Dilarə Əliyeva: “Oqtayda naxışım gətirdi” – ŞƏKLİNLƏ DANIŞ

<span style="color:red;">Dilarə Əliyeva:  “Oqtayda naxışım gətirdi” – <span style="color:red;">ŞƏKLİNLƏ DANIŞ
7 dekabr 2017
# 09:00

Kulis.az-ın “Şəklinlə danış” layihəsinin budəfəki qonağı tanınmış teleaparıcı, əməkdar artist Dilarə Əliyevadır.

Danışıb məkanı da, saatı da həll etmişdik. Uzun zamandan sonra, nəhayət, müsahibəmiz baş tutacaqdı deyə çox həyəcanlanırdım. Tədbirlərdə rastlaşsaq da, bir kəlimə belə söhbətimiz olmayan Dilarə xanımla ilk dəfə nəinki üz-üzə oturacam, hətta ilk dəfə salamlaşacam. Elə bilirdim salamımı belə özünəməxsus bir şıltaqlıqla alacaq. Üzündə təbəssümlə qarşımıza çıxdığından əhvalının yaxşı olduğunu anladım. Jest edib söhbətə də özü başladı:

- Əhvalım çox əladır. Düzdür, son günlər məni narahat edən məqamlar oldu, bildiyiniz kimi, çox yaxın qohumum dünyasını dəyişdi, onun itkisinə çox üzüldüm. Lakin elə bir yaşdayam ki, artıq anlayıram bu dünyada hər şeyin gəldi-gedər olduğunu. Hər halda özümü ayaqda və həyatda tutmağı bacaran insanam.


- Tanınmışlar şəxsi suallardan qaçırlar...

- Əgər müjgan oxlarını mənə atırsızsa, mən qətiyyən qaçmıram şəxsi suallardan, çünki heç həyatımda qaçacağım məqam da yoxdur.

- Tamaşaçılardan tutmuş sənət adamlarına qədər hər kəs sizi tikanlı suallar müəllifi kimi tanıyır. Bəs eyni suallarla qarşılaşmaqdan qorxmursuz?

- Həyatımda üzləşməkdən qorxduğum heç nə yoxdur. Bütün suallardan alnıaçıq, üzüağ çıxacağıma adım kimi əminəm. Heç nədən qorxmuram, çəkinmirəm. Sadəcə olaraq dediyim bir fikrin yanlış çatdırılmasından ehtiyat edirəm ki, layiq olmadığım halda insanların müzakirə obyektinə çevrilməyim. Mediada çox tez-tez rastlaşırıq ki, deyilən fikirlər reytinq xatirinə təhrif olunur, dediyin fikri yanlış şəkildə çatdırılır. Mən bacardığım qədər başqalarının təcrübələrindən dərs götürməyə çalışıram. Qəribədir ki, çox vaxt bizi bada verən dediyimiz sözlər deyil, intonasiyalarımızdır.


- Verilişinizdə dediyiniz sözlərə, atmacalara görə kimlərdənsə irad eşitmisiz?


- Mən mütəmadi olaraq efirdə olduğum on yeddi il ərzində böyük bir toplumun fikirlərini ümumiləşmiş formada duyub çatdırmağı bacaranlardan olmuşam. Məsələn, biri oxuyarkən mikrofonu atıb-tutur, bunu təbiidir ki, hər kəs görür, həmçinin mən də. Mən bunu necə bəzəyib çatdırıram camaata, bax budur əsas olan. Bu, heç də asan başa gəlmirdi. Bir cümlənin ətrafında bəzən bir gün işləməli olurdum ki, fikrimi düzgün, səlis və ağrısız çatdırım. Burda da intonasiya, peşəkarlıq, hazırcavablıq lazımdır. Hamısından da qabaq bu sözləri deyən adamın özünün qüsursuz olması lazım idi ki, deməsinlər sən kimsən, mənimlə belə zarafat edirsən? Atmacalı sözlərimə baxmayaraq, həmin insanlar dönə-dönə mənim verilişimə gəliblər, çünki mən onların nə qəlblərinə, nə də şəxsiyyətlərinə toxunacaq söz deməmişəm. Onlar kimin verilişinə gəldiklərinin və kimdən tənqid eşitdiklərinin fərqində idilər. Mənim sözlərimin kökündə aqressiyadan çox, səmimiyyət dayanırdı.

- Burda sizlə razılaşmıram, sənət adamları qürurlarını geri çəkib reytinqli verilişlərə təkrar-təkrar gedirlər…


- Xeyr, elə sənət adamları var ki, çox reytinqli verilişlərdən qaçıblar, efirə çıxmağa razılaşmayıblar. Çünki şəxsiyyətlərini qoruyublar, düşünüblər ki, özünə hörmət qoymayan mənə necə hörmət qoyacaq? Məsuliyyət hissimin aşırı olmasından verilişimdə ən xırda nüanslara da diqqət etmişəm.

- Vasvası olduğunuza görə verilişlərdə görünmürsüz, ya dəvət etmirlər?

- Mən tamaşaçıya hörmətlə yanaşdığımdan onların qarşısına sənət yeniliklərimlə çıxmağı tərcih edirəm, nəinki gözü yormaq. Teatr-kino sahəsində yeniliklər tez-tez olmur, ildə maksimum üç dəfə ola bilər. Hal-hazırda serial çəkilişləriylə məşğulam, düşünürəm ki, bu serialdakı xarakterimlə bağlı fikir bildirməkçün bəlli bir zaman keçməlidir, yəni altını cıza biləcəyim bir xəbər olmalıdır. O da hələ ki yoxdur.

- Sizin üçün altını cıza biləcəyiniz məqam nədən ibarətdir?

- 2018-ci ildə mənim rol aldığım Türkiyə istehsalı olan “O kuş buraya gelecek” filminin qalası olacaq. Düşünürəm ki, həmin ərəfədə məni televiziyada görməkdən artıq bezəcəksiniz.

- Sizi daha çox aktrisa kimi sevirlər, ya aparıcı kimi?

- Bilmirəm kənarda kim nə danışır, amma şəxsən mənim üzümə dedikləri budur ki, aktrisalığımı və aparıcılığımı bir-birindən ayırmırlar. Görənlərdən ilk eşitdiyim bu olur: “Hayıf “Çal-çağır”dan”. Məni yenidən ora qaytarmaq istəyirlər, hətta bu barədə televiziya kanallarından durmadan təkliflər gəlməkdədir. Qısacası, izləyicilərim məni hər iki istiqamətdə sevir. Sadəcə olaraq mən hal-hazırda serialla daha çox məşğulam, bütün enerjimi buna sərf edirəm, çünki bir işin qulpundan yapışdımsa, onun yaxşı olması üçün əlimdən gələni edirəm. İncəsənət çox qısqancdır, tələb edir ki, sən özünü bütünlüklə ona həsr edəsən.

Söhbətimizi öz axarına buraxmışdım. Səmimi söhbət gedirdi. Dilarə xanımın başlıca özəlliyi ondan ibarət idi ki, ikibaşlı sözlərimin əsl mənasını anlayıb məni maraqlı cavabla nokaut vəziyyətinə salırdı.


- Sosial şəbəkələri sevirsiniz?

- Mənim nə “instagram”, nə də “facebook” hesabım var. Bilirsiniz niyə? Çünki müzakirə olunmağı sevmirəm. Mən həyatımda elə bir addım atmamışam ki, kimsə layiq olmadığım kobud ifadələri mənə deməyə cəsarət etsin. Anlayıram ki, tanınmış olduğumdan insanlar haqqımda danışacaqlar, amma layiq olduğum halda olsun da bu. Özümü bu mənfi yüklü şeylərdən uzaq tutmağa çalışıram, yaradıcı adamam, içimdəki enerjini sənətimə sərf etmək istəyirəm. İstəmirəm ki, insanların sosial şəbəkələrdə haqqımda bildirdikləri mənfi rəylərin yükünü daşıyım. Özümə olan sevgiləri sosial şəbəkə olmadan da hiss etdiyimdən, buna ehtiyac görmürəm.


- “Çal-çağır”dakı məşhur qalmaqallardan quraşdırma olanı var idi?

- O zamanlarda ki mən veriliş aparırdım, onda biz qalmaqalları yığıb-yığışdıra bilmirdik, yayımlamağa çatdırmırdıq, quraşdırmağa ehtiyac yox idi. Ümumiyyətlə, mənim aparıcısı olduğum heç bir proqramda şou xatirinə quraşdırma deyə bir şey olmayıb. Sizə bir söz deyim, hətta elə qalmaqallar olub ki, bizim senzuramızdan keçmədiyi üçün yayımlamamışıq.

- “Adamın adamı ola” prinsipi artıq incəsənətə də sızıb, istedadı olan bir adamın tamaşaçı kimi baxdığı səhnədə heç istedadı olmayanlar at oynadır.

- Bu mövzuda öz yaxamı kənara çəkə bilmərəm, mənim də bu barədə naxışım gətirib. Oqtay mənim arxam-dayağım oldu. Qayınatam İrəvan Teatrının aktyoru, qayınanam həmin teatrın aktrisası idi, məni də dəvət etdilər teatrda çalışmağa. İllər uzunu İrəvan Teatrında çalışmışam, televiziyaya da Oqtayın köməyi ilə gəlmişəm, lakin özümü sevdirməyi bacarmışam. Oqtay məni zorla millətə sevdirməyib ki. Özümü təsdiqləməyi bacardım, ardınca başqa layihə təklifləri gəldi.

- Oqtay müəllim: “Mənə bir stəkan çay süz” – deyəndə ona: “Mən iş qadınıyam” - demisiniz?

- Birincisi, mən elə tərbiyə almamışam, ikincisi, xarakterimə zidd bir şeydir həddini bilməmək. Ailə nədir, övlad kimdir, həyat yoldaşı kimdir, bunların fərqini və yerini bilən qadınam. Yaxşı olardı ki, ailədəki tərəfimi məndən deyil, ailə üzvlərimdən, yaxınlarımdan, ən əsas da qayınanamdan soruşasınız. On dörd il qayınanalı, qayınatalı, qayınənəli, qayınlı bir evdə yaşamışam və bu illər ərzində evin bütün işlərini mən görmüşəm, həmçinin sənətimi də axsatmamışam. Ailəcanlı, insansevərəm, hətta biri qaşqabaqlı olanda elə bilirəm ki, onun qaşqabaqlı olmasının səbəbkarı mənəm, dilə tutub, ürəyini açmağa çalışıram.

Yarıciddi, yarızarafatla gedən söhbətimiz romantik mövzuda lövbər saldı.


- Hal-hazırda hansı kitabı oxuyursunuz?

- Markesin hekayələrindən ibarət kitabı oxuyuram. Həyatımda heç olmamışdı ki, oxuduğum kitabı dönüb bir də oxuyum. Keçən ilin yayında təkrarən Qurban Səidin “Əli və Nino” əsərini oxudum. Hərçənd indiyə qədər mənə aydın deyil ki, birdən-birə o ehtiyacı niyə hiss etdim. Amma elə bil heç oxumamış kimi xeyli sayda yeni məqamlar tapdım və bir daha əmin oldum ki, dünyanı idarə edən qüvvə sevgidir. Uzun ömür yaşamış birinə deyirlər ki, həyatı üç sözlə ifadə et: doğuldum, sevdim, öldüm. Hətta Tanrı da özünü ən çox sevgidə göstərir.

- 45 yaşınız var və bunu qətiyyən gizlətmirsiniz, bəs yaşını gizlədənlərə necə baxırsınız?

- Onlar üçün təzə bir söz tapmışam, demək istəyirəm. Bir qadın baxımlıdırsa, yaşını soruşanda dərhal sual verir ki, neçə verərsən? Mən də heç çəkinmədən deyirəm, bunun babat yaşı var, sadəcə yaxşı qalıb (gülür). Hamı çox yaşamaq istəyir, amma heç kim qocalmaq istəmir.

Arzu Murad

# 2735 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
İlon Mask tarixə düşdü

İlon Mask tarixə düşdü

12:00 12 dekabr 2024
# # #