Dünən dəhşətli bir xəbər aldıq: Türkiyə Rusiyanın qırıcı təyyarəsini vurub.
Açığı, siyasətdən bir o qədər başım çıxmır. Belə məsələlərdə ilk növbədə mütəxəssislərdən münasibət öyrənməyə çalışıram.
Hər halda belə şeylər iki qonşunun çəpər üstündə savaşması deyil, dünya dövlətlərinin mübarizəsidir.
Hətta mən bu kasad siyasi biliyimlə məsələnin nə qədər dəhşətli olduğunu başa düşürəm. Və məsələnin kökünə enmək üçün dünəndən bacardığım qədər rastıma çıxan yazıları oxuyub, ekspert rəylərini nəzərdən keçirməyə çalışıram. Bunun axırı necə olacaq? Rəhmətlik Vəfa Quluzadə demiş, Rusiya nəhayət dağılacaq, yoxsa...
Sən demə ekspert rəyinə-filan gərək yoxmuş.
Facebook istifadəçilərinin proqnozları, rəyləri, fikirləri olan yerdə ekspert rəyinə nə gərək?
Biri deyir ki, Ərdoğan kişi adamdır, yaxşı edib, rusları vurdu. O biri türkmənlərə dayaq durduğu üçün Ərdoğanı az qala Börteçinə ilə eyniləşdirir. Başqa biri yeni dünya savaşının başlanacağını proqnozlaşdırır.
Fikir vermişəm, axır vaxtlar Facebookdan informasiya qəbulu xeyli artıb. Əgər əvvəllər daha çox gənclər və orta yaşlılar sosial şəbəkələrdən informasiya mənbəyi kimi istifadə edirdilərsə, indi bu yaşlılara da sirayət edib. Daha televiziyalar-radiolar maraqlı deyil. Bu tendensiya informasiyanın müzakirə məkanını da dəyişir. Qabaq camaat toyda-yasda, çayxanada-bazarda müzakirə aparırdılarsa, indi həmin müzakirələr Facebookda aparılır. Burda isə adamlar daha rahatdırlar. Heç bir məhdudiyyət yox, gözünü bərəldən, ağzını əyən, ağsaqqal-ağbirçək yox. Fikrini açıq şəkildə deyə bilərsən. Bu rahatlıq da adamlara bildiyi-bilmədiyi hər mövzuda danışmaq imkanı verir.
Bir də baxırsan ki, Facebookda hamı milli təhlükəsizlik eksperti olub, dünənə qədər MTN nazirinin kim olduğunu bilməyən adam bu gün həmin məsələlərə münasibət bildirir. Müqayisələri “N” qədər uzatmaq olar. Sadəcə onu deyək ki, bu gün həmin adamlar çevrilib olublar politoloq, Yaxın Şərq üzrə ekspert.
Yazıçı Elçinin sözü olmasın, təbii ki, obıvatelləri nəzərdə tuturam. O obıvatelləri ki, Türkiyənin təbii qaz ehtiyacının 50 faizdən çoxunu Rusiyadan almasından mənim kimi dünən xəbər tutublar.
O obıvatellər ki, hər dəfə gündəm dəyişəndə “şestırnadan qabaq fırlanırlar”, o dəqiqə işə düşürlər, bildilər-bilmədilər danışırlar. Və sizi inandırım ki, heç biri heç nə oxumurlar, biliklərini hansısa aktual mövzu haqqında zənginləşdirməyə çalışmırlar, əlavə məlumat almaq istəmirlər. Öyrənmirlər.
Sadəcə qəlblərinin “SƏS”ini dinləyirlər. Guya bu “SƏS” onlara yetər, guya bu səs istənilən ekspertin, mütəxəssisin fikrindən vacibdir.
Daha demirlər ki, belələrinki “SƏS” deyil, olsa-olsa ancaq səs-küydür.
Səs-küyün isə sahibi olmur.