Məni gecə qorxudan cadugər - Mirmehdi Ağaoğlu YAZIR

Məni gecə qorxudan cadugər - <span style="color:red;">Mirmehdi Ağaoğlu YAZIR
25 yanvar 2016
# 12:45

Kulis "Unuda bilmirəm" layihəsində Mirmehdi Ağaoğlunun xatirəsini təqdim edir.

18-22 yaşlarında bir gənc üçün məhrumiyyətlərin bol olduğu həyatda əsgərlik ilk dayanacaqdır. Yəqin əsgərliyə ona görə kişilik məktəbi deyirlər ki, həyatın girinti-çıxıntılarında hələ çox acılar yaşayacaq insan azad həyata addım atdığı ilk andaca məhrumiyyətlərə, çətinliklərə öyrəşsin, görüb-götürsün. Əsgərlik həyatıdı, bəzən yeməkdən doymursan, yeknəsək xörəklərdən bezirsən, bəzən siqaretin olmur, onda lap çay yarpağı da sənə “Marlboro” kimi görünür.

Mənim məhrumiyyətlərimə isə oxumaq aclığı da calanmışdı. Oxumağa kitab tapmırdım. Özümlə hərbi hissədən zastavaya gətirdiyim “Oliver Tvistin macəraları”nı isə oxuyub qurtarmışdım. İndi təzə kitab axtarırdım. Amma yox idi. Onda əlimə bir təqvim keçdi. Uşaq vaxtı o təqvimlərdən çox evdə görmüşdüm, kitab kimi, evin görünən yerindən asar, hər gün bir vərəqini qoparardılar. Bu təqvimlər evəbənzər kiçik zastavamızın heç bir divarından asılmamışdı, elə ortalıqda gəzirdi. Çoxdandır oxumağa bir şey tapa bilmədiyim üçün mən də ona təqvim kimi yox, elə kitab kimi yanaşdım və içindəki yazıları oxumağa başladım.

Hər şeyə şübhə ilə baxmaq xasiyyətimdir. Ona görə də təqvimdə oxuduğum mistik əhvalatları gülərək keçirdim. Orda mənə ən çox təsir edən Rasputinin həyatı haqqında olan mistik faktlar idi. Onun haqqında əvvəllər də məlumatlı idim, amma indi oxuduqlarım bu gözdən-könüldən iraq uca dağ zastavasının qaranlıq gecələrində mənə vahiməli gəlirdi. Həyətə hər siqaret çəkməyə çıxanda üşənirdim, elə bilirdim o qara saqqallı cadugər Rasputin indicə odunluqdan çıxıb üstümə şığıyacaq. O gecələrdə Ay da elə yaxından işıq saçırdı ki, sanki bu dəqiqə dağın başından zastavanın üstünə diyirlənəcək.

Rasputin əhvalatından başqa təqvimdən bir məlumat da xatirimdədir. Mənə elə gəlir ki, heç vaxt unutmayacam və hər dəfə mistika ilə bağlı söhbət düşəndə o əhvalatı danışmağa məqam gözləyəcəm. Ordakı məlumat təqribən belə idi: Braziliyada bir cadugər qarı xəbər veribmiş ki, 2001-ci ildə Nyu-Yorkdakı əkizlər binasına hücum olacaq, binalar terror aktı nəticəsində dağılacaq. Bu yerə çatanda özümü saxlaya bilmədim. Açığı dodağım da qaçdı.

Öz-özümə dedim ki, ta bu qədər yox da, kitab hazırlayırsız heç olmazsa insanları belə ucuz vasitələrlə aldatmayın. Üstündən üç-dörd il keçəndən sonra “11 Sentyabr” haqqında danışmağa nə var. Və etinasızlıqla təqvim-kitabı örtdüm. Yalnız bu zaman diqqət edib gördüm ki, təqvim 2000-ci il üçün imiş.

Bədənim üşəndi. Heyrətdən yerimdəcə dondum. O an Rasputin belə məni görsəydi qorxardı.

# 1226 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #