Rəşid doktor: “Müşfiqi satan o iki əclaf olub” – İŞDƏN KƏNAR

<span style="color:red;">Rəşid doktor:  “Müşfiqi satan o iki əclaf olub” – <span style="color:red;">İŞDƏN KƏNAR
13 noyabr 2017
# 09:00

Kulis.az “İşdən kənar” layihəsindən ictimai aktivliyi ilə seçilən həkim, Tibb Universitetinin müəllimi Rəşid Mahmudovla müsahibəni təqdim edir. Xatırladaq ki, layihədə müxtəlif peşə sahibləri ilə ədəbiyyat söhbəti aparılır.

- Rəşid müəllim, heç şeir yazmısınız?

- Yox, yalançı olaram, heç vaxt yazmamışam.

- Gədəbəydənsiniz. Orda hamı yazır.

- Mən yazmamışam.

- Ədəbiyyata marağınız yoxdur?

- Niyə, var. Vaxtıyla çoxlu kitab oxumuşam. Drayzerin, Dostoyevskinin, Tolstoyun demək olar, bütün əsərlərini oxumuşam. Lenin Tolstoya haqlı olaraq rus ədəbiyyatının güzgüsü deyirdi. Tolstoy gör nə deyir. Deyir, otu ayaqlayırsan, elə bilirsən öldü, ayağını çəkirsən, yenidən dikəlir, çünki o da canlıdır. Bax mən belə kişiləri çox istəyirəm. Yıxılanda da tez ayağa qalxmağı bacarsın. Şeiri də çox sevirəm. Düzdü, yazıçı Anarın məndən xoşu gəlmir, amma mən onun atasının şeirlərini sevirəm.

- Niyə xoşu gəlmir?

- Bizim Gədəbəyin bir şair var – İlyas Tapdıq. Yaxşı da kişiydi. Allah rəhmət eləsin. Yaxşı şeirləri də var. Rəhmətə gedəndə bir adamı yox idi ki, götürsün. Doğrusu, elə bilirdim Yazıçılar İttifaqı buna yiyə çıxacaq, amma çıxmadı. Biz də buna görə bir hərəkət edə bilmədik. Özümü də qınayıram hərdən. Daha urvatlı tuta bilərdik. Onlar etmirdi, mən özüm edərdim. Amma arxayın düşdük. Anar gəldi, bircə kəlmə də danışmadı. İrəli durdum. Dedim, bura nəyə gəlmisiz? Niyə bir kəlmə demirsiz, danışmırsız? Bəlkə, aranızda bir haqq-hesab var, qisas almağa gəlmisiz? Düşmənçiliyiniz varsa, gedin, başqa yerdə aparın, adam vəfat eləyib. Elə o cür də çıxdı getdi. O gündən də xoşu gəlmir məndən. Amma bu mənim Rəsul Rzaya münasibəti dəyişmir. Onun çox yaxşı şeirləri var. Əfsus ki, bunu açıb oxucuya çatdıran tənqidçilər yoxdur. Puşkin elə də böyük şair deyil. Puşkini Puşkin eləyən Belinski olub. Bütün əsərlərini açıb, çıxarıb ortalığa. Rəsul Rza deyir:

Açıram pəncərəni üşüyürəm

Bağlayıram tövşüyürəm.

Deyəcəksən, gah aç, gah bağla

Məni nadan sanma

Kişisən suala cavab ver

Üşüsəm yaxşıdı, tövşüsəm?

Açan yoxdu ki, şair nə deyir. Söz yığını kimi gəlir adama. Deyir, haçan ağzımı – pəncərəmi açıram, haqqı deyirəm, məni Sibirə sürgün edirlər, üşüyürəm, haçan da yumuram boğuluram, tövşüyürəm. Nə qədər haqsızlıq görürəm, necə susum?

- Sizcə bizim yazarlar üşüyür, yoxsa tövşüyür?

- (Gülür) Ağzımı açdırma. Açaram sandığı, tökərəm pambığı (Yenə gülür). Rəsul Rzanın sətiraltı mənalar verən şeirləri çoxdur. Rusları da sərt tənqid edib. Görün nə deyir:

Sən üst mərtəbədə yaşayırsan

Mən alt mərtəbədə

Sənə də hava, su, torpaq lazımdır

Mənə də

Bir ovuc buğda da nemətdir

Bir dənə də!

Nə deməkdi? Nə olsun sən Moskvadasan, mən Bakıda, nə olsun siz çoxsuz, biz azıq, biz də insanıq! Əzmə, bəsdir!

Səməd Vurğun görün nə yazır:

İllər gəlib keçir ömürdən illər

İllər görməmişəm bu illər kimi

- Həqiqəti sətiraltı yazırdılar, amma mədhiyyəni açıq-aşkar. Rəsul Rzanın “Lenin” poeması, Səməd Vurğunun “Komsomol” poeması...

- Leninə hamı yazırdı. Mayakovskinin də “Lenin” poeması var. Sən vicdanın bax gör hansı yaxşıdır?

Partiya Lenin deməkdir

Lenin partiya?

Bu sözdü ki? Amma Rəsul Rzaya bax:

Mən hansı bir insana

Bənzədim ki Lenini

Məzarının başında

Cahan ağlamış olsun

Gör, hansı qüvvəlidir?

- İnsafən Rəsul Rzanın “Lenin” poeması yaxşı əsərdi. Amma onu şairin “Seçilmiş əsərləri”nə daxil eləməyiblər.

- Nahaq. Kim nəyi hara daxil edir-etmir özü bilər, biz şeiriyyətə qiymət verməliyik.

- İndi deyirlər, mədhiyyə yazan şairlər 30-cu illərdə güllələnən şairlərin ölümünə qol çəkib, arxivləri açmaq lazımdır.

- Açılsın arxivlər. Şəxsən mən buna inanmıram. İnanmıram ki, məsələn, Səməd Vurğun kiminsə əleyhinə donos yazsın. Səməd Vurğun “Zəncinin arzuları”nı yazıb. Oxumusanmı?

- Oxumuşam.

- Fəqət mənim bu torpaqda yaşamağa haqqım varmı

Heç evsiz də insan olan insan kimi yaşayarmı?!

A kişi, Amerikanı yazmayıb, Azərbaycanı yazıb. Mənim arzumu yazıb, zəncinin yox. Qacarı yazanda da bizi yazıb. Bizim tənqidçimiz yoxdur, bəla burdadır. Azərbaycanın heç bir şairini nə Səməd Vurğun, nə Süleyman Rüstəm satmayıb. Satqın iki əclaf olub: Məmməd Səid Ordubadı və Məmməd Rahim. Hamısını bu ikisi satıb.

- Bunu nəyə əsasən deyirsiniz?

- KQB-nin arxivinə.

- Siz o arxivi görümsünüz?

- Görməmişəm, görənlər deyib. Mən də sənin kimi Səməd Vurğunu ittiham edirdim. Deyirdim, sən necə “İblis”i yazan adamı tutdurarsan? Mənə dedilər, belə deyil.

- Axı Səməd Vurğunun Hüseyn Cavid əleyhinə təhqiramiz şeiri də var. Aşkarda o təhqirləri yazan, gizlində donos yazmaz, sizcə?

- Yazmayıb. Yazdırıblar. Sən nə qəribə adamsan? Elə bil bilmirsən. Səməd Vurğun əksinə, şairləri qoruyan adam olub.

- Rəşid doktor, ədəbiyyatla həkimlik arasında nəsə yaxınlıq var?

- Böyük yaxınlıq var. Mənim müəllimim vardı – Emin Əfəndiyev, Sabiri çox sevirdi. Hətta onun məşhur şeirinə əsasən xəstəliyinə diaqnoz qoymuşdu. Sabir serrozdan ölməyib. Tiflisdə diaqnoz qoyulanda ürəyin genişlənib demişdilər. O, üçtaylı qapağın çatışmazlığından ölüb. Qaraciyər də şişir o zaman. Qarına su yığılır.

- Füzuli də tibdən yazıb...

- Hə. “Söhbətül əsmar”, “Səhhət və mərəz” çox dərin əsərlərdi. Sevgi mövzusunu da yazıb-bitirib Füzuli. Aşiqin ölməyindən o yana nə var? Məcnun öldü də. Bundan yüksək nə yazsan? Bundan sonra sevgi mövzusundan yazmaq düz deyil. Mənə görə elə şeirlər yazmaq lazımdır ki, xalq oyansın, qüsurlarını görsün.

- Yazıçılarımızdan kimi oxumusunuz?

- Bizim ədəbiyyatda roman yaza bilən yoxdur. İnciməsin heç kim. Bu, mənim fikrimdi. Ola bilər səhvdi. Məmməd Səidin “Dumanlı Təbriz”, “Gizli Bakı” romanlarına hardasa “üç” vermək olar. “Şamo” da babat romandı. İsa Muğannanın da yaxşı romanları var. Amma dünyayla müqayisədə uduzuruq. Bəyəndiyim, Üzeyir Hacıbəyovun felyetonlarıdır. Üzeyir bəy yazır ki, parlament sözü fransızca “parla” sözündən götürülüb. “Danışmaq” deməkdir. Bəzi ölkələrdə ona “Duma” deyirlər. Bu da “Dumat” – “Fikirləşmək” sözündəndir. Bizdə “Məclis” deyirlər. Məclis də iki cürdür; toy məclisi, yas məclisi... Yas məclisində molla danışır, biz “Amin” deyirik, toy məclisində isə tamada danışır, biz əl çalırıq... Vəssalam! Üzeyir Hacıbəyov bəstəkar kimi çox zəifdir, nəinki yazıçı kimi. Nələr yazıb, nələr. Hələ Mirzə Cəlil. Allah onlara rəhmət eləsin. Nə deyiblər, necə deyiblər, elə o cürük. Aradan yüz il keçib, dəyişən bircə qalstukumuzdur. Qalstuku da taxıb yaltaqlıq edirik. Bir millətin ki, ziyalısı yaltaqdır, onun işi Allaha qalıb.

- Bəs yaltaq şair-yazıçı görəndə nə edirsiniz?

- İyrənirəm. Nifrət edirəm. Üzlərinə deyirəm həmişə. Dəmir Gədəbəyli var, şairdir, mənim də yerlimdir. Xətrini də çox istəyirəm. Anar İlyas Tapdığın yasına gələndə bu da ordaydı. Anar bunu heç adam yerinə qoymadı. Dedim, a kişi, irəli durun bir kəlmə deyin də? Ay Musa Ələkbərli! Bilirəm, sən də yaltaqsan, amma day ondan keçib, irəli durun, bir kəlmə deyin. Deyin, Anar müəllim, getməyin, bir söz deyin, neyləyək? Biabır elədim hamısını.

- Yəqin, deyirlər, Rəşid doktor dəli olub.

- Yəqin. Düz söz danışan dəlidir də.

- O günü də təkamül nəzəriyyəsini tənqid etmişdiniz... Boş şeydir demişdiniz...

- Əvvəla onu deyim ki, mən heç bir dinə inanmıram. Dinə saflıq, paklıq, düzlük kimi baxıram. Qalanı xurafatdır. Dini yaradan insanlardır. Ancaq yeri-göyü yaradan bir qüvvə var və mən ona inanıram. Əslində mənim inandığım Allahın dinə heç bir dəxli yoxdur. Cənnət-cəhənnəm nağılları boş şeydir.

- Demişdiniz, ciddi alim ateist ola bilməz...

- Bəli. Ciddi alim dünyanın yaradılışını bilməlidir.

- Axı dünyada ateist alimlər çoxdur.

- Onlar səmimi deyillər. O ki qaldı təkamülə, bu nəzəriyyəyə heç Darvinin özü inanmırdı. Meymunda 48 xromosom var, insanda 46. Meymundan insan əmələ gələ bilməz.

- Milyon ildə də dəyişə bilməz?

- Heç vaxt. Seleksiya başqadır. Toyuğun çəkisini artıra bilərsən, amma o heç vaxt hinduşka ola bilməz. Təkamül nəzəriyyəsi yayılanda xromosomun sayını bilmirdilər. Bilsəydilər, səhv etdiklərini anlayardılar. Xromosom ötən əsrin 50-ci illərində kəşf olundu. Belə elmi faktlarla o boyda Allahı danmaq ağılsızlıqdır. Allah var. Ona inanmaq lazımdır.

- Bir həkimin dindar olması gülməli çıxır. Misal üçün, yanına xəstə aparırsan, deyir, Allah kömək olsun. Belədirsə, məscidə, kilsəyə apararıq də.

- Sənə bir şey deyim. Biz resept yazanda sətirlərin arasına belə bir iaşrə qoyuruq (əliylə stola “dies” işarəsi çəkir – Ş.A.). Bu bilirsən nə deməkdir? Allah kömək olsun.

- Hamı qoyur bu işarəni?

- Hamı.

- Bütün dünyada?

- Bütün dünyada. Qanun belədir. Ola bilər indiki həkimlər bilmir. Bizə müəllimlərimiz deyib və praktikada da görmüşük. Mən əslində əvvəllər Allaha inanmırdım. Uşaqlıq dostuma görə ona asi düşmüşdüm. Həkim olmağıma da səbəb o oğlan olub. İstəyirsən bu barədə danışım.

- Əlbəttə, buyurun.

- Ələkbər adında yaxşı bir oğlan idi. Yeddinci sinifdə oxuyurduq ikimiz də. Nəsə xəstəliyi vardı, bədəni şişirdi. Bir gün vəziyyəti lap ağırlaşdı. Hamıdan gizlin podvala düşüb yeddi qarış yeri yaladım, dedim, ilahi, Ələkbərə kömək elə, onu ölməyə qoyma. Amma Ələkbər öldü. Bundan sonra Allahdan üz döndərdim. Dedim, əgər o, doğrudan da varsa, mənim səsimi eşitməli idi. Demək, yoxdur. Və qərara gəldim ki, həkim olub Ələkbər kimi xəstə uşaqlara kömək edim. Yuxarı siniflərdə astronomiya keçəndən sonra Allahın varlığına təkrar inandım.

- Sizcə, almanın Nyutonun başına düşməsində Allahın rolu var?

- Mənim başıma düşsə, o qanunu tapmazdım, götürüb almanı yeyərdim.

- Yəni baş, baş olmalıdır...

- Bəli. Alma ağacı hər yerdə var.

- Son oxuduğunuz kitab hansıdır?

- Haruki Murakaminin “Norveç meşəsi” romanını oxumuşam.

- Maşallah.

- Qızım məsləhət gördü. Türkiyədə dincəlməyə getmişdim. Orda oxudum.

- Bizim müasir yazarlarımızdan kimi oxuyursunuz?

- Zamin Hacını. Onun nəinki yazısı olan, hətta adı çəkilən yerdə ehtiramla baş əyməyi özümə borc bilirəm. Amma ümumi götürəndə müasirləri çox oxuya bilmirəm. Məncə, yaza bilmirlər. Hamı dünyanı pisləyir, heç kim özünə baxmaq istəmir. Bizim Dəmir Gədəbəylinin bir şeiri var, görün nə yazır:

Gör nə günlərə qaldın,

Kül təpənə, a dünya!

Deyirəm, a kişi, Anara bir söz deyə bilmirsən, qlobusu qabağına qoyub uşaq kimi danlayırsan. Belə olmaz axı.

# 2531 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
#
#
# # #