Ali sovetin keçmiş sədri: “Ona dedim, a kişi, bu milləti niyə biabır edirsən?” - MÜSAHİBƏ

<span style="color:red;">Ali sovetin keçmiş sədri:  “Ona dedim, a kişi, bu milləti niyə biabır edirsən?” - <span style="color:red;">MÜSAHİBƏ
14 may 2018
# 09:00

Kulis.az “İşdən kənar” layihəsində tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Ali Sovetinin keçmiş sədri Yaqub Məmmədovla müsahibəni təqdim edir.

- Yaqub müəllim, masanızın üstündə xeyli kitab gördüm. Özü də aralarında təkcə elmi kitablar deyil, dini kitablar, şeir kitabları da var.

- Vaxtında xeyli roman, qalın-qalın əsərlər oxumuşam. İndi o qədər vaxtım yoxdur deyə daha çox şeir kitabları oxuyuram. Bir də siyasi proseslərlə bağlı yazılmış əsərləri, siyasətçilərin memuarlarını sevirəm. Baxın (kitab rəfini göstərir), burda var.

- Brejnev haqqında kitab görürəm...

- Brejnevdən də, Andropovdan da, Kluçkovdan da, Molotovdan da var. Şeir kitabları da oxuyuram. Mirvarid Dilbazinin, Bəxtiyar Vahabzadənin, Cabir Novruzun kitabları stolumun üstündədir, baxın. Aşıq Şəmşir haqqında bir neçə kitab göndəriblər, oxuyuram. Şeir kitabı elədir ki, onu ovqatdan asılı olaraq arabir açıb içindən bir neçə şeir oxuyursan. Mənə gənc yazıçılar da kitab gətirirlər. Onları da oxuyuram. Sabir Allahverdioğlunu, İlham Qəhrəmanı oxuyuram. Düzdür, indikilər də yazırlar, ancaq köhnə şairlərə çata bilmirlər. Nə yetişdisə Sovet dövründə yetişdi: Ramiz Rövşən o dövrün yetişdirməsidir. Anar, Elçin, Fikrət Qoca - hamısı o dövrün yetişdirməsidir. Çingiz Abdullayevin kitablarının əksəriyyəti məndə var, oxuyuram. Özüylə də şəxsi münasibətim var.

- Bəs sizcə niyə görə indikilər sovet dövrünün qələm adamları kimi yaza bilmirlər?

- Yəqin ki, dövr pis oldu. Maddi sıxıntıları var, kitab çap eləmək çətindir. Çox güman ki, indiki yazarlar da yazırlar, nə vaxtsa üzə çıxaracaqlar. Gənclərdən tanıdıqlarım da var: Kəramət Böyükçöl adlı bir yazıçı var, mənə “Çöl” romanını vermişdi, oxudum, biabırçılıqdı. Cəmiyyətin bütün murdar qüsurlarının hamısını götürüb kitaba salıb. Elə şeylər var ki, onları yazmaq olmaz. Özünə də demişəm. Orda elə açıq sözlərdən istifadə edib ki, dedim, a kişi, sən bu milləti niyə biabır edirsən? Düzdür, yazdıqlarının hamısı real həyatda var, ancaq bunu yazıb oxucuya çatdırmaq olmaz, gizlədilməlidir. Ümumiyyətlə, təkcə Kəramət Böyükçöl yox, əksər cavan qələm adamları mənə kitab gətirirlər, oxuyub fikrimi bildirirəm. Həmid Herisçi mənə “Konspiroloq” kitabını verib, oxumuşam, xoşuma gəlib, ancaq dili mürəkkəbdir.

İndiki dövrdə mütaliəyə bir o qədər vaxt qalmır. Əsasən məktəbli və tələbəlik illərimdə çoxlu mütaliə edirdim. O illərdə bütün Azərbaycan şairlərini, rus şairlərini, yazıçılarını, dünya ədəbiyyatını oxumuşam, tamaşalara baxmışam. Cəfər Cabbarlı sevimli yazıçımdır, onun bütün əsərlərini oxumuşam, pyeslərinə baxmışam.

Mənim sahəm elədir ki, xeyli tibbi əsər oxumalısan, buna görə sonralar bədii ədəbiyyata vaxt az qalırdı. Daim rəhbər vəzifələrdə işləmişəm. Belə bir gərgin həyatın içində mütaliə üçün vaxt tapmaq sizə asan görünməsin. Buna baxmayaraq, aktual məsələlərə həsr olunmuş əsərləri qaçırmıram, hələ də oxuyuram.

- Qarşınızdakı açıq kitab nədən bəhs edir?

- Kissencerin kitabıdır. Belə kitablara həvəsim çoxdur. Trampın həyatı haqqında olan kitab evdədir, onu da evdə oxuyuram.

- Yəqin özünüz də siyasətçi olmusunuz deyə siyasətçilərin həyatına bu qədər marağınız var.

- Hə, doğrudur, özüm də siyasətlə məşğul olmuşam (gülür), bu gün də hamı siyasətin içərisindədir. Siyasətdən kənar mümkün deyil.

- Memuarlarını oxuduğunuz siyasətçilərdən kimin həyatı daha çox xoşunuza gəlib?

- Konkret kiminsə adını çəkmək olmaz. Hərənin özünün müsbət və mənfi cəhətləri var. Amerika prezidentlərindən Niksonun, Klintonun, Obamanın və başqalarının həyatını oxumuşam. Bəyəndiyim də var, bəyənmədiyim də.

- Bəyəndiyiniz siyasətçi kimdir?

- Bəzi məsələlərdə Kennedinin dəsti-xətti xoşuma gəlir, Klinton və Obamada da müsbət cəhətlər var.

- Özünüzü hansı siyasətçiyə bənzədirsiniz?

- Çətin suladır. Mən nə deyim? Bu suala cavab verə bilmərəm.

- Bayaq dediniz ki, Sovet dövrü Azərbaycan ədəbiyyatında hər kəsi oxumusunuz. Ancaq o dövrdə yazılmış elə əsərlər var ki, indiki dünyagörüşü, ideologiya ilə uyğun gəlmir. Həmin əsərləri yenidən oxuculara təqdim etmək doğrudurmu?

- Sovet dövründəki əsərləri olduğu kimi saxlamaq lazımdır, tarix dəyişib deyə, onları da silib atmaq olmaz. Görürsən ki, haqqı çatan da, çatmayan da Səməd Vurğundan danışır. Olmaz! Səməd Vurğun dahi şairdir, yaradıcılığı bu gün də aktualdır. Onu qaralamağın mənası yoxdur. 25-26 ildir müstəqilik, deyin görək bu dövrdə Səməd Vurğun səviyyəsində yetişmiş şairlərimiz varmı? Yoxdur. İndiki şairlər o dövrün şairlərinə heç yaxın düşə bilməzlər.

- Niyə yoxdur? Aqşin Yenisey var, Qismət var, Şəhriyar del Gerani var... Yeri gələndə klassiklərə meydan oxumağı da bacarırlar. Misal üçün, Şəhriyar del Gerani deyir, Səməd Vurğundan böyük şairəm.

- Mən onu tanımıram; nə əsərini oxumuşam, nə də şəxsi tanışlığım var. Ancaq əgər Səməd Vurğun haqqında bu cür fikir söyləyirsə, qəbul eləmirəm, insan bir az təvazökar olar. Mən rast gəlirəm, Səməd Vurğun və başqa klassiklərimiz haqqında tez-tez yazır, nə gəldi danışırlar. Tarixi şəxslərə münasibəti dəyişmək olmaz. Karl Marks kimi nəhəng alimin heykəlini yıxıb yerində “benzinkolonka” tikdilər, yaşadığım Mendeleyev küçəsinin adını dəyişib Qulu Quliyev qoyublar, heç bilmirik kimdir. Belə adamları silmək, ləğv etmək olmaz, onlara yaşatmaq lazımdır. Hərənin öz dövrü olub, indi durub Səməd Vurğunla indiki şairlərimizi müqayisə edək?

- Səməd Vurğunun belə bir şeiri də var: Xəbərdar eləyin Ərəbistanı, / Ocaqda yandırdı anam quranı. Bunu oxuyan dindar adamın Səməd Vurğuna münasibəti necə olmalıdır?

- Baxın, mənim stolumda dini kitablar da var. O dövrdə oxumamışam, indi imkan var, oxuyuram. Bayaqdan Səməd Vurğun haqqında necə böyük sevgi ilə danışdığımı da gördünüz. Yəni dinin öz yeri var, ədəbiyyatın öz yeri.

- Az-çox bildiyimizə görə tibb adamları adətən ateist olurlar. Bəs Yaqub Məmmədov niyə dini kitablar oxuyur? Buna mənəvi ehtiyac duyur, yoxsa?

- Dini kitabları həm dinlə maraqlandığım üçün, həm də bəzən mənəvi ehtiyac yaranır deyə oxuyuram. İndi din haqqında hərə bir cür danışır. Mən də dedim ki, özüm oxuyub maraqlanım. Quranın Azərbaycan dilində tərcüməsini iki-üç dəfə oxuyandan sonra belə qərara gəldim ki, başqa dini kitablara da baxım, məndə din haqqında fikir formalaşsın. Evimdə də dinə aid kitablar var, burda da. Hər gün işə gələndə əvvəl dini kitabları oxuyuram, sonra elmi kitablara, memuarlara keçirəm. İş gününün sonuna yaxın isə şeir kitabları oxuyuram.

- Sovet dövründə din haqqında öyrəndikləriniz sizi qane etmədi ki, yenidən dini kitablar oxumağa başladınız?

- Sovet dövründə din haqqında ancaq tənqidi fikirlər yazılır, dinin üstün tərəfləri qeyd olunmurdu. Dinin müsbət cəhətləri ilə yanaşı mənfi cəhətləri də çoxdur. Müsbət cəhəti odur ki, insanın tərbiyəsində, əxlaqının formalaşmasında böyük rolu var. Mənfi cəhətlərindən bəziləri isə elmin inkişafının, tərəqqinin qarşısını almağa çalışmasıdır. Düzdür, Məhəmməd peyğəmbər özü deyir ki, elmlə məşğul olmaq dini ayinləri yerinə yetirməkdən yüz dəfə üstündür. Ancaq çox təəssüf ki, təcrübədə bunu görmürük. Dinin hökmran olduğu ölkələrdə də inkişafa baxın, hökmran olmadığı ölkələrdə də. Din öz işi ilə məşğul olmalıdır, dövlət işinə qarışmamalıdır.

- Stolunuzun üstündə Məhəmməd peyğəmbərin, İmam Əlinin həyatına həsr olunmuş kitablar var. Bu kitablardan nə alırsız?

- Çox şey... Çox şey... Bu kitablar məni kamilləşdirir, onların həyatından örnək götürürəm.

- İmam Əli haqqında kitabı oxuyandan sonra onun necə bir obrazı yarandı?

- İmam Əli bütün həyatını cəmiyyətdə ədalətin bərqərar olunmasından ötrü xərcləyib. Onun ədalət haqqında dediyi fikirlərin hamısı elə kommunizmin əxlaq kodeksidir, İmam Əlidən götürüblər. İmam Əlinin bütün həyatı, sosial sahədə gördüyü işlər eynən kommunizm kitablarında var.

- Dini kitablarda oxuduğunuz mifləri, əfsanələri qəbul edirsiniz?

- Mifləri, əfsanələri qəbul eləmirəm. Meracın olduğuna inanmıram, ən müasir texnologiya belə izah edə bilmir ki, Məhəmməd peyğəmbər kosmosa necə uçub, orda Cəbrayıl vasitəsilə Allahla söhbət edib. Bunlar inandırıcı gəlmir, mifdir.

- Dini ayinləri yerinə yetirirsiniz?

- Hamısını yerinə yetirmirəm. Ancaq yerinə yetirdiklərim də var. Hər halda dinin mənə müsbət təsiri ondan ibarətdir ki, çalışıram davranışlarımda dini qaydalara əməl edim, ədalətli olum.

- Həccə getmək istəyirsiniz?

- Hələ ki planımda yoxdur, bəlkə gələcəkdə getdim. Ancaq oğlum, qardaşım oğlu gedib. Mənim övladlarım namaz qılır, oruc tuturlar, dini ayinlərə əməl edirlər.

- (Harun Yahyanın kitabını göstərirəm) Bunu da oxuyursunuz? Amma Harun Yahya təkamülü inkar edir.

- Harun Yahyanın kitabını bu yaxında göndəriblər. Bu kitabda Darvinin təkamül nəzəriyyəsi tamamilə inkar olunur. Guya Allah hər şeyi belə yaradıb, heç bir təkamül yoxdur. Mən bu kitabda yazılanlara inanmıram, təkamülə inanıram. Canlı aləmin yaranması təkamül prosesi nəticəsində baş verib. Elə şeylər var ki, bu gün elm tamamilə izah edə bilməsə də, gələcəkdə mütləq aydınlaşdıracaq.

- Deməli, Allahın varlığını qəbul edirsiniz?

- Hər şeyin bir yaradanı var. Mən də Allahın varlığını qəbul edirəm.

- Ancaq tələbə vaxtı sizə allahsızlığı öyrədirdilər.

- Mən heç vaxt Allahın varlığını inkar eləməmişəm. Mənim valideynlərim də Allahın varlığını inkar eləməyib. Atam da, anam da, həmişə dinin tələblərinə riayət ediblər, baxmayaraq ki, bizim Gədəbəy rayonunda məscid olmayıb. Mollalarımız da vardı, yas mərasimlərini aparırdılar. Deyirlər ki, Sovet dövründə din qadağan olunub, ancaq mən görməmişəm, yaşlı adamlar dini ayinləri yerinə yetirirdilər, Məhərrəmlikdə biz cavanlar onlara qoşulub şaxsey-vaxsey deyirdik.

- Kəndi, uşaqlığınızı tez-tez xatyırlayırsız?

- Təbii ki. Yaşa dolduqca daha çox uşaqlığı xatırlayıram. Yuxuda da daha çox uşaqlığımı görürəm.

- Hansı musiqiləri xoşlayırsınız?

- Əsasən Azərbaycan xalq mahnılarını, muğamı çox sevirəm. Aşiq musiqisini də xoşlayıram. Qabaq saz çalmağı bilirdim, çoxdandı çalmıram. Bizim evdə həmişə saz-söz olub. Toyda-büsatda aşıqlar yığışıb dastan bağlayardılar, mənim valideynlərim savadsız adamlar olsalar da dastanları əzbər bilirdilər.

- Şair-yazarlarımızdan kimlərlə dostluq edirsiniz?

- Mirzə İbrahimovla, Süleyman Rəhimovla şəxsi münasibətim olub. Yusif Səmədoğlu, Anar, Elçin Seyran Səxavətlə də əlaqəm var. Sabir Rüstəmxanlı ilə indi də arabir zəngləşirik. Mən rektor olduğum vaxtları yazıçıların əksəriyyəti ilə tələbələrin görüşünü keçirmişəm, ondan sonra da münasibətim yaranıb. Bəxtiyar Vahabzadənin “Axı dünya fırlanır” adlı kitabını dövlət mükafatına biz təqdim etmişdik.

Bədii əsərlərin oxunmasının insanın formalaşmasında böyük rolu var. Çox təəssüf ki, indiki gənclər oxumurlar. Mən tələbələrimdən görürəm də. Nəinki bədii əsərləri, heç öz ixtisaslarına aid kitabları oxuyan yoxdur. İmtahanları testlə verdiklərinə görə maraqları yoxdur. Hər şey internetdə var, sualı da, cavabı da. Ancaq biz onların hamısını oxuyur, təhlil edirdik.

- Testə qarşısınız?

- Testin müsbət cəhətləri var, ancaq bütün təhsili test üstündə qurmağın əleyhinəyəm.

- Müasir gəncliklə kontakt qurmaq çətin deyil ki?

- Kontakt qururuq, ancaq tələbələrlə hər şeyi müzakirə eləmək mümkün deyil.

- Nə səbəbdən? Hazırcavabdırlar, yoxsa?

- Hazırcavablıqları yoxdur, əzbərçiliklə məşğuldurlar. Testi əzbərləyib imtahanları verirlər. Danışıq qabiliyyətləri yoxdur, mükalimə eləməyə çətinlik çəkirlər.

- Sizin dövrün gəncləri ilə indiki dövrün gənclərini yanaşı qoysaq hansını seçərdiniz?

- O dövrkü gənclərini. O dövrkü gənclərdə daha geniş mükalimə eləmək imkanları vardı, oxuyurdular. İndikilər başlarını internetlə, sosial şəbəkələrlə qatırlar. Özümdə Facebook yoxdur, ancaq uşaqlarımda var, girib baxıram, görürəm necə təhqiramiz, xoşagəlməz yerdir. Tərbiyəni belə şeylər korlayır. Kim istəyir girib oxuyur, qadağan yoxdur ki.

- Belə başa düşdüm ki, gənclərdən narazısınız.

- Yox, narazı deyiləm, ümumiyyətlə gənclərdən narazı olmaq olmaz, ayrı-ayrı fərdlərdən narazı qalmaq olar. Gözəl, qabiliyyətli gənclərimiz çoxdur.

# 3515 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #