Türkiyədə azərbaycanlı homoseksual haqda hekayə yazdılar - MƏTN

Türkiyədə azərbaycanlı homoseksual haqda hekayə yazdılar - <span style="color:red;">MƏTN
1 fevral 2016
# 14:05

Kulis.az Türkiyənin “Kitabçı” dərgisindən Uğur İzzət Qaraqoçun “Belə gəlib, belə gedəcəyik” hekayəsini Cavid Zeynallının tərcüməsində təqdim edir...

Belə gəlib, belə gedəcəyik...

Münasibətlər yeniyetməlikdə başlayırdı. Nəvzat valideynlərindən eşitmişdi ki, dağ boyda adamların əl-ələ gəzməkdən utanıb-çəkinməyinin vaxtı çoxdan keçib. Eşqə düşmək, sevmək orta məktəbdən başlayırdı.

Nəvzat bu məsələlərdə bir az gecikmişdi. Birinci sevgilisinin əlindən tutanda on yeddi, ilk dəfə sevişəndə iyirmi yaşı vardı. O vaxtdan vur-tut üç ay keçmişdi. Ta uşaqlığından bəri ailəsindən heç nə gizlətməyən Nəvzat, bircə bu məsələni açıb-ağartmaqdan çəkinib, özündə güc tapana qədər xeyli götür-qoy eləmiş, danışmağı bu günə saxlamışdı.

Əlindəki qatlanan bıçağı dalbadal açıb-bağlayır, otağında var-gəl edir, atasının işdən gəlməyini gözləyirdi. Deyəcəkdi...

- Tövbə, Allah, tövbə! Necə yəni mən ibnəyəm, ay oğraş?! - deyib, Rəcəb bəy kükrədi. Nurtən xanımın əli ağzında qalmış, heyrətdən bərələn gözlərini oğluna zilləmişdi.

- Ata, dedim ki, maviyəm. Hə, ibnə sözünü biz də işlədirik, amma səndən fərqli olaraq, təhqir və söyüş kimi yox.

- Biz? Siz kimsiniz? Götverənlərə bax, ha, - deyib, Nəvzata tərəf iki addım atdı.

- Amanın günüdür, dayan, getmə uşağın üstünə!

- Kəs səsini! Uşağın üstünə gedən gedib! Hamısı sənə görədir. Tutub durubsan ki, çatışmayan nəyi varsa, qoy özünə dərd eləməsin. Bax, bu da sənin əsərin! Özünə heç nəyi dərd eləmir.

Nurtən xanım ağladı ki, belə deyil. Hönkürtüsü ev-eşiyə sığmadı. Rəcəb bəy isə hirsdən-hikkədən quduza dönür, ağzının tüpürcəyini dağıdırdı.

- Ağlamaq lazım deyil! Ağacı yaş-yaş əyərlər. Uşaq olanda imkan vermədin ki, ağzının üstünə bir-ikisini ilişdirim, ağlı başına gəlsin. Qızını döyməyən,... Tövbə, Allah, tövbə!

Qəzəblə Nəvzata sarı çevrildi:

- Hamısı o gədəyə görədir! Nədi, o dostunun adı, Buğradı, Tuğradı, nədi?! Heç olmasa adını Tuğba qoyardılar... Sənə bu ibnəlik ondan keçib?!

- Yox, ata, o heterodur.

- Nə torodur?!

- Heteroseksualdı, ata.

Nurtən xanım hıçqıra-hıçqıra “yəni, normal kişidir” deyib, yenə hönkürdü. Rəcəb bəy mat-məəttəl arvadına baxdı. Nəvzat lap yavaşdan:

- Heteroseksual – dedi, - normal demək deyil, ana. Biz də normal adamlarıq. Sadəcə, cinslərimiz başqa-başqadı.

- Bax e, hələ biz deyir. Siz neçə nəfərsiz, ay oğraş?! Dünyanı götverənlər basıb, xəbərimiz yoxdur. – Rəcəb bəy bağırıb, ağız-burnunun suyunu axıtdı.

Nəvzat dərindən köks ötürdü.

- Ata, əslində, hamımız götümüzü vermirik. Hə, hə, amma... mən verirəm.

Nurtən xanım hönkürtünü kəsib, söhbətə qoşuldu:

- Heç olmasa aktiv olardın, zəhləmiz getsə də, şükür deyib, keçərdik.

Rəcəb bəyin təpəsi tüstülədi:

- Ay maşallah, arvad, sənin də aktiv-maktiv, hər poxdan başın çıxır.

Nurtən xanımın çöhrəsi qızardı. Rəcəb yenə Nəvzata tərəf döndü, gəlib dayandı düz burnunun dibində:

- Bax, oğul, övlad-mövlad bilmərəm, vuraram səni – deyib, dişlərini qıcıdı.

Nəvzatın yanağı dartıldı, qəzəblə gülümsədi. Az qalmışdı, gözləri dolsun, özünü birtəhər ələ aldı.

- Olar, ata, hər şey olar. Belə şeylərə öyrəşmişik. Onsuz da, ailəsinə görə özünü öldürən, həyatını qurban edən o qədər dostumuz var ki...

- Qurban nədir? – Rəcəb bəy bağırdı, hikkədən gözləri bərəlmişdi, - Qurban Allah yolunda kəsilən mübarək heyvandı. Sənin kimi götverəndən qurban olar?!

Nəvzat bilirdi ki, bu işin axırı yaxşı olmayacaq. Səbrinə, dözümünə arxayın idi, onu da yavaş-yavaş itirirdi.

- Düz deyirsən, ata. Gəl, belə danışaq: istədiyin vaxt leşimi ata bilərsən!

Nəvzat bunu deyəndə atasının gözünün içinə elə dik-dik, elə inadla baxdı ki, Rəcəb bəyin əti ürpəşdi. Ölümlə qorxutmağın bir işə yaramadığını başa düşəndə, özünü lap itirdi. Əslində, lap əvvəldən bilmirdi nə əlac eləsin, necə davransın. Bu boyda oğul gözünün içinə baxıb deyirdi ki, mən maviyəm. Bunu həzm eləyə bilməzdi. Qəzəbdən quduza dönmüşdü, bağırıb, küfr eləmişdi. Yaxşı, indi doğrudanmı onu vuracaqdı?! Yox, bunu bacarmazdı! O ki qaldı Nəvzata, buna çoxdan hazır görünürdü. Səbirli olmalı, işi ağılla yoluna qoymalı idi. Tamam çaş-baş qalmışdı, bilmirdi nə etsin!

Arvadına sarı çevrilib məlul-məlul baxdı. Nurtən xanım bunun nə demək olduğunu göydə tutdu və gözünün nəmini silib, ayağa durdu.

- Oğlum, gözəl övlad... öhö-öhö... Mənim yaraşıqlı oğlum. Danış görüm, nə oldu, necə oldu bu iş?! Yoxsa kimsə səni məcbur elədi? Bəlkə təklikdə küncə sıxışdırıb nə isə eləyiblər, bu da o vaxtdan sənin xoşuna gəlib?

- Arvad, sən Allah, ağzına gələni danışma. – Rəcəb bəy deyinməyə başladı.

Nəvzat güldü:

- Yox, ana, belə şey olmayıb. Ümumiyyətlə, heç kimdə belə olmur...

- Elə olmadı, belə olmadı, bəs bu zillətə necə düşdün, oğlum?!

- Bayaqdan bəri sizi başa sala bilmirəm. Sonradan heç nə olmur. Adam mavi olmur, mavi doğulur.

- Tövbə, Allah, tövbə! Hələ mənə şüar da deyir. – Rəcəb bəy dözmədi.

- Səbir elə, Rəcəb, iki dəqiqə səbir elə. – Nurtən xanım bunu deyib, Nəvzata tərəf çevrildi.

- Yaxşı, oğlum, madam deyirsən ki, anadangəlmədi, onda həkimə gedək. Anadangəlmə o qədər xəstəliklərin çarəsi tapılıb ki... Elədir, oğlum?!

Nəvzatın səbir kasası daşırdı. Fikirləşirdi ki, bu uzun çəkən söhbətə son qoymağın vaxtıdır.

- Mənə baxın, bu nə xəstəlikdir, nə vərdişdir, nə də heç kim məcbur eləmir. Bu, mənimlə bir yerdə doğulub. O görə olduğu kimi qəbul etməyə məcbursunuz.

- Südümü sənə halal eləmərəm! – Nurtən xanım dedi.

Bunu ananın ölüm təhdidi də saymaq olardı! Oğluna heç nədən utanmamağı, şəxsinə aid hər şeyi ilə barışmağı təlqin edən ana indi özü barışa bilmirdi.

Nəvzat:

- Nə isə, belə gəlib, belə gedəcəyik. İcazənizlə, - deyib, otaqdan çıxdı.

Əslində, Nəvzat intihar etmək fikrinə çoxdan düşmüşdü. Düşünürdü ki, dünya onun rənglərini daşıya biləcək qədər güclü deyil*. Onu az-çox həyata bağlayan qüvvə ailəsi, xüsusən də anası idi. O da südünü haram etmişdisə, deməli, getməyin vaxtı idi. Qatlanan bıçağı axıra qədər açıb hülqumuna dayandı. Qulağı valideynlərinin səsini aldı:

- Nə edək, bəlkə mollanın yanına aparaq?!

- Məncə, qız yanına aparmaq lazımdır.

- Sən Allah, nə danışırsan...

- Bilmirəm... Bəlkə, xoşuna gəldi, düzəldi. Allah...

Fikirləşdi ki, hər nə olsa, xoşbəxt ailəsi var. Əli-qolu boşaldı. Görəsən, get-gedə dəyişərdilərmi?! İllər sonra atası “ibnəlik eləmə, əə” deyib, ərklə, zarafatla Nəvzata sataşardımı, görəsən?! Nəvzat da söz altında qalmayıb “mən tərgidirəm, sən başla, ata” deyərdi. Rəcəb bəy də arvadının pıqqıltısına dözməyib “tövbə, Allah” deyib, cinlənərdi. Kim nə bilir, bəlkə olacaqdı...

* “Bu cümlə azərbaycanlı İsa Şahmarlının intihar məktubundan götürülüb. Sayğılarla”.

“Gedirəm. Hamınız haqqınızı halal edin. Bu ölkə, bu dünya mənə görə deyil... Mən xoşbəxt olmağa gedirəm. Anama da deyərsiniz ki, onu çox sevirəm. Hamınız ölümümdə günahkarsınız. Bu dünya mənim rənglərimi daşıyacaq qədər güclü deyil. Əlvida”.

# 1120 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #