"BMT-dən Kərbəla anonsu"

"BMT-dən Kərbəla anonsu"
28 iyul 2023
# 13:00

Kulis.az Mirmehdi Ağaoğlunun "Hər yer Kərbəla olmadan" yazısını təqdim edir.

Biz uşaq olanda böyüklər Aşura günündə qətl sınana kimi sudan istifadə etməyə qoymazdılar. Çimmək, həyət suvarmaq, maşın, paltar yumaq və bu qəbildən başqa işlər görmək olmazdı. Ümumiyyətlə, o dövrdə qətl sınana kimi (saat 12-yə kimi) iş görülməzdi.

Sudan istifadənin bu məhdudiyyəti zahiri mənada günah adı ilə kodlaşdırılıb, istər-istəməz müəyyən suallar doğursa da əslində, məğzi tamam ayrı idi.

İndi daha sovet buxovlarından yenicə sıyrılmış xalq deyilik ki, məlumatsız olaq, sosial şəbəkələr dini kontentlərlə qaynayır, bilən də, mənim kimi bilməyən də dindən danışır, odur ki, təfərrüat yazmağa lüzum yoxdur:

Kərbəla faciəsi bir ovuc haqlı insanın (qadınlı, qızlı, körpəli) suyla sınağı idi.

Kərbəla faciəsi bur ovuc haqlı insanın suyla ram edilmə cəhdi idi.

Kərbəla faciəsi bir ovuc haqlı insanın ölüncə susuz saxlanılması idi.

Kərbəla faciəsi bir ovuc haqlı insanın suyla sındırılmasına, təslim edilməsinə cəhd idi.

Bunun üçün də böyüklər Aşura günü sudan izafi istifadəni günah adlandırmaqla Kərbəla hadisəsində susuz qalmış insanlara ehtiram göstərirdilər. Yəni təkcə qara geyinmirdilər, məscidə gedib sinə vurmurdular, mərsiyə demirdilər, həm də bu cür əməllərlə Kərbəlanın fəlsəfəsini yaşadırdılar.

Bunu bu Aşura günü niyə xatırladım?

Dünən BMT iyulun dünya tarixinin qeydə alınan ən isti ayı olacağı ilə bağlı açıqlama yayıb və bəşəriyyəti dəhşətli günlərin gözlədiyinin anonsunu verib.

Dünya hazırda böyük bir iqlim böhranı ilə qarşı-qarşıyadır. Bizi yaxın on illərdə təhlükəli meşə yanğınları, sel fəlakətləri, eləcə də su qıtlığı gözləyir.

Təəssüf ki, Azərbaycan da kifayət qədər su ehtiyatı olmayan ölkələrdəndir. Bu qıtlığın başlaması ilə ilk zərbə dəyən ölkələrdən biri də Azərbaycan olacaq.

Bu çox vacib, əhəmiyyətli məsələdir. Bunun üçün də insanlar sudan qənaətlə istifadə eləməlidirlər. Çünki artıq dünyada təkcə şirin su problemi yox, həm də içməli su qıtlığı yaşanır. Bu dəhşətli problemdir. Suyun qızıl qiymətinə olacağı dövrə gəlib çıxırıq.

XXI əsrin müharibələri neft uğrunda yox, su uğrunda aparılacaq.

Dünyanın Kərbəladakı kimi suyla imtahan ediləcəyinə gün qarşımızdadır.

Bunun qarşısını almaq təkcə dövlətlərin yox, fərd olaraq hər kəsin üzərinə düşür. Hər su kranı açan şəxs bu məsuliyyəti öz üzərində hiss etməlidir.

Aşura günündə bu məsələyə niyə toxunuram? Kərbəla faciəsindən çıxan bir etik məsələ də bəlkə, budur: Suya ehtiramla yanaşmaq, onu qorumaq. Burda həm də xilas məsələsi var, bəşəriyyətin xilası, gələcəyin nicatı.

İbadət təkcə dinin qaydalarını, hökmlərini yerinə yetirmək deyil. İbadət - Kərbəla faciəsinə sayğı onu təkcə müəyyən olunmuş gündə xatırlamaq, məscidə getmək, mərsiyə demək, ağlamaq demək deyil. Bu göstərişdir, kobud desək, farmazonluqdur. Kərbəla müəyyən fəlsəfə ilə iluzunu yaşamaqdır. Ona yiyələnməkdir. Onunla hər an düşünməkdir.

Bu dəfə bəzi ağızdanpərtovların işlətdiyi kimi 1400 il əvvəl ölən bir ovuc ərəb üçün yox, özümüz üçün ağlamalıyıq.

Yoxsa dünyamız həqiqətən "Kərbəla" olacaq və o gün bizə bir ağlayan tapılmayacaq.

# 2977 dəfə oxunub

Müəllifin son yazıları

# # #