Kamal Abdulla Qarabağdan danışdı: “Aprel döyüşlərindən sonra...”

Kamal Abdulla Qarabağdan danışdı: <span style="color:red;">“Aprel döyüşlərindən sonra...”
13 iyul 2016
# 16:27

Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin 7-10 iyul tarixlərində Qarabağ və Gəncəbasar bölgəsinə səfəri baş tutub. Bərdə İmamzadəsində, Ağcəbədi, Tərtər, Ağdam, Goranboy, Naftalan, Yevlax Cümə məscidləri və ziyarətgahlarında olan görüşlərdə yerli və ətraf rayonların ziyalıları, din xadimləri ilə, eyni zamanda bir neçə hərbi hissədə maraqlı və faydalı görüşlər keçirilib.

Dövlət müşaviri Kamal Abdullayev səfərlə bağlı fikirlərini və səfər təəssüratını Azərtacla bölüşüb.

– Kamal müəllim, öncə səfərinizin məqsədi və səfər etdiyiniz rayonlar haqda məlumat vermənizi xahiş edirik.

– Bilirsiniz ki, cənab Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqına səmimi sözlərlə dolu təbrik ünvanladı. Bu təbrikdə Prezident Ramazan bayramının təkcə ölkəmizdəki müsəlman əhalinin yox, eyni zamanda, bütün digər dinlərə mənsub insanlarıımızın da bayramı olduğunu, hər bir vətəndaşımızın bu müqəddəs, bəşəri günü birgə qeyd etdiyini vurğuladı. Bu Azərbaycan xalqına xas multikulturalizmin və tolerantlığın təntənəsi, bu istiqamətdə aparılan uğurlu dövlət siyasətinin nəticəsidir. Bu il həm də ölkəmizdə “Multikulturalizm ili” olduğundan, düşündük ki, yaxşı olardı, cənab Prezidentin Ramazan təbrikini insanlarımıza – dindarlarımıza, vətənin müdafiəçiləri olan əsgərlərimizə birbaşa çatdıraq və bu əziz bayramı onlarla birgə qeyd edək. Elə bu məqsədlə də 7-10 iyul tarixlərində Qarabağ və Gəncəbasar bölgəsində səfərdə oldum və orada ictimaiyyət nümayəndələri, din xadimləri və vətənimizin, xalqımızın, dövlətimizin keşiyində mərd-mərdanə dayanan əsgər və zabitlərimizlə görüşdük. Prezidentin Ramazan təbrikini onlara çatdırdıq.

– Qarabağ bölgəsində insanların əhval-ruhiyyəsi neçə idi? Son dövr cəbhədə baş verən hadisələr sakinləri narahat etməyib ki?

– Mən 2 il öncə də bu bölgəyə səfər etmişdim. Əminliklə deyə bilərəm ki, aprel ayında baş verən və ordumuzun qələbəsi ilə bitən qızğın döyüşlərdən sonra Qarabağ bölgəsində yaşayan insanlarımızın ruhu təzələnib, sanki. Onlar balacasından ağsaqqalına qədər, hamısı vətənin müdafiəsinə qalxmağa hazır olduqlarını bildirir və hər addımda cani-dildən məhəbbət və ehtiram bəslədikləri Ali Baş Komandanın əmrini səbrsizliklə gözlədiklərini dilə gətirirlər. Ağdamın Sarıcalı, Çəmənli, Xındırstan kəndlərinin sakinləri, bərdəlilər, tərtərlilər, goranboylular, ağcəbədililər hamısı son dövrlərdə cəbhədə baş verən hadisələrdən dərhal sonra cənab Prezident İlham Əliyevin öz xanımı ilə heç bir qoruyucu vasitə olmadan birbaşa düşmən artileriyasının atəş zonasında yerləşən, mənfur düşmənlərin dağıtdığı dinc əhalinin yaşayış evlərini ziyarət etməsini çox yüksək dəyərləndirir, onların belə bir təhlükəli yerdə yaşamasının yeganə səbəbinin Vətən eşqi və səbəbkarının Ölkə Prezidenti olduğunu dönə-dönə qeyd edirdilər.

Bu gün Qarabağ bölgəsindən yaşayan hər bir insan mərd və cəsur Azərbaycan əsgəri kimi vətənin keşiyindədir. Dillərinin əzbəri olan bir söz var: “Cənab Prezident bizə dedi ki, mən sizinlə qürur duyuram!”

– Ölkə Prezidentinin apardığı siyasəti, xüsusən, din-dövlət münasibətlərinə dindarların münasibəti necədir?

– Ulu Öndər Heydər Əliyev ölkəmizdə din-dövlət münasibətlərinin ən ali formasını necə müəyyənləşdirmişdisə, bu gün də cənab İlham Əliyev tərəfindən bu siyasət ləyaqətlə davam etdirilir. Ölkəmizdə təkcə əksəriyyət təşkil edən müsəlmanlara deyil, bütün digər ənənəvi din nümayəndələrinə də bərabər münasibət göstərilir. Dini mənsubiyyətindən asılı olmayaraq bütün dindarlar bundan çox razıdır. Onlar hər zaman dövlətin yanında olduqlarını qeyd edir və bunu dövlətə və dövlətçiliyə xidməti borc kimi dəyərləndirirlər. Bilirsiniz, Azərbaycan dünyəvi dövlətdir, burada din dövlətdən ayrıdır. Amma dövlət həmişə dinin və dindarların yanındadır. Bunu Prezident hər dəfə qeyd edir. Qədim Şamaxı məscidinin, Gəncə İmamzadəsinin abadlaşdırılması, Bakıda möhtəşəm Heydər Məscidinin inşa olunub dindarların istifadəsinə verilməsi, dini konfessiyalara dövlət büdcəsindən maliyyə yardımlarının ayrılması, rayon mərkəzlərindəki cümə məscidlərinin hər birinin abad və gözəl olması dövlətin dinə münasibətinin bariz nümunəsidir. Bunu Bərdə İmamzadəsində, Gəncə İmamzadəsində, olduğum bütün digər məscidlərdə din xadimləri xüsusi ehtiramla dilə gətirdilər.

– Dindarlarımız, xüsusən onların toplandıqları məscidlərimiz dövlətin dindarlardan gözləntilərinə adekvatdırmı?

– Maraqlı məqama toxundunuz. Hesab edirəm ki, məscidlərimiz və bir çox din xadimlərimiz hələ də dövlətin onlardan gözləntilərini doğrultmur. Bizdə dövlətə və dövlətçiliyə xidmətin nümunəsi şeyxülislamlıq institutu və bu gün Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə nümunəsi var. Məncə, dindarlarımız dövlətimizin və dövlətçiliyimizin yad dini təsirlərdən qorunmasında daha fəal olmalı, məscidlərimiz təkcə namaz qılınan, ehsanlar verilən məkan yox, həm də elm, fəzilət, mərifət, dövlətçilik, azərbaycançılıq ocaqları olmalıdır. Biz hamımız bu istiqamətdə çalışmalıyıq.

– Mətbuatda məlumat qeyd edilmişdi ki, siz Gəncə İmamzadəsində təkcə Gəncənin deyil, o regionda olan əksər din xadimləri ilə birgə görüşmüsünüz, hətta, tədbirdə qadın axundlar da iştirak edib. Bu görüş haqda fikirləriniz oxucularımız üçün maraqlıdır.

– Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində təmir və bərpa olunaraq möhtəşəm ziyarətgah kompleksinə çevrilən Gəncə İmamzadəsi Azərbaycanın ən gözəl müqəddəs məkanlarından biridir. Buraya ziyarətə gələn hər bir kəs öncə gözəl memarlıq nümunəsi və səliqə-sahmanla qarşılaşır. İmamzadədə təkcə Gəncə şəhərinin deyil, ətraf rayonların – Naftalan şəhəri, Qazax, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa rayonlarının axund və imamları ilə görüşdük. Öncə Prezidentin Ramazan təbrikini onlara çatdırdıq. Daha sonra dindarlarla ölkəmizdəki dini durum, din-dövlət münasibətləri, tolerantlığın və multikulturalizmin Azərbaycan modeli haqqında fikir mübadiləsi apardıq. Onları maraqlandıran məsələlərə aydınlıq gətirdik. Bu işdə mənə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regionlar üzrə şöbə müdirlərinin və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələrinin böyük köməyi oldu. Eyni zamanda hər bir rayon və şəhərdə icra strukturlarının da fəaliyyətini xüsusi qeyd etmək olar. Sevindirici hal ondan ibarət idi ki, dini məzhəbindən asılı olmayaraq, hər bir dindar dövlətə və dövlətçiliyə xidmət naminə bir olduqlarını söyləyirdilər. Bu görüşdə Gəncədə fəaliyyət göstərən və axundları xanımlar olan qadın məscidinin axund və icma üzvləri iştirak edirdi. Onların da dinə və dövlətçiliyimizə münasibəti olduqca səmimi və birmənalı idi. Qadın axundlar ölkəmizin Birinci xanımı Mehriban Əliyeva ilə görüşlərini sevinclə xatırladılar, ölkənin Birinci xanımının gördüyü xeyirxah işlərdən ürək dolusu söhbət açdılar, razılıq etdilər.

Onu da sizə deyim ki, mən Gəncədə olarkən tarixi Şah Abbas Məscidini və Gəncədəki Rus Pravoslav Kilsəsini də ziyarət etdim, dindarlarla görüşdüm. Rus Pravoslav Kilsəsinin baş keşişi Varfolomey Ata, həmçinin Gəncə şəhər Yəhudi Dini İcmasının sədri Arif Babayev bizimlə birgə İmamzadədə tədbirdə iştirak etdi, həmçinin onlar İmamzadədə təşkil olunan bayram süfrəsində də bizimlə birlikdə oldular. Bu isə təkcə Azərbaycana xas olan unikal toleranlıq mədəniyyətidir.

– Səfər çərçivəsində ön cəbhədə hərbi xidmət edən əsgər və zabitlərimizlə də görüşmüsünüz. Azərbaycan ordusunun hazırki mənəvi durumu və əsgərlərimizin əhvalı ilə bağlı nə deyə bilərsiniz?

– Bayram günlərində düşmənlə üzbəüz mövqelərimizdə xidmət edən əsgərlərimizi görmək, onlarla bir süfrədə nahar etmək, düşməndən yenicə azad edilmiş torpaqlarımızdan düşmən mövqelərini müşahidə etmək unudulmaz və qürurverici idi. Səfər çərçivəsində 3 hərbi hissədə oldum. Əsgərlərlə və zabitlərlə görüşdüm, onlarla son dövr cəbhədə baş verən hadisələrin bütün xalqımızda yaratdığı yeni qalibiyyət ruhu və arzusu barəsində söhbətlər etdik. Mərd, qorxmaz və cəsur əsgərlərimizin döyüş ruhu, vətən məhəbbəti məni hədsiz qürurlandırdı. Onların sözünün əvvəli də, sonu da bu şəkildə bitirdi: “Torpaqlarımızı həmin an azad etmək üçün Ali baş Komandanın əmrini səbrsizliklə gözləyirik!”

Tap-Qaraqoyunlu kəndi istiqamətində qəhrəman tankçılarımızın və topçularımızın düşməndən təmizlədiyi doğma torpaqlarımıza qədəm basmaq, 3 rəngli bayrağımızın o yerlərdə dalğalandığını görmək necə də xoş və qürurvericidir. Bu hisləri tezliklə Dağlıq Qarabağın müxtəlif yerlərinə qədəm basdığımızda da yaşayacağımıza əminəm. Cənab Ali Baş Komandanın siyasəti bizi tam qələbəyə doğru aparır.

– Alimlərimiz, ictimai xadimlərimiz ordumuza necə kömək olmalıdır?

– Biz peşəsindən, ictimai, siyasi mənsubiyyətindən, vəzifəsindən asılı olmayaraq, hamımız ordumuzun yanında olmalıyıq. Ordu xalqın dəstəyini, ziyalılarımızın onlarla olduğunu görəndə daha əzəmətli və qətiyyətli olur.

Bu gün ordu quruculuğu sayəsində ordunun nə ərzaq, nə geyim, nə də silah-sursat çatışmazlığı var. Biz sadəcə öz qəlbimizlə, cismimizlə, ruhumuzla əsgərlərimizin yanında olmalıyıq. Gənc zabitlərimiz, əsgərlərimiz intellektual ünsiyyətə, tariximiz, mədəniyyətimiz, dinimizlə bağlı fikir mübadilələrinə bəzən mənəvi ehtiyac duyur. Bu istiqamətdə maraqlı proyektlər həyata keçirməyi düşünürük. Onlara təkcə nəyisə öyrətmək yox, eyni zamanda onlardan öyrənməyi də qarşıya məqsəd qoymalıyıq.

– Səfər əsnasında görüş keçirdiyiniz əsgər və zabitlərimizin sizdən hansısa istək və ya xahişləri oldumu?

– Əsgər və zabitlərimizin əsas xahişləri də elə bu oldu. Hərbi hissələrdə mütəmadi olaraq müxtəlif mövzularda, əsasən də tariximizlə, mədəniyyətimizlə, bugünümüzlə bağlı dəyirmi masalar, elmi müzakirələr, dinləmələr keçirilsin. Müzakirələr elə bir rejimdə keçirilsin ki, əsgər və zabitlər də müzakirələrə qoşulub aktiv iştirak edə bilsinlər. Hərbi hissələrimizdə dövlətçiliyimiz, vətənpərvərlik tərbiyəsi, tariximiz, ədəbiyyatımız və başqa mövzularda konfransların, tədbirlərin keçirilməsi üçün çox gözəl şərait var. Dediyim kimi bu təklifləri yaxın vaxtda dəyərləndirməyi düşünürük.

– Kamal müəllim, bu səfər yeni layihə və proqramların icrasına başlamaq üçün rəhbərlik etdiyiniz Xidmətin qarşısına hansı yeni vəzifələr qoydu?

– İnsanlarla ünsiyyət, onları dinləmək həmişə yeni ideyaların ortaya çıxmasına yol açır, yeni layihələrə başlanğıc verir. Məscidləri ziyarət etdikdə orada yaradılmaqda olan məscid kitabxanalarının daha da zənginləşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Milli Kitabxana, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu sahədə birgə fəaliyyət göstərməsi üçün yeni layihələrə başlayacağımızı düşünürəm. Həmçinin müxtəlif bölgələrdən olan din xadimlərimizin bir-birilə görüşlərinin təşkili, hansısa sosial, mənəvi məsələ ilə bağlı onların fikir mübadiləsi aparması üçün imkanların yaradılması da yeni ideyalardandır.

Həmçinin hərbi hissələrimizdə ictimaiyyət nümayəndələri, dövlət rəsmiləri, alimlərimizlə əsgər və zabitlərimizin dəyirmi masa, konfrans formatında görüşlərinin təşkili də yeni ünsiyyət forması sayıla bilər.

Bu istiqamətlərdə işlərimizi daha intensiv şəkildə davam etdirəcəyik.

# 1181 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #