Yenə yol çəkilir ordan buracan - Günün şeiri

Yenə yol çəkilir ordan buracan - Günün şeiri
10 aprel 2024
# 13:00

Bu gün bəstəkar, şair Xanım İsmayılqızının doğum günüdür.

Kulis.az bu münasibətlə "Günün şeiri" layihəsindən onun şeirlərini təqdim edir.

Adamlar doğulub üzə çevrilir,
Hisslər qucaqlaşıb sözə çevrilir,
Alışıb-yananlar közə çevrilir,
Yenə yol çəkilir ordan buracan.

Dünyanın bacası tüstü içində,
Kimlərsə barışdı, küsdü içində,
Boğulan danışdı, susdu içində,
Yenə yol çəkilir hardan haracan.

Canavar kimidi quşlar da indi,
Dilə gələ bilir daşlar da indi,
Quru kimi yanır yaşlar da indi,
Yenə yol çəkilir yoxdan varacan.

Bələyə bürünüb qucaqlanırıq,
Böyüyə-böyüyə bıçaqlanırıq,
Cütlənib, təklənib, qaçaqlanırıq,
Yenə yol çəkilir dardan daracan.

Toxunub göylərə yerə dönürük,
Çoxalıb, azalıb, birə dönürük,
Şairdən köçərək şeirə dönürük,
Küləkdən yağışa, tozdan qaracan...
Yenə yol çəkilir burdan oracan.

***

Yoldu da, gedərsən bitməz,
Qoldu da, tutarsan yetməz,
Haldı da, qovarsan itməz,
Başa gələn başda olar.

Sözdü də, deyərsən çatmaz,
Gözdü də, yumarsan yatmaz,
İzdi də, atarsan batmaz,
Yaşa gələn yaşda olar.

Əldi də üzləşib qalar,
Dildi də, sözləşib dolar,
Yeldi də, dizləşib ular,
Boşa gələn boşda olar.

Qardı da, yağar, əriyər,
Vardı da, yolsuz yeriyər,
Bardı da, dinər, kiriyər,
Daşa gələn daşda olar.

Yoldu da, ondan onadək,
Qoldu da, tutmur sonadək,
Haldı da, qalmış sona Tək,
Başa gələn başda olar.

***

Ay gecədən qaçan kimi,
mən də qaçıb gedərəm.
Günəşi doğan şəhərə
pərdə açıb gedərəm.

Saçımdan kəndir hörərəm
düz üzü göyə sarı.
Şəklimi asaram ordan,
sən də bax hərdən barı.

Ulduzun əlindən tutub,
birgə axıb gedərəm.
Buludu əynimə geyib,
göyə taxıb gedərəm.

Səsimi atıb dağlara,
əks-sədama çökərəm.
Sonsuzluğun qucağına
öz adımı çəkərəm.

Kipriklərin sırasından
bir ox atıb gedərəm.
Sonra yuxuya qalaram,
qəfil yatıb gedərəm.

Nəfəsimi, ürəyimi
çatdıraram Tanrıya.
Bu günün işini bir də
saxlamaram sonraya.

Bir dəqiqə sükut ilə
ömrü anıb gedərəm.
Kül olmağa alışmışam,
bir də yanıb gedərəm.

Qucaqlayıb həyatımı
cızaram xəritəmə.
Arzulara yetişərəm
son qoyub həsrətimə.

Çoxdan göylər övladıyam,
hər anıma gedərəm.
Tə ki məni tək buraxma...
...Gəl yanıma... Gedərəm...

***

Elə bir nağılsan ki...

Dünya necə gözəldi gözlərin danışanda,
Hisslərim rəqs eləyir qəlbinə qovuşanda.

Mən bir sözsüz nəğməyəm nəfəsində oxunan,
Sən sehirli aləmsən həyatıma toxunan.

Mənim yolum sənədir, çatanda ünvanım ol,
Ömrümün sonunadək sevimli İnsanım ol.

Dünyamız salamlayır göydə görüşənləri,
Gecə şəklinə çəkir bu eşqə düşənləri.

Şirin yuxu kimisən, ruhum da səndə itir,
Elə bir nağılsan ki, sonu səninlə bitir.

# 3331 dəfə oxunub

Oxşar xəbərlər

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
Rembrandtın "Gecə keşikçisi"  tablosunda  bakteriyalar aşkar edildi

Rembrandtın "Gecə keşikçisi" tablosunda bakteriyalar aşkar edildi

16:26 11 noyabr 2026
Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi

15:28 11 noyabr 2026
Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

13:28 11 noyabr 2026
Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

12:27 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər