Zəngəzur dağlarında - Orxan Saffarinin hekayəsi

Zəngəzur dağlarında - Orxan Saffarinin hekayəsi
5 dekabr 2023
# 09:00

Kulis.az Orxan Saffarinin "Zəngəzur dağlarında" adlı yeni hekayəsini təqdim edir.

Laçının Hoçaz kəndində kilsəyə girəndə əsgərlərdən biri qəfil İsa peyğəmbərin şəklinə necə təpik atdısa, botinkanın ucu peyğəmbərin düz sifətini deşib keçdi. Şəkil elə hala düşdü, elə bil güllə atmışdılar, o da peyğəmbərin sifətinə dəyib beynini dağıtmışdı.

Allaha ağır getməsin, bölükdə deyirdilər ki, o əsgər Qarabağda xidmətinin sonuncu günü də olsa, minaya düşüb ən azı ayağını itirəcək. İndi onun adını xatırlamıram, ancaq üzü yadımda qalıb. Adı ona görə yadımdan çıxıb ki, o gündən sonra heç kim ona əsl ad-soyadı ilə müraciət eləmirdi. Ya "əsgər Kafirov” deyirdilər, ya da İsanı vuran oğlan.

Naryadlar bölünəndə komandir deyirdi:

— O əsgəri çağır bura!
— Hansı əsgəri?
— Nədi o, İsanı vuran oğlanı.

Hər gün yat komandasından əvvəl maxelər yoxlanış aparanda əsgərlərə səslənirdi:

— Məmmədov?
— Mən!
— Səfərov?
— Mən!
— Kafirov?
— Mən!

Özünün dediyinə görə uşaqlıqdan Allaha inanmırmış. Həmişə belə deyəndə, dindar əsgərlər dəli olurdular. "Allah istəsə, qəlbinə iman salar, Quranda ayə də var, şəkk eləmə, Allah istəmir deyə beləsən” deyirdilər. O da axıra kimi səbrlə dinləyib yola verirdi:

— Onda gedin, mənə iman veriləndə gələrsiz, danışarıq. Sözünüzü də Allaha deyin. Demirsiz istəsə ürəyimə iman salar? Deməli istəmir dəəə. Siz məndən nə istəyirsiz?!

…İsa peyğəmbərin dağılmış sifətini, başsız bədənini görəndə məni gülmək tutmuşdu. Belə gülmək məni tez-tez yas çadırlarında mərhumun tez-bazar çıxardılmış şəklinə baxanda da tutur.

Bircə Xələf donub qalmışdı. Kilsədən çölə çıxanda da ağlamağa başladı. Əvvəl-əvvəl onun ağlamağıyla hamı məzələnirdi, amma ciddi-ciddi hıçqırıb ağladığını görəndə güclə sakitləşdirə bildik. Zalım oğlu elə ağlayırdı, elə bil, erməni dədəsini vurub öldürmüşdü.

Xələf ağappaq, arıq, cansız, həlim səsli bir oğlan idi. Heç bilmirdin, onu nə deyib ön xəttə göndərmişdilər. Əsgərlər öz aralarında ona "Roza” deyirdilər. Hətta, deyəsən, bəzi əsgərlərin ona gözü də düşmüşdü.

Xələf o gündən sonra mısmırığını sallayıb gəzdi. Bölüyə təzə gəldiyinə görə əsgərlərə qaynayıb qarışa bilməməyi bir yana, bu hadisə də onu özünə lap qapatmışdı. Elə bil, hamı meşədən çıxıb, bu da sağ qalmağa çalışan məsum quzudur.

Kafirovun İsanı vurmağından üç ay sonra bölüyümüz Sisyan yüksəkliklərində ermənilərlə üzbəüz postlarda şaxtada, dumanda keşik çəkirdi. 3600 metr yüksəklikdəki postdan ulduzlar o qədər yaxın görünürdü ki, elə bil əlini atsan, nar dərən kimi dərəssən. Üfürsən uçacaqlar. Atəşkəs arabir pozulur, siqaretimiz tez-tez qurtarır, əsgərlər darıxır, bir sözlə, hər şey necə olmalı idisə, elə də öz axarında gedirdi. Xələf də hospitalla postun arasında qalmışdı. O qədər zəif idi, az qala hər naryaddan sonra qızdırması qalxırdı. Amma postda heç kim onun xətrinə dəymirdi. Onunla söhbət etməyə çalışsam da, dərdləşsəm də, heç vaxt ürəyini açmırdı.

— Xələf?
— Eşidirəm,- həlim səsi ilə deyirdi:

— Sən hansı voyenkomat idin?
— Xaçmaz.
— Səni burda incidən var?
— Yooox, niyə soruşursan?
— Bəs niyə bütün gün lom kimi qalmısan?


Həmişəki kimi axıra qədər suallara cavab verməyib, başını aşağı salıb çadıra gedirdi. Hamı kimi məni də qısa, xəsis sözlərlə yola verib başından eləyirdi.

***

Post başçısı sıra baxışı vermişdi. Bir cərgə düzülən əsgərlər komandir yaxınlaşdıqca yerində fırlanır, lüt bədənləri göstərir, postda dedovşina olmadığını, heç kimin heç kimi döymədiyini bu yolla bildirirdilər. Post başçısı bununla da yetinmədi. Bütün bədənə baxmaq üçün əsgərlərin tumanlarını aşağı çəkməyini əmr elədi. Əvvəl hamı utanan kimi oldu, bir-birimizə baxıb tərəddüd elədik, amma əmr əmrdir.

—Əsgər heyəti, tumanlar aşağı dedim, demədim soyunub bir-birinizə girişin.

Gülüş səsləri vəziyyəti normala qaytardı. Tumanı ən birinci günahsız olan aşağı çəkdi. Bu da Xələf idi. Utancaq, sakit, həlim səsli və qasığından başqa heç yerində tük olmayan Xələf.

Kafirovun heyrət dolu səsi eşidildi:

— Ahahaha, bu nədi, ala? Bantik vuraydın da, tay keçib. Ora balta da girməz, ancaq motopila!

O biri əsgərlər də ona qoşulub gülürdük. Xələfin qasığındakı tük topasından çox, beşinci sinif uşağının duduşunu xatırladan şeyi gülməli idi.

— Oy blət, bu sünnət də olmayıb ki!

Deyəsən, heç kim bu vaxta qədər porno videolardan başqa heç bir yerdə sünnətsiz duduş görməmişdi.

— Sən bir Rozaya bax ha!
— Amazon meşəsidi!
— Atışma olanda gizlənmək olar!
—Bir qızın cehizi var!
—Ala, bu Johnny Sinsdi ki!

Xələf donub qalmışdı. Əlləri ilə qasığını örtüb gizlətmək də ağlına gəlmirdi. Ardı-arası kəsilməyən bu gülüşləri, şit zarafatları komandirin əsəbi əmri kəsdi. Gülənlərə əsəbiləşən, amma özünü gülməkdən güclə saxlayan post başçısı, Xələfi sıradan çıxardıb çadıra getməyi əmr elədi. Həmin gün o, xidmətə də yazılmadı. Sakitcə yerində uzanıb, lal-dinməz yuxuya getdi.

İtoynadan Kafirov da qaradinməz olmuşdu. Deyəsən, anlamışdı.

Növbəti gecə isə generatorun benzini, bizim də siqaretimiz bitmişdi. Üzbəüz posta gedib onları gətirməliydik. Gedib gəlmək bir saat yol alsa da, qar dizdən yuxarı qalxmışdı, aramsız çovğun da yolu bir tərəfdən çətinləşdirirdi. Post başçısı nə fikirləşdisə, Xələfi Kafirova qoşub üzbəüz posta yola saldı.

Onlar yola çıxanda əsgərlər də zarafatlarından qalmadılar:

— Kafirov, birdən uşağa nəsə eləyərsən ha!
— Komandir lap quzunu qurda tapşırdı ki...
— Xələf də sünnətsizdi, Kafirovun xoşuna gələcək ahahaha!

Həmin gün ikisi də qayıtmadı. Bir saat oldu iki saat, iki saat oldu iki gün, iki gün oldu iki ay, onlardan xəbər çıxmadı ki, çıxmadı. Aylarla davam edən axtarışlar heç bir nəticə vermədi. Qar da əridi, nə meyitləri tapıldı, nə də bir izləri. Bölükdə hərə bir söz danışırdı:

— Ermənilər əsir götürüb öldürüb.
— Yox, tara düşüb orada qalıblar.
— Yüz faiz ayılar yeyib.
— İndi noldu, qeybə çəkildi bunlar?

Qar o dağlarda yenə qurd salanda əsgərliyi bitirib Bakıya qayıtdım. Bayram qabağı dörd blok siqaret və şirniyyat alıb türmədə yatan post başçısına dəyməyə getdim. Axtarışların hələ də nəticə verməməyi ilə bağlı xəbərlər aradabir saytlarda qarşıma çıxırdı. Bir də porno videolara baxanda gözüm sünnətsiz şeyə sataşsa, Xələf yadına düşürdü. Tez videonu dəyişirdim.

# 2599 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti:  "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

Xalq artisti: "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

10:21 12 dekabr 2024
"Təcili yardım"ın aktyoru vəfat etdi

"Təcili yardım"ın aktyoru vəfat etdi

09:50 12 dekabr 2024
"Bahar"ın aktrisası yeni serialda

"Bahar"ın aktrisası yeni serialda

09:36 12 dekabr 2024
Məşhur aktyorun nəvəsi:  "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

Məşhur aktyorun nəvəsi: "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

09:00 12 dekabr 2024
İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
# # #