Bu gün Salman Rüşdinin doğum günüdür. Kulis.az bu münasibətlə Mirmehdi Ağaoğlunun onun haqqında yazdığı yazını təqdim edir.
Salman Rüşdi şəxsiyyəti ətrafında 20 ildən artıq sürən məlum hadisə onu təkcə bir müsəlman üçün deyil, mütaliə sevdalısı oxucu üçün də arzuolunmaz edib. Müsəlman üçün o kafir, ölümə məhkum, lənətlənmiş bir insandırsa, oxucu üçün də o istedaddan məhrum, qalmaqalçı, məşhurluq xatirinə epataja əl atmış sıradan bir yazıçı olub.
Şəxsən mənim üçün uzun illər Salman Rüşdi adının sərgilərdə çılpaq dayanıb köpək kimi hürən aksionist rəssam Oleq Kulikdən heç bir fərqi olmayıb. Elə buna görə də onun yaradıcılığının yüksək qiymətləndirildiyi məqalələri oxuyanda əvvəl-əvvəl xeyli təəccüblənmişdim.
Bizim ölkədə magik realizm deyəndə o dəqiqə Qabriel Qarsiya Markes yada düşür. Oğlum demiş, ancaq ki, Salman Rüşdi də magik realizm janrının ustalarından hesab olunurmuş.
Nə yazıq ki, Azərbaycan da daxil olmaqla bir sıra müsəlman dövlətlərində Salman Rüşdinin əsərləri çap olunmur. O, doğma vətəni Hindistana belə mühafizəçi ilə gedir, mindiyi təyyarələrdə şirkətlər onun adını gizli saxlayır ki, birdən sərnişinlər onun da təyyarədə olduğunu bilib uçmaqdan imtina edərlər. Yaxşı ki, heç olmaya Türkiyədə yazıçının digər əsərləri çap olunur. Yazıçının əsərlərinin çap hüquqlarını “Can yayınları” satın alıb. Nəşriyyat da hələ ki, müəllifin “Şeytan ayələri” kitabını çap etməyə cəsarət etmir. Türkiyə hələ də 1993-cü ildə Əziz Nesin “Şeytan ayələri”ni çap etmək istəyini dilə gətirəndən sonra baş vermiş Madımak qətliamını unutmayıb.
Salman Rüşdi dünyada “Şeytan ayələri” ilə tanınsa da ona ədəbi şöhrət gətirən əsəri 1981-ci ildə çap olunmuş “Gecəyarı uşaqları” romanıdır. Müəllif bu əsərə görə üç dəfə Buker mükafatı alıb.
Amma biz onun 2005-ci ildə nəşr olunmuş “Təlxək Şalimar” (Orijinalı “Shalimar the Clown”; türkcəsi Soytarı Shalimar) əsərindən danışacağıq.
“Təlxək Şalimar” kitabının arxa qabığında əsərin məzmunu haqqında belə yazılıb: “1991-ci il. Los Anceles. ABŞ-ın Hindistandakı keçmiş səfiri və antiterror mütəxəssisi Maxsimilyan Ofuls bic qızının qapısının ağzında özünü Təlxək Şalimar adlandıran kəşmirli sürücüsü tərəfindən öldürülür. Bu Maks Ofuls, qızı və qatilinin hekayəsidir. Amma bu üçlük arasındakı sirli bağın açarı dördüncü obrazda, kəşmirli bir qadındadır... “Təlxək Şalimar” bildiyimiz eşq və intiqam əhvalatından dövrümüzün siyasi və etnik problemlərinə, qədim bir Hind dastanından çağdaş sehrli gerçəkliyə qədər uzanan beynəlmiləl bir nağıldır. ”
Bax elə burda dayansaq bəs edər. Zatən, əgər romanın ümumi məzmunun burada anlatası olsaq oxucunu yorarıq. Əsərin süjetindən çox onun təfərrüatı önəmlidir.
Müəllif ilk baxışdan “üçbucaq” roman kimi görünən, əslində “dördbucaq” roman olan əsərin hər bir qəhrəmanına ayrıca fəsil həsr edib. Hər bir fəsildə Maks, Bunyi (Şalimarın arvadı, Maksın oynaşı), Şalimar, Hindistan- Kəşmirənin (səfirin qızının adları) həyatları, keçmişləri haqqında məlumat verir. Oxucu nəticədə bu personajların dolğun obrazını görür.
Müəllif əsər boyu qədim Hind dastanı “Anarkali” ilə rabitə qurur. Bunyi Anarkali rəqsinin mahir ifaçısı, yeni dövrün eşq qurbanı, Anarkalisidir. Qəhrəmanlar da tez-tez bu dastanı xatırlayırlar.
Hadisələrin çox böyük hissəsi Kəşmirdə baş verir, Kəşmirin hindu və müsəlmanların birlikdə yaşadığı Paçiqam kəndində. Bu kənddə uzun illərdir, hindularla müsəlmanlar uyum içində yaşayırlar. Hindu pandit (ruhani) ətli müsəlman yeməkləri bişirir. Müsəlmanlar hinduların adətlərini yerinə yetirirlər. Burada hindu-müsəlman adətləri iç-içə keçib. Müəllif sanki XXI əsrdə istər istəməz milli, dini ayrıseçkiliklərdən əl çəkib, uyum içində yaşamağa məhkum olmuş Yer kürəsinin kiçik modelini yaradıb.
Hindu Bunyi ilə müsəlman Şalimarın evlilik səhnəsində isə Rüşdi mədəniyyətlərin uzlaşması baxımından necə deyərlər lap gül vurub. İki nəsil, qızın hindu nəsli ilə oğlanın müsəlman nəsli adətlər arasında razılığa gəlirlər. Misal üçün qız tərəfin çoxdanışan yaşlı qadınları “bizim qızımız müsəlman adəti ilə gəlinlik geyinməyəcək” deyəndə ağsaqqallar razılığa gəlirlər; gəlin öz adətlərinə uyğun, bəy də öz adətinə uyğun geyinər. Toyun hindu (bütpərəst), yoxsa müsəlman adəti keçirilməsi üstündə yenə yaşlı arvadlar boşboğazlığa başlayanda ağsaqqallar bu dəfə də həll yolunu tapırlar. Toy əvvəl hindu adəti ilə olar, daha sonra da müsəlman adəti ilə: “Bu vaxt yaşlı bir nənə “Nə üçün əvvəl onlarınkı olur?” deyə hayqırdı, amma dırdırı anidən boğuq bir iniltiylə kəsildi, çünki əri əlilə qadının yersiz danışan ağzını qapadıb, sürüyərək yatağına aparmışdı ” (təqribi tərcümə)
Rüşdi Paçiqama ilk radikal müsəlmanların, müsəlman terrorist təşkilatların ayaq açmasını da ətraflı şəkildə, sehrli bir gerçəkliklə nəql edir. Şalimarın qardaşı Enis terror təşkilatına qoşulur, özünü Çe Gevaraya bənzədən Enisin axırda Çe kimi əlləri kəsilir.
Kəndə gələn radikal müsəlmanlar qadınları çadraya bürünməyə məcbur edirlər, Şalimarın anası Firdevs Numan bu qəribə qaydaya özünəməxsus şəkildə cavab verir: “Bir qadının üzü axı necə İslamın düşməni ola bilər?”
Kəndə basqın edib Paçiqam qadınlarını çadraya bürümək istəyən radikal qruplaşmaya isə Firdevs və kənd qadınları çılpaq soyunaraq etiraz edirlər.
Rüşdi Çexovun “Tamaşanın əvvəlində səhnədə tüfəng asılıbsa, sonuncu səhnədə o tüfəng mütləq açılmalıdır” fikrinə ustaca əməl edir. Əsər boyu verilmiş, bu cür detallar əsərin finalına yaxın müxtəlif səhifələrdə açılır və müəllif 500 səhifəyə yaxın bir əsərdə heç bir detalı nəzərdən qaçırmır. Və sona yaxın əmin olursan ki, Rüşdi heç bir cümləni romanı doldurmaq üçün yazmayıb, hər bir cümlənin, qəhrəmanların həyatlarında baş verən hər bir detalın, hər bir təsvirin öz məqsədi, missiyası var.
Rüşdi oxucunu maraqlı bir anaxronizmlə qarşı-qarşıya qoyur. Əsərdə heç bir tarixi xronologiyada səhv etməyən Rüşdi birdən-birə 1941-ci ildə Maksın atasının dilindən deyir ki, Bulqakov demiş, əlyazmalar yanmır. Məlumatlı oxucu o dəqiqə anlayır, Bulqakov “Ustad və Marqarita”nı 1941-ci ildə tamamlayıb, əsər isə Avropada yalnız 60-cı illərdə nəşr olunub. Aydındır ki, Maksın 1941-ci ildə ölən atası bəlkə heç Bulqakov adlı yazıçının varlığından belə xəbərsiz imiş.
İki səhifə sonra isə təyyarə ilə almanların işğal etdiyi ərazilərdən qaçmış Maks uçuş sırasında yaşadığı hissləri avtobioqrafiyasına köçürərkən yazır ki, Antuan de Sent-Ekzuperinin “Gecə ucuşu” əsərində uçmağın da bir növ meditasiya olduğunu yazmasın xatırladım. Müəllif elə burdaca əlavə edir; Maksın uçduğu ildə Ekzüperi hələ bu əsəri yazmamışdı.
Gəlin Rüşdinin bu priyomunu oxucu ilə şirin zarafatı adlandıraq.
“Təlxək Şalimar”ı oxuduqca Həmid Herisçiyə haqq qazandırmamaq olmur. Bəlkə doğrudan da Axundov, Mirzə Cəlil yolu ilə getməyin sonu çatıb, bəlkə həqiqətən də ədəbiyyata başqa prizmadan yanaşmağın, mistizmi, xurafatı, yəni realist-maarifçi ədəbiyyatın inkar etdiyi nəsnələri ədəbiyyata mövzu etməyin zamanıdır. Bəlkə bu mənada da gecikirik?
Biz hələ də Ə. Haqverdiyevin “Pir”ində qalmışıq, yenə də bir əsr əvvəlki təfəkkür ilə mövzuya yanaşırıq. Bizdən fərqli olaraq Rüşdi bir falçını fırıldaqçı kim təqdim etmir, xürafələrı gerçək kimi göstərir, bütün bunları magik realizmin incə çalarları ilə təsvir edir, ecazkar bir dünya yaradır. Bu sehrli reallıq, magik realizm, Markesin əsərlərindəki kimi nağılvarı, “İki qanadlı çox qoca mələk”dəki kimi şərti deyil (burda mələyin göydən yerə enə biləcəyi şərtiliyini qəbul etmirsən), bu magik realizm amansızdır, sənədli film kimi dokumentaldır, gerçəkçidir.