Millət vəkili: “Geyimə xərclənən pula heyfim gəlir” – ŞƏKLİNLƏ DANIŞ

<span style="color:red;">Millət vəkili:  “Geyimə xərclənən pula heyfim gəlir” – <span style="color:red;">ŞƏKLİNLƏ DANIŞ
12 oktyabr 2017
# 09:00

Kulis.az fotoqraf-jurnalist Arzu Muradın “Şəklinlə danış” layihəsindən növbəti yazısını təqdim edir. Budəfəki qonaq millət vəkili Jalə Əliyevadır.

Onu ilk dəfə Muğam Mərkəzində Yazıçılar Birliyinin şairlər gününə həsr olunmuş tədbirində görmüşdüm. O zaman anası Nurəngiz Gün sağ idi, Jalə xanım qız övladlarına xas bir şəkildə anasının qoluna girib tədbirdən çıxırdı. İlk tanışlığım ordan başladı, mənə o qədər müsbət aura bəxş etdi ki, bu xanımı mütləq tanımalıyam dedim. Heç mən tanımağa cəhd etməmiş, bir-birinin ardınca müxtəlif tədbirlərdə qarşılaşdım onunla. Hər birində də nə salam verirdim, nə yaxınlaşıb kəlimə kəsirdim. Hərzamankı kimi ilkin görüşlərdə müşahidəçi mövqeyində olurdum. Belə-belə, bir neçə il ərzində tanıdığım, sayğı duyduğum Jalə xanımı istədim sizə də tanıdım.

İlk dəfə iki il öncə planlaşdırmışdıq müsahibəni, müxtəlif səbəblərdən baş tutmadı. Sonra Jalə xanımı bədii qiraət tədbirimə dəvət etdim və beləcə körpünü qurdum. Bu layihə başlayar-başlamaz zəng etmişdim Jalə xanıma və demişdim ki, layihəmin üçüncü qonağı siz olacaqsız. Çünki hesablamışdım, oktyabrın 5-nə, yəni Jalə xanımın doğum gününə düşürdü. Heç soruşmadım ki, sizə uyğundur həmin gün, ya yox, mənə müsahibə verəcəksiz, ya yox? O da sağ olsun, heç qırmadı məni, razılığa gəldik. Danışıb vədələşmişdik ki, saat 12.00-da evlərində olacam. Vaxtından əvvəl çatmışdım ünvana və əlimlə qoyduğum kimi tapdım evi. Qapını döydüm, açdılar, içəri daxil olan kimi Jalə xanım da gəldi. Elə bil ilk dəfəydi görürdüm onu, mənim kimi sərbəst bir adam başladım utanmağa.


- Yaşınızın üstünə bir yaş daha gəldi, yaşlanma qorxunuz yoxdur?

- Əsla. Nə yaşlanmaq, nə ölüm qorxum var. Hər şey çox gözəldir.

- 5 oktyabrda doğulmusuz. Bildiyiniz kimi, 5 oktyabr həm də müəllimlər günüdür. Bakı Dövlət Universitetində dərs deyirsiz, bu qədər işi çatdırmaq sizinçün çətin olmur?


- Bir yola baş vurdunsa, yorulsan belə, əzmkarlıqla davam etməlisən. Həm ailəmə, həm işimə, həm tələbələrimə, həm də seçicilərimə lazımınca vaxt sərf etməyə çalışıram. Bu missiyaları üzərimə götürmüşəmsə, şikayətlənə bilmərəm. Düşünürəm ki, bütün bunlar olmasaydı, həyatım maraqsız olardı.


- Daxilən hansı fəslin adamısız?

- Fəsilləri heç vaxt işlərimin gedişatına görə dəyərləndirməmişəm. Təbiətcə də elə payız, qış adamıyam. Payız fəslini ona görə sevirəm ki, insanlar evə can atır, qapı-pəncərələr bağlanır, küçənin səs-küyü azalır. Evə xalılar döşənir, ocaq isinir. Qışın bu istiliyi məni daha çox cəlb edir, nəinki yayın xaosu. Bir də yazın ilk günlərini çox sevirəm. Bu səbəbdən istəyərdim ki, payızın və yazın ilk günləri heç bitməsin.

- Sosial şəbəkələrdən istifadə etmirsiz, yoxsa bir çox tanınmışlar kimi gizli adla edirsiz?

- Sosial şəbəkə istifadəçisi deyiləm. Nə marağımı çəkir, nə də vaxtım var buna. Sosial şəbəkədən istifadə etdinsə, gərək paylaşımlar edəsən, mən də öz fikirlərimi özümə saxlayan biriyəm.


- Bəlkə insanların mənfi düşüncələrini özünüzdən uzaqlaşdırmağa çalşırsız deyə daxil olmursuz sosial şəbəkələrə?


- Sosial şəbəkələrdə insanlar bilərəkdənmi, bilməyərəkdənmi bir-birilərinin xətrinə çox dəyirlər. Mən qətiyyən bunun tərəfdarı deyiləm. İnsanları yaxşı tərəfdən xarakterizə edə bilirsənsə, et, əksi qeyri-etikdir. Təbii ki, tənqid yaxşı şeydir, amma sağlam tənqid ki, sən onu yazdıqdan sonra həmin insan islah olacaq, düzgün yola gedəcək. Çirkin düşüncələrin, ikrah doğuran fikirlərin yazılması isə, mənim fikrimcə, doğru deyil. Sosial profillər, səhifələr insanlara sanki bir maska taxıb, don geyindirib. Əgər sənin sözün varsa, çıx qarşıma, üzümə de. Yoxsa qeyri-real adlarla fikir yürütmək anonimlikdən başqa bir şey deyil ki, bunu da mən normal qarşılamıram.

- Bir insan haqqında ilkin təəssürat üçün sizə nə yetər?


- Ağzını açıb nə danışması mənim üçün o insan haqda ilkin nəticəyə gəlməyimə yetir. Xarici görkəmi, geyimi əhəmiyyət daşımır, əsas ağlı, davranışıdır.


- Brendə üstünlük verməmənizin səbəbi nədir?

- Əsla brend geyim dalınca qaçmamışam, necə varamsa, istəmişəm, elə qəbul etsinlər məni. Əynimə geyindiyim geyimləri özüm yaratmışam həmişə. Yəqin bu, kökdən gələn bir şeydir, çünki Nurəngiz xanım da hələ sovet dövründə hər zaman geyimiylə fərd olub, bir müddət sonra həmin geyim tərzi dəbə çevrilirdi. Mən də həmişə qiymətindən asılı olmadan mənə yaraşanı geyinməyə çalışmışam. Geyimə xərclənən pula heyfim gəlir.

- Bəs ən çox nəyə pul xərcləyirsiz?

- Suvenirlər, bəzək əşyalarını çox sevirəm, amma onlara da çox pul vermərəm. Normal qiymətədirsə, alaram. Yəni fikirləşirəm ki, bahalı bir şeyə xərclədiyim pulu bir neçə daha lazımlı yerə verə bilərəm.

- Qonşularla münasibətiniz necədir?

- Qonşularla yaxın təmasda deyiləm, belə deyim, salam-sağ ol. Bir-birimizi tanıyırıq, uşaqları görəndə başlarını tumarlayıram və beləcə böyümə mərhələlərini izləyirəm.

- Formada qalmaq üçun sevdiyiniz yeməklərdən imtina etmək çətin gəlmir sizə?

- Çətin gəlir bəzən, amma iradəli olduğum üçun nəfsimə güc gələ bilirəm. Bişirdiyim yeməkdən də bir-iki qaşıq yeyirəm, sıf aclığımı öldürmək üçün. Artıq alışmışam, iki ildən çoxdur ki, bu sistemlə gedirəm. İtirdiyim çəkini yenidən geri almaqdan qorxuram.

Jalə xanım rahat danışır, gülür, bəzi hallarda kövrəlirdi. Həddən ziyadə səbirsizdir, içində olan aşırı məsuliyyət hissinə yenik bir xanımdır. Bilmirəm xanımlığındanmı, ya mövqeyindənmi, içindəki sərbəstliyi zəncirləmişdi, qəribə narahatlıq duyurdum onda. Olduqca emosionaldır, hər şey onu tez küsdürə, incidə bilər. Açığı belə nazikürəkli insanlarla ünsiyyətdən qaçıram ki, bir də ürəklərini almaq məcburiyyətində qalmayım. Müsahibə üçün sual hazırlamaqda çox çətinlik çəkmişdim, çünki bilmirdim nədən sual verim. Axı haqqında hər şeyi bilirəm.


- Xəyanəti bağışlaya bilərsiz?

- Əsla bağışlamaram! Mənim dəftərimdə nə yalana, nə xəyanətə yer yoxdur. Xətrimə dəyən adamla münasibəti pozmuram, sadəcə o mənim üçün yoxdur. Onu əsla mühakimə etmərəm, hesab sormaram ki, niyə belə etdin, münasibətimdən özü anlayar hər şeyi. Təbii ki, bu da baxır kimliyinə. Əgər yaxın bildiyim biridirsə, önəm verirəmsə ona, soruşacağam səbəbini.


- Həyatınızda hər şey arzuladığınız kimi gedir? Xoşbəxtsiz?

- Nurəngiz xanım müsahibələrin birində demişdi ki, kimsə həyatı boyu xoşbəxt olduğunu deyirsə, o ən axmaq adamdır. Xoşbəxtlik an məsələsidir.

- Sizcə övladı tərbiyə edən zaman vurmaq, əl qaldırmaq hansı hallarda qəbul ediləndir?

- Uşağı tənbeh etmək olar, cəzalandırmaq olar, amma əl qaldırmaq doğru deyil.

- Göz yaşlarınıza hakim olmaq çətin olur sizə?

- Kövrək insanam və görəndə ki, özümü idarə edə bilməyəcəm, ağlayacam, dərhal sakit bir otağa çəkilirəm, göz yaşımı quruduram və ətrafımdakı insanların bunu hiss etməsinə imkan vermirəm. Ana-övlad münasibətləri, kimsəsiz uşaqlar, köməyə ehtiyacı olan qoca və həmin qocanın övladları tərəfindən tərk edilməsi, küçə heyvanlarının vurulması, əzilməsi - bütün bunlar ağrılı yerimdir.


Jalə xanım valideynləri tərəfindən atılan uşaqları, övladları tərəfindən atılan valideynlərdən danışanda göz yaşına hakim ola bilmədi. Qəribə bir bağlılıq duyuram içimdə ona qarşı. O kövrələndə mən də kövrəlirəm, güləndə mənim də dodağım biixtiyar qulağımın dibinə gedir. Söhbətdən yayınmaqçun evlərində gördüyüm piano köməyimə gəldi. Sual verdikdən sonra ifa etməsini xahiş etdim və çox təəssüf edirəm ki, siz o ifanı eşitmədiniz. Tək kəlməylə, mükəmməl! Gözəl səsi, musiqi duyumu olduğunu bilirdim, amma pianoda belə gözəl ifa etməsi mənimçün yenilik oldu.

- Piano kimindi?

- Qızımındı. Musiqi məktəbinə gedib. Mənim də öz pianom olub. Ata evində olanda evə müəllim çağırmışdılar, həvəskar şəkildə məşğul olmuşam, amma musiqi məktəbinə getmədiyim üçün not bilmirəm, musiqi savadım yoxdur.

- Kompleksiniz varmı?

- İnsanlarla ünsiyyətə gec girirəm, bəlkə buna görə facebook və instagram istifadə etmirəm. Bayaqkı sualınızın bir cavabı da budur. Biriylə ünsiyyətə girmək üçün onu kifayət qədər tanımalıyam. Bunun bir səbəbi bəlkə də ailənin tək övladı olmağımdır. Bağçaya getməmişəm, həyət-bacaya çıxmamışam, heç vaxt dostlarım olmayıb, yatıb-durub valideynlərimi görmüşəm, qapalı mühitdə saxlayıblar məni.


- Vəzifənizlə əlaqədar seçici məktubları alırsız. Məktublardakı hansı giriş sizin diqqətinizi daha çox cəlb edir?

- Seçici məktublarının hamısının girişi eyni cürdür. Çox vaxt gələn məktubların başlığını oxumuram, birbaşa ortasına, yəni mətləbə keçirəm. Çünki mənə maraqlıdır ki, bu məktubu yazanın dərdi nədir, ona necə kömək edə bilərəm?

- Jalə xanım, elə bir yemək növü var ki, bişirə bilmirsiz?

- Elə bir yemək yoxdur, əlimdən hər iş gəlir. Sadəcə vaxt məhdudiyyətiylə əlaqədar az vaxt aparan yeməklər bişirirəm. Bir tək xəmir aça bilmirəm, çox çalışıb vuruşuram, olmur, bunu bacaran xanımlara qibtə edirəm. Bağa gedəndə yemək reseptləri olan dəftər və jurnalları da özümlə aparıram ki, yay boyu bunların hamısını bişirəcəm. Yay qurtarır, amma mən əlimi ağdan-qaraya vura bilmirəm və o reseptlər bir ümidlə apardığım kimi geri qayıdır ki, bəlkə şəhərdə bişirildi.

- Fotolarla aranız necədir?

- Şəkil çəkdirməyi çox sevirəm, yəüin ki, layihəniz də buna əyani sübut oldu. Ümumiyyətlə, foto, rəsm maraqlarıma daxil olan bir sahədir. Şəkillərə baxmağı da sevirəm, çünki mənə yaxın olan simaları görürəm orda, eynim açılır. Şəkil kağız parçası olduğu üçün bizə cansız gələ bilər, amma mən onların hər birində bir insan həyatı görürəm, xatirələrim canlanır. Bu səbəbdən düşünürəm ki, istər fotoqraflıq, istərsə də rəssamlıq incəsənətin əhəmiyyətli bir sahələridir.


- Evin hər küncündə fotolar, rəsmlər görürəm, amma öz şəkilləriniz çox azdır. Səbəbi nədir?


- Evin divarlarında görmək istədiyim, mənə əziz olan insanların şəkilləridir çoxu, o insanların ki, onlara əlim çatmır, ünüm yetmir. Özləri olmasa da istəyirəm ki, heç deyilsə, şəkilləri evimi bəzəsin, işıqlandırsın. Öz şəkillərimin olmamasının səbəbinə gəlincə, düşünürəm ki, insanın evində öz şəkillərini asması bir az absurddur.

Bu görüşün təəssüratı yəqin ki, ömrümün sonuna qədər yaddaşımdan silinməyəcək, bundan əminəm. Çünki onu düşünməyim belə əhvalıma bir dəyişiklik qatır, mütləq üzümdə təbəssüm yaranır.

Digər yazılar:

Amaliya Pənahova: “Ailəmizi dağıtmağa çox cəhd etdilər”

Baba Vəziroğlu: “Cinayət etmişəm...”

# 2165 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

13:07 13 dekabr 2024
Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

12:49 13 dekabr 2024
Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

12:10 13 dekabr 2024
# # #