“Koroğlu” metrosundan çıxıb Pamuk romanına düşmək

“Koroğlu” metrosundan çıxıb Pamuk romanına düşmək
29 yanvar 2015
# 12:24

Müasir romanların xəritəsi

Bir dəfə axşamüstü yolunuzu “Koroğlu” metrosundan salın. Izdihamı görüb dəhşətə gələcəksiz. Bunlar mərkəzdə işdən çıxıb Bakı ətrafındakı evinə gedən sakinlərdi. Yaxınlaşıb siz də onlar kimi avtobusların birinə minmək istəsəniz... Çətin ki, ilk cəhddən nəsə alınsın.

Eyni şey “20 Yanvar” metrosu tərəfdə də baş verir.

Və ya günəşli bir gündə maşına minib Bakı ətrafını, kəndləri gəzməyə çıxın. Özül yeri atılmış torpaqlar, yarımçıq tikililər, suvaqsız evlər, təzə tikilmiş imarətlər uzanıb gedir. Gördüyünüz mənzərədən dəhşətə gələcəksiz. Çaşıb qalacaqsınız; görəsən səhv gəlmişəm? Halbuki bir il, iki il, beş il öncə buralar əkin yerləri, otlaq sahələri idi və ya neftli, yararsız sahələr sayılırdı.

Əhalinin sayının artması, əyalətlərdən paytaxta axının sürətlənməsi, iş yerlərinin mərkəzdə toplanması və bu kimi digər sosial-iqtisadi səbəblərdən Bakı günü-gündən böyüyür. Tez-tez adını ilk dəfə bir avtobusun üzərində oxuduğumuz, bir konduktordan eşitdiyimiz qəsəbə adlarına rast gəlirik; Çiləgər, Savalan, Zavod, Şuşa (Bakının ortasında ha) At yalı və sair...

Hələ yeni yaranmış məhəllələr də var; yerazlar məhəlləsi, talışlar məhəlləsi, gədəbəylilər məhəlləsi.

Bəs bunları əsərlərdə necə əks etdirməli? Necə təsvir etməli? Bu yeni qəsəbələrdə baş verənləri, burdakı insan talelərini yazarlar, qələm adamları necə yazsınlar, şəhərin bu hissəsini də əsərlərinin xəritəsinə necə salsınlar?

Orxan Pamukun son romanı “Kafamda bir tuhaflık”ı oxuyanda , gözlərimin qabağında yeni Bakı, onun yeni qəsəbələri, yeni insan məskənləri canlandı. Ordakı Tuttəpə, Kültəpə, Poxludərə və sair kimi yeni yaşayış məskənləri adlarına, gecəqondu məhəllələrinə rast gəldikcə Bakıda ildırım sürətilə salınan qəsəbələr gözümün qabağına gəldi.

Muxtara rüşvət verib bir gecədə tikilən gecəqondularla bağlı səhifələri oxuduqca səhər məktəbə gedəndə yolun üstündə yeni tikilini görüb təəccüblənməyim yadıma düşdü. O da bir gecəyə tikilmişdi. “Uçastkovı”ya edilən hörmətlərlə tikilən, beş ay sonra neft ərazisi imiş deyə uçurdulan evlər gəldi gözümün qabağına. Onların sakinlərini xatırladım.

Başımıza bəla açdı

İnandırım sizi, əsəri oxuduqca dəfələrlə Pamukun türk olmağının, bizə doğma bir mədəniyyətin nümayəndəsi olmağının peşmanlığını yaşadım. Axı niyə Pamuk tanıyıb-bilmədiyimiz bir Keniya yazıçısı olmadı? Və ya yazmağa başına mövzu qəhət idi? Gül kimi İstanbul burjuaziyasından yazırdı də. Heyf! Nobelli yazıçının qələmindən çıxan bu oxşar mənzərələri gəl bir də sən yaz görüm, necə yazırsan. Açığı Pamukun təzə romanından sonra bu kimi mövzulara toxunmaq, onları işləmək çətinləşdi mənim üçün. İndi sosial mövzuda nəsə yazsan Çingiz Özgür kimi arif oxucular tezcə deyəcəklər: “Bunu Pamuk təzə romanında yazıb, özü də səndən də yaxşı yazıb”.

Əyalətdən böyük şəhərə gələn hər kəsin varlanmaq, kasıçılıqdan xilas olmaq arzusu boy atır. Elə bu cümlələri yazarkən Teodor Drayzerin “Kerri bacı” əsəri yadıma düşdü. Kerri bacı əyalətdən şəhərə gəlib arzularına çatan, amma bunun əvəzində xoşbəxtliyini, təmizliyini itirən, mənən çirklənən adamların ümumi obrazıdır.

“Kafamda bir tuhaflık” isə böyük şəhərə varlanmaq məqsədilə gəlsə də öz paklığını, saflığını itirməyənlərin romanıdır. Düzdür, burda da Hacı Hamid Vurallar, Qorqudlar, Süleymanlar, Fərhadlar kimi “kirlənmiş” insanlar, məqsədi varlanmaq olanlar var. Amma böyük şəhərin cazibəsinə düşüb kənd saflığında sınaqdan çıxarılmamış kövrək mənəvi keyfiyyətlərini itirənlərin içində Mövlud kimi ömrü boyu pak, saf qala bilənlər də var.

Nə idi Mövludu bu qədər saf saxlayan, bozamı, Rayihamı? Boza satmağı Mövlud özü seçmişdi. Rayihıni isə o seçməmişdi. Əvvəldən niyyəti Rayihanın bacısı Samiha olsa da qismətinə Rayiha düşmüşdü.

Əsərin beşinci qismi İbni Zerhaninin “İtmiş əsrarın hikmətləri” əsərindən götürülmüş epiqrafla başlayır: “Cənnətdə qəlbin niyyətiylə dilin niyyəti birdir”. (Dərhal əlavə edək ki, Şərqdə İbni Zərhani adlı mütəfəkkir olmayıb. Bu uydurma dahi elə Pamukun özüdür. Fikir verin “Zərhani” ilə “Orhan” adları necə oxşayır, elə bil “Orhan” kəliməsi “Zərhaninin içində gizlənib. Ümumiyyətlə, Pamukun başqa əsərlərində də olduğu kimi burda da “uydurma” qəhrəmanları yer alır. Misal üçün, İbni Zərhani kimi “Qara kitab”dan tanıdığımız Celal Salik burda da xatırlanır)

Daha sonrakı səhifələrdə Əfəndi həzrətləri qəlbin niyyəti ilə dilin niyyətindən danışır və İbni Zərhanidən misal çəkərək deyir ki, şəhərdə (nədənsə cənnətdə yox) dilin niyyəti ilə qəlbin niyyəti birdir. Qəlbin niyyəti ilə dilin niyyəti həm də şəxsi görüş ilə rəsmi görüş arasında eyniyyət təşkil edir. Bunlar arasında körpü isə qismətdir. Yəni qəlbinin və dilinin niyyəti nə olursa olsun, qismətin nədirsə onu da əldə edəcəksən.

Necə ki, Mövludun niyyəti Samiha olsa da Rayihaya qovuşdu. Niyyəti varlanmaq olsa da ömrü boyu həyatı yoxsulluq içində yaşamaqla keçdi. Əsərin sonunda 40 il İstanbulda yaşayan Mövlud öz-özünə soruşur, bədbəxt idimi? Əlbəttə ki, yox. Deməli çox zaman qismətimiz niyyətimizdən daha vacibdir.

Rayiha öləndən sonra Mövlud niyyəti olan dul Samiha ilə evlənir. Amma elə ilk gündəncə Samiha ilə o xoşbəxt həyata nail ola bilməyəcəyini başa düşür. Bəlkə buna görə də əsərin sonunda Mövludun dilindən bu cümləni eşidirik: “Mən bu aləmdə ən çox Rayihanı sevdim”.

Gecələr səssiz... itli... məzarlı

Şəhər nə zaman sirli olur? Nə zaman bilmədiyimiz, bizə yad olan tərəfləri üzə çıxır? Əlbəttə ki, gecə. Səhərlər bir şəhərin rəsmi tərəfidir, gecələr isə şəxsi. Elə buna görə Pamuk öz qəhrəmanına gecələr şəhəri dolaşması üçün boza satdırır. Mövlud əsl İstanbulu gecə tanıyır. Şəhərin müxtəlif səmtlərində olur. Müxtəlif ailələrin evlərinə girir. Bu ailələrin 40 il boyunca necə dəyişdiyini görür.

Boza müasir İstanbulda çox nadir və keçmişi, Osmanlının keçmiş ehtişamını xatırladan içki olduğundan insanlar onu təkcə kulinar məhsul kimi deyil, həm də müqəddəs içki kimi, dirilik suyu kimi alırlar. Boza sanki Həvva ilə Adəmin yediyi həmin meyvədir, gözlərindəki pərdə qalxdı, bir-birilərindən utandılar. Bozanın da bu sehri var; onu içəni tarixə bağlayır, keçmişə, xoş xatirələrə, uşaqlığa aparır. Ona görə də boza alanlar həmişə bir anlıq saflaşırlar, məsumlaşırlar, ürəklərinə rəhm gəlir. Buna görə də çox vaxt Mövluddan heç pulun qalığını istəmirlər. Təsir əks təsirə bərabərdir. Elə Mövludu saf saxlayan da budur. O münasibətlərin qarşısında saf qalmamaq mümkünsüzdü. Adamı 40 il İstanbul gecələrini gəzməyə ancaq boza məcbur edərdi.

Pamuk burda da “Kara kitab”da olduğu kimi İstanbulun tarixinə baş vurur. Özü də çox qəribə bir yolla. İstanbul Elektrik Şirkətinin arxivinə girərək burdakı sənədlər vasitəsilə 100 il ərzində İstanbulun dəyişməsinin hesabatını çıxarır. Mövluda işıqpuluyığan peşəsinin sirlərini öyrədən Fərhad onu bir restorana gətirib göstərir; bax məkan isti olsa da istilik sistemi bir o qədər qaynar deyil. Deməli gizlincə elektrik qızdırıcıları da qoşulub...

Qız adı Allahla olmaz

Əvvəlki əsərlərinə görə burjua ailəsinin ərköyün nümayəndəsi hesab olunan Pamuk “Kafamda bir tuhaflık”da elə replikalardan istifadə edir, elə məsələlərə toxunur ki, ömrü boyu gecəqonduda bir gecə qalmamış adamın (avtobioqrafik yazıları və müsahibələrində rast gəlməmişəm) bu qədər məlumatı necə əldə etməsinə heyran olursan. Pamuk əsərdə müxtəlif problemlərə toxunur. Bəlkə bunlar əsərdə bir cümlə ilə keçir və ya kiçik bir ştrix olur, amma bununla belə yerində işlənir, əsərə xüsusi bir rəng qatmış olur. Məsələn Vediha deyir: “Axşamları televizora baxarkən pultun mənə heç verilməməsi düzdürmü? Bozqurt ilə Turanın ataları kimi mənimlə hörmətsiz davranmaları doğrudurmu? Analarının yanında ən ədəbsiz söyüşləri söymələri doğrudurmu?....”

Vedihanın dilindən verilmiş bu fikirlərdə Pamuk qadın hüquqlarına toxunur, əyalətdən gələn ailələrdə qadının yeri və statusunu göstərir. Və ya Rayiha hamilə qalanda Mövlud dini adların yer aldığı bir kitab alır və burdan Allahla qurtaran kişi adları seçir. Qızının olacağını bildikdə isə heç Allahla olan qız adı yoxdur ki, deyir.

İstanbulun 40 illik tarixini bu dəfə gəlmələrin gözü ilə göstərən Pamuk bu dövr ərzində baş verən bütün dəyişiklikləri qələmə alır. Heç nə diqqətindən yayınmır. Ölkədəki siyasi proseslər, insanların dünyagörüşlərinin dəyişməsi dövr-dövr təsvir olunub.

Markesi xatırlamaq

Qorqudun toyunda Samihanı görən Mövlud əmisi oğlu Süleymandan qızın adını soruşur. Süleyman isə Vediha, Rayiha və Samiha bacılarından ən gözəli olan kiçiyini özü istədiyi üçün Mövluda qızın adının Rayiha olduğunu deyir. Mövlud da 3 il ərzində Samihaya yazdığı məktubları Rayiha adına göndərir. İlk günlər özü sevgi məktubu yaza bilmədiyi üçün bunu dostu Fərhada tapşırır.

Mövlud Rayiha ilə evlənəndən sonra Fərhad da Samihanı qaçırır. Və bir neçə il sonra Mövludun məktublarını əslində ona yazdığını Samiha ərinə deyəndə Fərhad soyuqqanlılıqla cavab verir: “Mövludun ilk məktublarını mən yazırdım, deməli sənə olan məktubları elə mən özüm yazmışam”.

Bu yerdə Markesin “Vəba dövründə eşq” əsəri yada düşür. Şəhər küçələrinin birində mirzəlik edən Florentina Arisadan bir oğlan sevdiyi qıza məktub yazmağı xahiş edir. Növbəti dəfə qız gəlib Florentina Arisanın yazdığı məktubu göstərərək deyir ki, sevgilimin məktubuna cavab ver. Florentina Arisa beləcə sevgililərin bir-birinə məktublarını, əslində isə elə özü-özünə yazır.

Səhnəyə düzülmüş obrazlar

Roman üçüncü şəxsin dilindən yazılsa da qəhrəmanlar da tez-tez əsərə “müdaxilə” edir, danışmağa başlayırlar. Bu hardasa “Mənim adım qırmızı”nın strukturuna bənzəyir. Amma fərq ondadır ki, burda qəhrəmanlar ayrı-ayrı fəsillərdə danışmırlar. Bir fəslin içində eyni vaxtda bir neçə qəhrəman danışa bilir. Bir qəhrəmanın danışdığı hadisəni bir azdan o biri qəhrəman da davam etdirir. Üçüncü şəxsin təkinə yenidən keçid zamanı isə hər dəfə boza satan Mövludun şəklini görürük. Pamuk bu şəkli hər dəfə abzasın əvvəlində verməklə oxucunun işini asanlaşdırıb.

Maraqlıdır ki, qəhrəmanlar əsərdə aktiv şəkildə iştirak edirlər, sanki onlar da danışdırıldıqlarından, əsərin özündən, proseslərdən xəbərdardırlar. Sanki qəhrəmanlar arabir hərflərin arasından dirçəlib səhifələrin üzərində gəzişirlər, başlarını qaldırıb bizə müraciət edirlər. Məsələn, əsərin bir yerində Vediha bacısının qoşulub qaçdığını, amma qaçıranı tanımadığını deyir. Dərhal Samihanın mətni başlayır. O, üzünü birbaşa oxucuya tutub deyir ki, elə bilirsən kimlə qaçdığımı sənə deyəcəm? Xeyr!

Elə buna görə də əsəri oxuduqca gözlərimin qarşısında belə bir mənzərə canlandı: bütün obrazlar səhnədə düzülüblər. Qiraətçi əsəri oxuyur. Hər qəhrəmanın hissəsi yetişəndə o, bir addım qabağa çıxaraq öz mətnini söyləyir, sonra yenidən geri çəkilir

Mövlud=İstanbul

Sizcə Mövlud niyə boza satmaqdan əl çəkmir? Hətta yaşlananda da, başqa işdə işləyəndə də bozaçılığı unutmur. Bir anlıq gecələri təğyiri-libas olub şəhərləri gəzməyə çıxan padşahları düşünün. Elə əsərdə adı çəkilən IV Muradı xatırlayın (o da təğyiri-libas olurdu). Çünki bayaq da yazdığımız kimi bir şəhəri ən yaxşı tanımağın, tuhaflıklarını görməyin, bilməyin yolu onu gecə görməkdir. Küçələrini gecə dolaşmaqdır. Şəhərin necə dəyişdiyini hər gecə bir az da uzaqlarda yanan işıqlarından bilmək olar. Tarixi bir içki olan boza isə burda sadəcə vasitədir. Mövlud boza satmaq adyıla hər gecə “təğyiri-libas” olub İstanbulu gəzir. Beləliklə o, şəhərin sahibinə çevrilir. Mövludun timsalında Osmanlı sultanları yenidən dirilir. Və oxucu da daxil olmaqla Mövlud əsərin sonunda bilmir ki, bu tuhaflıqlar harda baş verir; şəhərdəmi, Mövludun başındamı?

Bəlkə şəhər elə Mövludun özüdür? Əgər “mövlud” sözü “doğulmaq, dünyaya gəlmək” deməkdirsə, əsl şəhər də birhüceyrəlilər kimi sürəkli özü-özündən törəyən, doğulan, artan deyilmi?

Deməli, Mövlud elə İstanbuldur.

Və deməli Pamuk yenə də İstanbul haqqında yazmış.

# 1780 dəfə oxunub

Müəllifin son yazıları

# # #