Naxçıvanlı qadının Çexiyanı partlatmasından qorxan SSRİ generalı

Naxçıvanlı qadının Çexiyanı partlatmasından qorxan SSRİ generalı
5 fevral 2018
# 16:20

Tahir Tahiroviç

"Günəş Brnonu partladır"

Rəfoş “Dom pioner”dəki otağında oturmuşdu. Hava soyuq idi. Pəncərədən yağan qarı seyr edirdi. Cibində pulu da azalmışdı. Toy sezonu olmadığından bütün musiqiçilər kimi Rəfoş da klarnetini və saksofonunu evdə çarpayının altına qoymuşdu. Şəhərin darıxdırıcı həyatı onu dilxor edirdi. Bilmirdi hansı işin qulpundan yapışsın.

Bu vaxt dəhlizdən ayaq səsləri gəldi. Amma bu səs ayaqqabı yox, sapoq səsinə oxşayırdı. Qapı aramsız döyüldü. Rəfoş diksindi. “Kimdi?” deyən kimi qapını bir rus mayoru ilə “Dom pioner”in müdüri Nizami müəllim açdılar. Mayor başıyla işarə edib soruşdu ki, budur ? Nizami müəllim: “Bəli, bəli”, - dedi.

Rəfoşu qorxu basmışdı. Belə səs küyə öyrəşməmişdi. Nizami müəllim xırıltılı səsiylə dedi: “Rəfoş, səni general Katkov çağırır”. - General Katkov bu şəhərdə Sovet qoşunlarının komandiri idi.

Rəfoş həyəcanlandı. Əfqanıstan müharibəsi təzə başlamışdı. Qorxdu ki, yəqin ora aparacaqlar. Evə zəng vurmaq istədi. Qoymadılar. Hərbi “Vilis”ə əyləşdirib yollandılar evlərinə, klarneti götürüb sonra diviziyaya apardılar.

Rəfoş diviziyanın qapısına çatanda “23 fevral” yazısını oxuyub rahatlandı. Çünki həyətdə bayram əhval-ruhiyyəsi varıydı. Mayor bildirdi ki, həyəcanı kənara qoy, parad olacaq indi: “Rus əsgərlərindən ibarət orkestrimizdəki klarnet ifaçısı xəstələnib. Ona görə təcili səni gətirdik. Sovet hərbi marşları səslənəcək. Sən bizə kömək edəssən.”

Rəfoş dərhal not tələb etdi. Mayor not vərəqlərini ona gətirəndən sonra binanın kənarına çəkilib zümzümə etdi. Bir şey alınırdı.

Parad başladı. Əsgərlər sıravi marşla tribuna önündən keçirdilər. Rəfoş sovet hərbi marşlarına özünün də xəbəri olmadan muğam rəngləri edirdi. Bu zaman General Katkov Rəfoşa tərəf baxdı. Baş barmağı ilə əla işarəsi göstərdi. Rəfoş isə öz işində idi. “Katyuşa” mahnısı ifa olunanda Rəfoş milli barmaqlarla şirinliklər edirdi. Sanki paradda yox, mağar toyundaydı.

Parad bitəndən sonra Rəfoş evə qayıtdı. General Katkov hədiyyə olaraq “Krasnıy Moskva” odekolonu və 100 rubl pul vermişdi.

Təxminən 2 il keçmişdi. Rəfoş həyətlərində oturmuşdu. Qapını DTK əməkdaşı Qibləli açdı. Rəfoş onu tanıyırdı.

İçəri keçib salamsız-sabahsız oturdu Rəfoşun yanında. Rəfoş dinmirdi. Qibləli qrafindən stəkana su süzdü. Qurtultada-qurtultada içdi və sözə başladı.

- Gedək.

Rəfoşu sanki tok vurdu. “Hara?” da deyə bilmədi. Qibləli gözüylə işarə etdi ki, evdəkilər bilməsin. Dur gedək.

Rəfoşu DTK -nın binasına gətirdilər.

Uzun kabinetdə balacaboy komitə sədri oturmuşdu. Rəfoş içəri daxil olan kimi sədr qışqırdı: “Sən Katkovu hardan tanıyırsan?”

Bir anlıq Rəfoş özünü itirdi. Çünki iki il bundan əvvəl görüşdüyü generalın familini yaddan çıxarmışdı. Komitə sədri elə hey çığırırdı. Onun Katkovla nə əlaqəsi olduğunu öyrənmək istəyirdi.

Rəfoş anidən yadına saldı:

- Yoldaş sədr. Mən Katkovla görüşməmişəm. O burda diviziya komandiri olanda məni çağırmışdılar orkestrdə klarnet ifa edim. Qalanını bilmirəm.

Sədr köməkçisinə məktubu oxumağı tələb etdi. Məktubda Katkov Naxçıvan haqqında yaxşı sözlər yazıb və sonda Rəfalət Kərimovu Çexiyanın Brno şəhərinə dəvət etdiyini bildirmişdi.

Sədr ayağa qalxdı. Rəfoşa tərəf dönüb dedi:

- Özün bil, gedirsən get. Bunun axırı yaxşı olmayacaq. Amma bu Sovet vətəndaşı kimi gələcəkdə sənə pis ola bilər. Birdə ki, Naxçıvanda toylara gedirsən, “Dom pioner”də işləyirsən. Nəyin əskikdir? Başını sal aşağı işlə da.

Rəfoş otağı tərk edib evə gəldi. Anası Günəş göyərti arıtlayırdı. Rəfoş ona yaxınlaşıb dilxor-dilxor Brnoya gedəcəyini bildirdi. Günəş göyərtini yerə atıb qışqırdı:

- Bircə bu qalmışdı. Hansı xarabadır ora ? Niyə gedirsən? Hazırlaşıram sənə toy edəm, Ay havarrrrr.

Rəfoş bu cavabı gözləyirdi. Yenə eyni hava çalınacaqdı. Ayağa qalxıb təzə həyətə düşmüşdü ki, birdən qapını qonşuları Camal əmi açdı. O, lapatka almağa gəlmişdi. Camalı görcək Günəş xala deyinməyə başladı:

- Görürsən bu avaranı? Deyir gedirəm bilmirəm Brındı nədir ora.

Camal Rəfoşdan nə baş verdiyini soruşdu. Rəfoş ona hər şeyi başa salandan sonra Camal əmi üzünü Tutdu Günəşə:

- Ay Günəş, imkan ver getsin. Uşağın bəxtini bağlama. Əfqanıstanda da müharibə başlayıb. Birdən apararlar. Yaxşısı budur, qoy getsin Brındı haradı ora.

Bir ay sonra Rəfoş Brnonun “Turjanı” aeroportuna gəldi.

Çexiyanın Brno şəhəri. Rəfoş şəhərlərindən tozlu-torpaqlı küçələrindən keçərək ayaqqabısında gətirdiyi palçığı Brno şəhərinin təmiz asfaltının üstünə tökəndə özünü başa düşdü ki, hardan hara gəlib.

General Katkov Rəfoşu otağında qəbul etdi. Naxçıvandan danışdılar. Rəfoşun klarnet ifasına vurulduğunu bildirdi. Hərbi marşları muğam üstündə ifa etməsindən danışıb xeyli gülüşdülər. Rəfoşu hərbi orkestrə rəis təyin etdilər.

Gözəl və bəxtəvər günlər başladı.

Çexiyanın həyat tərzinə öyrəşmək təbii ki, çətin idi. Amma Rəfoş tezliklə uyğunlaşdı. Hərbi orkestrin rəhbəri kimi tez-tez tədbirlərdə olur, festivallara qatılır.

Təxminən 2 il Vətəninə qayıtmayan Rəfoşun qara günləri yaxınlaşırdı. Bir gün polkovnik Padarov onu yanına çağırdı. Dedi ki, general Katkov səninlə görüşmək istəyir.

Rəfoş qəbul otağına yaxınlaşanda generalın katibəsi Lyudmila Vasilievna ona tərs-tərs baxıb dodağının altında: “Ay Rafik, ay Rafik”, - dedi. Heç nə başa düşməyən Rəfoş müəmma içində generalın otağına daxil oldu. Hərbi geyimdə olmasa da generalın ciddiyyatəin görüb özündən asılı olmadan hərbi salam verdi.

Genral:

- Ay Rafik (general ona Rafik deyə müraciət edirdi), bilirsən ki, səni çox istəyirəm. Sənətkarlığını isə xüsusən. Səni ucqarlardan gətirdim.

Rəfoş:

- Çox sağ, olun yoldaş general.

General:

- “Sağ ol”unu saxla. Mənim “sağ ol”a ehtiyacım yoxdu. Sizin bir dramaturqunuz var. Onun cəmi bir əsərini oxumuşam. Həta filminə baxandan sonra. Nəyidi onun adı?..

Rəfoş:

- Yoldaş general, bilmədim kimi deyirsiz?

General:

- Hə tapdım - Axundov. “Dərviş Parisi partladır.” Baxmısan yəqin o filmə.

Rəfoş:

- Bəli.

General:

- Mən elə bilirdim ki, siz bir daha onun qəhrəmanlarının gününə düşməzsiz. Ancaq sən demə davam edirsiz... – Bir qədər pauza verdi. - Nə isə. Keçək əsas məsələyə.

Rəfoş dilxor olmuşdu. Nədəsə səhv etdiyini düşündü. General qarşısındakı “Göy göl” konyakından süzdü. Rəfoşa da təklif edəndən sonra sözünə başladı:

- Rafik, Naxçıvandan hər ay məktub gəlir.

- DTK-dan ?

- Yox əşiii. Ordan gəlsəyi nə varıydı ki... Sizin evdən. Anan yazır. Mən iki ildi bunları gizlədirəm. İstəmirəm səni işdən və xoşbəxtlikdən ayırım. Sonda artıq dözə bilmədim. Hər məktubda məni tənqid və təhqir edir. Deyir ki, oğlumu əlimdən almısan.

- Yoldaş general

- Dayan. Konyakını iç. Sonuncu məktubda yazır ki, əgər oğlumu qaytarmasan neft töküb özümü yandıracam. Hətta SSRİ Müdafiə naziri yoldaş Ustinova yazacağını deyir. Ən çoxda qorxuram ki, Axundovun əsərindəki kimi falçı tapıb Brnonu partladar.

General gülümsəyərək siqaretini yandırdı. Pəncərəyə yaxınlaşdı.

- Rafik, mən 5 il Naxçıvanda komandir oldum. Sizləri yaxşı tanıyıram. Ailəyə çox bağlısız. Mənim bir övladım var. Yelena, sə n də tanıyırsan. Keçən dəfə ad günündə görmüsən. Sözümə qulaq as. Gəl sizi evləndirim. Nəyim varsa sənin olar. Amma sən birdə oralara qayıtma. Moskvada, Peredelkinoda bağ evimi də sənə verəcəm. İstəyirəm səni Praqa Konservatoriyasına qəbul etdirim.

Rəfoşu tər basmışdı. Hətta generalın son cümlələrini belə eşitmirdi və dilxor vəziyyətdə, hətta icazəsiz otağı tərk etdi.

Dəhlizə çıxmaq anında generalın katibəsi Lyudmila Vasilievna dodağını altında deyinirdi: “Ay Rafik, ay Rafik”...

Əslində Naxçıvanda nələr baş verirdi ? Günəş xala qonşunun oğlu Dandan Həbibə hər ay məktub yazdırıb poçta göndərirdi. Oğlundan xəbər çıxmadığını görən Günəş, əlacsız qalıb qonşuları Zümrüdlə “baxıcı” Hüseynə üz tutmuşdu. Hüseyn kişi də Quranı ora-bura çevirib deyirdi ki, oğlun yaxın günlərə qayıtmasa elə bir dua yazacam ki, Brnonu alt-üst edəcəm. Günəşin ürəyi rahatlamışdı. Sadəcə Hüseyn bilmirdi ki, Brno haradı.

Bir ay sonra polkovnik Padarov Rəfoşa yaxınlaşdı. Qoltuğundakı qovluğu ona uzatdı və dedi ki, yoldaş general deyir ki, çıxıb getsin Naxçıvana. Rəfoşun anası sonuncu məktubu öz adından yazmamışdı. Qonşusunun bacısı qızı Məhsəti yazmışdı. Məktubda Günəşin artıq fikirdən öldüyü yazılmışdı. General da əlacsız qalıb Rəfoşu birdəfəlik Naxçıvana göndərdi.

Rəfoş Naxçıvana qayıtdı. Dəmir yolu vağzalında onu məhlə uşaqları Qırıx, Qudan, Cını, Qiya, İli, Dımıqi və Məşabaşı qarşıladı. Rəfoş anasını yadına salıb ağlayırdı. Çuxur məhəlləyə çatanda uzaqda mağarı görüb gözlərinin yaşını saxlaya bilmədi. Taksidən enən kimi mollanın yasın səsi əvəzinə ayrı bir mənzərə və səs gəldi. Klarnet ifaçısı Çappı, nağara Pənah, qarmon Ələs yüksək sələ vağzalı çaldılar. Günəş xala mağardan özünü küçəyə atıb oynaya-oynaya Rəfoşun qarşısında süzdü. Rəfoş qorxudan bilmədi neyləsin, onu aldadıb evləndirdilər.

Və bir daha Avropaya geri qayıtmamaq üçün ömürlük toy tutdular.

# 1230 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #