq almağı, şənlənməyi bacarsın, nə mənim ərimdə, nə sənin arvadında yoxdu o qabiliyyət.
- Əlimdən gələni elədim. Çox dil tökdüm. Dedim, adam tək özünə görə yaşamır ki. Özü üçün olmasa da, sevdiyi adamlarçün hər səhər ayağa durar adam, əl-üzünü yuyar, başını darayar, özü üçün olmasa da, ailəsi üçün geyinib-keçinər, gülər adam. Mən də kişiyəm, mən də rahatlıq, xoş gün, nəvaziş istəyirəm. Kaş ölməyəydi, amma öldü. Əlimizdən gələni elədik, əlimizdən gələn buydu! Mən ki, sağam. Gün gələcək, mən də olmayacağam.
- Elə demə, Allah eləməsin. Ancaq düz deyirsən. Mən də ona çox deyirəm. Dünyaya bir də gəlməyəcəyik. Camaatın ailələri istirahətə gedir, gəzir, dolanır. Bu uzanıb yatır bütün günü. İş tapıram, getmir. Axırda dünən qardaşını çağırdım, dedim, ay canım, ay əzizim, budu məsələ, bir çarə qılmaq lazımdı, belə olmaz, mən də yaşamaq istəyirəm, o özü də yazıqdır. Götürdü apardı kəndə, dedi, qoy həyət-bacada gəzsin, meşəyə getsin, havası dəyişsin. Amma inanmıram dəyişə.
- İndi evdə tək qalacaqsan?
Skripkanın səsləri bəmdən zilə dələlər ağaca dırmanan kimi qalxıb ən uca zirvədə qərar tutdu. Səs orada elə durmuşdu ki, sanki yelləncəyin qalxa biləcəyi ən yuxarı nöqtədəydi, oradan ya geriyə, ya irəli uçunmaq olardı. Arıquşu fitinə bənzər o səs qadınla kişini meydandan çıxana qədər müşayiət etdi.
Ürəklərini yaxşıca boşaltmışdılar, bayaqkı hirsdən, əsəbdən çox şey qalmamışdı. Yağış çisələyirdi. Addımları yeyinlədi, tələsən kimi oldular, amma qarşılarını svetofor kəsdi. Yollar buradan keçəcək prezident korteci üçün bağlanmışdı. Yola şəhər yerində nadir rastlanan sükut çökmüşdü. Bu sakitlikdə hər şey, binaların pəncərələrində əks olunan üfüqün son işartıları, qalın geyimli adamlar, saralan ağaclar, boşalan skamyalar yayla vidalaşırmış kimi görünürdü. Axşam küləyi yağış damlalarını və çürümüş qəhvəyi yarpaqları piyadaların üzünə çırpırdı. Bir fəhlə baba yoldakı fasiləyə başını bulayıb sözlü adam kimi fıs-fıs fısıldadı. Çox keçməmiş, qara miniklər uzaqda yaylarından çıxan ox yağışı kimi gəlib gözlərinin qabağından ötdü. Ardınca yaşıl işıq yandı. Qadınla kişi qaldıqları yerdən yola davam etdilər.
Yağış damlaları iriləşir, ağırlaşırdı. Yaxşıdı ki, üst-başları tamam islanmamış özlərini qadının evinə çatdıra bildilər. Binanın kahinə bənzəyən qoca gözətçisi onlara baxıb köks ötürdü: Biz də belə edərdik, küləkli havalarda, yağışlı havalarda.
Zülmət çökdü.
O axşam kişi başqa evə getdiyi kimi, onun da evinə gələn oldu. Bu, martda dünyaya gəlmiş ağ pəncəli qara pişik idi. Pişik taxta döşəməni iylədi, sən deyən elə bir təhlükə yoxdur. Qulaqlarını şəklədi, navalçadan axan nazik su şırnağının səsindən başqa səs gəlmir. Rahatlayıb tələsmədən əl-üzünü yudu. Gözlərini qıyıb arxa pəncəsi ilə qulağının dalını qaşıdı. Bu vaxt ev sahibəsinin ona diqqətlə baxdığını duydu və təəccübdən pəncəsi qulağının dalında qaldı. Odur! – fikirləşdi. Bir pişik kimi ona bax belə bir sahibə gərəkdir. Həyatında cürbəcür xoşagəlməz hadisələr olmuş qüssəli, tənha qadın. Yalnız belə bir qadın bütün meylini ona sala bilərdi.
Yanılmamışdı, qadın onu öz balası kimi bağrına basdı, sığalladı, tumarladı, altına yumşaq nimdərçə qoydu. Yaxşıca yeyib-içəndən sonra pişik əsl erkək kimi qorxub-eləmədən pəncərədən birbaşa həyətə hoppandı, yerdəki xırda-mırda şeylər arasında oynatmaq üçün nə isə bir şey axtarıb tapdı. Bu, Xəzər dənizindəki kiçik, kimsəsiz adalarda bitən yabanı əncir qurusuydu. Yaxşıdı. Həm sərtdir, həm yumşaq. Onu dişinə alıb evə girdi, otağın ortasına qoyub islanmış tülkü quyruğu kimi şələ quyruğunu silkələdi. Bu hərəkətiylə o deyirdi: Sən ki ov edə bilmirsən, mən sənə ov gətirmişəm. Təzə sahibəsinin dodağı qaçdı.
Ağ pəncəli qara pişik belə olacağını bilirdi, bircə ölən gününü bilmir. Adamların çox çalışdığı, ancaq heç cür bacarmadığı o işi görmək, bu yaslı qadının üzünü güldürmək onun oyunbaz fitrətindən ötrü su içmək kimi bir şeydi. Amma çox yox, o qədər yox ki, qadın şənlənib itaətsizlik göstərsin və onu qışın ortasında bayıra atsın. Şənlənməyin də əndazəsi var. Güldürəcək onu, amma özünə lazım olan qədər, baxmaq lazımdı...
Pişik ağ pəncələrini sovet məktəbliləri kimi cütləyib oturmuşdu, qarşısındakı yabanı əncir qurusuna baxıb mırıldayırdı. O, çox gülməli görünürdü. Möcüzə göstərməsi üçün uzaq kimsəsiz adalarda bitən yabanı əncir ağaclarının bu quru bəhəri kifayət idi. Onu bura həmişə qoz gətirən qarğalar atmışdı, dəniz dalğaları gətirmişdi, yoxsa nə? Təbiətin işindən baş açmaq olmur.