Yazıçının əsərlərinə “zir-zibil” deyən aparıcı

Yazıçının əsərlərinə “zir-zibil” deyən aparıcı
16 noyabr 2023
# 12:00


Kulis.az Nadir Yalçının "Tənqid etdiyin predmetə çevrilmək" adlı yeni yazısını təqdim edir.

Söz deməkdən asan şey yoxdu. Amma gərək sözünün miqyasını, özünün və sözünün boyunu, sənə qulaq asanın ürəyinin, zehninin tutumunu müəyyən edib deyəsən. Bu gün əgər sən hansısa imtiyazdan yararlanmağı qazanmısansa, sözünü, sözünlə bərabər özünü və komandanı gözdən sala bilərsənmi?

Bu gün Azərbaycanda ümumrespublika səviyyəsində yayımlanan kanalların içində xalqın ən çox izlədiyi “Azad Azərbaycan”dır. “Azad Azərbaycan”ın da ən çox populyar verilişlərindən biri səhər proqramıdır – “Xəbərin olsun”. Bu məsuliyyəti çiynində daşıyanlardan biri də jurnalist Kubra Məhərrəmovadır.

Azərbaycan Yazıçılar Birliyinin sonuncu qurultayında Xalq yazıçısı Çingiz Abdullayevə büdcə və xərclər məsələsi ilə bağlı jurnalist tərəfindən suallar ünvanlanmışdı və Xalq yazıçısının emosional cavabı müzakirə obyektinə çevrilmişdi. Ardınca mövzu ilə bağlı Çingiz Abdullayevin “Danışaq” layihəsində jurnalist Həmid Həmidova verdiyi müsahibəni izlədik, o, fikirlərini bir az da genişləndirdi və öz mövqeyini qorudu.
Çingiz müəllimin jurnalistin sözügedən sualına ardıcıl reaksiyaları həmkarımız Kubra Məhərrəmovanı narahat etdiyindən xanım jurnalist “Oxu.az”a bir yazı da yazmışdı: “Vəzifədə ağsaqqal oturmalıdır”.

Kubra xanım ironik başlıqlı, ironik abzaslarla dolu yazısında bəzi məqamlara toxundu. Lüğətimizdə yer alsa da, hələ ümumişlək sözə çevrilməyən və işlək leksikonumuza vəsiqə qazanmayan “turunc” sözünün rus dilində qarşılığını Çingiz Abdullayevin nəzərinə çatdıraraq dil dərsi keçən jurnalistimiz yazıda peşə təəssübkeşliyi sərgilədi və bir az da jurnalist və qarşı tərəf arasındakı etik kodekslər, davranış qaydaları, prinsiplər, normalar barədə söhbət açdı, hətta irəli gedərək manevr edib siyasət məsələlərinə qarışdı, yazıçının Rusiyanın mövqeyini müdafiə etməyini ona qarşı üç “король” kimi istifadə elədi. Çingiz Abdullayevin bu mövqeyini Xalq yazıçısının Rusiyadakı kitablarının satışından gəlirləri ilə əlaqələndirdi.

Kubra Məhərrəmova sözügedən köşəsində yazırdı: “Xalq yazıçısı deyir ki, mən gərək o jurnalistə daha kəskin, daha ağır cavab verəydim. Hələ dediyim “ölmürsən utanmığdan” çox yumşaqdır. Heç də peşman deyiləm... Amma heç nə yox, elə Şərqi Avropa (Qərbi Avropanı, ABŞ qoyuram kənara) ölkələrinin birində jurnalistə qarşı belə bir münasibət sərgilənsəydi, statusundan, adından, nə bilim geyindiyi kostyumun qiymətindən asılı olmayaraq, həmin ictimai adam, ələlxüsus yazıçı boykot olunardı. Heç bir televiziya, heç bir KİV həmin adamı qapısının kandarından içəri buraxmazdı. Ta ki, təhqir etdiyi jurnalistdən üzr istəməyincə. Biz isə çox ürəyiyumşaq xalqıq. Hamını yola veririk gedir. Yaşlı adamdır da deyib üstündən keçirik. Hə, müsahibə boyu Xalq yazıçısı başqa bir jurnalistə də “idiotizm” damğası vurdu. Onun heç detallarına girmirəm. Özü cavab versin”.

Xeyli “xub”. Kubra xanımın bu peşə təəssübkeşliyi başadüşüləndir. Yazıdakı bəzi üslubi xətalar və yanlış istiqamətlərdən məsələyə yanaşma tərzini nəzərə almasaq, normal yazıdır.

Bir məsələ var!

Bu yazının üstündən düz 1 ilə yaxın müddət keçib. Onda hələ Kubra Məhərrəmova “ATV”nin səhər proqramında yox idi və bu gün xanım jurnalist ən baxılan “Xəbərin olsun” verilişinin iki aparıcısından biridir.

Bəs indi mən sual verirəm, bir aparıcının, bir jurnalistin ölkənin Xalq yazıçısının, ölkə başçısının çox gənc yaşında fəxri ad verdiyi və nə qədər qəbul etsək də, etməsək də, dil məsələlərinə görə tənqid atəşinə tutsaq da, dünyanın o biri tərəfində çap olunan Çingiz Abdullayevin yazdıqlarına “zir-zibil” deməyə haqqı çatırmı? Etik kodekslərdən bəhs edən xanım jurnalist bunu da bilməli deyildimi ki, onun canlı efirdə səsləndirdiyi fikirlər jurnalistin davranış qaydalarına ziddir və normaları kobud şəkildə pozur?

Kubra Məhərrəmova “Xəbərin olsun” verilişinin 13 noyabr buraxılışında Bakıda keçirilən kitab sərgisi ilə bağlı sujetin ardınca deyir: “...Mən utana-utana, qızara-qızara etiraf etmək istəyirəm, ümid edirəm ki, dostlarım, əzizlərim məni bağışlayacqlar. Gənclik illərimdə çox böyük bir səhv etmişəm. İndi də yadıma düşəndə məni əməlli-başlı tər basır. Mən kitab oxumuşam, özü də Çingiz Abdullayein dedektivlərini. İndi yadıma düşəndə deyirəm ki, İlahi, mən necə axmaq uşaq olmuşam, onları mən niyə oxuyurdum, niyə başımı o zir-zibillə doldururdum?! Mənası nə idi onu oxumağımın?!”
Bir qələm adamı kimi, Kubra Məhərrəmovanın bu qeyri-etik yanaşması məni çox narahat elədi, necə ki, o, ötən il eyni təəssübkeşliyi sərgiləmişdi.
Yaxşı, bu, Kubra Məhərrəmovanın Xalq yazıçısından bir “qisasıdırmı”?

Təbii ki, Çingiz Abdullayevin əsərlərini hamı bəyənməlidir deyə bir hökm yoxdur və dedektiv janrının digər janrlarla müqayisədə nə dərəcədə irəlidə olub-olmaması tamamilə ayrı müzakirə mövzusudur. Amma bir yazıçının əsərləri yalnız iki müstəvidə müzakirə oluna bilər: ya peşəkar qələm adamları, ədəbiyyatşünaslar tərəfindən arqumentləşdirilmiş şəkildə, ya da sıravi oxucular tərəfindən “bəyəndim, bəyənmədim, bunun səbəbləri filan-filandır” müstəvisində.

Bu gün ən baxılan kanalın ən baxılan verilişində bir jurnalist hansısa keçmiş emosiyasına qapılıb Xalq yazıçısı barədə subyektiv fikir səsləndirə bilməz.

Bəs harda qaldı jurnalist obyektivliyi?

Burdan belə nəticəyə gəlmək olar ki, Kubra xanım bir il əvvəl yazdığı köşədə, tənqid etdiyi nəsnələrdə səmimi deyilmiş. Səmimi olsaydı, mənim bu yazımda özünün tənqid etdiyi predmetə çevrilməzdi.

Nə Xalq yazıçısı Çingiz Abdullayev müttəhimdi, nə də mən müvəkkil, heç vaxt belə arzum da olmayıb. Amma dəqiqdir ki, Kubra Məhərrəmova ittihamedici funksiya daşıyır. Bu fikirlər təkcə Çingiz Abdullayevə yox, onun oxucu kütləsinə qarşı həqarətdir. Çingiz Abdullayevi oxuyanlar axmaqdılarmı? Çünki Kübra xanım deyir ki, o vaxtı mən necə axmaq olmuşam, həmin dedektivləri oxumuşam...

Bu yanaşma ilə Kubra xanımın üç “король”una qarşı özü üç “туз” qoydu, heç başqa oyunçunun həmləsinə ehtiyac qalmadı, səd-heyif! Odur ki, gərək özün özünlə oynamayasan, udan da sən olursan, uduzan da...

# 7485 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
#
#
# # #