Həcc gündəliyi, yaxud Allahı sevməyin 56-cı dərəcəsi - Məkkədən reportaj - İkinci hissə

Həcc gündəliyi, yaxud Allahı sevməyin 56-cı dərəcəsi - Məkkədən reportaj - İkinci hissə
1 avqust 2024
# 10:00

Kulis.az yazıçı Mirmehdi Ağaoğlunun Həcc ziyarətindən reportrajının II hissəsini təqdim edir.

Əvvəli burada...



“Ləbbeyk, Əllahummə, ləbbeyk/Allahım həmişə sənin əmrindəyəm!”...təkrarlaya-təkrarlaya Harama yaxınlaşırıq...
Sıxlıq artır, həlməşik izdiham hərəkət etmir, axır, biz də axınlayıq.

Məscidül-harama aparan qapılardan birinin qarşısında polis bizi saxlayır. Ümrə ziyarətlərini bitirib ehramlarını soyunmuş Məmmədağa ilə Nərimanı içəri buraxmırlar.
Kişilər Kəbəni yalnız ehramda təvafa edə bilərlər.
Kompleksin, yadımda qaldığı qədər, onlarla girişi-qapısı var. Mənim orda olduğum günlərdə heç vaxt bağlı görmədiyim bu girişlərdə nəhəng qalın darvazalar quraşdırılıb və hər giriş bir adla çağırılır.

Gözlərim hava limanındakı izdihamın içində qohum simanı axtaran təki uzaqlarda Kəbə evini axtarır. Deyirlər, Beytüllahı ilk dəfə görəndə nə dua eləsən yerinə yetir. Həyəcanla o anı gözləyirəm ki, ürəyimdə tutduğum ən ülvi duamı dilə gətirim. İzdihamın içi ilə bir qədər irəlilədikdən sonra nəhayət sütunların arasında Kəbə evinin qara örtüyü ilə damını görürəm. Ağzım biixtiyar açılır, qəhərli boğazımdan çıxan səslər duaya çevrilib nəğmə ahəngi ilə dodaqlarımın arasından süzülür...



Kəbəni ilk dəfə görəndə hansı hissləri keçirdim? İzahımüşküldür... dəqiq cavab verə bilmərəm.

Bu, qətiyyən illərin ayrılığından sonra sevdiyin qıza qovuşmağa bənzəmir. Bu, bir qərinə ardından qəriblikdən dönən atanı qucaqlamaq deyil. Bu, əsirlikdən xilas olan qardaşına sarılmaq deyil. Bu, uzun illərin övlad həsrətindən sonra qucağına körpə alıb sinənə sıxmaq da deyil.
Bu, olsa-olsa Musa peyğəmbərin Turi-Sinada ilahi təcəllanı - ildırım vurmuş kolluğu görməsilə müqayisə edilə bilər.


Kəbənin düz dibində, yəni meydanda təvaf etmək üçün aşağı qata düşmək əvəzinə, izdihama qarışıb ikinci mərtəbəyə gəlmişik. Burada təvaf etməyin bir cəhəti var ki, dövrələr uzun çəkir.

Səudiyyə Ərəbistanı Krallığının səfirliyindəki görüşdə bizə tövsiyə olunmuşdu ki, çox yorulub əldən düşməmək üçün Kəbənin yanında təvaf etmək yaxşıdır.

Təvaf Qara daşın, yaxud başqa adıyla Həcərül-əsvədin önündən başlayır.
Bizim dayandığımız mərtəbədə də təvafın başlama yeri ilə bağlı divarlara nişan vurulub, döşəmədən də düz Qara daşdan istiqamətlənən xüsusi xətt çəkilib.
Niyyət etdikdən sonra Kəbənin ətrafında saat əqrəbinin əksi istiqamətində yeddi dəfə dövrə vurmalısan. Əflatun müəllimlə qərara alırıq ki, Kəbənin olduğu mərtəbəyə düşüb orada təvaf edək. Bunun üçün irəli gedib sonra sağa buruluruq. Məqsədimiz aşağı düşüb Kəbənin olduğu meydana girməkdir.

Lakin yanlışlıqla Səfa-Mərva təpələri olan yerə gəlib çıxır və hər şeyi tamam qarışdırırıq.
Kəbəyə aparan keçidi polis bağlayıb, hamını gözlədir.
Tunel kimi bir yerdə qadınlı-kişili xeyli insan dua edir, ya da namaz qılır. Biz hələ yolun niyə bağlandığından xəbərsizik.

Növbəti günlərdə Məscidül-harama dəfələrlə gəlib-gedəndən sonra öyrənəcəyik ki, burada təhlükəsizlik xidmətinin işçiləri hər dəfə namaz qabağı Kəbəyə gedən bütün yolları bağlayır, yaxud daha ciddi şəkildə nəzarətə götürürlər. Bunu ona görə edirlər ki, həm içəridə rahat şəkildə namaz qılmaq mümkün olsun, həm də basırıq yaranmasın.

Düzü, dalağım sancır ki, bu məhdudiyyətlər Kəbənin ətrafında nizamın pozulmaması, videoçəkiliş zamanı əsrarəngiz görüntünün alınması üçün tətbiq edilir.

Azan verilib, namaz qılınana kimi Səfa dağının ətəyində gözləyirik.

Axşam namazı qılınandan sonra keçid açılır və biz işıqlı, geniş stadiona bənzəyən Kəbə meydanına daxil oluruq. Yanımızda başı çıxan adam olmadığı üçün çaşıb qalmışıq, bir müddət nizamsız dolaşırıq, bilmirik hardan başlayaq.
Bir daha Kəbəni bu qədər yaxından görə bilməmək qorxusu ilə şəkil çəkdiririk. Lakin artıq gecdir, yoldaşlar bayırda gözləyirlər. Düşünürük ki, bu kəşfiyyat xarakterli səfərə son qoyub hotelə qayıdaq. Sabah tezdən, sübh namazından sonra gələr və qismət olarsa, elə Kəbənin düz yaxınlığında təvafımızı yerinə yetirərik.

***

Hoteldə Qazaxıstandan gəlmiş zəvvarların birindən (sonradan onunla daha yaxından tanış olub adının Yerseid olduğunu öyrənəcəm) eşidirik ki, Məkkə şəhərinin çıxışında Aişə məscidi deyilən yer var.

Rəvayətə görə, peyğəmbər Həcc ziyarətindən qayıdan zaman həmən yerə çatanda Aişə anamızın ağladığını görür. Ondan niyə ağladığını soruşanda Aişə anamız müəyyən səbəblərdən Həcc ziyarətini yerinə yetirə bilmədiyini söyləyir. Sevimli zövcəsinin göz yaşlarına dayana bilməyən peyğəmbər Həzrəti Aişənin qardaşını çağırıb ona qoşur və Həcc ziyarətini yerinə yetirməyə göndərir. Həmən zamandan bu məntəqə miqat yeri sayılır. İndinin özündə də Məkkəyə gələn zəvvarlar başqa hansısa miqat yerində ehram geyinmək imkanı tapmayıblarsa, Aişə məscidinə gedib ehrama bürünürlər. Baxmayaraq ki, Ciddədə ehrama keçməyimizin qəbahəti yox idi, yerinə yetirdiyimiz ayinlərdə qüsur olmasın deyə biz də səhər tezdən Aişə məscidinə yollanır, orada təzədən ehrama girir və ümrə ziyarətini eləmək məqsədilə Məscidül-harama qayıdırıq.

Həcc ziyarəti üç hissəyə ayrılır, onun birinə də təməttü həcci deyirlər. O da iki qismə bölünür: təməttü ümrəsi və təməttü həcci. Xırdalıqlara getmədən deyim ki, ümrə ziyarəti ilin hər vaxtı, həcc ziyarəti yalnız hicri təqviminin zilhiccə ayında baş tutur. Zilhiccə ayında Məkkəyə gedənlər də əvvəl ümrəni yerinə yetirirlər.

Ümrə ziyarəti də beş vacib əməldən ibarətdir: ehram, təvaf, təvaf namazı, Səfa və Mərva təpələri arasında səy və yekunda saçı və ya dırnaqları qısaltmaq.

Bu dəfə bəxtimiz gətirir. Mərtəbələrdə deyil, Beytullahın yerləşdiyi meydanda - Qara daşın önündən təvafa başlayırıq. Hər dəfə Qara daşın tuşuna çatanda zəvvarlar sağ əllərini qaldırıb Kəbə istiqamətinə salam göndərirlər. Burada hər kəs təvaf edə-edə ya özü dua oxuyur, ya da qrup tərkibindədirsə, rəhbər oxuduqca duanı təkrarlayır. Hər dövrənin özünün duası var.

Heç kəs göydən od kimi yağan istiyə fikir vermir. Əksinə zəvvarlar Kəbə evinə daha çox yaxınlaşmaq, ona toxunmaq istəyirlər. Buna görə də Beytullaha yaxınlaşdıqca sıxlıq daha da artır. Ən yaxşı halda İbrahim məqamı ilə Kəbənin arasından keçmək mümkündür.

İbrahim məqamı Kəbə evinin bir neçə metrliyində şüşədən tökülmə, üstü qızılı materialdan işlənmiş gümbəzli balaca yerdir. Şüşənin içindəki qaya parçasının üzərində ayaq izləri var. Rəvayətə görə, daşdakı İbrahim peyğəmbərin ayaq izləridir, Kəbəni tikərkən bu daşın üzərində dayanıbmış.

Artıq qeyd elədiyim kimi İslam inancına görə, Kəbəni cənnətdən Yer üzünə qovulandan sonra Adəm babamız inşa edib, ondan sonra İbrahim peyğəmbər oğlu İsmayıl peyğəmbərlə birlikdə Allahın evini köhnə özülləri üzərində təzədən tikib. Məhəmməd peyğəmbərin vaxtında isə Kəbə bərpa edilib.

Kəbənin hər küncünün öz adı var.
Qara daşın sağındakı künc İraq, solundakı Yəmən, əks tərəfdəki künc isə Şam küncü/sütunu adlanır.

İraq sütunu ilə Yəmən sütunu arasında qalan qövsvarı yerə isə Hicri-İsmail deyilir.
Həmən qövsvarı yerdə 99 peyğəmbərin dəfn edildiyi deyilsə də, ərəblər özləri bunu təkzib edirlər.



Yenə İslam inancına görə, Qara daş cənnətdən endirilib, yəni cənnətdən bir parçadır. Ona görə də zəvvarlar ona toxunmaq, yaxud öpmək üçün bir-birlərilə yarışa girirlər, lakin Qara daşa toxunmaq heç də bütün zəvvarların nəsibi deyil, qarşısında daim qələbəlik olur. Bu səbəbdən yanında hər zaman növbətçi polis dayanır. Yalnız namaz vaxtları önü bir neçə dəqiqəlik açılır, amma hər namazın sonunda salam verilən kimi yenə yüzlərlə zəvvar finala can atan idmançı cəldliyi ilə Qara daşa sarı şığıyır. Bu zaman gərgin mübarizə başlayır, fiziki cəhətdən güclü olanlar dərhal seçilir. Mübarizədə ən çox qaradərililər qalib çıxırlar...

ardı var...

Növbəti hissədə:


- Qara daşın qarşısına dağılmış xama Kədəbə ikrah doğuran hadisə.
- 2.5 milyon insan Kəbədə necə təvaf edir?
- Kəbənin meydanından çıxmaq istəməyən zəvvarlara polislər nə deyir?
- Məkkəni qoruyan əbabil quşları

# 2557 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #