[b]Çingiz Abdullayev: “30 ildir bir qadınla yaşayıram”[/b] – MÜSAHİBƏ

[b]Çingiz Abdullayev: “30 ildir bir qadınla yaşayıram”[/b] – <span style="color:red;">MÜSAHİBƏ
15 mart 2018
# 12:49

APA TV-nin yeni layihəsi olan “Sözün kodu” verilişinin qonağı xalq yazıçısı, detektiv ustası Çingiz Abdullayevdir

- Çingiz müəllim, sizin qrafikiniz həmişə belə sıxdır, yoxsa bu ərəfələrdə səfərlər, işlər çox olur? Ümumiyyətlə, gününüz necə keçir?

- Dəhşət. (Gülür). Bir sözlə dəhşət. Gündə 4-5 saat yatıram. Məndən soruşurlar ki, bu necə olur? Deyirəm, ancaq şənbə-bazar günləri çox yatıram. Bu gecə cəmi 3 saat yatmışam. İşləri çatdırmaq olmur. Ona görə də kitablarımı gecələr yazıram. Mənim vəzifələrim çoxdur. Çalışıram ki, qrafikimi düzgün qura bilim. Ümumiyyətlə, işlər nə qədər çox olsa da, istəyən adam çatdırır, istəməyən adam ancaq danışır.

- Həkim dostlarınız var?

- Nəinki həkim dostlarım var, mənim yoldaşım həkimdir.

- Sizə demir ki, az yatmaq insan üçün nə qədər ziyanlıdır?

- O mənə hər dəfə bunu deyir. Bilirsiniz, bu qrafikə öyrəşmişəm. Sübut olunub ki, insanın beyni nə qədər çox işləyirsə, o, daha çox yaşayacaq. Sergey Mixalkovu yaxşı tanıyırdım. 86 yaşında evlənmişdi, rəhmətə gedəndə 97 yaşı var idi. Mən demirəm ki, 86 yaşımda evlənim. Allah göstərməsin! 30 ildir bir qadınla yaşayıram, öz arvadımla. Dəyişmək fikrim də yoxdur. Fikirləşirəm ki, 15-20 ildən sonra daha çox yatacağam. Açığı, indiki qrafikimdən xoşum gəlir, ona görə də dözürəm.

- Kitab yazmaq əziyyətli işdir. Bu yolu könüllü seçmisinizsə, deməli, əziyyətinə də dözməyə məhkumsunuz...

- Yox, mən kitab yazmağı əziyyətli iş kimi qəbul etmirəm. Belə qəbul etsəydim, yazmazdım. Bir dəfə rəhmətlik Azad Şərifov hesablamışdı ki, mənim kitablarımın üzünü əgər hər gün on saat köçürsəniz, buna səkkiz il lazımdır. Mən 200-ə yaxın roman yazmışam. Vaxt olub 27 saat dayanmadan yazmışam. İndi özüm də inanmıram. Amma bu, həqiqətdir. Əgər siz desəniz, 27 saat yat, yaxud televizora bax, dözə bilmərəm. Yazanda yaşayıram. İkincisi də, kitab itsə, mən təzədən onu heç vaxt yazmaram. Ona görə ki, bu həyatı artıq yaşamışam. Elə yazıçılar var, beş dəfə eyni kitabı yazarlar. Mən bunu edə bilmərəm. Çox sevdiyim yazıçı Rey Bredberi deyirdi ki, ömür boyu işləmək istəmirsinizsə, öz peşənizi sevin. Belə olanda, işləmək yox, sevməklə məşğul olacaqsınız. Mən yazmağı sevməsəydim, hüquqla məşğul olardım. Uğurlu da hüquqşünasam.

- Bu günlərdə kitablarınızı yandırmaq istəyənlər var idi. Yazıçıya “bu, necə hissdir?” sualını vermək düzgün olmaz, amma... Gəlin, bir az da bu haqda danışaq.

- Bu o deməkdir ki, kitab yandırmaq istəyən insanlar axmaqdır. Məni bağışlasınlar, bu təhqir deyil. Bunu özləri sübut edirlər. Mənim kitablarım Çində və Argentinada çap olunub. O kitabların hamısını bir yerə yığmaq üçün 3-4 il vaxt lazımdır. 30 milyon kitabı Azərbaycana gətirmək çətin olar. Zarafat etsəm də, bu belədir. Başqa bir tərəfdən də tutaq ki, kitabı yandırdınız, sonra nə? Ermənilər Azərbaycan yazıçısının kitabını yandırmırlar, siz ən tanınmış yazıçıların kitablarını yandırmaq istəyirsiniz. Bizim qonşularımız dəfələrlə deyiblər ki, bu xalqın nə ədəbiyyatı, nə mədəniyyəti var. Siz də sübut edirsiniz ki, doğrudan yoxdur. Bu, bizə lazım deyil. 1992-1993-cü illərdə Musiqi Akademiyasına girib qışqırırdılar: bizə Motsart, Bethoven lazım deyil. Mənim yadımdadır, o vaxt deyirdilər, bizə Səməd Vurğun da lazım deyil. Nə qədər Azərbaycan dili var, Səməd Vurğun da olacaq. Çünki dahi Azərbaycan şairidir. Kitab yandırmaq o qədər səviyyəsiz işdir ki, bunu dilə gətirməyə belə adam utanır. Amma o biri tərəfdən fikirləşirəm ki, bəlkə özüm yandırım? Bilsinlər ki, yandırılmaqdan qorxmuram, kitablarımı onsuz da yaxşı oxuyurlar. Mənim təzə kitablarım çıxanda Moskvada deyirdilər ki, “Çingiz Abdullayev siyasi detektiv yazıb? Ona deyin, qoyunları ilə məşğul olsun, bazarda göyərti satsın. Belə ad familiya ilə siyasi detektiv yazmazlar”. Məni Mərkəzi Komitəyə çağırdılar. Dedilər, banditdən, polisdən yaz, amma siyasi detektiv bizim çörəyimiz deyil.

- Deməli, siyasi detektiv yazmaq təhlükəli idi?

- Deyirdilər, azərbaycanlının belə ağlı olmaz, siyasi detektivi ancaq yəhudi yaza bilər. Çağıran adam da ailəmizin dostu idi. Mən də cavan oğlan, təbii ki, həyasız idim (Gülür). Dedim, yazacağam. Onda mənə dedilər, çalış onlardan yaxşı yaza bildiyini sübut edəsən. Görünür, sübut etmişəm ki, Rusiyanın hər bir şəhərində, hər bir kitab mağazasında mənim kitablarımdan ibarət ayrıca rəf var. Buna sevinmək lazımdır. Fəxrlə deyirəm: kitablarım 32 dildə nəşr olunub. əzəlikcə bilmişəm ki, mənim kitablarımı erməni dilinə qanunsuz tərcümə edib Xankəndi və İrəvanda da oxuyurlar. Ermənilər Azərbaycan yazıçısını oxuyur, azərbaycanlılar deyir, iki xalq yazıçısının kitablarını yandıraq. Azərbaycanda cəmi 4 xalq yazıçısı qalıb. Onların da kitablarını yandırsaq, nə olar?

- Xalq yazıçısı fəxri adını daşıyan insanların sırasını genişləndirmək arzunuz və gözləntiniz var?

- Yox, açıq deyim nə gözləntim, nə arzum var (Gülür). Fəxrlə deyirəm ki, SSRİ-də yalnız dörd nəfər 50 yaşında bu böyük adı almışdı. Qurana əl basıb deyə bilərəm, mənə 46 yaşımda bu adı verəndə, 3 il gözlədim, televizorda elan etsinlər ki, bu prezidentin zarafatıdır. Ona görə ki, ömründə heç kim 45-46 yaşında xalq yazıçısı olmayıb. Sonra dedim, cənab prezident, mənə bu adı çox tez vermisiniz. Güldü, dedi, mən bilirəm nə sərəncam verirəm. Bunu niyə xatırlayıram? Üç dəfə məmurlar prezidentin yanına girmişdilər ki, bu adı qəti vermək olmaz, yazıçılar onu öldürərlər. Məni saymasaq, ən cavan xalq yazıçısı baş nazirin müavini, bizim hörmətli Elçin Əfəndiyevdir. Əlbəttə, istərdim, xalq yazıçısı və xalq şairi adı alanlar çoxalsın. Çünki bizdə istedadlı insanlar var, inanıram ki, onlar mütləq bu adları alacaqlar.

- İlk romanınızı yazmağa başladığınız anı xatırlayırsınız?

- Əlbəttə. İlk romanım olan “Mavi mələklər”i xaricdə yazmışam. Əllə yazmışdım. 23 yaşımda yazmağa başladım, 25 yaşımda bitirdim. Nəşriyyat dedi, bunu qəti çap edə bilmərik. Soruşdum niyə, dedilər, Dövlət Təhlükəsizlik Komitəsi icazə vermir. Neçə ildən sonra o vaxt indi nazir olan Nazim İbrahimov dedi ki, mən kömək edəcəyəm. Azər Mustafazadə Mərkəzi Komitədə şöbə müdiri idi. Onlar birləşib nə etdilər bilmirəm, amma 28 yaşım olanda icazə aldılar və kitab 30 min nüsxə ilə çıxdı və bir həftəyə satıldı. Çox böyük qonorar aldım. 29 yaşımda zəng vurdular ki, istəyirik, kitabı təkrar nəşr edək. 100 min tirajla çap olundu. İkinci nəşrin qonorarını alanda fikirləşirdim, bu pula ömür boyu yaşaya bilərəm. Mavi mələklər bir müddət sonra Krasnodarda 500 min tirajla üçüncü dəfə nəşr olundu.

- Detektiv yəqin ona görə bu qədər çox oxunur ki, ölüm və pul mövzusu həmişə aktual olub...

- Pul həmişə insanlar üçün maraqlı olub. Çox vaxt deyirlər, pulun olanda hər şey yaxşı olacaq. Məsələn, qızın yaxşı ərə gedəcək, oğlun yaxşı evlənəcək, yaxşı vəzifə ala bilərsən, yaxşı maşının, evin olacaq və s. Pul xoşbəxtlik üçün talon deyil. Mənə bir nəfər dedi, siz cavanları aldadırsınız, pul hər şeydən üstündür. Dedim, onda qızının gözlərini sığorta etdir, nə isə olsa, yaxşı pul alarsan. Adam övladının gözünü neçəyə ala bilər? Adamın atası-anası yanındadır, uşaqlar sağlamdır, bundan yaxşı nə var? Amma başqa bir həqiqət də var ki, bəli, pul olmayanda yaşamaq çətindir. Çox pul olanda adam onu yox, o səni idarə edir. İkincisi də, baxır pulu necə qazanırsan. Həkim gözləyirsə ki, rüşvət verməsələr, əməliyyata girməyəcəyəm, bu, haram qazanılan puldur. Mən bir dəfə demişdim, rüşvət almaq fahişəlikdir. Əgər öz vicdanını satırsansa, sənə nə demək olar? Bədənini də yox, vicdanını satırsan. Bu dəhşətdir. Axı sənin uşaqların da bilir ki, sən harada oğurluq edib, yalan danışırsan.

- Uşaq da elə böyüyür...

- Biz uşaqlara düzgün tərbiyə vermirik. Deyirik, çox kitab oxuma, vacib deyil. Vacib olan odur ki, sənin əmin, dayın olsun, yaxşı pul qazan. Axı, düz öyrətmirik. Uşaqlara deməliyik ki, dünyanın ən varlı insanları pulu öz zəkası ilə qazanıb. Biz uşaqlara deməliyik, oxu, inkişaf et. Stiven Cobs xəstəxanada yatanda demişdi: “Başa düşürəm, dünyada ən bahalı çarpayı mənim çarpayımdır. Mən indi onun üstündə uzanmışam. Amma nə qədər pulum olsa da, onu heç kim götürüb, mənim ağrılarımı azalda bilməz”. Ona görə də, insanın dostları, qohumları, sağlamlığı, sevgisi, sevgilisi hər şeydən vacibdir. Uşaq oxumalıdır. Məni oxumaq vacib deyil. Mən şorqoğalı deyiləm ki, hamının xoşuna gəlim. Uşaq kitabı sevsə, hər şey yaxşı olacaq. Analar, qadınlar təhsilli olmalıdırlar ki, sağlam düşüncəli övlad yetişdirə bilsinlər. Bizim gələcəyimiz, Qarabağ, ordumuzun gücü - hər şey oxumaqdan asılıdır. Mənim dostum, müdafiə naziri Zakir Həsənovun yanına getmişdik. O, bizə açıq dedi, ağıllı zabitlərə ehtiyacım var. Sirr deyil ki, biz silahı İsraildən, Rusiyadan, Amerikadan alırıq. Amma silahla rəftar etmək üçün xarici dil bilmək lazımdır.

- Silahı xaricdən almaq olar, intellekti isə xalq özü formalaşdırmalıdır...

- Əlbəttə. Mən Kərbəlada Füzulinin məzarını ziyarət etmişəm. Niyə görə 1500 ildə heç kəsi İmam Hüseynin dəfn olunduğu yerə yaxın buraxmayıblar, amma Füzulini orada dəfn ediblər? Gəncədə Nizaminin məqbərəsi var. Kasıb şair olub. Necə olur, min ildir insanlar ora baş əyirlər? Gəncədə xanlar, padşahlar, birinci katiblər, icra başçıları olub, amma heç kəsin izi-tozu qalmayıb, Nizaminin məqbərəsi isə hələ də ziyarət olunur. İntellektin, elmin, kitabın gücü budur.

- Sizi sevməyən insanlar da var. Onların əsası nədir? Bununla maraqlanmısınız?

- Bilmirəm. Yəqin fikirləşirlər ki, Çingiz niyə bu qədər kitab yazır. Haqqımda bəzən yalan şeylər yazırlar. Mənim nə mağazam, nə kafem, nə restoranım və şadlıq evim var. İndi kimin bir az pulu var, şadlıq evi açır. Mən pis biznesmenəm. Bütün qazancım kitablardan və kinolardandır. Bəzən mənim açıq danışmağımı qəbul etmirlər. Deyirlər, qorxmursan, heç kimdən asılı deyilsən, ona görə danışırsan. Mən Yazıçılar Birliyindən aldığım maaşı paylayıram. Oxucu kitab oxuyanda onun müəllifinə inanmalıdır. 29 milyon insan kitablarımı alıb oxuyub. Əgər onlar bilsə ki, mən yaltaqlanıram, kiminsə xoşuna gəlmək istəyirəm, onlar məni oxumayacaqlar.

- Çingiz müəllim, siz yəqin ki, Azərbaycanda qonorar hesabına yaşaya bilən yeganə yazıçısınız. Amma bu gün Anar, Fikrət Qoca, Sabir Rüstəmxanlı, Ramiz Rövşən və başqaları kitabdan gələn gəlir hesabına yaşa bilmirlər. Necə bilirsiniz, bu nə vaxta qədər belə olacaq?

- Çox sağ olun ki, bu cür ciddi məsələni qaldırırsınız. Son 20-25 ildə Azərbaycanda qonorar almırdım. Alanda da Qarabağ cəmiyyətlərinə və uşaq evlərinə bağışlayırdım. Bunu hamı bilir. Yalnız xaricdən qonorar alırdım. Təəssüf ki, Rusiyada da kitablara görə vergi çoxdur. Əgər öz yazıçılarından 10 faiz alırlarsa, xarici müəlliflərdən 38 faiz vergi tuturlar. Mən Azərbaycanda qonorarı son vaxtlar alıram. Bu proses “Qanun” nəşriyyatından başladı. İndi də “TEAS Press” Nəşriyyatı mənim kitablarımı çap edir, mənə qonorar verir. Çıxan və çıxacaq kitablarımın qonorarlarını almışam. Hazırda İngiltərə və Türkiyədə də müqavilələr imzalanıb. Çünki “TEAS Press” hər iki ölkədə mənim kitablarımı nəşr edəcək. Bir dəfə filmim çəkiləndə mənə 50 min dollar qonorar yazmışdılar. Nazir Polad Bülbüloğlu zəng vurdu ki, Çingiz müəllim, gəlin, dəhşətli bir şey olub. Getdim, dedilər, 35 faiz vergi verməlisən. Məndən 17,5 min dollar vergi aldılar. Sonra Vergilər Nazirliyindən, televiziyadan zəng vurdular ki, siz yaradıcı insanlar arasında ən çox vergi verən nümunəvi adamsınız, sizi çəkmək istəyirik. Bəlkə mən də o pulu verməzdim, amma nə etmək olar, hesabdan çıxarılır. ANS gəldi çəkməyə, dedim, kül mənim başıma ki, ən çox vergini mən ödəmişəm. Bu “julik” məmurların heç biri vergi vermir, yazıçının qonorarından alırlar. Sizin sualınıza cavabım: indi Azərbaycanda kitablar 500 nüsxə ilə çıxır. İkincisi də açıq danışaq, yaradıcı insan təvazökar ola bilməz. Bizim çox az yazıçılarımızın kitabları xaricdə çap olunur. Azərbaycanda çıxan kitablardan da böyük qonorar ala bilməzlər. Çox sağ olsun “TEAS Press” ki, mənim kitablarımı çıxarır, yaxşı qonorar verir. Azərbaycan iki-üç yazıçı qonorar alır. Məsələn, bilirəm ki, Elçin Hüseynbəyliyə verirdilər. Azərbaycan yazıçılarının qonorar ala bilməməsi o demək deyil ki, onlar istedadsızdırlar. Xeyir! Türkiyədə 4-5 yazıçı yaxşı qonorar alır. Rusiyada isə 12-13 belə müəllif var. Azərbaycandan cəmi iki müəllifdir: mən və Moskvada kinolarına görə xalq yazıçısı Rüstəm İbrahimbəyov. Bu rəqəmin azlığı faciədir, amma həqiqətdir.

- Kitab mağazalarının azlığı məsələsinə dəfələrlə toxunmusunuz. Sizin böyük vəzifəli dostlarınız var. Regionlarda kitab mağazalarının olmaması məsələsini onlara şəxsən deyirsiniz?

- Hər dəfə! Hər dəfə deyirəm. Çünki bu, çox vacibdir. Bakıda 114 kitab mağazası var idi. İndi onların sayı neçədir? Kasıb Gürcüstanda 78 kitab mağazası var. Gedirəm hansısa rayona, təmir gözəldir, amma kitab mağazası yoxdur. Soruşuram, deyirlər ki, kitab oxumağa vaxt yoxdur, biz ticarətçi xalqıq.

- Bunu kim deyir?

- İcra başçılarının əksəriyyəti. Mən də cavab verirəm: Lenin müharibə vaxtı ölkəni idarə edirdi və 55 cild kitablar yazmışdı, kitab da oxuyurdu. Onun necə vaxtı var idi? Cavab verirlər ki, kommunistlər axmaq olublar. Yenə soruşuram: yaxşı, Çörçill ki, kommunist olmayıb, amma kitab oxuyub, kitab yazıb. Yenə cavab verirlər ki, ingilislər hamısı axmaqdır. Onda icra başçısından soruşuram: bağışlayın, mən bilirəm, bizim hörmətli prezidentimiz də kitab oxuyur və dəfələrlə öz kitabımı ona bağışlamışam, oxuyub. Siz prezidentdən çox işləyirsiniz? O dəqiqə qorxurlar ki, nə danışırsınız, Çingiz müəllim, yox, mən də kitab oxuyuram. Bilirsiniz, çox şey nazirdən, icra hakimiyyətinin başçısından asılıdır. Əgər sən kitab oxumursansa, işçilərin bilir ki, kitab oxumaq lazım deyil. Bizim xarici işlər naziri nə qədər kitab oxuyur. Yaxud mədəniyyət və turizm nazirimiz çox oxuyur. Mən hər ikisini uşaqlıqdan tanıyıram.

- Başqa yüksək vəzifəli şəxslərin də adını çəkin ki, nümunələrin sayı çox olsun.

- Bir nazirimiz gedib İtaliyaya. Orada maşınını vurublar, onun sənədlərini və mənim kitabımı aparıblar. Zəng vurdu mənə. Deyir, narahat olmayın, hər şey düzələcək, amma məndən sizin kitabınızı oğurlayıblar, onu fikirləşirəm. (Gülür). Deyirəm, ay qurban olum, beş kitab bağışlayaram. Bu, bizim gənclər və idman nazirimiz Azad Rəhimov idi. Bu da bir nümunədir.

- Dinə münasibətiniz necədir?

- Kərbəlada, Nəcəfdə, Məşhəddə, Yerusəlimdə olmuşam. Din məsələsi incə məsələdir. Amma inanmıram ki, kimsə məni o dünyada gözləyəcək. Görünür, güc mütləq olmalı idi. Hər doğan ana mənim üçün müqəddəsdir. Çünki o, Allaha bənzərdir, təzə həyat yaradır. Amma görünür, insan Allaha nə qədər inanmırsa, Allah o qədər sübut edir ki, var. Mən həmişə demişəm: seçim olsa, mən cəhənnəmə düşmək istəyərəm. Orada yaxşı kampaniya olacaq. Amma bir həqiqət də var: dini qanunları yerinə yetirmək lazımdır. Atam 81 yaşında dünyasını dəyişdi. Mən onun böyük oğluyam. Bilirdim, ayaqqabımı çıxarıb məzara düşməli, üzünü açıb torpaq tökməliyəm. Deyə bilmərəm ki, atam dinə o qədər inanan adam idi... Yox! Amma biz ikimiz də müsəlmanıq. Bu qanundursa, deməli, etməliyik. Milyonlarla insanların inandığı müqəddəs peyğəmbəri kimlərsə təhqir edəndə çox narahat oluram. Əgər sən kiminsə ölən atasını söysən, evinə davaya gələcək. Onda nəyə görə hesab edirsən ki, peyğəmbəri söyəndə hamı susacaq?

- Son sual: bir müddət əvvəl mətbuat yazdı ki, Çingiz Abdullayev səfir göndəriləcək. Bu nə dərəcədə doğrudur?

- Deyim sizə. Bir neçə il əvvəl belə söhbətlər olmuşdu. Bunu indi qəsdən yazıblar. Mən Azərbaycanda yaşayıram. Xaricilər mənim yoldaşıma, uşağıma dəfələrlə deyiblər ki, Çingiz Abdullayev xaricdə yaşayır. Zakir Həsənov daxili qoşunların komandanı olanda İtaliya Jandarmeriyasının rəhbəri ilə görüşmüşdü. Həmin adam demişdi, Çingiz Abdullayev Azərbaycanda yox, İtaliyada yaşayır. Zakir Həsənov da əsəbiləşmişdi ki, “necə yaşamır, o mənim dostumdur və Bakıda yaşayır”. Mən bunu deyirəm, yadda saxlasınlar: heç yerə getmirəm, Azərbaycanda yaşayacağam.

# 4364 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

13:07 13 dekabr 2024
Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

12:49 13 dekabr 2024
Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

12:10 13 dekabr 2024
# # #