Əsl intellektual, Bayram Nurlu və Damla – Ayxan Ayvaz yazır

Əsl intellektual, Bayram Nurlu və Damla – <span style="color:red;">Ayxan Ayvaz yazır
30 aprel 2019
# 13:20

“Əgər bu ölkədə şortikli qızın videosuna baxış sayı çox gəlirsə, biz artıq elmlə məşğul olmaq istəmirik”.

Bu cümləni elm səhifələrinin biri paylaşmışdı və ondan sonra fəaliyyətlərini dayandırmışdılar.

Səhifənin adminləri deyirdilər ki, biz burda Kvant fizikası, Təkamül, Şpinogerin pişiyi, Nyutonun cazibəsi və digər elmi materiallar paylaşırıq və paylaşımlarımız çox az sayda insanın diqqətini çəkir.

Niyə metroda şortik geyinmiş qadın bu qədər müzakirə olunur və ən çox baxış sayı ona gəlir?

Axı insanlar elmə yiyələnməli, maariflənməlidirlər. Hər kəs o şortikli qızın videosuna münasibət bildirir və hər gün ciddi materiallarla istifadəçilərin qabağına çıxan elm səhifəsini görməzdən gəlir.

Qısacası, elm səhifəsinin bu açıqlaması absurd komediya janrındadır.

Əvvəlcə bunu deyim, keçək yazımızın növbəti abzasına. Şortikli qızın metroda o cür linç edilməsi sosial hadisəydi və bu mütləq müzakirə olunmalıydı. Çünki o zehniyyətdə olan adamlar təhlükə saçırlar. Elm, maarifləndirmə də əslində insanları bu zehniyyətdən uzaqlaşdırmaq üçündür. Yəni bu hadisələr müzakirə olunmalı və o cür zehniyyətlər tənqid olunmalıdır ki, cəmiyyət daha azad və normal hala keçid etsin.

Bu sayaq gileylənmələri çox eşitmiş, görmüşük. Əsasən də yazarlardan. Biri deyir, meyxanaçıya bu qədər baxan varsa, biz nə karəyik? O biri Bayram Nurlunu, başqa biri bayağı adlandırdıqları müğənniləri yıxıb sürüyür və hesab edir ki, bu adamlar yazarlarla, elm adamları ilə oxucular arasında dərin bir uçurum yaradıblar.

Əvvəla, onu deməliyəm ki, bu hal tək bizdə deyil, bütün dünyada belədir. “Gangam stayl”ı bizim meyxanaçılar oxumuşdular? Bütün dünyada trend oldu və hələ də olmaqdadır. Dünyanın bir əyləncə tərəfi var və təbii ki, bu əyləncəli tərəf hər kəs üçün daha maraqlıdır. Bəzən beynimizi dincəltmək üçün bizim özümüz də bu cür əyləncələrə qoşuluruq.

Yəni belə deyək: bayağılığın da öz yeri var, elmin də, maarifləndirmənin də. Heç kim heç kimin yerini dar eləmir. Nobel ödüllü yazıçı Vargas Lyosanın məşhur “Ədəbiyyatsız dünya” essesində belə bir fikir var ki, dünyadakı intellektualların sayı çox azdır.

Biz o kütləni bu cür adlandırmışıq: ucsuz-bucaqsız azlıq.

Yazmağa, insanları maarifləndirməyə baş qoşan və ciddi işlərlə məşğul olan adamları heç bir meyxanaçı, Bayram Nurlu, nə bilim Damla filan narahat etməməlidir. Çünki həmin intellektual bilməlidir ki, bu dünyada “ucsuz-bucaqsız azlıq”dadır və baş qoşduğu yerdə tənha küləklər əsir.

Heç vaxt Nabokovu 6 milyard oxuya bilməz. Yaxud Dostoyevskini, Pol Osteri, Borxesi... Amma tutaq ki, dingildədən bir mahnı bütün insanlara rahat ulaşa bilər. Nə çətindir ki? Əlində telefon, mahnını yüklədin, qulaq asdın, bitdi. Vəssalam. Amma intellektual yol daha ağır, daha zəhmətkeşdi. Bu yolun çətinliyini biləndən və məsuliyyətini dərk edəndən sonra sən heç vaxt “niyə bayağı şeyə çox baxırlar, mənə yox” fikrinə qapılmayacaqsan. Biləcəksən ki, beş, on, uzağı min adam sənin fikirlərinlə həmrəydir və inan ki, o bapbalaca insan toplusu sənin üçün bütün dünya əhalisinə bərabər olacaq.

Mən əminəm ki, dünyanın heç bir yerində intellektual şəxs bu cür düşünmür: “Məni niyə Tarkan qədər tanımırlar?”

Bəzən mənasız jurnalistlər də bizə o sualı verir: “Ayxan bəy, sizi tanımırlar, amma Üzeyir Mehdizadəni hamı tanıyır. Bu sizi narahat etmir ki?”

Niyə narahat etsin axı? Bu zatən belə də olmalıdır. Ümumiyyətlə, bu cür müqayisələri qüsurlu və diletant hesab etmişəm.

Sənətin öz yeri var və o heç vaxt Üzeyir Mehdizadənin, Bayram Nurlunun, Damlanın kütləsini istəməz. Mənə o kütlənin Edqar Kereti oxuyub-oxumaması maraqlandırmır. Problem başqadır.

O bayağı adamların kütləsi var və media da, digər insanlar da bununla hesablaşır. Yəni onları daşlamağın adı yoxdur. Həmin adamların işi böyük kütlə yığmaq və o kütlə sayəsində dolanışığını qurmaqdır. Deməli, bəyənmədiyimiz o adamlar öz işlərini uğurla həyata keçiriblər.

Elm səhifəsinin, maarifçilərin, yazıçıların işi isə deyinmək deyil, öz üzərində işləmək və daha yaxşı yazmaq, dünya təcrübəsinə yiyələnməkdir.

Buna da bir cavab tapılacaq: “Biz dediyini eləyirik, amma tək əldən səs çıxmır”.

Deməli, problem bayramnurlularda, üzeyirmehdizadələrdə deyil. Bu ölkədə onların qazanc yeri var. Toy bazarı... Yeganə kitab bazarı yoxdur. Və əslində onlara, bayağı şeylərə qıcığın səbəbi də burdan yaranır. Onlar öz məhsullarını bazara çıxara bilir, biz yox.

Mədəni proses bütün ölkə boyu aparılmalıdır, tək Bakıyla məhdudlaşmalı deyil. Elm səhifəsinin yazımızın başındakı sözlərini təkrarlayaq: “Əgər bu ölkədə şortikli qızın videosuna baxış sayı çox gəlirsə, biz artıq elmlə məşğul olmaq istəmirik”.

Əgər bütün daşlar yerinə otursa, o zaman şortikli qızın videosuna gələn baxış sayı da, digər bayağılıqlar da bizi narahat etməyəcək.

Ancaq bu deyinmələrin hamısı məndə sadəcə gülüş doğurur. Hərdən elə adamları görəndə öz-özümə deyirəm: “Qardaş, əlinə bir telefon al, vayn çək, məşhurlaş da. Nə düşmüsən bunların üstünə?”

Və təəssüf ki, onları həm də anlayıram. Eşidilməmək, görünməmək çox dəhşətlidir. Mirzə Cəlilin “Molla Nəsrəddin” jurnalının ilk sayına yazdığı məqaləni xatırlayın. Ordakı bu sözlər mənə hələ də təsirli gəlir: “Sözünü o kəslərə de ki, sənə qulaq vermək istəmirlər”.

# 6904 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #