#

Orda nə sevgilər, nə davalar yaşandı, nə əsərlər yazıldı – “Şirzadın kafesi” xatirələrdə

Orda nə sevgilər, nə davalar yaşandı, nə əsərlər yazıldı – “Şirzadın kafesi” xatirələrdə
13 sentyabr 2019
# 12:23

Xəbər verdiyimiz kimi vaxtı ilə yazıçıların toplaşdığı, “Şirzadın kafesi”nin sahibi Şirzad dünyasını dəyişib...

Kulis.az yazarların Şirzadın kafesi haqqında xatirələrini təqdim edir.

Aqşin Yenisey:

Image result for aqşin yenisey

- Şirzadın ölümü ədəbiyyatımız üçün ağır itkidir. O kişi müstəqillik dövr ədəbiyyatımızın gizli qəhrəmanı idi. Qoqolun "Şinel"i rus ədəbiyyatı üçün nə idisə, Şirzadın "nisyə dəftəri" də bizim üçün o idi. Müstəqillik dövrü ədəbiyyatımıza onun kartof kisələri ilə dolu zirzəmi kafesi AYB-nin təmtəraqlı binasından daha çox xeyir verib. Biz qarışqa kimi onun yeraltı kafesini özümüzün yuvamız bilirdik. O kafedə nə şeirlər yazıldı, nə "aşklar" yaşandı. Şirzadın kafesində bizim öz yerimiz vardı - anbar. Kartof, soğan kisələrinin, araq, pivə yeşiklərinin yanı. Çox vaxt stul azlıq edirdi, kartof taylarının üstündə otururduq. Araq bitəndə Şirzadı çağırmağa ehtiyac yox idi. Sağa, yaxud sola çevrilib yeşikdən növbəti şüşəni götürmək bəs idi. Gənc rəssamların, bəstəkarların, rejissorların ayrı-ayrı "kruqları" vardı orda. Oradakı yaradıcı mühit Azərbaycanda, daha doğrusu, bizim qismətimizə düşən Azərbaycanda heç harda yox idi. Yerin üstünü "sovet qocaları" zəbt etmişdilər. Biz bizim olmayan Bakının üstündən qaçıb, bizim olan Bakının altına doluşurduq, istisnasız olaraq hər gün. Şəxsən mənə Bakını Şirzad sevdirib. Şirzad bizi öz zirzəmilərində gələcəyin "minaları" kimi qoruyurdu. Bizim bir-bir partladığımızı, yəni kitablarımızın, yazılarımızın çıxdığını görüncə təriqət lideri kimi sevinirdi. Mənim ədəbiyyatdakı uğurlarıma (əgər varsa) onun qədər sevinən nə bir dostum oldu, nə bir qohumum. Ölümü özünə dərd etməsin, Şirzad şəxsən mənim yazılarımda həmişə yaşayacaq.

Qismət Rüstəmov

Image result for Qismət Rüstəmov

- “Şirzadın kafesi” təkcə qızğın ədəbi mübahisələrin, baş tutan, ya da yarıyolda qalan çılğın ideyaların ortaya çıxdığı məkan deyildi, ora həm də çap üzü görməmiş mətnlərin ilk oxunduğu yer idi. “Şirzadın kafesi” bir dövr üçün Parisdəki Monparnas kafelərinin funksiyasını görmüşdü. Bu yeraltı Monparnasın yan-yörəsində, qapısında heç bir ad, işarə yox idi; oranı tanımasan, yanından rahatca ötüb keçərdin, elə bilərdin bağlanmış çəkməçi dükanıdır. Amma çöldən əbədi bağlı görünən o qapının hansı dünyaya açıldığından xəbərin vardısa, onda səni əsl “Alisa Möcüzələr Ölkəsi” gözləyirdi.

“Şirzadın kafesi”ndə hər şey mümkün idi: ilk dəfə əlinə qədəh, damağına siqaret alan “noviçok”ların sentimental xumarlığından tutmuş artıq məşhur olmuş sənətkarların masalarüstü performanslarına qədər. İçəri girəndə soldakı otağın ağzında balaca bir “kabinet” vardı, qıraqdan baxanda fikirləşərdin ki, bu balaca yerə uzağı iki adam yerləşər, amma dedim axı, ora möcüzlər ölkəsi idi: birinci dəfə o balaca otaqdan Murad Köhnəqalanın, Həmid Herisçinin, Zahir Əzəmətin, Seymur Baycanın, Qan Turalının, Əli Əkbərin, Günel Mövludun çıxdığını görüb çaşmışdım, hələ şokdan ayılmamış, otaqdan Sadiq Elyer də çıxmışdı.

Rəhmətlik Şirzad sənət adamlarının xeyir-şərinə gedəcək qədər doğmalaşmışdı. Məni ora ilk dəfə Səlim Babullaoğlu aparmış, xeyli qiymətli sənətçiylə tanış eləmişdi. Günün istənilən vaxtı ora getsən, ölkənin ən istedadlı adamlarından kimisə görə bilərdin. İndiyəcən yadımdadır, ilk dəfə unudulmaz dostum Zərdüştü ora aparanda, əsl kulturoloji şok keçirmişdi: üzbəüz masada Ayaz Salayev oturub, yan masada Rasim Qaraca rəhmətlik Rafiq Tağıyla danışır, bir başqasında Səlim Babullaoğlu rəhmətlik Adil Mirseyidlə söhbətləşirlər...

“Şirzad kafesi” yerin üstündə darıxan, nəfəsi daralan, boğulan bütün istedadlı adamlar üçün yeraltı nəfəslik, ürəkboşaltma yeri, reabilitasiya mərkəzi idi. Təqdimat keçirməyə məkan, pul-para tapmırdınsa, “Şirzadın kafesi”ndə masaları birləşdirib təqdimatı ordaca keçirə bilərdin, bəzən elə xərcin çoxunu Şirzad özü çəkirdi.

Şirzadın nisyə dəftəri müstəqillik dövrü ədəbiyyatımızın məlumat kitabçası kimiydi.

O kafedəki darısqal demokratiya bir də heç bir kafedə alınmadı.

İşıqlar içində uyusun!

Kənan Hacı:

Image result for Kənan Hacı:

- Şirzadın ölüm xəbəri məni xəyalən ikimininci illərin əvvəllərinə, yoxsul, kimsəsiz, qələmimizdən başqa heç nəyimizin olmadığı ümidsiz, fərəhsiz günlərə qaytardı.

Əllərimin cibimə yük olan vaxtlarıydı. “28 may” metrosu tərəfdə məqsədsiz şəkildə dolaşırdım. Qəfildən Adil Mirseyidlə rastlaşdım. Qəzetdə hansısa yazımı oxuduğunu dedi. Beləcə, söhbətləşə-söhbətləşə gəlib çıxdıq o əfsanəvi məkana. Şirzadın kafesinə.

O gündən bərk darıxmaq hissi məni yaxalayanda özümü qaranəfəs ora çatdırırdım.

Ora kimlər gəlirdi? Vaqif Nəsib, Əlisəmid Kür, Səlim Babullaoğlu, rəhmətliklər Pərviz Yusif, Əlislam Bilal, Kələntər Kələntərli, Elçin Səlcuq...

Sonra yeni nəsil ora ayaq açmağa başladı. Ən çarəsiz durumda ilk ağlımıza gələn Şirzad olurdu. Bilirdik ki, Şirzad bizi naümid qaytarmayacaq Orda nisyə yemək yeyə biləcəkdik.

Acı və fərəhsiz günlərin işıqlı bir adasıydı Şirzadın kafesi. Bu gün üzdə olan ciddi qələm adamlarının əksəriyyətinin taleyində Şirzadın izi var. Çox təəssüf etdim onun ölümünə. İçimdə elə bil nəsə qırıldı.

Sevinc Elsevər:

Image result for Sevinc Elsevər:

- Gəncliyimizin qısa bir dövrü Şirzadın kafesi ilə bağlıdır. O vaxt gənc qələm adamlarının yığışdığı, rahat və sərbəst hiss elədiyi yeganə yer idi o kafe. Yeməkləri dadlı və ucuz idi. Gənclərin səs-küyünə, ədəbi mübahisələrinə, hətta davalarına qarşı çox dözümlü idi Şirzad. Çox vaxt ucadan şeir deyirdi kimsə, ya xorla mahnı oxuyardıq. Qarışmazdı. Olduqca sakit təbiəti var idi. Yadımda sakit, hövsələli biri kimi qalıb. Bəlkə də özü fərqində deyildi, amma 2000-ci illərin yaradıcı gəncliyinin hamısı onun balaca, ucuz kafesinə gəlib-gedirdi. Onu hamı tanıyırdı. Sonuncu dəfə o kafedə Mövlud və Şaiq Vəli ilə oturmuşam, 2010-cu ilin qışında. Şaiq Vəli ilə ilk və sonuncu görüşüm oldu o görüş. İndi nə Mövlud yoxdu, nə Şaiq Vəli, nə o kafe, nə də o kafenin sahibi.

Rəbiqə Nazimqızı:

Image result for Rəbiqə Nazimqızı:

- Kafenin son ilinədək daimi müştərilərdən olmuşam. Şirzad bəyi də oradan tanımışam. O balaca, şəraitsiz zirzəmi həmin vaxtlar ədəbiyyat nəfəsliyi idi. Bəzən heç kəsə görüş vermirdin, konturun, ya pulun olmurdu, ya kiməsə zəng çatmırdı, düşürdün kafeyə və bilirdin ki, indi tanışlardan kimsə gələcək.

Şirzad bəylə bizi Səlim Babullaoğlu tanış eləmişdi. O gündən kafeyə daha rahat gedirdim, ora qadınlar az gedirdi deyə, tək də olsam, kabinet həmişə ixtiyarımda idi.

Həmişə şəxsən yaxınlaşır, hal-əhval tuturdu və elə bu jest kifayət idi ki, kənardakılar özlərini yığışdırsınlar. Əsl azərbaycanlı kişiləri mühafizəkar idi, düşünürdü ki, bir çox hallarda qadını qorumaq lazımdı. Və düz düşünürdü! Bir dəfə yaxşı yadımdadır, tək oturub çay içirdim, o kafedə düşünmək və yazmaq asan idi mənə, qonşu stolda tanımadığım cavan uşaqlar səs-küy salırdılar, deyəsən, öz aralarında nalayiq sözlər də işlədirdilər, Şirzad bəy gəldi və onları kafedən çıxartdı ki, sizin pulunuz mənə lazım deyil, müştərilərə mane olursunuz. İşçilərə də tapşırdı ki, belə hallarda tədbir görsünlər.

İndi onun təbəssümünü xatırlayıram və düşünürəm ki, o təbəssümdə nə qədər doğma ağrı, anlayış və sevgi - insana, ədəbiyyata və incəsənətə sevgi gizlənmişdi. Bizi ağrıdan şeylər barədə xüsusi danışmaq istəmirəm. Mənzərə hamıya aydındır və artıq ədəbiyyatın və incəsənətin, insanın faciəsindən danışan bu mənzərə onu narahat etməyəcək. Yeri behişt olsun.

Kəramət Böyükçöl:

Image result for Kəramət Böyükçöl:

- Yazarlar arasında məşhur olan “Şirzadın kafesi” adlı yerdə mənim də bir xeyli xatirələrim var. Doğrudan da, qəribə günlər idi, uzun müddət səhər yuxudan duran kimi o kafeyə gedir, axşam da çıxıb evə gəlirdim. Elə bil iş yerim idi. Bizim o kafeyə rahat gedib-gəlməyimizin ən əsas səbəbi isə pulumuz oldu-olmadı Şirzadın qapılarının üzümüzə açıq olması idi. Kafenin köhnə divarları, stol-stulları, qapıları da estetik cəhətdən bizim yenilikçi söhbətlərimizə adekvat idi. Sanki Tarqovının ortasında bir kənd salmışdılar. Elə bizim də həyatımız o divarlara, stol-stullara, qapılara, ucuz yeməklərə oxşayırdı deyə bir ruh doğmalığı vardı, həmişə o ünvana can atırdıq. Bəziləri bunu zarafat kimi qəbul edə bilər, ancaq doğrudan da, o kafedə gedən ədəbiyyat söhbətləri, ədəbi, ictimai-siyasi müzakirələr heç Azərbaycan Yazıçılar Birliyində, ədəbiyyat təmayüllü institutlarda, universitetlərdə getmirdi. Elə vaxtlar olurdu ki, o kafeyə ay ərzində 500-600 manata qədər borcum olurdu, xırda-xırda ödəyirdim. Kafe sahibi Şirzad dayı arxayın idi ki, harada olsaq, əvvəl-axır borcumuz ödəniləcək. Çünki o da bilirdi ki, bizim ora gəlməməyimiz mümkünsüz bir şeydir. Biz də bilirdik ki, orda rahat çörək yeyə, araq içə bilərik, ya dostlardan kimsə gəlib hesabı ödəyəcək, ya da ki, nisyə yazdıracağıq. “Şirzadın kafesi”nin xatirəsi çoxdur, elə bil Elçin Səlcuq, Zərdüşt Şəfi, Ceyhun Nağı, Mövlud Mövlud ikinci dəfə öldü...

Ayxan Ayvaz:

Related image

- “Şirzadın kafesi” ilə məni Adil Mirseyid tanış eləmişdi. Onda çox həvəsli vaxtlarım idi. Hər gün yazırdım, tanınmış yazarlarla görüşürdüm, ədəbi söhbətlərin ölüsüydüm.

“Şirzadın kafesi” mənə o həvəsli günləri xatırladırdı. Oranın sökülməsindən sonra hər dəfə “Araz” kafesinin yanından keçəndə o boşluğa baxıb inana bilmirdim ki, bir vaxtlar burda bir kafe olub və o kafe bizim müasir ədəbiyyatımızın üzə çıxmasında özünün də xəbəri olmadan yardımçı olub.

Şirzad çox səxavətli kişiydi. Yazılarımızı oxuyurdu, hər dəfə gəlib deyirdi, sənin o yazın yaxşıydı, oxudum. Nisyə dəftərini həmişə səxavətlən üzümə açardı. O nisyə dəftəri bəlkə də müstəqillik dövrü yazarlarının həyatını göstərən yeganə nişanəydi.

O kafedə yazılarımızı bir-birimizə oxuyurduq. Hər gün yol özü bizi bu kafeyə gətirib çıxarırdı və biz oranın dadlı xəngəllərindən dadardıq. Xəngəl dedim, yadıma düşdü. İlk dəfə Seymur Baycanla burda tanış olmuşdum. Özü də mənə qonaqlıq vermişdi. Kafenin girişində, solda balaca bir “kabinet” vardı, orda oturduq. Seymur xəngəl sifariş verdi və ən çox özü yedi. Bir azdan dünya ədəbiyyatını yarıladığımız vaxt Kəramət Böyükçöl gəldi və oturmaq istədi. Seymur ona nə sual versə yaxşıdır: “Mişimanı oxumusan?” Kəramət başını buladı. “Mişimanı oxumayanla niyə oturum axı?” – Seymur bunu deyəndə Kəramət dəliyə döndü və orda xırdaca bir mübahisə düşdü.

Davalarımıza görə Şirzad bizi bağışlasın. Gözəl kişiydi. Onu çox incitmişdik...

# 6034 dəfə oxunub

Oxşar xəbərlər

Ədalət Şükürovun Ayda torpağı var? - Özü cavab verdi

Ədalət Şükürovun Ayda torpağı var? - Özü cavab verdi

13:27 5 oktyabr 2024
Emin Sabitoğlunun mahnılarından ibarət konsert keçiriləcək

Emin Sabitoğlunun mahnılarından ibarət konsert keçiriləcək

12:43 5 oktyabr 2024
Mən türk qadınıyam, amma öz dilimdə oxuya bilməmişəm - Fəriba Vəfi ilə müsahibə

Mən türk qadınıyam, amma öz dilimdə oxuya bilməmişəm - Fəriba Vəfi ilə müsahibə

12:00 5 oktyabr 2024
Nəşriyyatlar Mədəniyyət Nazirliyinə etiraz etdi - Sərgini boykot

Nəşriyyatlar Mədəniyyət Nazirliyinə etiraz etdi - Sərgini boykot

11:07 5 oktyabr 2024
"İrəvan gündəliyi"  kitabının təqdimat mərasimi keçirildi

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirildi

19:00 4 oktyabr 2024
Türkiyədə Nizami Gəncəviyə həsr edilmiş əsər nəşr olunub

Türkiyədə Nizami Gəncəviyə həsr edilmiş əsər nəşr olunub

18:18 4 oktyabr 2024
# # #