Özünü Fətəli Şah Qacar sayan Bakı oğrusu

Özünü Fətəli Şah Qacar sayan Bakı oğrusu
4 noyabr 2021
# 10:30

Kulis.az Mehdi Dostalizadənin yeni yazısını təqdim edir.

Beşmərtəbə tərəfdən üzü mərkəzə gedəcəkdim. Füzuli meydanında voleybol oynayan uşaqların qışqırıqları, bəlkə də Füzuli heykəlinin yaratdığı ab-havadan qaynaqlanan ahu-nalələri, fəryad sədaları altında fikrimi bir yerə cəmləməyə çalışsam da, heç cür müyəssər ola bilmirdim. Birdən uşaqlardan biri mən tərəfə çığırdı:

- Qaqaş, ay qaqaş, topu ver də!

Sağıma, soluma baxandan sonra qəfil ayıldım. Əyilib topu götürəcəkdim ki, gördüm, başqası məndən əvvəl götürdü.

- Sənindir?

- Yox, ağsaqqal, orda oynayan uşaqlar var ha...

Duruxdum. Kişi mənə çox tanış gəlirdi. Birinci elə bildim, babamdır, sonra fikirləşdim ki, yox, babam mənə bu sualı verməz. Axı, o yaxşı bilir, mənim belə oyunlarla aram yoxdur. Yenə soruşdu:

- Sənindir?

- Yox, ağsaqqal, mənim deyil – təkrarladım.

- Sənindir?

- Kişi, vallah, mənim deyil.

- Onda düş dalımca.

- Əmi, top uşaqlarındır e, verin qayt...

- Onda düş dalımca.

Artıq əsəblərim pozulurdu. Sualın birindən indicə qurtarmışdıq ki, o birini təkrarlamağa başladı. Görəsən, dərdi nədir? Özü də tələsirdim, şəhər tərəfə getməli idim.

- Onda düş dalımca.

Bu nurani qoca mənim fikirlərimi oxumağa başlamışdı. Artıq başqa çarə qalmayıb, düş dalımca deyir, düşüm də, heç olmasa yolumdan qalmayım, başı qarışanda əkilərəm. Mən, ağsaqqal, bir də voleybol topu yola düzəldik.

Azərbaycan prospekti ilə üzü Sabir bağı istiqamətində gedirdik.

- Kişi, niyə topu vermədiz? Niyə belə eləyirsiz? Üzünüz də çox tanış gəldi, siz kimsiz?

- Bəs, sən kimsən?

- Mən? Adım Mehdidir, yəqin, belədir. Belədir, hə.

- Bəs, sən kimsən?

Əstəğfürullah! Əcəb işə düşdüm. Şəhərin harasında dəli, səfil, bomj varsa, məni tapır, saatlarla söhbət edir. Yox, bundan sonra belə etməyəcəm, kimsə məni saxlasa, deyəcəm ki, tələsirəm. Axı, doğrudan da tələsirəm.

Bir dəfə Sahil bağında bir kişi özünü mənə Fətəli Şah Qacar kimi təqdim etmişdi, sonradan vəzir dostu da gəldi. Bir xeyli söhbətdən sonra vəzirindən su istədi, vəzir də çarəsiz baxışlarla sağa-sola baxdı. İlahi, su yox idi! Əslində fəvvarəni sudan saymaq olar, amma mən bilən o da xlorludur. Çantamdan bir şüşə çıxarmağı düşündüm, əlimi atdım ki, çantam yoxdur. Fətəli Şah Qacar və vəziri çantamı oğurlayıb aradan çıxmışdılar.

- Bəs, sən kimsən?

Əşi, sən də dayan görək. Fəvvarələr meydanı tərəfə çatdıq. Ağsaqqalla sağollaşmaq istəyirdim ki, gedim işimin-gücümün dalınca. Kişi əl çəkmədi, dalımca düşdü. Arxaya baxa-baxa gedirdim ki... Ayağım bordürə ilişdi, tirtap dəydim yerə, gözlərim qaralmağa başladı. Ağsaqqal gəlib voleybol topunu başıma vurub qaçdı. O izdihamın içində itdikcə, mən də huşumu itirdim. Ayılanda ilk eşitdiyim səs bu oldu:

- Qaqaş, ay qaqaş, topu ver də!

# 8985 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #