Xalqa zülm edən yazarlar

Xalqa zülm edən yazarlar
14 oktyabr 2014
# 12:51

Bir neçə il əvvəl Kiprdə olanda rastlaşdığım hadisələrdən, eşitdiyim söhbətlərdən xeylisi indi də xatirimdədi. Sizi yormamaq üçün ancaq qayıtmağımıza bir-iki gün qalmış baş vermiş ibrətamiz hadisədən danışmaqla mövzuya giriş vermək istəyirəm.

Portağal festivalına dəvət etmişdilər. Adı və mahiyyəti heyətimiz üçün maraqlı, daha doğrusu müəmmalı olduğuna görə hamılıqla getməyi planlaşdırıb ayrı-ayrı maşınlarda yola düşdük. Baxmayaraq ki, aramızda yolunu “Yakamoz” tərəfdən salmaqdan ötrü rəngarəng fantaziyalar quranlar hələ də var idi. Amma dözməli idilər! Qrup səfərlərində fərdiyyətçiliyə yer yoxdur! Yox, sən bir “özümü yaxşı hiss etmirəm”, “bu gün kefim yoxdu” səpgili bəhanələr uydurub evdə qal, festivala getməyi “burcut”; yox bir nə bilim, hamı gedəndən sonra xəlvətcə sivişib qara-qara qadınları görmək üçün ləngimədən “ora” dalacaqsan. Yox, qardaş, səninki olmadı!

Yadımdan çıxdı deyəm ki, “Yakamoz” türklərin “Yavru vatan” dediyi bu məmləkətin mərkəzində ən “xod gedən” gecə klubudur. Şəxsi müşahidələrimə dayanaraq deyə bilərəm ki, klubun əsas kontingenti qaradərili qadınlar, qismən isə moldovalı və ukraynalı qızlardı.

Sonuncu cümlədə vergüldən əvvəlki “qadın” və sonrakı “qız” sözlərini daha ümumişlək olan “xanım” sözü ilə də əvəz edə bilərsiniz. Amma yazdığım kimi qalsa daha yaxşı olar. Siz belə şeyləri bilməzsiniz, bunda bir hikmət var. Fürsət düşsə, sonra deyərəm.

... Hə, festival başlasa da, yoldakı sıxlıq ucbatından xeyli ləngiməli olduq. Gecikdiyimizə görə bizdən əvvəl hadisə yerinə gəlmiş türk abilərin də zəngləri ara vermək bilmir ki, bilmir: bəs “hardasınız?”, “harda qaldınız?”

Bizim maşınlarda olan qardaşlardan biri eləmə tənbəllik, qayıdıb bunlara “radnoy türk aksenti” ilə – “qaqa, biz şimdi probkadayız”, – deməsiylə hamının bu ecazkar ifadəyə heyrətlənməsi bir oldu. Yəni, deməyim budur ki, belə duzlu-məzəli əhvalat olmuşdu.

Əslində bu cür əhvalatlar hər gün baş verə bilər. Həyatdı, nə bilmək olur ki?! Bu gün “gücəniyorum” deyənlərin, sabah “koku”malarının yaratdığı qorxu hissi sizin kimi məni də üzür. Şair demişkən:

gəlmədin ay vicdansız,

mən də burda kokuyorum...

Daha doğrusu gücənib sonra da kokuyorum.

Lənət şeytana, az qalsın yazacağım mövzunu unutmuşdum! Siz Allah, qınamayın. Özümü nəzərdə tutmuram ha, Elza xanımı deyirəm. Qınamayın, çünki belə axımlı, ürəkoxşayan qafiyələr adamın ağlına yalnız tualetdə oturanda gələ bilər. Bunun ciddi tibbi izahı var. İnanmırsız, gedin zooparkdakı zootexniklərdən xəbər alın. Yanaşı sözlərin hər ikisində “zoo” sözcüyünün olmasına görə də heç bir məsuliyyət daşımıram.

Qaldı ki, “part” eləyib birdən-birə ədəbiyyatın göbəyinə düşmək istəyən “şairə”mizə, bir az yüngülləşdirilmiş desəm, məncə o, müğənni kimi də yarıtmaz və bədheybət adamlardır.

Hiss etdirmədən mövzuya keçmək istəyirəm...

Mən ədəbiyyata dəxli olmayan adamların ədəbiyyatda olmasının əleyhinə deyiləm. Amma bir çimdik istedadı olmayan adamların da qələmi əlinə alıb gücənməsini “zapadlo” hesab edirəm. Elə bunun özü dolayısı ilə ədəbiyyata dəxli olmamaq deməkdi.

Məncə dünyanın ən bədbəxt yazıçılarının əksəriyyəti bizim yaşadığımız ölkədədi. Belə adamlar nə qədər zəif, bədii çəkisi olmayan mətnlər “yumurtladıq”larını özləri hiss etmirlər. Amma ən dəhşətlisi budur ki, kənardan hiss etdirmək də olmur. Əks halda anındaca onların gözündə ən yaramaz və arzuolunmaz adama çevrilə bilərsən. Ən yaxşı halda isə paxıl və eqoist olduğun “üzə çıxır”. Belələrinə nə ad vermək olar; qrabitel, tüfeyli! 50-100 tirajlıq kitablar “küçükləmək”dənsə, mütaliə edib bədii düşüncələrini inkişaf etdirsələr, yazdığı mətnə və oxucusuna hörmətlə yanaşsa, belə bədbəxt hadisələr də baş verməz.

Bizdə yazıçılar var ki, “məhsuldarlıq” göstəricisi sümsük küçə itlərinin balalamasını ötüb keçib. Əlbəttə, qələm adamı zəhmətkeş olmalıdı, sözün həqiqi mənasında məhsuldar da olmalıdı. Öz üzərində işləməlidi, “saçok” olmamalıdı.

Yazıçı da insandı. Səhv edib üzr istəyə, yaxud kiminsə yanlış hərəkətini bağışlaya bilər. Amma yazıçı orta statistik insan deyil. Müəyyən bir çevrə onu daim nəzarətdə saxlayır, lütf edib sevərək ara vermədən izləyir, yaxud da səhv edəcəyi anı gözləyib pusquda dayanır. Buna görə də hansısa yazıçının, ümumiyyətlə sənət adamının efirlərdən, sosial şəbəkələrdən yanlışlıqlarını dönə-dönə nümayiş etdirməsini və beləcə təbliğ olunmasını biabırçılıq hesab edirəm.

Çağdaş ədəbiyyatımız ölkə sərhədlərini ya aşa bilmir, ya da bu o qədər nadir hallarda baş verir ki, filin nəsil artırmasına bənzəyir. İnkişaf yoxdu. Buna ehtiyac da yoxdu. Ehtiyac puladı. Çünki hamı zibilə düşüb və təcili çoxlu pul lazımdı. Qazanc məqsədi ilə yazılan resenziyalar bayağı təriflər, yaxud da yamanlama janrında söhbətlərdən başqa bir şey deyil. Söhbət deyirəm ha sizə!

Və yaxud da əlinə mincə dollar pul düşən kimi Türkiyədə kitab çap etdirənləri görəsiz. Hələ bu harasıdı? Aylıq 300 manata səhərdən axşama kimi çalışan şair-yazıçı-jurnalist-publisist var ki, maaşını manat-manat yığıb ildə 3-4 kitab çap etdirir. Nə zülmdü?

“Krupnıy” sələmə girib 10 min tirajla kitab çap etdirib, sonra da pulsuz paylayan yazançılar var a kişi! Ümumiyyətlə pulsuz paylamaq yaxşı vərdiş deyil. Göstərmək olar, amma paylamağa bizim xalq yaxşı baxmır. Həm də hamıya. Həm də kitab. Kitab ha! Dərdimiz böyükdü. Bizim ədəbiyyatdan Allah da baş çıxarmaz.

Bir neçə ay əvvəl akademiyadan keçmiş iş yoldaşlarımdan biri kitab çap etdirmək üçün nəşriyyata gəlmişdi. Gənc “alim” olduğunu bilirdim. Gəlib çıxanda məlum oldu ki, yazdığı romandı. Belə bir qabiliyyətinin olduğunu ilk dəfə duyduğum üçün babat təəccübləndim də. Hətta dəhşətə gəldim desəm, qətiyyən yalan olmaz. Nə isə, sözüm bunda deyil. Redaktor olmağımı xahiş etdi. Deməli, birdən-birə adamın beyni nətəər çönmüşdüsə, götürüb 12 şriftlə 450 səhifə (A5 yox ha, A4!) “fəlsəfi” roman guppuldatmışdı.

Əlqərəz, çap edib işdən sonra qoltuğuma vurub suyu süzülə-süzülə evə apardım. İlk 50-60 səhifəni ardıcıl, qalanını adda-budda oxuyub bir həftə sonra özünə qaytardım. Fikirlərimi, tənqidlərimi deyəndə heç birini qəbul eləmədi. Daş atıb başın tutdu. Dediyinə görə “fəlsəfi-moledrama” janrında yazmışdı. Kitabın redaktor olmaqdan imtina etdim. “Roman”da obrazların 60-70 faizi alimfason adamlardı. Ağzını açanda dayanmağı unudurlar. Mətnlərdə hər şey var idi – orta məktəbin yeddinci sinif fizika kitabının yarısı, altıncı sinif coğrafiya dərsliyinin demək olar ki, hamısı; qədim dünya tarixi, insanın yaranması, Quran ayələrinin bir neçəsi istisna olmaqla qalanları romanı elə bəzəmişdi ki!

Yəqin ki, özünün prototipi kimi vermək istədiyi “qəhrəman” isə (adı yadımda qalmadı) “roman”da birnəfəsə təxminən 80-90 min işarəlik elmi mühazirə oxuyur. Və arada da hər hansı kənar təsvir, hadisə, yaxud bədii çalar yoxdur. Nə isə, başınızı ağrıtmayım. Onsuz da bizdə baş deyilən zad qoymayıblar. Demək istəyirəm ki, belə yazanşiklər də var. Pardon, yanşaq “yazıçı”lar demək istəyirdim.

Tənbəllik eləmədim. Gedəndə alim müəllimə təklif elədim ki, “roman”ı çıxardası olsa, heç olmasa bölüb 5-10 dənə ayrıca kitab kimi çap etdirsin. Camaatımız yazıqdı! Fağır xalqa zülm eləmək kişilikdən deyil, – deyib yola saldım.

P.S. Subyektiv qənaətimə görə bizim ədəbiyyata və həmçinin oxucuya nə it, nə də fil məhsuldarlıqlı yazıçı lazım deyil. Baxmayaraq ki, nəhayətində hər ikisi məməlidi. Bizə ikicə dənə məməsi olan canlı varlıq lazımdı. Bizə insan lazımdı! Qısası, bizə orta qızıl xətti qoruyub saxlamağı bacaran – oxucunu iyrəndirməyən yazıçı lazımdı...

# 2215 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #