Fazil Mustafa: “Xalqımızın yaşadığı din bir virusdur” – Müsahibə

<span style="color:red;">Fazil Mustafa:  “Xalqımızın yaşadığı din bir virusdur” – <span style="color:red;">Müsahibə
14 mart 2019
# 12:19

“Mirzə Cəlil Polemikası” davam edir. Bu dəfə mübahisəli fikirlərdən doğan sualları tanınmış ziyalı, millət vəkili Fazil Mustafa cavablandırır.

- Mirzə Cəlil yaradıcılığını qiymətlənirəndə dövrün ən vacib hansı amillərini nəzərə almalıyıq?

- Mirzə Cəlil özünün də yazdığı kimi, gözünü açandan dünyanı qaranlıq görmüşdü. Bu dünya nə Avropa, nə də Qafqaz idi. Bu Azərbaycan türklərinin yaşadığı bütün areal idi - Təbrizdən, Ərdəbildən, Mərənddən başlamış Bakıya, Gəncəyə, İrəvana, Borçalıya qədər bizim baba-nənələrin dünyası idi. Bir yanda yalnız bir Rus Əhməd, digər yanda da milyonlara varan Molla Sadıx və onun meyxana takımı. Mirzə Cəlil dövrü ədəbiyyatının əsas vəzifəsi bu natarazlığı qismən dəyişmək, bundan da mühüm iş Axundovun başladığı ədəbi dili daha cilalanmış şəkildə yeni ədəbi mətnə uyğunlaşdırmaq idi. Bu dövrün əsas problemi savadsız bir topluma yemək üçün qaşıqla davranmağı, oxumaq üçün əlifbanı öyrətmək idi. Mirzə Fəthəli xalqı mundirinin arxasından silkələyib, tartaxlayıb yenidən mundirin arxasında gizlənirdi. Rus hökuməti onu məmur kimi qoruyurdu deyə, cəhalətin qurbanına çevrilmirdi. Mirzə Cəlil və onun kimilər isə belə qorunma imkanı olmadan və cəhalət daşıyıcıları ilə eyni şəhərdə, küçədə yaşayırdı, elə bir üslubda xalqın strukturunu söküb dağıtmalıydılar ki, özlərinin də başına dini xəncərimiz, Xudayar bəyin milli dəyənəyi dəyməsin. Ona görə Mirzə Cəlillər problemi Axundov ciddiyyəti ilə çözə bilməzdilər, onlar Molla Nəsrəddinin mizahından qəlblərə yol tapmalıydılar.

- Ümumən maarifçi-realist ədəbiyyata necə baxırsınız? Xalqın inkişafı üçün konkret iş görə bildilərmi? Bəzən, deyirlər, bu xətt iflasa uğradı.

- Onların maarifçi-demokrat adlandırılması sovet sisteminin bu adla Əhməd Ağaoğlunun, Əli Bəy Hüseynzadənin burjua-demokrat tanıtımına alternativ olaraq nəzərdə tutulurdu. Mirzə Cəlilin savaşı birbaşa cəhalətlə idi, Axundovdan fərqli olaraq İslamın mahiyyətini deyil, onun tətbiqinin yaratdığı faciəni çılpaq şəkildə ortaya qoyurdu. Bu həqiqətən də Molla Nəsrəddin və başqa qəzet-jurnallar ətrafında şəkillənən böyük və cəsur bir hərəkat idi, ancaq bu hərəkatın fəlsəfi sistemi formalaşmamışdı və formalaşa da bilməzdi. Çünki bu prosesin başında yazarlar, pedaqoqlar, sənət adamları dururdu, onlar üçün əsas vəzifə problemin çılpaq şəkildə açılışı və maarifçiliyə çağırış idi. Onun sistemə salınması Russo, Volter, Didro kimi filosoflar tələb edirdi, bizdə isə Axundovdan sonra bu missiyanı üzərinə götürəcək kimsə yox idi. Bu missiyanın iflasa uğramasının əsas səbəbi bu amil olsa da, burada obyektiv amili də unutmaq olmaz. Mirzə Cəlillər din adı ilə azərbaycanlıların yaşadığı vəhşəti ifşa edə bilərdilər, bu dinin təməlinə, ədalət anlayışına milləti qaytara bilməzdilər. Bu günümüzdə belə, eyni problemi yaşamaqdayıq. Müasir azərbaycanlı da iki yerə bölünür:

1. Üzeyir bəy modelli dini, milliliyi və müasirliyi mövcudluğunda yaşadan azərbaycanlılar.

2. Usta Zeynalın, Şeyx Nəsrullahın, Xudayar bəyin İslam adına yaşadığı dinə bağlı azərbaycanlılar.

Bu missiya bu gün də məğlubiyyətə məhkumdur, çünki İslamın düşüncə azadlığı və ədalət anlayışını toplumumuz sevmir, onun zəncir və saqqal tərəfinə dəyər verir. Qısaca deyək, hazırda Üzeyir bəy yenə də yazı yaza bilən, hətta fəlsəfə doktoru diplomu olan Novruzəliyə uduzur.

- Mirzə Cəlil doğrudanmı bizim xalqı qeyri xalqların, xüsusən ermənilərin yanında aşağılayıb?

- Bunu daha çox "Usta Zeynal" və "Kamança" əsərlərinə görə səthi olaraq irad kimi səsləndirirlər. Ancaq kim deyib ki, yazıçının missiyası xalqı yuxarılamaqdır? Xalqın natamamlıqlarını, neqativlərini siyasətçi dilə gətirəndə səs itirər, mövqe itirər. Bunu yazıçıdan başqa kim daha mükəmməl edə bilər? Usta Zeynalı Muğdisi Akopdan necə üstün göstərə bilərsən ki? Bu bir xalqın aşağılanması sayılmaz ki? Təhsilli erməni ilə təhsilsiz azərbaycanlının fərqi kimi anlaşılmalıdır. Usta Zeynalın qarşısında gürcü, rus və ya başqa millət olardısa, biz artıq belə aşağılanmış sayılmayacaqdıq? Mirzə Cəlilin öz gülüşündə ürəyinin qanı axır, o qan ki, "Danabaş kəndinin əhvalatları"nda Zeynəbin gözündən axan yaşa qarışıb cahil oğlu Vəliqulunun üstünə tökülürdü. Bir hekayəsində diskussiya mövzusu şeytanın əməlləri olan milli kəndlilərimizi vətənin taleyindən danışan erməni kəndliləri ilə müqayisə edir, məgər bu gerçəkliyi gizlətməklə bizə fayda verəcəkdi? Mirzə Cəlil xalqa yalandan paltar geydirməyib, bər-bəzək taxmayıb, olduğu kimi göstərib ki, utandırsın, dəyişdirsin, yeniləşdirsin. Bu kimlər üçünsə ruhdan salma, aşağılanma kimi görünə bilər, ancaq Mirzə Cəlil üçün alternativsiz metod idi.

- Bəzən deyirlər, o dövrdə dünyada daha böyük yazıçılar vardı, Mirzə Cəlilin mövzuları lokal idi.

- Mirzə Cəlil lokal yazar deyildi. Onun qədər qlobal mövzunu lokal mühitlə uzlaşdıran çox az qələm adamı tapmaq olar. Bu qədər sadə təsvir üslubunda yaratdığı obrazları günümüzə qədər məişətimizdə yaşadan neçə belə yazarımız olub? Hər halda Mİrzə Cəlil qüdrətində ikincisini mən xatırlaya bilmirəm. Məgər "Ölülər", "Dəli yığıncağı", "Danabaş kəndinin əhvalatları", "Anamın kitabı", "Azərbaycan" yaşamımızın hansı sferasında aktuallığını itirib? Biz Mirzə Cəlili özümüz lokallaşdırmışıq, qorxmuşuq ki, bizi Novruzəli ilə, Məhəmmədhəsən əmi ilə, Şeyx Nəsrullahla tanıyarlar, birdən aşağılanarıq. Ona görə də tanıtımına laqeyd qalmışıq. Halbuki Mirzə Cəlilin həyat və yaradıcılığı Azərbaycan xalqı üçün bundan sonrakı cüzi dəyişikliklərə məruz qalacaq "Britaniya Ensiklopediyası" kimi bir dəyərdir. Biz sağalmırıqsa, bunun günahı Mirzə Cəlildə deyil.

- Maarifçilər dini tənqid ediblər. Əsərlərində dini xadimlər gülüş obyektinə tuş gəlib. Ümumiyyətlə, o dövrün ədəbi əsərlərində müsbət din xadimi obrazı yoxdur. Sizin buna münasibətiniz necədir?

- Maarifçilərin tənqid etdiyi din əslində peyğəmbərin təbliğ etdiyi İslam dini olmayıb ki. Bu azərbaycanlıların dünən də, bu gün də yaşadıqları ənənəvi spesifik cəhalət, nadanlıq dini olan İslamdır. Burada necə müsbət obraz tapa bilərsən ki? Baş düşünmək üçündür, adam xəncər götürüb yarır! Din özünü islah etməyi, ədalətli insan olmağı tələb edir, adam əsrlərdir teatr düzəldib ağlayır, sızlayır, başqasını da ağlatmaq üçün mərsiyə deyir. Din adamdan əxlaqını, etibarlılığını, tolerantlığını təkmilləşdirməyi tələb edir, adam gedib saqqalının uzunluğu ilə, şalvarının qısalığı ilə öyünür. İslam qadına hürr iradə bəxş edir, bu gedib onu çadranın altına soxub təhsilsiz qoyur. Bizdə yenə Məhəmməd Əmin bəyin, Üzeyir bəyin Azərbaycanında bu anormallıqlar Sovet sisteminin hesabına müəyyən dərəcədə dəyişmək mümkün oldu. İndiyədək Azərbaycanın Mirzə Cəlil, Sabir, Haqverdiyev, Üzeyir bəy kimi yazarlarından kənarda tariximizdə gerçək islahatçı din adamına rast gəldinizmi? Paradoksaldır ki, hər zaman zəncirin, ələmin, xəncərin, “İşid” avtomatının zərbəsinin altına yazıçı başını qoyub e! Ona görə də milləti yanlış İslamla, ənənəvi islamla öz dinindən iyrəndirən bir zümrəyə lağlağıdan başqa hansı münasibət sərgilənməliydi? İslam mənim inancıma görə həqiqətən bir ədalət dinidir, elmi biliklər qazanmağa, insan əxlaqını təkmilləşdirməyə, düşünməyə, faydalı olmağa, dəyərlərini paylaşmağa sövq edən dindir. Xalqımızın əhəmiyyətli hissəsinin dünən də, bu gün də yaşadığı din bizi, vətənimizi, dövlətimizi, müasir dəyərlərimizi potensial çöküşə hazırlayan bir virusdur. Bu virusu zərərləşdirə biləcək Mirzə Cəlillərin olmaması da günümüzün ayrıca acılı problemidir.

# 4441 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #