"Qarlı dağlar aşıb" uşaqları sevindirən Şaxta baba ilə SÖHBƏT - FOTOLENT

"Qarlı dağlar aşıb" uşaqları sevindirən Şaxta baba ilə <span style="color:red;">SÖHBƏT - FOTOLENT
5 yanvar 2017
# 16:04

Yeni il ərəfəsində bir neçə könüllü Şaxta Baba paltarı geyərək Quba və Qusarın ucqar dağ kəndlərində yaşayan uşaqlara hədiyyə aparıblar. Kulis.az o könüllülərdən biri Cavid Qara ilə müsahibəni təqdim edir.

- Cavid bəy, əvvəlcə layihə barədə məlumat verərdiz? İdeya necə yarandı?

- 2 ildən çox dağçılıq və bələdçilik fəaliyyətimlə bağlı ucqar kəndlərə tez-tez gedirəm. Bir dəfə Qusarın Yerğikek və Elik kəndlərindən qayıdarkən fotoqraf dostum Zaurla belə bir layihə ağlımıza gəldi. Şaxta Baba formasında bu kəndlərə gəlib uşaqları sevindirmək olar. Qarlı dağlar aşaraq gəlib əsl Şaxta Baba həyəcanı yaratmaq olar. İdeyalar getdikcə zənginləşirdi. Keçən il ilk dəfə sınadıq. Facebookda elan etdik. Hədiyyələr toplandı. Mən, fotoqraf dostum Zaur və Toğrul yola düşdük. 7 gün ərzində 14 kənddə 220 uşağa hədiyyə çatdırmaq üçün 80 kilometr yürüş etdik.

Bu il layihəyə daha çox maraq göstərildi. Daha çox hədiyyə toplandı. Hədiyyələri çatdırmaq üçün 6 nəfər yola düşdük. 10 günlük planlaşdırılmış marşrut üzrə bir neçə məntəqədə çantalarımızı doldurmaq üçün öncədən hədiyyələr yerləşdirdik.

- İştirakçılar xüsusi hazırlıqlı adamlar, yəni alpinistlər idi, yoxsa?

Komandamızda bir nəfər də olsun peşəkar dağçı olmayıb. Peşəkar, yəni təlim görmüş, dağçılıq təhsili almış dağçı yox idi. Amma təcrübə öz sözünü deyir

- Layihəni nə zaman həyata keçirdiz? Və neçə gün davam etdi?

10 gün ərzində 14 kənd gəzdik. 5 dağ aşırımı keçmək üçün 100 kilometr yürüş etdik. Bəxtimizdən hava şəraiti 10 gün ərzində yaxşı keçdi. Qışda on gün havaların yaxşı keçməsi nadir hallarda baş verir. Ən çətin yürüşümüz Qırızdan Lazaya oldu.

- Niyə?

Səhər gün çıxmamış yola düşdük. Gün batanda Lazaya çatdıq. Yürüş çox uzun idi. Yüksək dağlıq ərazidə 20 kilometr. Aşırımda yüksəklik 2670 m idi. Bu cığırı belə ilk dəfə idi gedirdik. Bildiyimiz cığırla getsək yolumuz çox uzaq düşürdü və 3000 metr hündürlükdən keçməli olacaqdıq.

- Yolda hansı çətinliklərlə qarşılaşdız? Yəqin ki, təhlükəli idi?

Yerli camaatdan aldığımız məlumatı , telefonumuzdakı xəritə proqramlarının imkanlarını və təcrübəmizi birləşdirib bu tapşırığın öhdəsindən gəldik. Layihənin 8-ci günü idi. Komanda da yorğun idi üstəlik fotoqrafımızın dağçılıq təcrübəsi və münasib geyimi uyğun olmadığı üçün komandamız daha ehtiyatlı olmalı idi. Bir gün səhərdən axşama kimi yol gedib Qırızdan Lazaya çatdıq.

Ayın 30-u axşam Lazada idik.

31-i tezdən Lazada uşaqlara hədiyyə payladıq. 31-i gecə Azərbaycanın ən yüksək yaşayış məntəqəsi Yerğikekdə olmalı idik. Bildiyimiz yolla sərhəd mühafizə postu bizi buraxmayacaqdı. Xüsusi icazə tələb edilir. Bu hərəkət azadlığına zidd olsa da həmin vaxt bu hüququmuzu bərpa etməyi fikirləşmirdik. Diqqətdən kənar bir yolla getməyə qərar verdik. Yamac çox dik görünürdü. Sonda isə sərt qayalıq. Amma sınamağa dəyərdi. Günortadan sonra yamaclara kölgə düşəndə yola başladıq. Dik yamacı qalxıb qayalığı keçəndə artıq qaranlıq düşmüşdü. Yerğikekdən dostumuz bizi qarşılamağa gəldi. Çox xoşbəxt idik. Missiya tamamlanmışdı. 10 günlük marşrutun sonunda Yeni ili ən yüksək yaşayış məntəqəsində 2370 metr yüksəklikdə yerləşən Yerğikekdə keçirirdik.

Səhər kəndəki bir neçə uşağın hədiyyəsini çatdırıb Kuzun kəndinə yola düşdük. Layihə bitmişdi, amma biz maşın gələ biləcək yerə çıxmaq üçün hələ 2 saat yol getməli idik.

- Kənd camaatı sizi necə qarşılayırdı?

- Kənd camaatı bizi çox mehriban qarşılayırdı. 10 gün ərzində evlərdə bizi qonaq etdilər. Sürücü dostumuz Rəşad hədiyyələrin bir neçə kəndə çatdırılmasını təmənnasız öz üzərinə götürmüşdü.

- Uşaqlar Şaxta Babanın gəlişinə təəccüblənirdilər?

- Uşaqlar çox sevinirdi. Bəzi kəndlərdə öncədən xəbər tutmuşdular deyə bizi gözləyirdilər. Uşaqlar mübahisə edirləmiş, bəziləri deyirmiş, Şaxta Baba gələcək, digərləri də deyirmiş gəlməyəcək. Sonda inananlar qalib gəldi.

- Hansı rayon və kəndlərdə olduz?

- Quba rayonunun Baş Xanagah, Girdah, Zıxır, Dalıqaya, Söhüb, Rük, Qarxun, Adur, Haput, Xınalıq, Qalaxudat, Qırız kəndlərində, Qusar rayonunun isə Laza, Yerğikek kəndlərində olduq. Elik kəndində uşaq qalmamışdı. Hamısı qışa görə köçmüşdü.

- Nə qədər uşağa hədiyyə payladız?

- 384 uşağa hədiyyə payladıq. Zıxır və Rük məktəblərinə uşaq ensiklopediyalarından ibarət dəst hədiyyə etdik. Altını cızaraq qeyd etmək istərdim ki, biz uşaqlara ehtiyaclarını qarşılamaq üçün yox, sevinc bəxş etmək üçün getmişdik.

- Gələn il də layihəni həyata keçirəcəksiz?

- Hər il təkrar etməyi düşünürük. Mən böyüyəndə Şaxta Baba olacam (gülür).

# 3778 dəfə oxunub

Müəllifin son yazıları

# # #