Xırdalan qəbiristanlığında siqaret basdıranlar HEKAYƏ

Xırdalan qəbiristanlığında siqaret basdıranlar <span style="color:red;">HEKAYƏ
5 avqust 2015
# 14:42

Kulis Rəşid Bərgüşadlının “Dəmir duası” hekayəsini təqdim edir.

Yasamal qəbiristanlığında sinədaşının ayağına söykənib “klient” gözlədiyim yerdə, bir qara rəngli cip to­zanaq qoparıb yanımda yerə mıxlandı. Toz-torpaq gəlib ötəndən sonra sürücü maşının şüşəsini aşağı endirib hay-küylə, – “Salam, molla əmi, tez ol, yığış, gedirik!” – dedi. Üz-gözümə, ağız-burnuma dolan tozu əlimlə yelləyəndən sonra “Ya Allah” deyib aya­ğa qalxdım. Altımdakı kartonu həmişəki yerində – başdaşının arxasında gizlətdim və Quranımı döş cibimə qoyurdum ki, sürücü bir də – bu dəfə lap hirslə, – “Tələs bir az!” – dedi və qanrılıb arxa qapını açdı. Kirimişcə maşına oturdum.

– Əssəlamun əleyküm. Allah rəhmət eləsin, oğul – demişdim ki, sürücü əlini əlinə vurub şaqqanaq çəkdi. Gülüşünə, təzə ruhlar da dikəlib boylandılar. Matım-qutum qurudu, əlim qapının qulpunda qaldı – “Bismillah”– deyib gözlərimi güzgüdə üzünə zillədim, – “Bu da narkomandır yəqin...” – düşündüm. Handan-hana özünə gəldi:

– Ay sənin məzən olsun, molla. Ölüb-eliyən yoxdu... Bu gün “metalkəsdi”dir, xeyir-dua verməlisən...

– Həə.... Sünnətdir demək... – ehmalca maşının qapısını örtdüm. Amma, eşitdiyimi anışdıra bilmədim, – Metalkəsdi dedin? – fağır-fağır soruşdum.

– Hə. Təzə zavod tikilir – Gəmiqayırma zavodu, orda ilk gəminin siftə metalını kəsirik. İşə xeyir-dua vermək lazımdır – maşın yerindən şahə qalxdı.

– Adə, saxla maşını...! Utanmırsan, atan yaşda kişiylə məzələnirsən?

– Vallah zarafat eləmirəm... Nədi, xeyir-dua vermək günahdır?

– Saxla! Get başqa molla tap! – əlimi qapının qulpuna atanda, namərd oğlu düyməni basıb qapıları “şaq­qıltıyla” kilidlədi, – Aç düşüm bala. Adım-sanım var, belə işlər mənlik deyil...

– A kişi, otur görək! Səndən yaxşı mollanı hardan tapa­cağam? Qorxma, pulunu artıqlamasıyla ödəyəcəyəm.

– Başına dönüm, qoy düşüm, sonra adıma söz çıxar. Deyərlər ki, uje molla Mədəd dəmir-dümürə də yasin oxuyur.

– Qorxmaginən, qonaqların hamısı xaricilərdi. Sinqapurlu nə bilir ki, molla nədir, yasin nədir...

– Heç müsəlman olmayacaq?

– Müsəlman təkcə ikimizik – sən, bir də mən.

– Allah kəssin sənin kimi müsəlmanı... – “Mətbuat” tərəfə dönəndə az qaldı ki, başqa maşınla toqquşsun. Oturacaqdan ikiəlli yapışıb, – Metal, nə meta­lıdı? – soruşdum.

– Adi dəmirdir. Qorxma, müsəlman dəmiridi – Türkiyə­dən gəlib. Amma, qızıl olsaydı nə qaçaraq gedərdin, eləmi? – güzgüdə üzümə hırıldıyırdı, kafir oğlu.

– Lənətə gələsən, kor şeytan! Siz indiki cavanları din­dirməmiş, beş nömrə qaloşu gərək əlində hazır saxlayasan. Ağzınızı açan kimi, ağzına-ağzına o ki var döyəsən. Sür görək di, siftə səndən, bərəkət Allahdan – ertədən siftə eləməmişdim.

– Siftə demişkən, nə qədər alacaqsan, molla əmi?

– At deyil, dəvə deyil, adi müsəlman dəmiridir, nə ve­rərsən verərsən.

– 50 manat – güzgüdə üzümə baxdı.

– Ədə, saxla! Mən boyda kişi sənin paslı dəmirindən ötrü əlli manata bu boyda yol gedəcəyəm?! Saxla, düşürəm! – əlimi tutacağa atdım.

– A kişi, ölü götürməyə neçiyə gedirsən?

– Aşağısı 100 manata.

– Di nə istəyirsən? Meyit götürməyəcəksən, kəfənləyib qəbirə qoymayacaqsan, iki saat uzun-uzadı Yasin oxumayacaqsan.

– Bəs dəmirə Yasin oxumağın günahı?!

– Yaxşı, 100 manat olsun – arsız-arsız üzümə hırıldadı.

– Demək 50 manatımı kəsirmişsən, hə? Ay səni, vələ­dü­zzina.

– Sizin pulunuzu kəsmək olar? Adamın burnundan fitil-fitil gələr. Dalınca o qədər qan-yaş tökərsiniz ki, adamın yeddi arxa dönəni mələr qalar. Dedim bəlkə qulağını kəsib benzin pulu qaza­naram...

– Demək 100-ə razılaşdıq. Di tez sür, meyitin gələn vaxt­larıdır.

– Allah uzaq eləsin, meyit də vaxtladır?

– Axşam, səhər ertə ölənin basdırılma vaxtı bir azdan başlayacaq.

– Yollarda probkanın qızğın vaxtı olan kimi, hə? – şirin adamıydı, amma söz güləşdirməkdən ötrü ölürdü, zalımın balası.

– Yola bax! Həm də bir az yavaş sür – peyin daşımırsan... Mərhum, bağış­laginən, metal hardadır?

– “Göy Zavod”un yanında.

– Göy Zavod haradır? “Göy məscid” eşitmişdim, ancaq göy zavod birinci dəfədir eşidirəm... Adə, birdən elə bilərsən mənim pulum-zadım var, aparıb başımı əkmək istəyərsən ha, toba cibimdə cəmi-cümlətanı 11 manatım var...

– Öz pulun özünə qismət olsun, molla dayı... – Allah köməyi olmuşlar bu “Sədərək” yoluna sürət həd­dini 120 qoyublar. Zalım balası, maşın sürməyin dəlisiymiş. 140-ı qoyub belinə, bağır-dalağım bütöv yara səpdi.

– Ay bala, bir az yavaş sür, qəza eliyərsən!

– Gecikirik molla əmi, qorxma. Bütün qonaqlar yığışıblar sahəyə, bizi gözləyirlər.

– Bu xarici dediyin hardan bilir molla-Yasini, kim salıb bunların ağlına?

– Özümüzünkülər. Keçən dəfə xeyir-duasız yekə bir layihəyə başlamışdıq. İki nəfər yoldaşımız isteh­salat qəzasında rəhmətə getdi. O vaxtdan mod salmışıq ki, Quransız, xeyir-duasız bir layihəyə başlamayacağıq. Şefləri­miz də razı oldular.

– Maşallah, şefləriniz qanacaqlıymış. Hansı dinə qulluq edirlər?

– Bütpərəstdirlər.

– Denən kafirin ən yekələriymiş ki... Lənət şeytana. Ay bala, sür geriyə, ya da burda saxla, özüm yol maşınıyla qayı­daram. Allah kəlamını kafir yanında oxumazlar...

– A kişi, kafir basdırmağa getmirsən ha.

– Bala, kafirin dəmiri də kafirdir. Bunlar, o ityeyən millət deyilmi?

– A kişi, sən hansı əsrdə yaşayırsan? Kim nə verir, al bas cibinə, guya sizin ərəb dilinizdən baş çıxaran var! Nə kafir, nə cəhənnəm, nə işinə qalıb kim nə yeyir?

– Əstəfurullah de, bala. Di yaxşı, sür. Bu nə zibil idi mən düşdüm, Ay Allah?

“Göy Zavod”un yanına çatanda qazılmış dərə-təpə yollarla elə şığıdı ki, başım iki dəfə qapıya dəydi – “A səni vurğun təpəndən vursun, anamdan əmdiyim burnumdan gəldi, bir az yavaşıtsana bu şeytan əməlini! – ağrıdan az qala huşumu itirəcəkdim. Təzə tikilən zavodun yerini kürüyüb hamarlamışdılar. Amma, hər yerdə iri xəndəklər qazılmışdı – iraq olsun, təzə salı­nan qəbiristanlıq yerinə oxşayırdı.

Maşın, tozanaq qopararaq təzə qazılmış çalaların yanı ilə səkkiz yaza-yaza şütüyürdü. Təptəzə kostyumlu, yarısı da işçi paltarda olan adamların yanına çatanda elə bil, dörd­­nala çapan köhlən atın cilovunu qəfil çəkdin. Başım qabaq oturacağın söykənəcəyinə dəyib geri qayıtdı. Sürücü məni içə­ridə qoyub, – “Otur burda, çağıranda gələrsən!” – deyib bö­yü­­yünün yanına tələsdi.

– Ay bala, bir qurtum su gətir içim... – amma eşitmədi. Baldırlarımı, üzümü, boynumu ovxaladım. Deyəsən, məndən başqa da kimisə gözləyirdilər – heç tələsənə oxşamırdılar... İçində qıyıqgöz xaricilər olsa da, bizimkilər daha çox idi. “Allah sənə lənət eləsin, belə gedə, gör məni nə zibilə saldı...! Mən indi neyniyəcəm...”, – əlimi qapının qulpuna atmışdım ki, vələdüzzina gördü və şoğərib qapıları uzaqdan kilidlədi. “Bay kopayoğlu, məni izləyirmiş..!” Oturub gözləməkdən başqa çarəm qal­madı. Yadıma buna oxşayan bir əhvalat düşdü...

...Qarabağ müharibəsinin qızğın vaxtlarıydı. Onda Xırdalan qəbiristanlığında otururdum. Bir gün gördüm ki, bir dəstə adam – özü də hamısı hərbçilər idi – qaça-qaça cənazə gətirirlər. Başqası qabağa düşməsin deyə “Əməntü”nü oxuya-oxu­­ya özümü verdim dəstənin qabağına. “Allah rəhmət eləsin, yurdumuzun başı sağ olsun!” – deyib can yandır­dım. QAZ-69-dan yüksək rütbəli zabit ayağını yerə qoyan kimi əmr verdi, – “Tez olun, qəbir qazın!”. “A.., ölüyə qəbri əvvəlcədən qazırlar, axı qəbirqazan bu gün işdə deyil... Nə işimə qalıb!” – susdum. Qəbiristanlığın lap kənar kün­cündə tələm-tələsik qəbir qazdılar. Ala-yarımçıq qəbri təmiz­ləmədən, heç tabutun qapağını açmadan mərhumu məzara endirdilər və üstünü basdırdılar. Əlim çənəmdə qalmışdı: “Bəs ürf-adət, şəriət qaydaları..?” Dedim, yəqin mərhum başqa dindəndir. Komandir də elə əsəbiydi ki, qorxumdan bir kəlmə də soruşa bilmirdim. Cıqqırını çıxaran yox idi, hamı robot kimi onun əmrini yerinə yetirirdi. Kürəklə məzarın üstünü döyəcləyib düzləyəndən sonra koman­dir yenidən dəstəni sıraya düzüb bağırdı, – “Bir də belə hal təkrar­lansa, üç ay kazarma şəraitinə keçəcəksiniz, ailə-uşaq üzünə həsrət qalacaqsınız, günorta yeməyi əvəzinə ancaq idmanla məşğul olacaqsınız! Anladınız!?”. Hamı bir ağızdan bağırdı, – “Oldu, cənab polkovnik!”. Polkovnik, –“Geriyə, dön...! Qaçaraq addımla, marş!” deyəndə yerdən toz-duman qalxdı. Necə gəlmişdilərsə, eləcə də yeyin addım­larla qəbiristanlığı tərk elədilər. Polkovnik maşına minəndə, “Allah, sən özün kömək ol” – ürəyimdə mızıldanıb ona yaxınlaşdım – “Yol­daş polkovnik, mərhuma Yasin oxutdurmayacaqsınız?” O, – “Mərhum dediyin, siqaret kötüyüdür. Oxumaq istəyirsən­sə, get nə qədər istəyirsən, oxu”. Yerimdə qurudum, – Bu nə hərəkətdir bu sarsaq millət çıxarır, heç siqareti də dəfn edərlərmi?

Ancaq sonradan təfsilatını öyrəndim. Sən demə, pol­kovnik alay komandiriymiş, çox nizam-intizam adamıymış. Alay da bizim Biləcəridə yerləşirmiş – Mülki Müdafiə Alayı. Komandir səhər-səhər alayın ərazisini gəzəndə yerdə atılmış siqaret kötüyü görür və həyəcan siqnalı verdirir. Bütün alay sıraya düzüləndə tabut düzəltdirir, kötüyü “kəfənə” bükdü­rüb tabuta qoydurur, bütün alayın əsgər və zabit heyətini tabutun dalınca qatır qabağına – düz qəbiristanlığa qədər qovub alaya cəza verir...

– Lənət şeytana, bu hardan ağlıma gəldi? İndi də, bu mütrüb oğlunun felinə uyub gəldim bu xarabaya. Aha, deyə­sən gəlir mürdəşirin oğlu – sürücü gəlib qapını açdı, – Əsas adam gələsi olmadı, onsuz başlayacağıq, düş işini gör! – lap o vaxtkı polkovnik kimi əmr elədi.

– Bir qurtum su ver, bo­ğazım quruyub, Mədəd... – yezid oğlu, yezid, onu da vermədi, özünü qoydu karlığa.

Dizlərim əsə-əsə dəstənin üstünə yeridim, əlimi sinəmə qoyub ehtiramla baş əydim, – “Əssəlamun əleyküm”. Xaricilər məndən də mədəni çıxdılar – bir-bir növbəyə baş əyib ehtiramla əlimi sıxdılar. Malades bizim yerlilərə – yaxşıca gözlərinin odunu alıblar bu ityeyən qıyıq­gözlərin. Mədədə nəsə dedilər, o da məni qabağa itələyib başıbəlalı dəmirin yanına gətirdi, – “Papağını çıxar, al bu kaskanı qoy başına” – əlindəki ağ dəbilqəni mənə uzat­dı. Elə bildim fəsimdən tüstü çıxdı. Mədədə hirslə elə baxdım ki, dəbilqəni arxasında gizləyib gerr-geri addımladı və adamların arasında gözdən itdi.

Hamı arxamda səfə düzülmüşdü. Hirsimdən bildiyim dua­la­rın hamısı yadımdan çıxmışdı. Əvvəllər “qurdağzı” duası oxu­muşdum – qurd-quş itən mal-heyvanı yeməsin deyə. Yağış dua­sını da bilirəm. Ancaq indi bu dəmir parçasına nə dua oxu­yum ki, afsanata düşsün? Burda nə “Fatihə” keçər, nə də “Əlhəmdü”. “Yaman yerdə axşamladın, molla Veysəl, el için­də biabır oldun. Vallah, şeyx həzrətləri xəbər tutsa, lisenzi­yan əlindən gedəcək... Bu nə zibiliydi düşdüm, Ay Allah!”

Dəmir də ki, nə dəmir – hindu rəngdəydi, tərtəmiz – balı tök üstünə, yala... Təbaşirlə üstünə nəsə yazmışdılar. Yazıların yönü üzübəri olsaydı, heç olmasa dilimin altında onu oxuyub höccələyərdim. Amma yox, çoxu rəqəmlərdir, bu da keçməyəcəkdi. Birdən, kəsilən metalın üstdə qoyulmuş yazı lövhəsi gözümə sataşdı – “Aha, tapdım!” Amma, zəhrimaraqalmış yazı latın dilindəydi – mən isə hələ də kirillə yazıb-oxuyuram. “Lənət şeytana, camaat məni gözləyir, nəsə fikirləşib tapmalıyam”.

Yanakı stolun üstündəki su şüşələrini görəndə dodaqlarımın qay­sağını yaladım. Ətrafa baxdım – hamının gözü məndəy­di. Dodaqlarımı suya tez çatdırmağın dərdindən gözümü lövhədəki yazılara zilləyib höccələməyə başladım, –“Əüzibil­lahimi­nəş şeytanir rəcim. Bismillahi rəhmanirrəhim. Hı yüz on iki flo...ating duru dock ste..el yo..rk fabri..cation strike steel ceremo..nu.... Amin! Ay dəmir, tez kəsil, camaatı incitmə. Qoy səndən gəmi düzəltsinlər, biz də minək Xəzəri gəzək. Bir də amin!” (H112 Floating Dry Dock steel work fabrication strike steel ceremony” (ing.). Mənası, – “H112 Üzən Quru Tərsanənin tikintisi üçün ilk metalın kəsilməsi mərasimi) Hamı “Amin!” deyib salavat çevirəndə, “duanı” eşidən azərbaycanlıların çoxusu gü­lü­şürdü. Eşitməyənlər isə, yanındakılardan soruşurdu, – “Nə olub, nəyə gülürsən?!”

Xaricilərin böyüyü əlimi sıxıb məni yola salanda, rusca, –“vada” (yəni “su”) istədim. Yanındakılara “vatə” deyib su şüşəsini göstərdi. Sən demə rusca da, ingiliscə də suya “vada (vatə)” deyirmişlər. Butulkanı açıb başıma çəkdim və bir­nəfəsə içdim. “Allah səndən razı olsun, kafir qardaş, sən ki mənə su verdin, qoy cəhənnəmdəki yerin sərin çay qırağı olsun” – mərasim yerindən aralanıb gəldiyim maşına oturdum. Bu bəladan da belə qurtardım.

Mədəd maşına oturanda yenə mənə ilişdi:

– Yaman atdın ha, molla əmi...

– Heç kimə de­mə, bala. Adıma söz çıxar...

– Hamıya deyəcəyəm... – sırtıq oğlu, gülürdü.

– Şeyx bilsə, atamı yandırar, dərimə saman təpər, balalarıma yazığın gəlsin, oğul.

Yolboyu məni məsxərəyə qoyub o ki var güldü. Yolda xidmət haqqımı ödədi.

– Mədəd, Allah səni öldürsün, yasını da özüm götürüm, bala.

O isə hey gülürdü: – İngiliscə dəmir duası...

– Hamısı sənin başının altından çıxıb. Məni rüsvay eləsən boğazını üzəcəyəm!

Çox çətin işdir bu mollalıq sənəti, çox çətin... Molla gərək gözüaçıq, işi yolaverən olsun. Gözlərini qoyun kimi dəmirə zilləyib qurudunsa, səndən molla olmaz. Am­ma, şeyx bilsə, tövbə, dərimə saman təpdirəcək. Allah, sən özün bu sir­rin üstünü ört.

# 1296 dəfə oxunub

Oxşar xəbərlər

"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." -  O niyə İslamdan imtina etmişdi?

"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." - O niyə İslamdan imtina etmişdi?

16:25 27 noyabr 2024
Deputat:  "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

Deputat: "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

16:24 27 noyabr 2024
Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

16:10 27 noyabr 2024
Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?

Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?

15:00 27 noyabr 2024
Xərçəngdən əziyyət çəkən Vaynşteyn onları məhkəməyə verir

Xərçəngdən əziyyət çəkən Vaynşteyn onları məhkəməyə verir

13:32 27 noyabr 2024
Avropa milli geyimləri nümayiş olunub

Avropa milli geyimləri nümayiş olunub

13:00 27 noyabr 2024
#
#
# # #