“Kazbek”ə oynayan qızlar harda haqlıdır?

“Kazbek”ə oynayan qızlar harda haqlıdır?
1 aprel 2019
# 19:21

Yəqin, Azərbaycanda çıxan audio-video məhsullar arasında “Kazbek” kimi onlarla mahnı var. Görünür, “Kazbek” bunların ən dilə, beyinə yatımlısıdır. Məsələ belə başlayır; əvvəlcə bir ziyafətdə bu musiqiyə xeyli qadının oynadığı təsvir olunan video yayılır. Bu video hiddət topladıqdan sonra bu mahnıya oynayıb-oxuyan qızların görüntülərindən ibarət klip də meydana buraxılır. Daha sonra, Milli Məclisin deputatı Fazil Mustafa bu halı xeyli pisləyir, bu məsələ ilə bağlı ölçü götürmək haqda daxili işlər nazirinə müraciət edir.

“Kazbek” mahnısı ətrafında yaşanan hallar ölkəmizdə onsuz da sirr olmayan xeyli problemin üstünü açdı. Məlum oldu ki;

- Həyata baxış kişimərkəzçidir. O mahnıya oğlanlar oynasalar, oxusalar bu reaksiya olmayacaqdı.

- “Kazbek” videosuna tənqidi yanaşma olduqca avtoritardır, insanlar hansısa xoş gəlməyən məsələyə avtoritar yanaşır, kəskin hökmləri dəstəkləyir, qadağalara meyllənirlər.

- Məsul şəxslər hansısa xoşagəlməz hadisəni yaradan dərin və əsaslı səbəbləri aradan qaldırmaqdansa nəticə ilə mübarizə aparmağa üstünlük verir.

- İnsanlar rəngsiz, əzici, sıxıcı həyata özləri də bilmədən bu mahnı ilə etiraz edirlər.

- İnsanlar üçün hansısa alternativlər (sənət, əyləncə və s.) yoxdur, varsa belə, ona yol tapmayıblar.

- Ümumiyyətlə, bu videonun önə keçməsi, geniş səviyyədə müzakirə doğurması normal olmayan mühitdən xəbər verir.

Mənzərəni şərh etməyə gərək yoxdur yəqin ki. Narkotikin təbliği, onunla bağlı hansısa kampaniyaya şüurlu-şüursuz qoşulmaq əlbəttə ki, pisdir. Bunu isbatlamağa ehtiyac yoxdur. Heç nə də olmasa, narkomaniyanın necə pis olduğu haqda Azərbaycan teatrının primitiv, birinci sinif uşaqlarına belə darıxdırıcı gələn “Gördün axırı necə oldu?” mesajlı keyfiyyətsiz tamaşaları var.

Və onların heç birində Azərbaycan gəncini narkotikə sürükləyən psixoloji-sosial vəziyyətin təsviri yoxdur.

Heç bir yerli filmdə bir gənci və ya yeniyetməni narkotikə qurşanmağa itələyən psixoloji vəziyyəti və mühiti görməmişəm. O primitiv bir-iki tamaşada da həmişə ağıllı, gözəl, tərbiyəli yeniyetmə gənci narkotikə avara dostu sürükləyir. Onda adam istəyir, soruşsun, bəs o dost narkotikə necə qurşanıb? Axı normal, psixoloji vəziyyəti, yaxşı savadı olan, mədəni mühiti olan bir şəxs narkotikə niyə qurşansın?

Nə zaman ölkənin təhsili, mədəniyyəti, televiziyası keyfiyyətli məhsulla tamaşaçıya yetişdi ki, o, pis vərdişlərə meyllənməsin? Və yaxud qol götürüb o mahnıya oynamasın?

Bunlar heç.

Gələk “Kazbek” videosuna.

Əlbəttə, qadınların bu görüntüdə yer alması ürküdücüdür. Yerli ailə institutunda uşaqları bir qayda olaraq daha çox ana tərbiyə edir. Hətta o görüntülərdən birində ana öz uşağı ilə bu mahnıya oynayır.

Onlarla sual çıxır:

Cəmiyyətdə ailə hansı təməl prinsiplə qurulur?

Bu qadın uşağının böyüyəndə kim olmasını istəyir?

Adamların qəhrəmanı kimdir?

Əmin olun, o qızlar narkotika çəkmir, çəkmək də istəmir, uşaqlarının, ya sevgilisinin narkoman olmasını istəməyən sıradan qızlardır. Bu mahnıya niyə oynayırsan, belə sözləri var deyib sorğulasaq da “xoşuma gəlir”dən başqa cavabı olmayacaq.

Əmin olun, insanları o mahnıya çəkən, onlara narkotika istifadə edən Aydın Xırdalanlını, Hüseyn Dəryanı və ya başqasını sevdirən bu sənətçilərin narkotik çəkməyi deyil, onlardan fərqli olaraq, bir ovuc azadlığa qovuşmalarıdır.

İnsanlar azadlığı sevir.

Bəlkə o qadınların əlindəki azadlıqlarından biri elə o mahnıya oynamaqdır? Bu cümlə ilə qadınları ayırmıram, sadəcə videoda qadınlar olduğu üçün qadınlar deyirəm. Həm də azadlıq sözünü qadına aid etmirəm, hər kəsin özünü azad hiss etmək kimi haqqı, yox, ehtiyacı var. Və bəzən bu ehtiyac belə naxoş mənzərə şəklində ortaya çıxır. Bu mənzərənin arxasındakını bir film, bir tamaşa, bir əsər göstərməlidir. Haradadır bu film, bu tamaşa bu əsər, varsa niyə insanlara yetişmir?

Bunlar da bir ayrı mövzudur. Bu qədər səbəb var. “Kazbek” yalnız nəticədir. Hiddətə səbəb olan nəticə...

Azca sakitləşək. Bir dəqiqəlik o mahnının itələyici sözlərini və özünü unudaq, sadəcə düşünək, bir mahnı oxuyan və oynayan insanlarla bağlı ölçü götürmək üçün daxili işlər nazirinə müraciət edirlər.

Fazil Mustafanın məlum müraciəti haqlı məqamlarla doludur, amma absurd görünür. Niyə? Çünki, “Kazbek”dən irəli gələn, sözügedən deputatın da sorumlu olduğu səbəblər var. O klipdə xoş olmayan hər şeyə görə, sosial sistemdə təmsil olunan hər kəs sorumludur.

Dövlət qurumlarından tutmuş qırmızı başlıqlarla oxucuları açıq-saçıq videolara çağıran, bu görüntüləri yayan KİV-ə qədər...

Bütün bu yazdıqlarıma rəğmən, cəmiyyətdə belə məsələlərə ictimai qınağın olması müsbət haldır. İnsanlara yaydıqları paylaşımlarda məsuliyyətini, anlamalıdır.

Sosiallaşmaq məsuliyyət deməkdir.

Azadlıq bu qədər yaxın, əlçatan deyil...

# 4975 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #