Kulis.az Yutuber Fərid Xəlilli ilə müsahibəni təqdim edir.
- Fərid, istəyirəm birinci bir az özünüz haqqında məlumat verəsiniz.
- Mən Fərid Xəlilli, 21 yaşım var. 4-5 ildir ki, Yutub platformasında videolar çəkirəm. Son 1 ildir yeni kontentlər hazırlamağa başlamışam. Hansı ki, o kontentlərdən biri “Azərbaycanı kəşf et” layihəsidir. Karantin müddətində çox boş qalmışdım, ona görə də Azərbaycanda əylənə biləcəyim yerləri axtarmağa başladım. Paraşütlə uçuş, dalğıclıq, atıcılıq və s. əyləncələrlə tanış oldum. Bu əyləncələri video kontent halında Yutub platformasına yükləmək qərarı aldım və beləcə, “Azərbaycanı kəşf et” layihəsi ərsəyə gəldi. Bundan əlavə, “Fərqli dadlar” adlı layihəm var. O layihədə həm xarici, həm də Azərbaycan mətbəxinə məxsus müxtəlif yeməkləri dadıram. Bunun üzərindən əylənirəm, yeni nələrsə öyrənirəm və izləyicilərimi də əyləndirib yeniliklərlə tanış olmaları üçün şərait yaradıram.
- Harda təhsil alırsınız?
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıram. Dördüncü kurs tələbəsiyəm, universiteti bitirmək üzrəyəm. Aktyorluğa marağım da elə Yutub sayəsində yaranıb. Bir neçə filmə çəkilmişəm, universitet daxili və universitet xarici tamaşalarda oynamışam. “Rebus” teatrında kiçik çıxışlarda iştirak etmişəm.
- Teatr daha ciddi hesab olunduğu halda, niyə Yutuberliyə davam etdiniz?
- Hansısa tamaşaya təklif olsa, tamaşa təhvil verilənə qədər onun üzərində işləyərəm. Amma iş olaraq teatrla məşğul olmağı qətiyyən düşünmürəm. Teatrı sevirəm, lakin düşünürəm ki, teatra sərf edəcəyim, məşqlərə gedəcəyim vaxt ərzində daha çox şey öyrənib, daha çox şey yaşaya bilərəm. Bu, mənə həm daha çox gəlir gətirər, həm də dünyagörüşümü artırar. İnsanlara göstərərəm ki, Azərbaycanda yaşamaq, əylənmək mümkündür. Hamı xaricə qaçmağa çalışır. Halbuki, orda olan əyləncələrin hamısı Azərbaycanda da var. Sadəcə olaraq, axtarıb tapmaq lazımdır.
- Azərbaycanda Yutuberlik bir peşə olaraq qəbul edilə bilər?
- Azərbaycan Yutubunda səviyyəsiz “yutuber”lər çoxdur. Hansı ki, öz aləmlərində bu platformanı Azərbaycana onların gətirdiyini düşünürlər. Ölkəmizdə Yutub bu səviyyəsizlərdən təmizlənsə, əslində çox gözəl sahədir. Azərbaycanda Yutubun inkişafında rol oynayan və Yutuber sözünün haqqını verən mənim kimi barmaqla sayılacaq insan var. Qalanlarının isə, hərəsinin bir energetik içki sponsoru var. O energetik içkilər heç bilmir ki, kimlərə sponsorluq edirlər. Mənim işlədiyim sponsorlardan 99%-i brenddir. Brendləri seçməkdə məqsədim onların öz işlərini yaxşı bilmələri, öz adlarının heç vaxt mənfiyə getməsini istəməmələridir. Onlarla işləməyi daha üstün tuturam, nəinki, bəzi “enerji içkiləri” ilə.
- Hansı brendlərlə işləmisiniz?
- “Kontakt Home”, “Red Bull” kimi brendlərlə. Hazırda yeni proyekt üçün “Nike” ilə danışıqlar gedir. “Fərqli dadlar” layihəsində “Burma” restoranı ilə işləmişəm.
- Sıravi bir azərbaycanlı, ciddi hesab olunan peşələrdə qazandığı gəliri Yutuberlikdən qazana bilər?
- Yeni başlayanlar pul qazanacaqlarını gözləməməlidirlər. Mən indiyə qədər Yutubda minlərlə manat pul xərcləmişəm. Heç birinə görə məyus deyiləm, çünki hamısını artıqlaması ilə geri qazana bilirəm. Hər bir iş kimi bu sahəyə də pul qoymalısan ki, o pulu götürəsən. Yutuberliyə başlayan əvvəlcə özünə “niyə insanlar onu izləməlidir?” sualını verməlidir. O sualın cavabını tapdıqdan, yeni kontent yaratdıqdan sonra bu işə başlamaqları daha düzgündür. Nəinki, “qaqa sındırdım”, “filankəslə söhbətim düşdü” kimi videolar çəkməklə. Azərbaycan Yutubu digər ölkələrdən çox geri qalıb. İnsanların boş-boş videolara vaxt itirmələrinin əvəzinə, daha səviyyəli məzmunlara baxmağını arzulayıram. Buna görə də kontentlərimin bacardığım qədər keyfiyyətli olmasına çalışıram. Hazırda böyük bir komanda ilə işləyirəm. 5 operatorumuz, 2 səs rejissorumuz, 2 studiyamız, hətta menecerimiz var. Abunə sayım və izləyici kütləm o qədər də böyük deyil. Amma bilirəm ki, bu kiçik kütlədə səviyyəli insanlar var.
- Axı YouTube-dan pul qazananda “sənət sənət üçündür” demək mümkün deyil...
- Burda məsələ sadəcə boş-boş işlər görüb pul qazanmaq deyil. Bu cür işlər görüb pul qazanan çox adam var. Əsas odur ki, gördüyün işi layiqincə, vicdanla görəsən. Ayda 4-5 min pul qazanıb hələ də telefonla video çəkmək işinə hörmətsizlikdir. Hazırda Azərbaycan Yutubunda çox gözəl gəlir əldə edilir, amma avadanlıqdan istifadə etmirlər. Bu, izləyicinin başını aldatmaqdır. Bir nöqtəyə çatandan sonra deyirlər ki, “zibil də çəksəm izləyəcəklər”. Bunu eləmək lazım deyil. Hər dəfə izləyici üçün yeni nələrsə kəşf etməli, ona yeni məhsul təqdim etməlisən ki, səni sevsin. Əsas məsələ budur.
- Türkiyəli Yutuberlərinin izləyiciləri arasında azərbaycanlılar həddindən artıq çoxdur. Yutuberlərimiz məzmun istehsal edə bilmir deyə izləyicilərimiz türklərə qaçırlar?
- Azərbaycanda məzmun istehsal edən yoxdur. Bizim Yutubda keyfiyyət Türkiyədəki qədər deyil. Kütlənin marağı bayağı şeylərə olsa belə, məzmun istehsal edən şəxs həmin izləyicilərin marağını daha keyfiyyətli istiqamətə yönləndirməlidir. Deyərdim ki, sosial media insanların örnək götürdükləri yerdir. Balaca uşaqlar, yeniyetmələr Yutubda və ya TikTok-da hansısa videolara baxırlar, o insanlar kimi olmaq istəyirlər. Niyə uşaqlar davaya yönəlməlidir? Niyə hansısa Yutuber öz izləyicisini döyməlidir, buna baxan yeniyetmə də dostları ilə dalaşmalıdır? Əksinə, qoy yaxşı məzmundan faydalansınlar, yeni nələrsə öyrənsinlər. Bir dostum var idi, kanal açmışdı. Köhnə əşyaları restovrasiya edirdi. Azərbaycanda o kanal tutmadı. Çünki bizim izləyicilərimiz səviyyəsiz, dəxlisiz, boş-boş insanlara daha çox vaxt ayırırlar. Bizdə bayağı musiqi məsələsi aktualdır. Bir müddətdən sonra bayağı videolar söhbəti də olacaq. Azərbaycan Yutubunda çox böyük boşluq var. Bu boşluğu doldurmaq üçün təkcə mən yox, hamı çalışmalıdır. Amma heç kəs çalışmır, heç kəs birlik istəmir. Düşünürlər ki, birdən bu məni keçər, bu məndən yaxşı olar. Bir qrup olmaq, o qrupda birlikdə işləmək, videolar istehsal etmək lazımdır. Mənasız videolar çəkən adamlar düşünməlidirlər ki, onları izləyən kütlənin içində gənclər də, azyaşlı uşaqlar da var. Videoda siqaret çəkməyin, təhqiramiz ifadələr işlətməyin qarşısı alınmalıdır.
- Bu cür şeylərin qarşısı necə alına bilər? Axı Yutubda belə bir senzura yoxdur.
- Tamam, Yutubda senzura yoxdur, amma bizim öz düşüncəmiz var. Valideyn düşünməlidir ki, övladı hansısa dava-dalaş videosundan nə örnək götürəcək? Hər kəsin əlində telefon var, sosial mediaya çıxış çox rahatdır. Azərbaycan Yutubunun düzəlməsinin ən başlıca çıxış yolu izləyicilərdir. İzləyiclər normal videolar çəkən Yutuberlərə üstünlük versələr, məcbur digər səviyyəsizlər də düzələcək.
- Sizcə, Yutubda orijinal məzmun qalıb?
- Bəli, hal-hazırda orijinal məzmun var. Mənim “Azərbaycanı kəşf et” layihəm orijinaldır (gülür). Azərbaycanda heç bir Yutuber bunu etməyib. Eybi yox, qoy məndən götürsünlər, plagiat olsun, razıyam. Amma səviyyəli iş görsünlər. Mənim çəkdiyim video izləyicim işinə yarayırsa, onların da çəkdiyi video hansısa izləyicinin işinə yarasın. Plagiat normaldır. Plagiat edəndə çalışmaq lazımdır ki, plagiatını etdiyin iş orijinalından yaxşı olsun, ən azından onunla bir səviyyədə olsun. Mənim videolarımı izləyən insanların dediyi tək şey bu olub: Azərbaycanda səndən yaxşı Yutuber yoxdur. Çünki başqaları işləmək istəmirlər.
- Bir video izləyiciyə təqdim olunana qədər hansı proseslərdən keçir?
- Əvvəlcə video üçün danışıqlar aparılır. Danışıqlardan sonra bəzi şeylər müzakirə olunur. Məkan çəkilişi olacaqsa, operator məkana baxır, öz rakursunu ayırd edir. Məzmun yazılır, o məzmun əsasında video çəkilir. İndiyə qədər çəkdiyim ən qısa çəkiliş 3 saat olub. Videolarım 10-25 dəqiqə arasıdır. 25 dəqiqəlik video üçün 4-5 saat vaxt sərf olunur. Bundan sonrakı proseslər daha çətindir. Montaj prosesi, səslərin düzəldilməsi, “color correction”, sinxronizasiya, mahnıların seçilməsi də 3-4 gün çəkir. Videonu çəkməmişdən əvvəl düşündüyüm şey budur ki, görəsən, mən olsam, bu videonu izləyərdim? Elə videolarım olub ki, çəkilişi bəyənməmişəm deyə videonu paylaşmamışam. “Azərbaycanı kəşf et” layihəm ən ağır layihəmdir, çox yoruluram. Amma bundan həzz alıram. Çünki həm özüm çox şey öyrənirəm, həm də öyrəndiklərimi izləyicilərlə bölüşürəm. Mənim paraşütlə tullanmaq, dalğıclıq videolarımdan sonra xeyli insan geri dönüş edib ki, biz Azərbaycanda belə şeylərin olduğunu bilmirdik. Digər “yutuberlər”ə gələn şərhlərə baxanda isə, “əladı qaqa”, “belə videoların davamı gəlsin”, “gərək onu belə döyərdin” kimi rəylər görürük. Bu yutuberlik deyil. Döyüş rinqdə olmalıdır.
- Nə vaxta qədər bu işlə məşğul olmağı düşünürsünüz?
- 40-50 yaşlarıma qədər məşğul olacağımı düşünürəm. Azərbaycanda çəkdiyim videolarla kifayətlənməyəcəm. Amerikada çəkəcəyim bir çox videolar var, məsələn, Mayamidə, 33 min fut yüksəklikdən tullanışı düşünürəm. Artıq onların da planları qurulub. Ukraynada, Rusiyada bir çox kontent ətrafında danışıqlar gedir. Bir müddət sonra “Azərbaycanı kəşf et” layihəsi “Dünyanı kəşf et” layihəsinə çevriləcək. Hamı xarici dil bilmir və hər əcnəbi Yutuberin videosunu görmür. Həmin şeyləri azərbaycanlı bir Yutuberin gözündən görsələr, onlar üçün daha yaxşı, daha səmərəli olacaq. Dayanmadan yeni videolar çəkməyə, maraqlı kontentlər yaratmağa çalışıram. İzləyicinin məndən bezməməsi, yeni nələrsə gözləməsi üçün əlimdən gələni edirəm. Bu yaxınlarda bəzi dövlət qurumları ilə danışmışam, onlarla çox böyük layihələrimiz olacaq. Azərbaycan Yutubu yalnız yaxşı məzmunla inkişaf edə bilər. Yutuberliyə yeni başlayanlara və bəzi “yutuberlər”ə isə demək istəyirəm ki, izləyicinin başını aldatmayın. İzləyiciyə maarifləndirici, səviyyəli məzmun aşılayın. Bu həm də cəmiyyətimizi normal vəziyyətə gətirəcək.