O əsəri oxuyan yataq xəstəsi olmalıdır... – Mətləb Muxtarov yazır

O əsəri oxuyan yataq xəstəsi olmalıdır... – Mətləb Muxtarov yazır
19 oktyabr 2019
# 16:27

Kulis.az Mətləb Muxtarovun “İtirilmiş zamanın utancı” yazısını təqdim edir.

Borxes “Alef” hekayəsinin eyni adlı qəhrəmanı haqqında danışarkən daha çox güzgü sözündən istifadə edir. O, əsərdə Alefi bütün dünyanın gözü kimi təsvir etsə də, hekayənin sonunda Makedoniyalı İsgəndərin, Keyxosrovun aynasından danışmaqla Alefin mahiyyətini açmağa çalışır. Ömrünün son illərində gözləri tutulan Borxes üçün ayna bəlkə də elə dünyanın gözü idi. Həmişə o hekayəni oxuyanda xəyalımda ayna canlanır. Dünyanın hər yerini, hər zərrəsini, hər hərəkətini görməyimizə imkan yaradan ayna. Biz ayna qarşısında dayananda əvvəlcə öz əksimizi görürük. Bəs görəsən, nə hiss edirik, üz cizgilərimizə baxanda nəyi xatırlayırıq? Ayna bizim üçün nədir?

***

İnsan psixologiyasının formalaşmasında əsas rolu uşaqlıq oynayır. Uşaqlıq isə hardasa uzaqda, gözlə görünməyən, amma həmişə xatirələrimizdə canlanan yerdə, yəni ki, keçmişdədir. Nədənsə aynaya baxıb öz əksimi görəndə uşaqlığım yadıma düşür. Hər şey film kadrları kimi gözümün önündən keçirlər. Əvvəlki suala qayıdıram: “Ayna bizim üçün nədir?”

Bəlkə ayna özümüzlə üzləşmək üçün bizə lazım olan əşyadır? Bəs aynaya baxarkən biz özümüzlə, öz keçmişimizlə, səhvlərimizlə üzləşə bilərikmi? Cavab subyektiv olacaq. Elə mən də nə cavab verəcəyimi bilmirəm, amma “mümkündür” deyən bir nəfər tanıyıram: “Uzun illər eyni yuxu məni izləyirdi. Yuxuda mən doğulduğum və kandarından min dəfə keçdiyim evə girirdim. Həmişə başa düşürdüm ki, bu, yuxudur, amma hər şey həm də heyrətamiz dərəcədə real idi. Bu, çox ağır hiss idi – nəsə səni geriyə, keçmişə dartır. Mənə elə gəlirdi ki, bu qəribə hadisəni reallığa çevirməklə öz hisslərimdən xilas olacam. Film çəkməklə mən həqiqətən də o duyğulardan qurtuldum, amma bunu da hiss elədim ki, hansısa mənada özümü də itirdim”, – Andrey Tarkovski deyir.

“Andrey Rublyov”, “Stalker”, “Solyaris”… Amma Tarkovskinin ən avtobioqrafik filmi “Ayna”dır. Bu film keçmişi xatırlayan və xatırlamaqla peşmançılığını gizlətməyən bir insanın etirafıdır. Bəlkə də Tarkovski bu film vasitəsiylə keçmişə dönərək uşaqlığını, xatirələrini, travmalarını, yaşantılarını yenidən araşdıraraq öz mövcudluq səbəbini axtarırdı. “Ayna” filminə baxdıqca ağlıma bir şey gəlir: keçmişi, uşaqlığı Andrey Tarkovskini çıxılmaz bir labirintə sürükləyib və bu labirintdən çıxmaq üçün ona Ariadna sapı lazım olub.

***

Qəbul etdiyimiz üç zaman anlayışı var: keçmiş, indi və gələcək. Platona görə, zaman əbədiyyətin axıcı formasıdır. Yəni hər keçən an əbədiyyətə qovuşur. Aristotel isə deyirdi ki, zaman anların toplusundan başqa bir şey deyil. Aristotel üçün zaman həm də hərəkətin ölçüsüdür.

Zaman haqqında ən böyük araşdırmanı isə yəqin ki, Anri Berqson aparıb. Berqsona görə, metafizikanın başlıca problemi zaman anlayışıdır. O, dünyadakı bütün sirlərin açarını zamanın çözülməsində görürdü. Berqson zamanı gündəlik həyatın içində şüurumuza aid faktların keçdiyi eyniformalı bir vasitə kimi qəbul edirdi. Bu yolla düşünülən zaman “məkanlaşmış zaman”dır və gerçək zamanla əlaqəsi yoxdur. Berqson gündəlik mənada düşünülən fiziki zaman anlayışını həqiqi zaman olaraq adlandırdığı Müddət (le Durée) anlayışından ayırırdı. Berqsona görə, zaman bölünməyən bir şeydir, amma gerçək zaman Müddətdir.

Berqson keçmiş, indiki və gələcək zamanı bir-birindən ayırmırdı. Keçmiş tamamilə yox olub gedə bilməz. Müddət keçmiş, indi və gələcək arasında ayrılmaz bir bağ qurur. Onun Müddət adlandırdığı bu əbədi zaman axını ancaq instinktiv yolla qavrana bilər.

Haydegger isə Berqsonun zaman haqqında fikirlərinə qarşı çıxmış, onun dediklərini Aristotelin fikirlərinin dekonstruksiyası adlandırmışdı. Haydeggerə görə, Berqson həm də zamanı məkanla əlaqələndirib ki, bu zaman-məkan əlaqəsi Hegeldə də var. Hegelə görə, zaman elə məkandır. Ancaq sonralar Haydegger Berqsonun zaman haqqında fikirlərinin bəzilərini qəbul etmişdi.

***

Berqsonla eyni vaxtda Fransada bir nəfər də zaman məfhumu üzərində uzun-uzadı düşünür, yaddaşında keçmişə qayıdır, nəsə yazır, amma bəzən xəstəliyi yazmağına mane olurdu. Bu, Marsel Prust idi. Berqsonun “zamanı yaradan yaddaşdır” fikri Prustun “İtirilmiş zamanın sorağında” əsəri üçün necə də keçərlidir. Prust Berqsonun fikirlərindən çox təsirlənmişdi. Uzun illər Parisin kübar cəmiyyətində, gecə ziyafətlərində zamanını itirən, bununla belə o ziyafətlərdəki dedi-qodularla, kübar cəmiyyətdə baş verən bütün qalmaqallı hadisələrlə maraqlanan Prust üçün keçmiş – itirilmiş zaman idi?

***

Borxesin dediyi kimi: “Hər kəsin yaddaşı sırf özünə məxsusdur və biz əsasən xatırladıqlarımızdan ibarətik”. Xatırlamaq – keçmişə qayıtmaqdır. Xatırlamaq – insanlığın arzusunda olduğu zaman səyahətidir və biz bu səyahətə üç zaman dilimindən yalnız birinə, keçmişə qayıtmaqla çıxa bilərik. Prust da bu işi görürdü – o xatırlayırdı.

Biz keçmişi birdəfəlik itiririk. İndini, bu anı yaşayırıq, amma indi də kiçik zaman kəsiyindən (lap elə bu saniyədən) sonra keçmişə çevrilir. Və itir. Ona görə də, keçmiş zaman – itmiş zamandır. Prust da itirdiyi zamanı axtarırdı. Elə o da itkin zamanın sorağına çıxaraq (“xatırlayaraq” da demək olar) Minotavr labirintinə düşmüşdü. Xilas üçün yenə də Dedalın Ariadnaya tövsiyə etdiyi, Teseyi labirintdən qurtaran ip yumağı lazım idi. Prust üçün bircə xilas yolu vardı: yazmaq.

***

Fikir vermisizsə, xəstə, bədbəxt, tənha insanlar keçmişə sevgiylə baxırlar. Onlardan ötrü xatirələr xoşbəxtlik mənbəyidir. Prust da xəstə yatağında öz mikroaləmini yaradarkən keçmişə qayıtmaqdan başqa işıq yolu tapmamışdı. Prustun qardaşı Robert deyirdi ki, “İtirilmiş zamanın sorağında” əsərini oxuyan yataq xəstəsi olmalıdır. Bəs o əsəri yazan necə?

Prust astma xəstəsi idi. On yaşında tutulduğu bu xəstəlik ömrünün sonuna kimi onun yaxasını buraxmamışdı. Astma tutmaları günortalar gəldiyi üçün gecələr Prust ya ziyafətlərə gedər, ya da yaza-yaza itirdiyi zamanı axtarardı. Yaşadığı evin pəncərələri həmişə bağlı olardı. Otağı gün işığı görməzdi. Yazda-yayda gəzintiyə çıxanda palto geyərdi.

Onun həyatıyla bağlı maraqlı hadisələrdən biri də Coysla bağlıdır. Modernist ədəbiyyatın bu iki nəhəngi cəmi bir dəfə – Stravinskinin “La Renard” adlı əsərinin premyerasını qeyd etmək üçün təşkil olunmuş ziyafətdə görüşüb. Bu görüşdə ən çox işlənən söz “non” (yox) kəlməsi olub. Görüşün sonunda hər iki yazıçı dostlarıyla bərabər taksiyə minib evə gedərkən Coys əvvəlcə maşının pəncərəsini açıb, sonra isə siqaret yandırıb. Bu hərəkətlər xəstə Prust üçün həyati təhlükə daşıyırdı…

Bəs görəsən, Prustun xəstəliyi yazmağına mane olurdumu? Kunderanın “Ölümsüzlük” əsərində belə bir cümlə var: “Zəifliyini mənəvi üstünlük və silah halına gətirdi”. Prust da öz xəstəliyini idarə edirdi. Xəstəliyi onun üçün bir üstünlüyə çevrilmişdi. “İtirilmiş zamanın sorağında” əsərini oxuyarkən oradakı cümlələrin sanki birnəfəsə, hətta nəfəs almadan yazıldığını hiss edirik. Nəfəs almaqda çətinlik çəkən astma xəstəsi öz mərəzini yazdığı əsərdə məğlub edir, uzun cümlələrdən istifadə etməklə xəstəliyindən qisas alırdı.

Həqiqətən də ədəbiyyat bir nəfərlik mübarizədir. Bu mübarizədə fiziki üstünlük nəyisə həll eləmir. Əsas mənəvi qələbədir. Prust da buna çalışırdı.

***

1974-cü ildə filmin çəkilişi bitdi. Amma SSRİ rəhbərliyi “Ayna”nı qəbul etmədi. Onlar üçün film anlaşılmaz idi. “Ayna” dəfələrlə rədd olundu, kinoteatrlarda belə çox az göstərildi. Filmə tamaşaçı reaksiyaları da fərqli idi. Kimisi Tarkovskini ucuzluğa varmaqda günahlandırır, kimisi də bu filmin elə onun üçün çəkildiyini deyirdi. GündəliklərindəTarkovski fərqli tamaşaçılardan aldığı həm müsbət, həm mənfi rəyli məktublardan çox yazırdı. Hətta məşhur bir “rəvayət” də var: filmin nümayişindən sonra Tarkovskinin də iştirak etdiyi və kino tənqidçilərin filmi təhlil etdiyi bir müzakirə keçirilir; müzakirə vaxtı süpürgəçi bir qadın zala daxil olaraq onların burada hələ nə qədər qalacaqlarını soruşur. Tənqidçilərdən biri: “Burada çox qəliz bir filmin müzakirəsi gedir, hələ çox çəkər”, – deyib qadını başdan eləməyə çalışır. Qadın da cavabında belə deyir: “Nəyi qəlizdir ki? Bu film vicdan əzabı çəkən bir adam haqqındadır”. Bu dəm hamı dönüb Tarkovskiyə baxır, o isə “əlavə sözə ehtiyac yoxdur”, deyir.

“Ayna”nı Moskvada keçirilən film festivalına gəlmiş Antonioniyə belə göstərmək istəmirdilər. Amma böyük rejissorun ilk istəyi “Ayna”ya baxmaq idi. Baxdı da, bəyəndi də. Dünyanın iki böyük rejissoru sonradan dost oldu. Hətta eyni ssenarist və eyni operatorla işlədilər.

Ömrünün son illərində İtaliyaya səyahət edən Tarkovskiyə evinin qapılarını açanlardan biri də Antonioni idi.

***

Prust “İtirilmiş zamanın sorağında” epopeyasının “Svana doğru” adlı birinci cildini çapa göndərəndə nəşriyyat müdiri heyrətə gəlmişdi. Yazıçı yatmağa çalışsa da, yata bilməyən, yatağında sağa-sola çönən bir uşağın yuxusunun dağılmasına nə üçün otuz səhifə ayırmışdı? Başqa bir nəşriyyat rəhbəri isə romanın anlaşılmaz olmağından şikayətlənirdi. Hətta amerikalı bir qadın Prusta yazdığı məktubda son iki ildə ancaq onun kitablarını oxuduğunu, amma heç nə başa düşmədiyini deyirdi.

Başa düşülməmək! Nədir axı başa düşülməmək? Dahilik, yoxsa dəlilik?

Qardaşı Robertin dediyi kimi, Prustu oxumaq üçün gərək xəstələnib yatağa düşəsən. “Ayna”ya baxmaq üçünsə gərək heç olmasa Tarkovskinin həyatını biləsən.

Prustu haqlı olaraq “şüur axını” cərəyanının ən böyük nümayəndələrindən biri sayırlar. Onunla eyni vaxtda Coys, Kafka, Virciniya Vulf da insan şüurunun alt qatında baş verən təlatümlərdən yazırdı. Bəs müasirlərindən Prustu kim sevirdi? İlk növbədə Virciniya Vulf. Məktublarında, xatirələrində Vulf ancaq Prustu oxuduğunu, onun kimi yazmağın mümkün olmadığını dönə-dönə vurğulayırdı: “Divar kağızı kimi sərt və kəpənək qanadı kimi incə”.

***

Prustun uşaqlığı əyləncəli keçmişdi: kübar cəmiyyət, ziyafətlər, içkilər, işıqlar, cah-cəlal…

Tarkovskinin uşaqlığı isə müharibə, yoxluq, dağılan ailə girdabında. Odur ki, yaratdığı filmlərdə, ən çox da “Ayna”da səbrli, durğun, astagəl səhnələrlə insan faciəsinin mənzərəsini yaradırdı.

Prust isə tələsir, onda hər şey bir anda baş verir. Oxuyursan, oxuduqca özün də tələsirsən, tələsdikcə nəyi itirdiyini, hansı cümləni, hansı sözü (əgər təkrar oxumasan) sonsuzadək gözdən qaçırdığını hiss eləmirsən. Bəlkə tam əksinə olmalıydı? Müharibə, itki, yoxluq görmüş biri niyə bu qədər təmkinli, bu qədər səbrli; bolluq, qayğı görmüş biri isə, əksinə, bu qədər hövsələsiz, tələskən idi?..

***

İkisi də anasına bağlıydı. Tarkovski “Ayna”da qəhrəmanın həm anası, həm də həyat yoldaşı rolunda eyni aktrisanı (Marqarita Terexova) çəkdi. Prust isə “Svana doğru” əsərində balaca uşağın (özünün) anasına bağlılığından, gecə onun yataq otağına gəlməsindən, onu öpüb “gecən xeyrə qalsın” deməsindən 30 səhifə yazdı.

Hazır olduqdan sonra Tarkovski filmi Aytmatova, İoselianiyə, Şostakoviçə göstərdi. Amma onlardan da qabaq atası – şair Arseni Tarkovski baxdı əsərə, ağlayıb-kövrəlib “sən hələ o vaxtlar da hər şeyi başa düşürdün” dedi.

Prust isə “Svana doğru”da anasını necə sevdiyini, atasından necə qorxduğunu yazırdı. Atasının yanında özünü dəyərsiz görürdü. Tanınmış burjua ailəsinin övladı, məşhur həkimin oğlu ədəbiyyatdan başqa heç nəyə maraq göstərmirdi. Amma ailəsini tərk edən, Andreydən çox qızına sevgi bəsləyən şair atanın rejissor oğlu ən yaxşı filmini atasına göstərib onu ağlatmaqla qürurlandı. Tarkovskinin mənəvi atası elə öz bioloji atasıydı, amma Prust üçün bu adam Anatol Frans idi. “Ayna”da Arseni Tarkovskinin şeirləri səslənir, “İtirilmiş zamanın sorağında” romanında isə Anatol Fransı (yazıçının əsərdəki prototipi Berqot adlanır) vəsf eləyən səhifələr var.

Tarkovski və Prust. Bəzən əks, bəzən eyni qütblər, amma hər ikisində faciə.

***

“Ayna” filmi də, “İtirilmiş zamanın sorağında” romanı da avtobioqrafik əsərlərdir. Hər iki əsərin qəhrəmanı keçmişlə əlləşir, itirdiyi uşaqlığını, xatirələrini geri qaytarmaq istəyir. Hər ikisində böyük peşmançılıq, dərin günah hissi. Etiraf. Utanmaq. Unutmaq. Xatırlamaq. Aynaya baxdıqca yaşananlar. Zamanın ancaq yaddaşdan ibarət olması.

Və hər iki əsər – biri kino, biri də ədəbiyyat tarixində – inqilabdır.

***

Valter Benjamin Prust haqqında yazdığı essedə deyirdi: “Prust çox qorxunc bir eksperiment aparır: o, bir anın içində insanlığı və dünyanı qocaldır”. Eyni yanaşma Tarkovski üçün də keçərlidir. Sadəcə, Prust bu əməliyyatı çox çevik, qəfil sillə effekti verən cümlələrlə aparır. Tarkovski isə yavaş, çox yavaş, son dərəcə yavaş kadrlarla. Prustu oxuyub bitirməyə bir ömür yetməz. Tarkovskinin filmlərinə isə hər üç ildən bir qayıtmaq lazımdır.

***

“Exegi monumentum” – Mən bir abidə ucaltdım.

Hamımız ölümsüzlüyə can atırıq. Bizdən sonra nəsə qalmalıdır. Məsələn, övlad. Hər halda kiçik insanların ən böyük arzusu budur: övlad – məndən sonra məni yaşadacaq, məni xatırlayacaq kimsə. Yaddaşlarda qalmaq təsəllisi.

Sənətçi üçün isə ölümsüzlük iksiri onun əsərləridir. Ölümsüzlük – əbədi sorğulanmadır. Tez-tez sənin yaratdığın əsərə qayıdıb səni sorğulayacaqlar, ittiham edəcəklər, göylərə qaldıracaqlar, yerə vuracaqlar… Amma əsas odur ki, sən həmişə xatırlanacaqsan. Təbii ki, özündən uzunömürlü “nəsə” qoyub getsən.

Tarkovski kimi. Prust kimi. /sim-sim.az/

# 4623 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #