Elgiz Sevəri niyə zorla evləndirmək istəyir?

Sevər, Elgiz Əkbər

Sevər, Elgiz Əkbər

4 mart 2022
# 10:00

Kaliforniyada Nik Vuyçiç adlı bir vaiz yaşayır. Yəqin ki, çoxunuz onu tanıyırsınız. Bu adamın əlləri, ayaqları yoxdur. Uşaqlıqda buna görə intihara cəhd edib. Sonralar həyatın mənasını axtarmağa başlayıb, beləcə həyatı dəyişib.

İndi ölkə-ölkə gəzərək nitqlər söyləyir, təcrübələrini, həyatını bölüşür. Onun çıxışları məhdudiyyətli uşaqlara və gənclərə yönəlib.

Nik Vuyçiçin özünün toyuq budu adlandırdığı cəmi iki barmağı var. Bu iki barmaq vasitəsilə dişlərini fırçalayır, üzünü qırxır, telefonla danışır, maşın sürür, kompüterdə yazmağı bacarır (hətta 7 kitab müəllifidir), hovuzda üzür.

Son günlər qarşıma “Elgizlə izlə” verilişində məşhurlaşmış Sevərin videoları çıxır. Baxdığım videolardan belə başa düşmüşəm ki, bu qız öz boyunu (1,08 metr) uzatmaq üçün Elgizə müraciət edib, amma ona bunun mümkünsüz olduğunu deyiblər. Sevər isə inadla bunun mümkün olduğundan danışır. Onun cəmi 19 yaşı var. Elgizin verilişində əməlli-başlı şöhrət əldə edib, hər yerdə ondan danışırlar.

Mənə qəribə gələn bir-iki məqam var. Elgiz dayanmadan Sevərə elçi düşən adamları efirə çıxarır. Sevəri burdan təbrik edirəm, evlənməmək, öz ayaqları üstə durmaq istəyi məndə ona qarşı rəğbət yaratdı. Elgiz Əkbərdən isə narazıyam. Ərə getmək bir qadının problemlərdən tək çıxış yolu kimi təqdim olunmamalıdır.

Ümumiyyətlə, hansı dövrdə yaşayırıq? Sevəri tanımadığı, ilk dəfə gördüyü adamlarla evlənməyə razı salmaq istəyi sizin və verilişinizin qonaqlarının ürəyinə niyə düşüb axı?

Sevər öz planlarından, evlənməyə razı olmadığından danışanda ona elçi düşənlərdən biri təxminən belə cümlə işlətmişdi: evin də olacaq, hər şeyin də olacaq, bla bla bla...

Bu nə düşüncədir? Fiziki məhdudiyyətinin olması Sevərin acizliyinə işarə deyil! Təəssüf ki, bəzən Sevər özü bilərəkdən, bəlkə də bilməyərəkdən yazıq roluna girir. Sosial şəbəkələrdə onun haqda gələn pis şərhlərə ağlayaraq, özünün yazıq olduğunu deyərək etiraz edir. Sevər, sən yazıq deyilsən!

Hərdən düşünürəm ki, görəsən Sevər bizdən nə istəyir? İndi reklamlara çəkilir, ona paltarlar alınır, hədiyyələr göndərilir, işlə təmin olunur, hətta, deyəsən ona ev də tapacaqlar. Mən belə şeyləri düzgün hesab etmirəm. Amma Sevərin düşüncə tərzi də ürəkaçan deyil.

Həqiqətən öz ayaqları üstündə dayanmaq istəyirsə, gərək öz bacarıqlarını kəşf etsin, fürsətləri dəyərləndirsin. Vur-tut 19 yaşı var, heç yerə gecikməyib, gələcəyi hələ qabaqdadır. Elçilərini rədd etməklə düzgün iş görür, ümid edirəm ki, onu bu fikirdən daşındırmazlar.

Bu hadisə də məni natamamlıq kompleksinə sürükləyir. Kaliforniyada yaşayan, aşağı və yuxarı ətrafları olmayan Nik Vuyçiç motivasiya çıxışları edərək öz bacarıqları ilə hamını valeh edir, azərbaycanlı Sevər isə bütün gün ağlayır, “yardımsevər” adamlar da ərə getmək səfsətəsi ilə onun zəhləsini tökürlər.

Sevər onun sayəsində reytinq qazananların bütün zəhmətlərini yerə vurmalıdır. Ona nankor deyən aparıcıya boyun əyməməlidir. Bu hoqqabazların gücü ancaq Sevərə çatır, başqa heç bir işə yaramırlar. Əgər yaxşılıqdan dəm vurursunuzsa, niyə etdiyiniz şeylərə görə kiməsə minnət qoyursunuz?

Yox,əgər reytinq axtarışındasınızsa, niyə Sevərin ağlamağı sizi narahat edir? Axı belə şeylər sizə yaxşı reytinq gətirir.

# 9527 dəfə oxunub

Müəllifin son yazıları

# # #