Yazarlar “Space”-in bu verilişini boykot etdi - QALMAQAL

Yazarlar “Space”-in bu verilişini boykot etdi - <span style="color:red;">QALMAQAL
9 fevral 2018
# 15:15

Bu günlərdə Elçin Əlibəylinin "El bizim, sirr bizim" verilişi klassiklərə münasibət mövzusunu ələ alıb. Şərif Ağayar həmin verilişdən yazdığı yazı ilə Elçin Əlibəylini qınayıb və yazıçıları o verilişə getməməyə səsləyib.

Yazıda Şərif Ağayar qeyd edir: "Verilişin bir ortasında Sevinc Çılğının boynuna qoymağa çalışdı ki, sən qarşındakı şairə "İt” deyirsən və onun danışmasını itin hürməsinə bənzədirsən. Halbuki, Sevinc klassikləri söyənlər haqda ümumi halda "...Karvan keçər” ifadəsini işlətmişdi. Sevinc ittihamı inkar etdi, amma nə fayda. Adam israr edirdi. Bu təhqiri onun boynuna qoymağa çalışırdı. Sevinc bir yana, hörmət əlaməti olaraq adını çəkmək istəmədiyim şairin üzünə dirəndi ki, o, sənə it deyir və sən bunu etiraf elə."

Elçin Əlibəylinin verilişinə baxırsınızmı? Sizcə, o verilişdə ədəbiyyat adamları aşağılanırmı? Şərif Ağayarın çağırışı ilə razısınızmı? Mövzuyla bağlı Adalet.az yazarların münasibətini öyrənib.

Yazıçı Səfər Alışarlı:

"Verilişə baxmamışam. Ancaq, fikrimcə, televerilişdə aparıcı tərəfsiz olmalı və ya obyektiv həqiqətin mövqeyindən çıxış etməlidir. Aparıcının tərəflərdən hər hansı birini aşağılaması bəzi verilişlərdə olduğu kimi, qulağındakı şnurun hökmü ilə gərəksiz yerə müsahibin sözünü kəsməsi nəinki yolverilməzdir, hətta ədəbsizlikdir.”

Yazıçı Mübariz Örən:

"Elçin Əlibəylinin əvvəliki "El içində" verilişinə həvəslə baxırdım. Maraqlı qonaqlar dəvət edirdi, ciddi ədəbiyyat söhbətləri, polemikaları aparılırdı. İndiki verilişinə isə, düzü, baxa bilmirəm. Çox ucuz mövzular qoyulur, uzuc da intriqalar təşkil edilir. Bu qədər bayağılığa getmək olmaz. Şərif Ağayarın çağırışına qoşuluram.”

Yazıçı Mirmehdi Ağaoğlu:

"Elçin Əlibəyli sənətinin peşəkarıdır. Efirdə nəyi, necə etmək lazım olduğunu, qonaqları necə yönləndirməyi, tamaşaçının diqqətini hara çəkməyi gözəl bilir. Ancaq təəssüf ki, o, bundan yalnız reytinq yığmaq üçün istifadə edir. Belə bacarıqlı adamın öz istedadını xalqın maariflənməsinə, hər hansı bir problemin həllinə yönləndirmək yerinə reytinqə qaçması məni məyus edir. Onsuz Azərbaycan televiziyası bərbad vəziyyətdədir. Naşılar efiri doldurub. Belə bir zamanda peşəkarların da ucuzluğa qaçması vəziyyətimizin acınacaqlı olmasından xəbər verir.

Özüm də iki dəfə o verilişin qonağı olmuşam. Birinci dəfə yayda məni efirə dəvət etmişdi, ikinci dəfə bu yaxınlarda qonaq oldum. İndi yadımda qalmayıb, ancaq olduqca ciddi bir mövzu idi. Sadəlövhlüyümə salıb düşündüm ki, nə yaxşı Elçin Əlibəyli belə ciddi mövzu qoyub və həvəslə getdim. Ancaq verilişin ilk dəqiqəsindəcə qonaqlardan birinin işlətdiyi "pozğun” kəlməsindən yapışıb üzünü o biri qonağa tutdu: "Sənə pozğun dedi.” Bu sözlə də mövzu qaldı bir qıraqda, veriliş şouya çevrildi. Açığı gördüm burda ciddi–ciddi danışmağın yeri yoxdu, mən də qoşuldum onlara.

"El bizim, sirr bizim” verilişində Elçin Əlibəylinin məqsədi cəmiyyəti düşündürən problemləri həll etmək deyil, əksinə nəyin bahasına olursa-olsun tamaşa göstərmək, verilişə reytinq gətirməkdir. Kim Elçin Əlibəylinin tamaşasında aktyorluq eləmək istəyirsə buyursun çıxsın o verilişə. Mən daha çıxmayacam”

Şair Əsəd Qaraqaplan:

"Baxıram və bir neçə dəfə qonaq da olmuşam. Məsələ burdadır ki, Elçin Əlibəyli bu illərdir bu ölkədə yazarlara TV imkanı yaradan yeganə insan və verilişin müəllifidir və ədəbiyyata ən yaxın aparıcılardan biridir. Bunu görməmək və danmaq insafdan olmazdı, məncə. Üstəlik, məni onun verilişlərində yazarların təhqir olunduğunu da görməmişəm. Sadəcə söhbtlər və dialoqlar bəzən yanlış bir yerlərə gəlib çıxa bilir ki, bu da tok-şoular üçün normal bir haldı. Dramatizm də olur belə məqamlarda, yumor da. Sadəcə bunu başqa cür başa düşmək lazım deyil. Qaldı Şərif Ağayarın çıxışına ki, o verilişə çıxmayın-filan. Nə deyim vallah, bəzən belə də olur, bəzən etiraz eləmək də lazımdır. Məncə, Elçin də bunu anlayar...”

Şair Emin Piri:

"Bir-iki kərə baxmışam. Elçinin layihəsi yaxşıdı. Yazarları tv-yə dəvət edir. Halbuki başqa vaxt gileylənirik. O ki qaldı boykot falan kimi çağırışa, yazarların küçümsəndiyi verilişlərə getməsini öncədən düzgün olmadığını deyirdim. Deyirdim, mazoxistsiniz? Amma gedirdilər. Ona görə də Şərif Ağayar haqlı olsa da gecikmiş çağırışdı. Bununla heç nə olmayacaq.”

Yazar Günel Natiq:

"Mən özüm də həmin verilişdə qonaq olmuşam ve özümə qarşı heç bir sayğısızlıq görməmişəm. Hər halda Elçin Əlibəyli işinin peşəkarıdır və proqramın idarəçiliyini də gözəl bilir. Eyni zamanda, Şərif Ağayar görkəmli qələm adamıdır və sözə necə həssaslıqla yanaşdığı hamımıza bəllidir. Haqqında söz gedən proqrama baxmamışam və bu barədə heç nə deyə bilmərəm. Hər halda anlaşılmazlıq olduğunu düşünürəm. Mənə elə gəlir, belə disskusiyalar ədəbiyyatın inkişafına təkan verir. "

Yazar Nicat Həşimzadə:

"El bizim, sirri bizim" proqramını izləyirəm. Elçin Əlibəyli çalışır ki, televiziyada kitabdan, ədəbiyyatdan, mədəniyyətdən danışılsın. Ancaq problem odur ki, bəzən mövzuya dəxli olmayan adamlar da dəvət olunur. Şərif Ağayarın yazısını oxudum, Şərif bəy öz fikirlərində haqlıdır. Bu proqrama bir neçə dəfə dəvət olunmuşam. İştirak etdiyim son proqramda demək olar ki, sadəcə susdum. Çünki qonaqlar mövzunu fərqli istiqamətlərə aparırlar. Amma ədəbiyyatın, yazıçıların həmin proqramda aşağılanması məsələsi bir qədər mübahisəlidir. Şərif Ağayarın ARB kanalındakı çıxışını izlədim. Bu proqramda Şərif bəy dedi ki, sənəti sənət adamları müzakirə etməlidir. Bu fikirlə mütləq mənada razıyam. Ancaq gəlin səmimi olaq və razılaşaq ki, son zamanlar məhz bu proqram sayəsində televiziya məkanında ədəbiyyat müzakirə mövzusu olur. Siz təsəvvür edin ki, Mədəniyyət kanalındakı “Məclisi-üns” proqramına heç kim baxmır. Baxsa da çox az adam baxır. Ancaq “El-bizim, sirr bizim” proqramına xeyli insan baxır. Mənim sevdiyim bir yazıçı var, Henri Miller. Adam erotik bir mövzu daxilində elə ciddi fikirlər verir ki, insan şoka düşür. Məsələn, “Xərçəng tropiki”ndə yazır ki, zaman xərçəngdir, arzuladığınız hər şeyi yeyib bitirir. Yəni dediyim odur ki, biz zahirən qeyri-ciddi görünən bir televiziya proqramında da ciddi fikirlər səsləndiyini görə bilərik. Təəssüf ki, dünən proqramı izləyə bilməmişəm. Bu gün video-yazısına baxacam. Şərif Ağayarın çağırışında haqlı səbəblər var. Ancaq mənə elə gəlir ki, yazarın həmin proqramda iştirak edib-etməməsi müzakirəyə çıxarılan mövzudan asılıdır. Əgər mövzu ədəbiyyatdırsa yazıçı niyə getməsin həmin proqrama? Yazıçılarımızın qeyri-ciddi insan hesab etdiyi şəxslər də bizim cəmiyyətin insanlarıdır. Biz onlardan qaça bilmərik. Nə TV proqramlarda, nə də gündəlik həyatımızda. Sadəcə TV proqramda qeyri-ciddi vəziyyət yarandığını görəndə susmağı bacarmalısan. Məsələn, Niyazi Mehdi bir proqramda cəmi iki cümlə dedi, bütün proqram boyu susdu. Qeyri-ciddi şounun yaradılmasında iştirak etmədi.”

Telejurnalist Elçin Əlibəyli isə məsələ ilə bağlı qəribə bir açıqlama verib: "Vaxtı ilə Şərif mənim verilişimdə tamaşaçı kimi oturmuşdu.”

# 1730 dəfə oxunub

Oxşar xəbərlər

Canlı yayımda halı pisləşən müğənni verilişi tərk etdi

Canlı yayımda halı pisləşən müğənni verilişi tərk etdi

17:22 29 noyabr 2024
Şair Cəlil Cavanşir Sivva ilə klipə çəkildi

Şair Cəlil Cavanşir Sivva ilə klipə çəkildi

16:28 29 noyabr 2024
Rusiyada Yeni ildə ən çox onları səhnədə görmək istəyirlər

Rusiyada Yeni ildə ən çox onları səhnədə görmək istəyirlər

16:20 29 noyabr 2024
6.2 milyon dollarlıq "Divara yapışdırılmış banan" mətbuat konfransında yeyildi

6.2 milyon dollarlıq "Divara yapışdırılmış banan" mətbuat konfransında yeyildi

15:30 29 noyabr 2024
"Bizi telefon pozmayıb, əvvəldən belə olmuşuq" - Ulucay Akif

"Bizi telefon pozmayıb, əvvəldən belə olmuşuq" - Ulucay Akif

15:00 29 noyabr 2024
Bi­zi sonsuz xəyallara qərq edən qüvvə - Sərgərdan və məzəli həyatın sonu

Bi­zi sonsuz xəyallara qərq edən qüvvə - Sərgərdan və məzəli həyatın sonu

13:30 29 noyabr 2024
# # #