Küçük İsgəndərin Kulisə müsahibəsi: “Kimisə boğmaq istəyirəm...”

Küçük İsgəndərin Kulisə müsahibəsi: “Kimisə boğmaq istəyirəm...”
3 iyul 2019
# 12:01

Kulis.az tanınmış türk şairi Küçük İskəndərlə müsahibəni təqdim edir.

33-cü İstanbul Kitab Fuarı çərçivəsində Ataol Bəhramoğlunun yaradıcılığının 50-ci illiyi ilə əlaqədar təşkil olunmuş gecədə gördük Küçük İskəndəri... Azərbaycandan gəldiyimizi, ondan müsahibə almaq istədiyimizi bildirdik. Razılaşdı. Bizə iki nömrə (dostu ilə özünün) verdi və iki gün sonra zəngləşib görüşə biləcəyimizi söylədi.

Vədələşdiyimiz gün günortadır... Artıq üç dəfə şairə zəng vurmuşam. Nömrəyə zəng çatmır. Dostunun telefonunu isə götürən yoxdur. Qismət yarıciddi, yarızarafat deyir ki, aldanma şair sözü, əlbəttə yalandır!

Eh, şair, siz hamınız o məşhur misradakı kimisizmi? Artıq Facebookda Küçük İskəndərlə şəklimizi də paylaşmışam. Deməzlərmi şəkil çəkdirdin, bəs müsahibə hanı? Hər şey bir yana, axı Ağa Cəfərliyə nə cavab verəcəm? Kişi inboxuma capslokla yazıb özü də: “KÜÇÜK İSKƏNDƏRLƏ MÜSAHİBƏ ALMASAN, QAYITMA!!!”

İndi mən nə edim? Necə qayıdım vətənə? Gedim dünən gördüyümüz, körpünün yanında gecələyən suriyalı qaçqın ailəyə qoşulum? Yox e, şair, əl çəkən deyiləm.

Ürəyimdə bunları deyə-deyə bütün müqəddəsləri, cəddimi köməyə çağırıram. Özümü elə göstərirəm, guya heç vecimə də deyil, amma Ağanın o qəzəbli sifətini yadıma salanda içim-içimi yeyir.

Bir də gördük, budu, telefon zəng çaldı. İskəndərin dostudu. Tanışlıq verdik, o da şairin başqa nömrəsini verdi, zəng vurduq.

Budur, şairlə vədələşdiyimiz yerdə, Taksimdə, Marmara otelinin qarşısındayıq.

İndicə gələcək. Gözümüz otelin qapılarındadır. Bəs necə, Türkiyənin məşhur şairi olasan, oteldə daimi nömrən olmaya? Burda o qədər adamın daimi nömrəsi var ki, Küçük İskəndərinki niyə olmasın?

Şair gəldi. Amma oteldə qalmırmış. Varlıların, məşhurların yaşadığı Cihangir tərəflərdə, amma özünün dediyi kimi, daha çox kasıbların yaşadığı səmtdə kirayə qaldığını söylədi.

Dərhal söhbətə başladı. Küçədə restoran masalarının yanındakı itləri göstərib dedi ki, bunlar küçə itləridir. Restoran müştəriləri ilə o qədər dostlaşıblar ki, artıq onlar hər dəfə bura gələndə itlər də gəlir, ailə kimi olublar, kənardan baxanda küçə itləri olduğunu hiss etməzsən.

Qazançı yoxuşu tərəfdən aşağı düşürük. İskəndər 1977-ci ilin 1 May mitinqində insanların bu yoxuşda güllələndiyini deyir: “Mitinq iştirakçıları yoxuş yuxarı qalxmağa çalışırdı. Polis kardonu qarşısına kəsdi. Marmara otelinin damında dayanan snayperlər yuxarıdan atəş açdılar.”

Bu hüznlü tarixçədən sonra bir müddət susaraq addımlayırıq.

“Hələ çoxmu üzüaşağı gedəcəyik, şair?” - soruşuram.

“Sıfır qatına qədər” - deyir şair.

Bu ifadənin mənasını dörd mərtəbəli binanın qapısından girəndə anlayıram. Yuxarı qalxmaq yerinə bir neçə pillə aşağı enirik - sıfır mərtəbəsinə... Burası üç otaqlı, yarıqaranlıq, kiçik mənzildir. Məşhur şair burada yazırmış o gözəl şeirlərini. Bu darısqal, divarlarının boyası tüstüdən qaralmış, rəngi solmuş komacıqda.

Nə içəcəyimizi soruşur; qəhvəmi, çaymı, pivəmi? Biz pivə deyirik. Şair “Elə də zənn etmişdim” deyir və yolda aldığı pivə butulkalarını bizə uzadır. Daha sonra “Mənim qoltuğum” dediyi divanın arxasına, həmişəki yerinə keçir.

Qonaq otağındakı mizin ətrafında yerlərimizi alandan sonra diktofonu qoşuruq. Şair də maraqla bu müsahibəni necə çıxaracağımızı, çətin olub-olmayacağını, əlifbalarımızdakı hərf fərqlərini soruşur. Çünki sosial şəbəkələrdə azərilər ona tez-tez yazırmışlar. Bəzən anlasa da, bəzən çətinlik çəkirmiş:

- Mənimlə bir müddət azəri arkadaşlar yazışırdı. Çoxu məni orada tədbirlərdə görmək istəyirdilər. Çünki uzaq olduğuna görə çoxu bura gələ bilmir. Onların qənaətinə görə mən çox fəal adamam.

İstər Türkiyədə, istər dünyanın başqa ölkələrində içinə qapalı, insanlarla əlaqə yaratmayan şairlər çoxdu. Tədbirlərdə iştirak etməz, müsahibə verməzlər. Amma mən belə deyiləm. Dəvət olunduğum bütün tədbirlərdə iştirak etməyə çalışıram. Çünki həm ölkəmizdəki şərtlər, həm də Şərqlə Qərbin bir-birindən qopuq olması, Anadoludakı dostlarımızın ədəbiyyat başda olmaqla sənət məsələlərində yoxsul buraxılması, mən və mənim kimi bir çox insanı üzür. Ona görə mümkün olduqca turnelər keçirir, tədbirlərə qatılırıq. Bu mənada mənim kimi yollara düşən üç-beş şair var. Bunu görən azəri dostlar onlar tərəfə də yolumuz düşər deyə təkliflər edirlər.

- Bildiyimiz qədər, bir neçə gün öncə Amerika səfərindən qayıtmısız.

- Bəli, getmişdim. Bu cür səfərlərim olur. Amma Türkiyənin Şərqindəki ölkələrə heç getməmişəm. Təklif olsa məmnuniyyətlə gedərəm.

- Bununla əlaqədar bir neçə video da var. Bir barda şeir gecələri keçirirdiz. İstanbuldaydı?

- Təxminən 20 il əvvəl İstanbulun göbəyi dediyimiz Bəyoğlunda, İstiqlal caddəsində şeir performansları göstərdik. Tanınmış şairlər, ya da şeir yazan, amma özünü ifadə edə bilməyən, şeiri çox sevən adamlar səhnədə özünə yer tapır, mikrofon ala bilirdi. Bunu illərcə həyata keçirdik. Bəzən içkinin təsiri ilə dava-şava, fikir ayrılıqları olsa da, inanın, bir çox insan o tədbirlərdə yetişdi, orada sosiallaşdı.

Zaman içində mən bunun yorucu tərəfini gördüm və formasını dəyişməyə çalışdım. Çünki dünyanın hər yerində belədir. Hər sənətin adamları öz çevrələri daxilində dostluq edirlər, yəni rəssamlar rəssamlarla, musiqiçilər musiqiçilərlə, şairlər şairlərlə. Buna görə bizi dinləməyə gələn, xüsusən gənc şeirsevərlərin müxtəlif peşələrdən olan sevdiyi adamları vaxtaşırı izləmək imkanı olmurdu. Bir adam teatramı getsin, kinoteatramı getsin, konsertəmi getsin, bir şeir panelinəmi gəlsin? Düşündüm ki, ayrı-ayrı sənət sahələrinin adamları niyə bir araya gəlməsinlər? Ağlıma XX əsrin əvvəllərindəki fransız kafeləri gəlirdi. Bir-biri ilə savaşan, bir-birinə sataşan, amma yenə də dost qalan şairlər, rəssamlar, aktyorlar...

“Niyə bizdə bu cür olmasın?” fikri ilə keçirdiyim şeir axşamlarının biçimini dəyişdirdim. Beləliklə, Türkiyənin tanınmış musiqiçiləri ilə səhnəyə çıxmağa başladım. Amma onlar mənim arxamda çalmırdı. Əvvəlcə mən şeirimi deyirdim, sonra onları zarafatla, yumorla səhnəyə dəvət edirdim, beləcə gecəyə alışmalarına çalışırdım. Bəzən qonağımız olan tanınmış jurnalistlər, rəssamlar, aktyorlar o gecə səhnəyə çıxıb tamaşaçı ilə görüşürdülər. Onlara da fərqli tapşırıqlar verirdik. Məsələn, bir teatr adamına öz yazdığı şeiri oxutdururduq. Və ya bir rejissorun ədəbiyyat haqqında fikirlərini dinləyirdik. Oxucu ilə sıcaq təması heç əldən vermək olmaz. Bu gecələri kitab satışı üçün, məşhur olmaq üçün deyil, sırf içimdən gəldiyi üçün edirdim.

- Bu gecələr sırf könüllülük əsasında idi, yoxsa ora gələnlərdən müəyyən məbləğdə pul alınırdı?

- Təzə-təzə başlayanda giriş tamamilə sərbəst idi. Hər kəs ancaq barda içdiyi içkinin pulunu ödəyirdi. Sonralar əlbəttə musiqinin iştirakı ilə həyata keçirdiyimiz gecələrdə müəyyən tələbimiz olurdu. Amma bunu, inanın ki, insanların pulunu mənimsəmək üçün deyil, bar işçilərinin ehtiyaclarını ödəmək üçün edirdik. Bundan başqa, qapıda bilet alınan zaman kitab, üstəlik jurnal hədiyyə edirdik. Bundan başqa, içəridə içkinin pulu alınmırdı. Bizi dinləməyə gələn tamaşaçının pulunun qarşılığını ödəməyə çalışırdıq.

- Bizdə də bu cür şeir gecələri keçirilirdi. Amma daha çox rəsmi formada olurdu, qalstuk-kostyum filan...

- Mən bir az dəli-dolu adamam. Ağzıma gələni danışdığım üçün, siqaret çəkməyi, içki içməyi sevdiyim üçün, sistemin bizə diktə etdiyi bəzi şeylərə qarşı mübarizə apardığım üçün bu fikirləri rəsmi yerlərdə söyləmək mümkün olmur. Mütləq kimsə çıxıb xəbərdarlıq edir ki, belə danışmayın, gənclərə təsir edər! Bu cür bar ortamlarında keçirdiyimiz performanslarda isə çox rahat oluruq. Çünki mən siqaret çəkirəmsə, dinləyici də çəkə bilməlidir, mən içki içirəmsə, dinləyici də içə bilməlidir. Mən səhnəni daha çox memari xəta kimi görürəm. Yəni oranı səhvən yüksək düzəldiblər. Dinləyici ilə eyni səviyyədə olmaq hər zaman gözəldir.

- Sovetlər dönəmində bu cür şeir axşamları stadionlarda keçirilirdi. Yevtuşenko kimi şairlər minlərlə insana şeir oxuyurdu...

- Bu artıq sırf rejimdən asılıdır. Rejimin istəyindən irəli gələn şeydir. Biz yaşadığımız ölkədəki iqtidarlarla sürəkli mübarizədəyik. Təbii ki, onlar da dəvət edirlər. Anadoluda getdiyimiz bir çox tədbirlər hazırda iqtidarda olan partiyanın bələdiyyəsinin həyata keçirdiyi tədbirlərdir. Orda da, təbii ki, öz fikirlərimizdən vaz keçmədən, onları da qıcıqlandırmadan bir ayrılıq şeiri, bir təbiət şeiri, bir eşq şeiri oxumaq mümkündür. O zaman onlar da xoşbəxt olurlar. Bir də sizi tanıdıqdan sonra öz aləmlərində qurduqları o obrazlar da yox olur. Yaxından ünsiyyət quranda məlum olur ki, bir çox ortaq nöqtələrimiz var və rahat şəkildə münasibət qura bilərik.

- Eşqdən söz düşmüşkən, paneldəki çıxışınızı dinləmişdim. Səhv etmirəmsə Semih Gümüşün idarə etdiyi panel idi. Orda istehza ilə demisiniz ki, eşq adlı roman yazanlar var...

- (Gülür) Bəli. Türkiyənin ən böyük problemlərindən biri budur. Mən buna üfüqi və şaquli yanaşma deyirəm. Bir yazar və ya şair məsələyə şaquli yanaşmalıdır. Şaquli deyəndə bunu nəzərdə tuturam. Yazarın özünəxas mövzusu olmalıdır. Tutaq ki, mövzusu sevgi hekayəsidir, kədərli və ya əyləncəli bir sevgi hekayəsi... Əvvəlcə mövzunu düşünmək, sonra onun süjetini qurub yazmaq lazımdır. Bu şaquli, yəni yuxarıdan aşağı doğru enən bir yanaşmadır. Amma bəzi yazarlarımız başqa cür edir. Mən bu ifadələri işlətsəm, sevgidən bəhs etsəm, gözünə bir az da kədər qatsam, onu eləsəm-bunu eləsəm bir əsər ortaya çıxar. Bu cür etməklə də klişeləri, şablonları inkişaf etdirirlər. Bu da üfüqi yanaşmadır, yəni məsələyə altdan yuxarı yanaşırlar. Yəni bir məsələdən oxucunun anlaya bildiyi şəkildə danışmağa çalışırlar. Halbuki, məsələdən başlayıb xalqa doğru getmək lazımdır. Türkiyədə son dönəmlərdə çıxan sevgi və ya tarix romanlarının çoxu altdan yuxarı yazılır. Yəni xalq bunu anlar deyə yazırlar. Mən bunlara plyaj romanları deyirəm. Heç bir çətinlik çəkmədən bir plyajda şezlonqunu açıb rahat şəkildə oxuya biləcəyin bir roman. Əsl məsələni danışmaq yerinə satış qayğısı ilə yazırlar.

Şeirlərin də bəziləri bu cür yazılır. Deməyim odur ki, Türkiyədə çox satmaq qayğısı ilə kitab yazan bir çox müəllif var. Amma bu cür müəlliflər özlərini inkişaf etdirmədikləri üçün, çox oxumadıqları üçün, spektrlərini genişləndirmədikləri üçün bir müddət sonra eyni sözlərdə, eyni qavramlarda ilişib qalırlar. Bundan sonra ancaq eyni şeyi deyib dururlar. Elə bil ki, bir fil var. Hərlənib-fırlanıb gah filin xortumundan, gah da ayağından yapışırlar. Yəni meşəyə girib digər heyvanlarla da tanış olmaq istəmirlər, niyə? Qorxaqdırlar, cəsur deyillər. Məncə cəsur olan ədəbiyyatçı dünyanın hər yerinə, hər dünyagörüşünə, hər ideologiyaya, hər cinci fərqliliyə, hər cərəyana, hər tərzə, üsluba yaxın olmalıdır. Yaxınlıq dedikdə maraq dairəsinin geniş olmasını nəzərdə tuturam. Təbii ki, hər bir yazarın öz seçimi olmaldır. Bu şərtdir. Amma cahil kimi də yaşamamalıdır. Cahillik yeknəsəqlik yaradır.

- Mütaliənin önəmini vurğuladınız. Amma bir də bu cür fikir var; şairlik istedaddır, allah vergisidir, deməli mütaliəyə, özünü inkişaf etdirməyə gərək yoxdur. Sizin bu barədə fikriniz nədir?

- Müxtəlif sənət sahələrini ayır-ayrılıqda incələsək görərik ki, bir çox sənəti təhsillə öyrənmək mümkündür. Ən bacarıqsız adam belə müəyyən vərdişləri öyrəndikdən sonra hansısa bir uğura imza ata bilər. Kino, teatr, rəsm, musiqi məktəbləri var, konservatoriyalar var. Hətta yaradıcı yazarlıq adlı bəzi məktəblərdə müəyyən bacarıqlar öyrədirlər, bunun sayəsində hekayə, roman yaza bilərsən. Amma şeirin məktəbi yoxdur. Şeir yazmağı heç kəsə öyrətmək mümkün deyil. Bəlkə şeiri oxumaq, anlamaq üçün müəyyən dərslər verilə bilər. Amma şeir yazmağı öyrətmək olmaz.

...Bu zaman qapı döyülür, şair müsahibəni yarıda kəsib qapını açmağa gedir. Gələn şairin Sərdar İrəli adlı dostudur. Hələ müsahibəyə başlamamışdan qonağının gələcəyini söyləmişdi. Dostunun, yaxınlarda bacısı rəhmətə gedibmiş. Yazıq qız öd kisəsindən əməlliyyat olunsa da, bir müddət sonra başqa xəstəlikləri üzə çıxır və qızcığazı xilas etmək olmur. Bu hadisədən sonra depressiyaya düşən dostu uzun müddət evdən çıxmırmış. Təzə-təzə insanlarla qaynayıb-qarışmağa başlayıb. Ona görə şair müsahibə versə də, evinə gəlmək istəyən dostuna etiraz edə bilməyib.

Qonaq gəlib yanımızda əyləşib qulaq asır. Şair davam edir:

- Mənim fikrimcə şeir ona görə öyrədilə bilmir ki, dırnaq içində “allah vergisi” olmaqdan ziyadə bir adamın həyatı dərk etmə vasitəsidir. Siz dənizə baxdığınız zaman ancaq dənizi görə bilirsiz. Əgər gərgin iş rejiminiz varsa tətili xatırlayar, kaş yay gələydi, dəniz qırağında dincələ biləydim deyirsiz. Amma bir şair dənizə baxanda orda üzən gəmiləri görür, dənizin altını görür, dənizin üstündə uçuşan buludların əks olunmasını görür, aylı gecələrdə ayın əksini görür, bəzən duyğulanır, bəzən dalğalardan ilhamlanaraq “Dəniz şahə qalxdı, vurdu qayalıqlara” kimi siyasi şeirlər ağlına gəlir. Bir dəniz belə istər-istəməz sizə başqa şeyləri xatırladır.

Bu bir az da insanların uşaqlıqdan nağıllarla böyüməsindən irəli gəlir. Şairin baxdığı dəniz, dağ belə nağıllarda oxuduğu, eşitdiyi dənizdir, dağdır. Bir şair dağa baxdıqda nağıllarda eşitdiyi o Qaf dağını görər, hər bir dağın simasında gözü simurq dediyimiz o quşu axtarar. Amma adi insan dağa baxanda “ah nə gözəldi, mən burda xizək sürə bilərəm” deyə düşünür.

Yəni bu öz-özünə yaranan bir şeydir. Əgər kimsə, “Şairlər dağa baxanda Qaf dağını görürlər, mən də dağa baxıb yazım” – deyirsə ondan şair çıxmaz. Bu, içdən gəlməlidir. Bir şair davranışı, hərəkəti, siqaret çəkməyi, küçədə gəzməyi, insanlarla münasibəti ilə də seçilir. Belələrinin haqqında “Nə şairanədir” kimi ifadələr işlədirlər. Bir şairin şeirini oxumasanız belə onda bu şairliyi hiss edərsiz. Şairlik bədən dilidir. Buna görə də “Allah vergisi” ifadəsi qismən doğrudur. Çünki bu xarakterlə bağlı bir şeydir. Şəxsiyyət kimi sonradan formalaşmaq mümkündür, amma insanın xarakteri doğuluşdan formalaşır.

- Və bu yerdə mütaliənin önəmi...

- Təbii ki, mütaliə vacibdir. Əslində bütün sənətlər təqliddir. Yəni bir adam rəsm çəkməyə sevdiyi rəssamları təqlid etməklə başlayar. Birini təqlid etdiyinizdə, onun kimi çəkmək, yazmaq istədikcə zaman-zaman özünüzə xas üslubunuz ortaya çıxmağa başlayar. Əgər şairsizinsə, başqa bir şair kimi yazmaq istəyərsiz. Məsələn, Türkiyədə hər kəs Nazim Hikmət kimi, Edip Cansevər kimi, Cemal Sürəyya kimi yazmaq istər. O şairin həssasiyyəti, onun misra qurluşuna oxşar şəkildə yazmaqla getdikcə öz üslubunu tapar. Bir də görər ki, Nazimdən, Edip abidən, Cemal abidən ayrılıb və öz damarını tapıb. Sənətin normal inkişafı budur.

- Siz şeir yazmağa başladığınız zaman təqlid etdiyiniz türk və dünya şairləri kimlər idi?

- Mənim atam kommunist idi. Rəssam idi, kitabların üz qabığının dizaynı ilə məşğul olurdu. Ailəmizi bununla dolandırırdı. Çoxlu yazıçı-aktyor dostu vardı.

Mən daha çox realist şeirlərin təsiri ilə böyüdüm. Çünki kitabxanamızda daha çox o şairlərin şeirləri vardı. Nazimin təsirinin olduğunu deyə bilərəm. Bizdə Nazimi oxumayan şairi döyürlər (gülür). Nazim çox qüvvətli şairdir. Onun səsdən, mənadan istifadə tərzi, həm siyasi fikirləri, həm də sevgi adamı olması cəlbedicidir. Bu qədər həbsdə yatan və bu qədər şorgöz olan başqa şair yoxdur (gülür). Əlbəttə, Nazim Hikmətin hamımıza təsiri olub. Yəni, 15-16 yaşlarımda Nazimin, başqa realist şairlərin təsiri ilə şeir yazırdım. Sonralar məni simvolistlər cəlb elədi: Edip Cansevərlər, Cemal Sürəyyalar, Turqut Uyarlar...

- Dünya şairlərindən kimləri özünüzə yaxın hiss edirsiz?

- Mən daha çox fransız şairlərini özümə yaxın hiss edirəm. Bodler, Rembo mənim üçün çox önəmlidir. Daha sonralar Amerikanın bit nəsli şair-yazarlarını Giznberqi, Keruakı, Berrouzu sevdim. Yəni, mən daha çox nadinc insanları sevirəm. Ədəbiyyatda da insanın niyə nadinc olmasını araşdırmaq istəyirəm.

Mənim həm də tibb təhsilim var. Burdakı ən ciddi universitetlərdən birində 5 il tibb təhsili aldım. Ona görə də patologiyanı yerində öyrənmək üçün, patoloji düşünən, bir az sərt olan insanın həm öfkəsini, həm də öfkəsinin qaynağı ilə maraqlanıram. Niyə öfkəlidir, səbəbi nədir, bunları bilməyə çalışıram. Əslində səbəbini az-çox bilirəm. Çünki Türkiyədə yaşayıram. Türkiyədə öfkələnmədən yaşamaq bir az müşküldür. Amma şairlərin bunu necə ifadə eləmələri, qəlbmi qırdıqları, yoxsa öfkəsini yaradıcı istiqamətə yönəltdiklərini öyrənmək lazımdır. Dünyada da bu cür şairləri oxumağa çalışmışam. Türk ədəbiyyatında qırılma nöqtələri dediyimiz anlarda ortaya çıxmış çox önəmli yazarlar var: Sait Faik, Oğuz Atay, Yusuf Atılqan, Tezer Özlü, Bilge Karasu... Bunlar bizim üçün çox önəmli alternativ imzalardır. Bunları müəyyən məktəblərə, cərəyanlara daxil etmək çətindir. Bunlar hamısı özünəməxsus insanlardı.


- Patologiya dediniz, ağlıma bir şey gəldi. Mişel Fukonun da bioqrafiyasında oxşar şeylərə rast gəldim. O da psixopatologiyanı araşdırmışdı. Sanki bioqrafiyanızda da bir bənzərlik var. Sizinlə ortaq nöqtələri ola bilərmi?

- Zarafat olaraq deyirəm, ciddiyə almayın, amma uzun müddətdir kimisə boğmaq istəyirəm... Hətta o arvadım da ola bilər (gülür). Bizim nəslin daha çox oxuduğu filosof Nitsşe olub. Hələ də çox sevilir.

- Bizdə də çox oxunur.

- Belə çıxır ki, türk əsilli cəmiyyətlərdə Nitsşe çox sevilir. Yəqin “Zərdüşt belə söylədi” əsərinə görədir.

- Gündəlik iş rejiminizi necədir? Bəzi yazarlar sübh tezdən yazı masasının qarşısına keçərlər, bəziləri gecələr yazarlar. Bukovski klassik musiqi dinləyərək yazardı...

- Əgər təkəmsə, gündəlik həyatım televiziyaya, filmə baxmaqla, musiqi dinləməklə keçir. Təbii ki, kitab, jurnal da oxuyuram. Amma daha çox bütün vaxtım dostlarımla söhbət etməklə, bir-iki qədəh içki içməklə keçir. Bəzən dostlar arasında zarafat kimi də deyirlər; mənim nə vaxt yazdığımı, nə vaxt oxuduğumu çox adam görə bilməz. Ən böyük arzum evdə yalnız olmaqdır. Daha çox qapalı yerdə yazıram. Heç oteldə də, bayırda da yaza bilmirəm. Evimdə olanda səhər çox tezdən qalxıram. Özümə gələndən sonra içki içmədən yazmağa başlayıram. Torpağı bol olsun, bizim çox sevdiyimiz şairlərdən biri olan İlham Berkin bir fikri var: “Türkiyədə şairlər müəzzindən əvvəl oyanır”. Mən də adətən müəzzindən əvvəl qalxıb şeir yazmağa başlayıram. İmkan olduqca hər gün şeir və ya esse yazıram. Yaxud yazdıqlarımı gözdən keçirirəm. Amma bu telefonumun ilk zəng çaldığı vaxta qədər davam edir. Yəni telefon mənim üçün xəbərdaredicidir. Telefonum zəng çaldımı, bu ilk xəbərdarlıqla ədəbiyyatdan qopuram, bayıra çıxıb cəmiyyətə, insanlara qovuşuram. İlk zəng o deməkdir ki, artıq bayırda həyat başlamışdı, mən də bundan sonra sıradan bir insana çevrilib xalqın arasına çıxıram.

Bundan başqa panellərə qoşuluram. Bir akademiyada şeir atelyem var, orda işləyirəm. Nəşriyyatla əlaqədar işlərimi görürəm. Yəni, bütün hallarda ədəbiyyatdan bütövlükdə qopmaq mümkün olmur.

Şairin dostu Sərdar bəy bu məqamda söhbətə qoşulur:

- Vallah, 26 ildir, İskəndəri tanıyıram, üst-üstə bir ildən çox evində qalmışam, bir dəfə də olsun, yazdığını görmədim.

- Zaman-zaman belə klişe suallar ortaya atılır: Ədəbiyyat öldü, şeir öləcək, roman öldü və sair. Bunlar haqqında nə fikirləşirsiz?

- Cinayət işləməyə və bir şeyləri öldürməyə o qədər istəkli insan var ki, məsələyə o tərəfdən baxmaq lazımdır (gülür). Amma şeir də pişik kimi yeddi canlıdır. Kimsə öldürməyə çalışsa belə ölmür. Əslində şeir öldü, deyil də “Mən şeiri öldürmək istəyirəm”, ya da “Mənim üçün öldü, çünki mən bacarıqlı deyiləm, madam ki, mən bacarmıram, şeir də ölsün” məntiqi ilə yanaşırlar. Şeir heç bir zaman ölməz. Nə bizdə, nə sizdə, nə də dünyada. İnsan kimsəsiz adaya belə düşsə ən azından qumun üstünə nəsə yazacaq.

Şeirin tərəzisi yoxdur ki, bu pisdir, bu yaxşıdır, deyək. Sunay Akının gözəl bir fikri var: “Şair yumurta deyil ki, toqquşduraq”. Əgər şeiri sevirsinizsə bir çox şeirdən həzz alacaqsız. Əgər şeiri sevmirsənsə, heç olmaya akademik səviyyədə bilməlisən ki, sevmədiyini dilə gətirməyi bacarasan. Məsələn, mən daha çox ateizmə yaxınam. Amma müqayisəyə gəlməyəcək dərəcədə müqəddəs kitablar oxumuşam, kitabxanamda yer alırlar. Yəni yaxınlıq duymadığım bir şeyin belə nə olduğunu anlamağa məcburam. Şairi bir binaya bənzətsək, qapısı bağlı, amma pəncərələri açıq qalmalıdır ki, dünyaya baxa bilsin. Şair gərək bütün dinləri, fəlsəfələri bilsin, arxeologiyanı, tarixi bilsin. Şairin hər şeyə marağı olmalıdır, yəni pəncərəsi çox geniş olmalıdır.

- Saytımızda bir müddət əvvəl “XX əsrin beş ən gözəl şeiri” adlı sorğu keçirdik. İstərdik siz də türk poeziyasında sevdiyiniz beş şeirin adını açıqlayasız.

- Sevdiyim şeir çoxdur. Bu mənada bir sıralama eləməkdə çətinlik çəkirəm. Buna görə də sizlərə indicə ağlıma gələnləri deyə bilərəm.

Nazim Hikmət, “Saman sarısı”

Edip Cansevər, “Tragedyalar”

Orhan Veli, “Anlatamıyorum”

Nilgün Marmaranın bir çox şeiri

Ece Ayhan, “Mechul öyrenci anıtı”

Sorğu ilə əlaqədardır deyə bir fikrimi deyim. Cümhuriyyət öncəsi ədəbiyyata böyük simpatiya ilə baxa bilmirəm. Anlamadığım üçün deyil. Oturub araşdırsam anlayaram. Amma o zaman sanki ədəbiyyatın sahəsi daha darmış, daha çox Osmanlıya xitab edən şeirlər yazılırmış. Deyəcəksiniz ki, orda fərqli şair çıxmayıbmı? Əlbəttə çıxıb, Əndərunlu Fazil. Adam homoseksual idi, bütün Afrikanı, Asiyanı gəzib onlara şeirlər yazırdı. Padşah onu öldürməyib, sürgün etdirirmiş. Niyə öldürtməyib, təxmin edirəm (gülür). Çox dərinə getməyək. Yəni Osmanlıda da marginal şairlər var idi.

- Televizorun altındakı rəfdə CD-lər var. Çox film seyr edirsiz?

- Bunlar musiqi diskləridir. Amma içəridəki otağımda geniş film arxivim var, bir çox rejissorda belə bu qədər film olmaz. CD-lərlə məktəb aça bilərəm.

- Başqa otaqlar da var, deməli.

- Bəli, bir yataq otağım var, bir də kitabxanam. Bayaq dediyim kimi, gündəlik həyatımda ədəbiyyatı göz önündə tutmadığım üçün kitabxanam arxa otaqdadır. Bir də çox gəlib-gedənim olduğuna görə, əliuzun dostların ucbatından kitablarımı, CD-lərimi ora yerləşdirmişəm. Kitabxanamı onlardan gizlədirəm, yoxsa aparırlar (gülür).

Gündəlik həyatımda futbolla çox maraqlanıram. Matçlara gedirəm.

- Hansı klubun tərəfdarısız?

- Fənərbaxçalıyam. Mən şairin oturub-durub həmişə ədəbiyyatdan söz etməsini, hər söhbəti hərləyib-fırlayıb şeirə gətirməsini sevmirəm. Hətta bunu süni hesab edirəm. Məncə bunu ancaq həyatda tənbəl olan insanlar edər. Yəni mən bir meşəyə girəndə gedib koala kimi bir ağaca sarılmıram. Meşəni gəzməyə üstünlük verirəm. Yəni sadə insanlar nədən zövq alırsa, mən də o şeylərdən zövq alıram. Bizdə hətta buna yaxşı baxmayanlar var. Şair matçmı seyr edər? Ədəbiyyat tariximizə baxdıqda bir çox şairmizin idmanla məşğul olduğunu görərik. Nazim həbsxanada belə idmanla məşğul olardı, ordakı cavanlara voleybol öyrədərdi. Və ya Orxan Kamal həbsxanada komanda yaradıb futbol oynayarmış.

- Mizin üstündə taxtadan yonulmuş pişik var. Cahangir tərəflərdə pişiklər çox olur, bu fiqur Cahangirin simvoludurmu?

- Yox. Bu ölən pişiyimin simvoludur. 17 ilə yaxın bir yerdə yaşadıq. Adı Zozidir. Zozi Zozanın qısaldılmış şəklidir, Zozan kürdcə yaylaq demədir. Mənasını bilmirdim, pişiyimə bu adı qoyandan sonra dostlarım dedi. Mənsə bu adı bir səs ararkən təsadüfən qoymuşdum. Zozanın mənasının yaylaq olmasına çox sevinmişdim. Çünki Zozi qızımın gözləri yamyaşıl, dərisi sarılı qəhvəyi, ağ rəngli idi... Həqiqətən də yaylağa oxşayırdı... Zozini itirəndən sonra bu cür kiçik pişik fiqurları ilə onu xatırlayıram.

- Ondan sonra pişik saxlamırsız deyəsən.

- Yox. Mən çox vəfalıyam, həyat yoldaşım ölsə ondan sonra bir daha evlənmərəm (gülür). Amma gələcəkdə maddi durumum əl versə kiçik bir bağça içində it saxlamağı düşünürəm.

- Dost ortamında haralarda oturmağı, harda yemək yeməyi sevirsiz?

- Əvvəllər, gəncliyimdə şəhərə çox tez-tez çıxardım. Hətta deyim ki, “tez-tez çıxardım” sözü bunu dolğun ifadə etmir, evə daha az gəlirdim (gülür). Səhərə qədər içki içər, musiqi dinləyər, rəqs edərdik. Getdiyimiz yerlərdə yeni dostlarla tanış olardıq. Bu gün çoxlu dostum varsa əksəriyyətini o günlərə borcluyam. Türkiyədə ədəbiyyatçılar aradabir bir araya gələ bilirlər. Ona da kiminsə sayəsində nail oluruq. Qərar alırıq ki, çərşənbə axşamları oturaq. Əgər ədəbiyyata yaxın, siyasi baxışımız uyğun gələn bir restoran sahibi dostumuz varsa, çərşənbə axşamları onun restoranında bir masa ətrafında toplaşarıq. Hər kəs cibinə görə içkisini içib, yeməyini yeyir. Ədəbiyyat dünyasında olanlardan kim bundan xəbərdar olursa, gəlir. Kimsə bura xüsusilə dəvət edilmir, kim istəyirsə gələ bilir.

Hardasa beş-altı ildir ki, belə məclislər qurulmur. O məclislərdə çox dəyərli şairlər: Ataol Bəhramoğlu, Nevzat Çelik, Turqay Fişekçi, Ece Ayhan, Orhan Alkaya. Bu ortamlar sevdiyimiz ortamlardı. Sanki yaş artdıqca hər kəs öz klanını qurdu (gülür). Hər kəs öz evində olur, ya da canı ağrıdığına görə bayıra çıxmır.

Yenə də bu məclislər hər kəsin dilindədir. Ən yaşlımız, ən xəstəmiz belə kaş bir qədəh rakı içə bilsəydik deyən kimi hamımız hazır olarıq.

Bizdə meyxanə kültürü ədəbiyyata paraleldir. Mütləq bir yerdə oturub ədəbiyyat söhbətləri, ədəbiyyat dedi-qodusu etmək arzusu həmişə var. İndi hər kəs daha çox öz dünyasına qapanıb. Ya da mənim elədiyim kimi şeir axşamları təşkil edirlər, panellərdən, kitab fuarlarından sonra bir yerdə oturub məclis qururlar. Bütün dünyada artıq hər kəs bir az özü kimi olmağa başlayıb. Bəlkə də artıq şairlərin bir yerdə oturması, o məclislər artıq həsrətini çəkdiyimizi bir şey oldu, çox sıx rast gəlmirik. Bilmirəm, bəlkə sizdə hələ də var.

- Bizdə də var. Siz çərşənbə axşamları deyirsiz, bizdə daha çox cümə günləri yığışırıq. Biz hər günün çərşənbə axşamı olmasını istəyirik (gülürük).

- Bunu da əlavə edim ki, bizdə gənc yazarlar daha sıx görüşürlər. Ədəbiyyat dərgiləri, fanzinlər (samizdat - red.) çıxarırlar, bəzən yazdıqları şeirləri səsləndirmək üçün bir araya gəlirlər. Arada bizləri də dəvət edirlər.

- Sosial şəbəkələrdə nə dərəcədə aktivsiz?

- Mənim də tvitter, facebook səhifələrim var. Tez-tez istifadə edirəm, dostlarla xəbərləşirəm, oxucularımla ünsiyyət qururam. Hər şeydən əvvəl oxucuları müxtəlif tədbirlərlə bağlı xəbərdar etmək üçün istifadə edirəm.

- Burada bilmirəm, bizdə sizin səhifələrdən tez-tez şeirlər paylaşırıq, şeirləriniz aforizm kimi dillər əzbəri olub.

- O səhifələrin çoxu saxtadır. Türkiyədə belə bir dəb var. Mənim adıma açılmış, amma mənim olmayan çoxlu səhifə yaradıb nəsə paylaşırlar. Nə məqsədlə edirlər, bilmirəm. Bəlkə bir az çapqınlıq üçün, ya da məni qaralamaq üçün bunları edirlər. Səviyyəni aşağı salmaq üçün o səhifələrə pis şeirlər qoyub paylaşırlar. Türkiyədə bu cür şeylər çox yayılıb. Hətta Can Yücelə aid olmayan bir şeir onun adından paylaşıldı, daha sonra antologiyaya da salındı.

- Kitablarınızın satışı necədir?

- Mənim oxucu ilə qurduğum əlaqə bir az fərqlidir. Heç aramızda şair-oxucu münasibəti olmadı. Mənim xasiyyətim belədir. Övladım olsa onunla ata-oğul münasibəti qurmazdım, dost kimi olardıq. Aramızda xüsusi bir disiplin olmazdı. Bu disiplinsizliyin də oxucu ilə münasibətlərimizə faydası dəyib. Mənim şeirlərimin oxucuları Türkiyədəki şeir oxucularından fərqlidir. Mən nə yayınlasam, əldə edirlər, baxırlar. Əslində o insanların ədəbiyyatla nə qədər maraqlandıqlarını heç bilmirəm. Məndən başqasını oxuyurlarmı, bunu da bilmirəm. Məni şairdən çox bir rokstar kimi qəbul edirlər. Onlar üçün mən bir fiquram, səhnəyə çıxıram, filmlərdə oynayıram, televiziya verilişlərinə çəkilirəm. Sanki onların təmsilçisiyəm.

- Səhv etmirəmsə Okan Bayülgənin verilişində idi...

- Onun verilişlərinə çox çıxdım.

- Orda maraqlı bir şey söylədiniz. Ədəbiyyat və şər mövzusunda...

- Yaxşılıqdan bəhs edən insanlar əslində şəri yox hesab edərək bizi həmişə aldatmağa çalışırlar. Yəni onlar yalan söyləmirlər, amma hərtərəfli danışmadıqları üçün bizi var olmayan bir dünyaya hazırlayırlar. Şərdən, pislikdən xəbəriniz olmadan həyata atılsanız, şərlə ilk qarşılaşdığınız andaca yıxılma ehtimalınız böyükdür.

Burdakı pislik məncə yaxşılığı tarazlaşdıran və var olan bir pislikdir. Mən heç kimin, özümün belə sırf yaxşı olduğumu düşünə bilmirəm. İnsan varlığının yaxşı olduğu qədər pis, pis olduğu qədər yaxşı tərəfləri var. Bunu tarazlaşdırdığınız zaman irəli gedə bilərsiz.

Bu təkcə insana aid deyil. Təbiət hadisələrində də bu tarazlığı qorumaq lazımdır. Yağış nə qədər gözəl yağırsa yağsın, bir az çox yağarsa selə çevrilər və hər şeyi məhv edər. Eyni şey qar üçün də keçərlidir. Yəni, yaxşı ilə pisi bir-birindən ayırmamaq lazımdır. Bir uşağa dünyanın yaxşılıqlardan ibarət olduğunu desəniz həyata atıldığı zaman başına gələn ən kiçik bir şeydə məhv olduğunu görəcəksiz. Sizin o nöqtədə pislikdən bəhs etməyiniz xəbərdarlıq kimi bir şeydir.

- Sevdiyiniz yazarlar kimlərdir?

- Bir az əvvəl Oğuz Ataydan bəhs etdim. O, mənə kökünə qədər təsir edən bir insan, bir yazardır. Təbii ki, rus ədəbiyyatı çox qüvvətlidir. Fransız ədəbiyyatı şeir məsələsində mənə necə təsir edibsə rus ədəbiyyatında da – təbii ki, Mayakovskini unutmamaq gərəkdir – roman sənəti təsir edib. Dostoyevski sevdiyim yazarlardandır. Qoqolun adını çəkə bilərəm. Bəlkə mənim nəslim çox Tolstoyçu olmadı, amma Dostoyevski hələ də çox sevilən, oxunan bir yazardır.

Amma o qədər də roman sevən adam deyiləm. Mənə görə roman çox üfüqi sənətdir. Romançılıq başqa insanların həyatlarını nəsə bir süjet halına salıb mənə təkrar danışan bir anlatıcı kimi gəlir. Yəni romançılığı bir sənət kimi görmürəm. Romançı dostlarımız inciməsin, amma roman sənəti yaradıcılıqdan çox yükdaşıma işinə oxşayır. Sanki nəyisə bir yerdən götürüb mənə gətirirsən.

Əslində roman artıq kinematoqrafiya sektoruna xidmət edən bir sahəyə çevrilib. Romanları ssenarilərin bir az daha ədəbi halı kimi görürəm. Amma şeirin elə bir xüsusiyyəti yoxdur. Şeir xaosdur. Bir qazanda nəsə qaynayır və siz əyilib baxırsız; üzünüzə bir şey də sıçraya bilər, içinə də düşə bilərsiz, çox ləzzətli bir şey da əmələ gələ bilər. Ya da ondan gələn qoxudan huşunuzu itirib ölə bilərsiz. Şeirin özünəxas xaousu var. Bir romanda bunu əldə etmək mənə inandırıcı gəlmir.

Təbii ki, Orxan Pamuka, Yaşar Kamala pis yazar deyə bilmərəm. Biri əgər Yaşar Kamal kimi Çukuroba insanlarının həyatını anlatacaqsa, mənim kimi İstanbul kökənli olub o bölgənin insanlarının həyatını bilməyən oxuculara onların mücadilələrini təqdim edəcəksə, bir bəlgəsəl əhəmiyyəti daşıyacaqsa, başımın üstündə yeri var. Roman çox önəmli bir şey olsaydı, inanın bütün müqəddəs kitablar roman olardı, amma bütün müqəddəs kitablar şeir kökənlidir, bilirsiz.

Müsahibəni bitirib pivəmizi içməyə, siqaretimizi çəkməyə davam edirik. Küçük İskəndər Sərdarla zaman-zaman Azərbaycan kanallarına baxdığını söyləyir. Bizim dilimizin onlara çox maraqlı gəldiyini, bizim kanallara baxdıqları zaman əyləndiklərini söyləyir. Məsələn, biz futbol termini kimi qapıçı kəlməsi işlədirik, onlarsa kaleci deyir. Qapıçı isə bəkçiyə deyirlər. Mənsə bizdə də eyni şeylərin zaman-zaman yaşandığını deyirəm: “Bizim stendapçılar “uyumaq istiyorum” ifadəsi ilə bağlı bir zarafat hazırlamışdılar, bizdə uyumaq narkotik maddə qəbul etmək anlamına gəlir”.

Gülüşürük. Hər iki dildə eyni sözün müxtəlif məna verdiyini deyirik, nümunələr gətiririk. Elə bu zaman Küçük İskəndər diktofonu yenidən qoşmağımızı və müsahibəyə aşağıdakı fikirlərinin əlavə olunmasın xahiş edir:

- Madam ki, sizlər bura qədər gəldiniz, Türkiyədəki böyük bir əskiklikdən sizə söz etmək istəyirəm. Azəri ədəbiyyatı Türkiyədə demək olar ki, heç tanınmır. Həm klassikləriniz, həm modern klassikləriniz, həm də bu günün yazarları, şairləriniz demək olar ki, heç tanınmır. İndiki halda sizlərin bir az fəaliyyətə keçməyiniz, eyni zamanda burdakı tərcüməçilərin, nəşriyyatların bir az daha çalışqan olması lazımdır. İki qardaş millətin, hardasa eyni dildə danışan insanların, bir-birlərinə ədəbiyyat məsələsində bu qədər yad olması qəbuledilməzdir.

Söhbətləşdi: Qismət və Mirmehdi Ağaoğlu

2014

# 4943 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #