Ukraynalı qadının göz yaşları

Ukraynalı qadının göz yaşları
27 oktyabr 2015
# 15:10

“Truskavetsdə nə var, nə yox?”

…Əsasən, müalicə məqsədilə ardıcıl olaraq üç ildir ki, payız aylarında gedib-gəldiyim Truskavets adlı kurort şəhərciyindən qayıdanda dost-tanışlar mənə ən çox bu sualı verirlər: “Truskavetsdə nə var, nə yox?”

Bu sualın hardan qaynaqlanması şübhəsiz ki, son illər Ukraynada səngiməyən siyasi gərginliklə bağlıdır; etnik kökləri bir olsa da, fərqli əqidə sahibi olan ukraynalılar Rusiya asılılığından biryolluq xilas olmağa can atırlar. Nəticədə də güllələr açılır, tanklar üz-üzə gəlir, evlər, kəndlər, şəhərlər dağılır, qan tökülür, insan ölür.

Bütün bunlar, yəqini ki, hamıya məlumdur, amma ilk baxışda nəzərə çarpmayan məqamlar da var. Mənim ən çox diqqətimi çəkən insan amilidi. Ruslar ukraynalılara, ukraynalılar da ruslara indi dəvə nalbəndə baxan kimi baxırlar. Amma üç il qabaq belə deyildi. Demək siyasi güclərin qarşıdurması eyni kökdən olan millətlərin də beynini qısa bir zaman kəsiyində iflic eləyə bilir. Rəsmi statistika hələ bu barədə məlumat verməsə də, şəxsi müşahidəmə və xalq aramında gəzən söz-söhbətə əsasən, deyə bilərəm ki, son illərdə bu qarşıdurmanın nəticəsi olaraq yüz minlərlə, bəlkə də milyonlarla ailə dağılıb, mələz uşaqlar, cavanlar ortalıqda qalıb; bilmirlər kimin qucağına qaçsınlar? Rus atalarının, yoxsa ukraynalı analarının? Belə bir faciə yaşamaqda olan ortayaşlı Nadejda Alekseyevnanın göz yaşları yadımdan çıxmır.

Mən onu ovutmaq istəyəndə göz yaşı içində gülümsədi, -xəbərdaram, sizin də Qarabağ kimi sağalmaz yaranız var, -dedi.

Mənə elə gəlir ki, əgər kilsə və xristianlığın ortaq pravoslav təriqəti olmasaydı, indi Ukraynada qan su yerinə axırdı. Ukraynada məbədə, dinə hörmət çox böyükdü. Avtobusla harasa gedirsənsə, bir məbədin tuşundan keçəndə görürsən ki, hamı təzim elədi, baş əydi və dua oxumağa başladı. Dəfələrlə müşahidə elədim ki, belə məqamlarda milli ayrı-seçkilik unudulur.

Ukrayna dili rus dilindən kəskin fərqlənmir; diqqətlə qulaq asanda, ən azı söhbətin nədən getdiyini başa düşürsən. Ukrayna telekanallarında gedən siyasi debatlar daha çox diqqətimi çəkirdi. Ölkə prezidenti Poroşenkonun da qatıldığı belə debatlardan birində, deputatlardan biri dedi ki, belə getsə gec-tez Ukrayna, Rusiya ilə Qərb arasında döyüş meydanına çevriləcək. Ukrayna xalqını da qorxudan budur. Çünki Ukrayna yaxın keçmişdə –Böyük Vətən Müharibəsində belə bir faciəni yaşayıb.

Ukrayna telekanallarının xəbərlərindən belə məlum olurdu ki, Minsk anlaşmasına baxmayaraq rus köklü «könüllülər» tanklarının lüləsini insan məskənlərinə tuşlayıblar, hər gün olmasa da, günaşırı mərmilər atılır, evlər dağılır, insanlar ölür.

Amma Lvov vilayətində-yəni Polşanın, Çexoslovakiyanın, Sloveniyanın, Macarıstanın, Rumıniyanın “beş” addımlığında sakitlikdi. Vilayətdə məskunlaşmış soydaşlarımız da dinc həyat yaşayırlar. Onların sayını dəqiqləşdirmək çətindi, amma Truskavetsin-şəhərin ən gəliş-gedişli yerindəki ən böyük restoranları Bakının adı ilə bağlıdır: “Oqni Baku”. Bazarda mer-meyvə satanların da öz aralarında Azərbaycan dilində danışdıqlarını bir neçə dəfə qulağım çaldı. Şəhərin küçələrində isə addımbaşı qarşıma tanış simalar çıxırdı, doğma dildə söhbətlər (heyf ki, ucadan!) eşidirdim.

Yerli insanların sözündən belə kəsdirdim ki, yay aylarında Truskavetsə gələn azərbaycanlıların sayı yerli əhalini üstələyir. Bu əlbəttə, xoş xəbərdi-bu mənim dövlətimin iqtisadi durumundan xəbər verir.

Bəs azərbaycanlıları Truskavetsə-eləcə də Karpat ötəsi müalicə kurort mərkəzlərinə çəkən nədir? Bu məkandakı ucuzluq? Əlbəttə, yox, Truskavetsə yol xərci 500 ABŞ dollarından ucuz başa gəlmir. Bəs nə? Müalicə mərkəzlərindəki həkim diqqəti, tibbi personalın gözütoxluğu və bir də Karpat dağlarından süzülüb gələn təbii qaynaqların şəfası.

“Almaz” sanatoriyasında yaşı səksəni haqlamış bir neçə azərbaycanlı ilə qarşılaşdım və məlum oldu ki, on illərdi hər il bir dəfə yox, iki kərə bu sanatoriyada dincəlirlər. Məqsəd nədi? Uzun yaşamaq? Əlbəttə, yox, xəstələnmədən, kimsəyə möhtac olmadan yaşamaq…

Bu gün Ukraynanın hər yerində olduğu kimi, Truskavetsdə də həyat səviyyəsi yüksək deyil, orta təqaüd 100 dollar civarındadır. Şəhərdə dilənçi görməsəm də, akkardionunun, skripkasının, balalaykasının, gitarasının qapağını “papaq” əvəzi qarşısına qoyanların yanından keçəndə dəfələrlə ayaq saxladım. Əsasən qəmli nəğmələr çalırdılar, hətta çala-çala oxuyanlarını da gördüm, elə bil Ukraynanın bu acılı günlərini paylaşmaq istəyirdilər.

Yerli insanlar onlara sayğı ilə yanaşır, ayaq saxlayıb alət qablarına bir “qriven” də olsa pul atırdılar. Bir Qrivenə iki kibrit almaq olar.

Truskavets şəhəri təbii meşənin içində salınıb. Bu meşə zaman-zaman parka çevrilsə də dələlər və vəhşi ördəklər bu meşəni hələ tərk etməyiblər. Yaşılbaşlar xırda meşə çayının axmazlarında, dələlər azman şahpalıd ağaclarının koğuşlarında yaşayırlar və nə yaşılbaşlar insanlardan qaçır, nə dələlər…

Torpağın yaşıllığı göz oxşasa da, hiss olunurdu ki, ağacların yarpaq tökümü çoxdan başlayıb. Gündə iki-üç dəfə günəş özünü göstərsə də, iki-üç dəfə də hava tutulur və narın yağış başlayırdı və yağışın səsinə mahnılar qarışırdı…

Ukraynanın xalq artistləri, əməkdar artistləri, sanatoriyaların qarşısında bir-iki ağız oxuyandan sonra camaata bilet təklif eləyirdilər ki, onların verəcəyi konsert baş tutsun… Onlardan biri həm də Ukraynanın məşhur şairi idi. Bir-iki kəlmə kəsəndən sonra dedi ki, neynəyim, başqa yol yoxdur…

Xalq yazıçısı Maksud İbrahimbəyovun məşhur bir povesti var: “Truskavetsə kim gedəcək?” Ötən yüzilliyin 80-ci illərində bestsellərə çevrilmişdi. Mən bilmirəm indiki nəslin bu əsərdən xəbəri var, ya yox, amma demək istəyirəm ki, daha Truskavetsə getmək problem deyil, çünki daha Həmkarlar İttifaqının putyovkasına ehtiyac yoxdur, sənə lazım olan sanatoriyaya “sms” göndərsən, deməli sanatoriyanın agenti səni ya Lvov aeroportunda, ya da sanatoriyanın vestübülündə təyin olunmuş gündə, saatda qarşılayacaq. Şəxsən mən keçən ayın 27-də Truskavesə “Almaz” sanatoriyasına belə getdim. Oktyabın 18-də qayıdanda isə Lvovdan Bakıya birbaşa uçan təyyarədə boş yer yox idi.

Bakı-Truskavets-Bakı,

21 oktyabr, 2015

# 1103 dəfə oxunub

Müəllifin son yazıları

# # #