Yadplanetlilərə hansı kitabı apararsız? SORĞU

Yadplanetlilərə hansı kitabı apararsız? <span style="color:red;">SORĞU
22 sentyabr 2016
# 09:00

Tanınmışlar kosmosa getsələr və yad planetlilərlə görüşsələr, insanlığı izah etmək üçün hansı bədii əsəri onlara göstərərdilər?

Kulis.Az bu barədə tanınmışlardan münasibət öyrənib. Cavabları təqdim edirik.

Anar

Öz əsərlərimi aparardım. Bütün əsərlərimi, nə yazmışamsa. Bir çamadan. Özümdən başqa heç kimi layiq görmürəm kosmosa.

Əkrəm Əylisli

Hər kəsin öz yazdığı öz qəlbinə yaxındır. Ancaq öz kitablarımı apara bilərəm. Kosmosa gedəsi olsam, “Əylisdən Əylisəcən” kitabını aparardım özümlə. Ona görə ki, o kitab mənim xatirələrimdi. Dünya ədəbiyyatından isə Servantesin “Don Kixot”unu götürərdim. Ona görə ki, o əsər insan taleyi haqqında böyük mətləblərdən söz açan ən yaxşı əsərdir. Dostoyevskini kosmosa aparmazdım, o mənim yazıçım deyil. Rus yazıçılarından kosmosa aparası olsam, İvan Bunin “Arsenyevanın həyatı” əsərini apararam. Çox gözəl əsərdir. Mənim ruhuma yaxın əsərdir.

Rejissor Gümrah Omar

Füzulinin “Leyli və Məcnun". O əsərdə bir dənə də olsun mənfi personaj yoxdur. Ancaq yenə də konflikt var, faciə var.

Səfər Alışarlı

Mürəkkəb sualdır. Yadplanetlilərə insanlığın mənəvi simasını bir bədii əsərlə təqdim etmək çətindir. Söhbət, əlbəttə, Yer üzündə insanın yaşayışına kömək edən, onun azadlığını və məğlubedilməzliyini sübut edən əsərdən gedirsə, o missiyaya ən yaxın kitab olaraq yalnız Qurani-Kərimi göstərmək olar. Amma İncili, Tövratı da bədii əsər saymamaq mümkün deyil. Məhz bu kitablardakı həqiqətlər Quranın əsasını təşkil edir. Bu möhtəşəm əsərlərin fonunda biz hansı ölkənin ədəbiyyatını, hansı şairin, yazıçının bir əsərini təqdim edərək deyə bilərik ki, bu, insanlığın ən bariz mənəviyyat göstəricisidir?!

Fizik Yalçın İslamzadə

Yadplanetlilərin insanları tanımaları üçün bir kitab olsa, bu Con Steynbekin “Qəzəb salxımları” əsəri olar. Bir müəllif olsa, Şekpir deyərdim.

Saday Budaqlı

Tolstoyun “Hərb və Sülh”ünü göstərərdim yadplanetlilərə. Dünyanı, bizim insanları, ölümü, həyatı tanımaq üçün ən gözəl əsərdir. “Hərb və sülh”də hər şey var.

Həmid Herisçi

Murad Köhnəqala həmişə deyərdi ki, bəs mən yadplanetliyəm. Əvvəl bu, gülüş doğurardı sifətimdə. İndi buna özüm də inanmağa başlamışam... Mövzu ilə əlaqədar bir hekayəm də var: “Uçan boşqablar”. Bax bu hekayəmi göstərərdim yadplanetlilərə. Başqaları ilə işim yoxdur.

Qan Turalı

Yadplanetlilərın özləri nə gündədir, görəsən. Bilmirik ki... Amma biz zavallı Homo Sapienslərin vəziyyətini ən gözəl ifadə edən kitab məncə “Sergi Ata”dır. Qoy, yadplanetli qardaşlar, başqa insan ya da təkamül etmiş heyvan qardaşlarımız bizim ehtiras ucbatından nə qədər əzab çəkdiyimizi görsün. Qoy, görsünlər ki, bizim bioloji başlanğıcımızla mənəvi kimliyimiz necə ziddiyyətdədir, bir tərəfdə bədənimiz, bir tərəfdə ruhumuz, onları barışdıra bilmirik. Bəs biz onların davası ucbatından nə qədər əzab çəkmişik, çəkirik və çəkəcəyik. Biz sənətdə təsəlli tapacaq qədər aciz varlıqlarıq. Yadplanetlilər də bunu belə də bilsin.

Aqşin Evrən

İlk ağlıma gələn əsər Kafkanın “Çevrilmə”si oldu. Yadplanetlilərə başa salardım ki, şeyx, sizsiz insanlar Yer kürəsində həm mənəvi, həm də cismani olaraq getdikcə miskin bir böcəyə çevrilir və tənhalaşır. İnsanlıq Kafkanın dediyi kimi, ölmür, məhz gəbərir. Yadplanetlilərin var olması ehtimalı mənə inandırıcı gəlmir, ancaq əgər onlar varsa və bizi tez-tez müşahidə edirlərsə, üzümü onlara tutub demək istəyirəm ki, yekə kişisiz, dünyanın gizlənqaç oynayan yaşı deyil, təcili olaraq insanlıqla əlaqə yaradın. Əgər onlar əlaqə yaratmasalar, Yer kürəsi sakinləri tezliklə dünyanın başına daş salacaq. Belə də nəinki bu planet qonşularımız, hətta milyard işıq ili uzaqlıqdakı ulduzlar da toz olacaq.

Cavid Zeynallı

Tolstoyun külliyyatını. Məsləhət görərdim ki, ilk olaraq “Dirilmə” və “Hacı Murad”ı oxusunlar. Amma bir neçə yaxşı hekayə var ki, kitab aparmaq mümkün olmasa da, oralara linkini göndərərdim. Məsələn, Andre Moruanın “Əsirin qayıdışı” hekayəsini. Bir də "Usta Zeynal"ı, bir də... linklər çoxdur, müraciət olunsa, fikirləşərəm.

# 2021 dəfə oxunub

Oxşar xəbərlər

“Star Wars” anime ilə ekranlara qayıdır

“Star Wars” anime ilə ekranlara qayıdır

15:20 4 avqust 2026
Təhsilimizdə sabitlik ehtiyacı - İslahatlar, yoxsa bitməyən çılğın eksperimentlər?

Təhsilimizdə sabitlik ehtiyacı - İslahatlar, yoxsa bitməyən çılğın eksperimentlər?

14:00 4 avqust 2026
Tanınmış  aktrisa vəfat etdi – Səbəb

Tanınmış aktrisa vəfat etdi – Səbəb

13:40 4 avqust 2026
12-ci Bakı Beynəlxalq Kitab Sərgisinin bu il keçiriləcəyi tarix məlum oldu

12-ci Bakı Beynəlxalq Kitab Sərgisinin bu il keçiriləcəyi tarix məlum oldu

13:38 4 avqust 2026
Məşhur müğənni fəaliyyətini dayandırır – Səbəb

Məşhur müğənni fəaliyyətini dayandırır – Səbəb

13:30 4 avqust 2026
Evində ölü tapılan görkəmli  aktrisamız

Evində ölü tapılan görkəmli aktrisamız

13:00 4 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər