Tədqiqatçı Paşa Yaqub: “Zəlzələ olacağını hiss etmişdim”

Tədqiqatçı Paşa Yaqub: “Zəlzələ olacağını hiss etmişdim”
10 sentyabr 2015
# 08:00

Nərimanov parkında keçirilən kitab yarmarkasında Qanun nəşriyyatı ilə eyni sırada yeddi-səkkiz kitab da düzülmüşdü. Bircəciyindən başqa qalanlarının müəllifi eyni adam olduğuna görə daş sürahinin üstündəki kitablar diqqətimi çəkdi. Təcrübədən bilirəm, adətən bu cür kitabların satıcıları da elə müəlliflərin özləri olur. Satıcı dillənincə yanılmadığımı gördüm: “Hamısını mən yazmışam, otuzdan çox kitabım var.” Satıcı-müəllif atüstü bacarıqları barədə anons da verdi: təyyarə qəzalarının səbəblərini də bilirəm.

Daha yubatmaq istəmədim, dedim elə özü ilə danışaq, görək təyyarə qəzalarının səbəbini bilən bəyəfəndi, kimdir, nə işlə məşğul olur...

Kulis tədqiqatçı Paşa Yaqubla müsahibəni təqdim edir.

- Özünüz təqdim edərdiz?

- Yazıçı-tədqiqatçı Paşa Yaqub.

- Haranı bitirmisiz?

- Onun heç bir fərqi yoxdur. Elm Allaha məxsusdur. 1968-ci ildə Zərdab rayonunda doğulmuşam. Sonra da hamı kimi oxumuşam, nə fərqi var haranı oxumuşam.

- Başa düşürəm.

- Mən də camaat kimi Sovet dövründə diplom almışam. Apardığım tədqiqatları, yazdığım yazıları heç yerdə öyrənməmişəm, bu elmi-ladundur.

- Təhsiliniz barədə danışmaq istəmirsiz?

- Yox.

- Hazırda nə işlə məşğulsuz?

- Hal-hazırda tədqiqat işləri ilə məşğulam. Kitablarımı yazıram.

- Başqa yerdə işləmirsiz?

- Yox. Heç yerdə ştatda deyiləm. Tədqiqat işlərim var, arxivə, kitabxanalara gedirəm, araşdırmalar aparıram.

- Üzr istəyirəm, ailəlisiniz də?

- Bəli, üç övladım var.

- Bu sualı bilirsiniz niyə verdim? Bizdə kitabla dolanmaq, ailə saxlamaq çətindir. Bəs siz necə, dolana bilirsiniz, yazdığınız kitablar satılır?

- Quranda bir ayə var. Allah-Taala buyurur ki, necə göydə uçan quşun ruzisini verirəm, sənin də ruzinizi o cür verirəm. Bir quş necə dolanırsa biz də elə dolanırıq. Allah nə yetirirsə onunla kifayətlənirik. Və şükür edirik.

- Neçə kitabınız var?

- 33 kitabım var. Onlardan dördü ensiklopediyadır.

- Satışlarından qazanc olur?

- Hə, müəyyən qədər qazanc olur.

- Kitablarınızı özünüz çap edirsiniz?

- Öz hesabıma çap etdirdiyim də, köməkliklə çap etdirdiyim də olur.

- Dediniz ki, elmi-ladunla məşğulsunuz. Elmi-ladun nə deməkdir?

- “Ladun” “dərin” deməkdir. Bu elmin dərin qatlarından bəhs edən sahədir. Oxumaqla əldə olunmur. Allahın qəlbə göndərdiyi elmdir. Elmi-ladun sufi mütəfəkkirlərdə, övliyalarda, müqəddəs şəxslərdə olur.

- Masanın üzərindəki “Böhrandan çıxış yolları” adlı kitab nəyə aiddir? Neftin qiyməti iki dəfədən çox düşdü, devalvasiya oldu, bəzi məhsulların qiyməti qalxdı. Belə bir şəraitdə bu kitab iqtisadi böhrandan çıxmağa kömək edər, yoxsa ancaq mənəvi məsələlərlə bağlıdır?

- Mən bu kitabda elmi-ladun vasitəsilə böhranın səbəblərini izah edirəm. Maddi böhran mənəvi böhranın nəticəsidir. Səbəb mənəvi böhrandır. Allah-Taala Quranda buyurur ki, yolunuzu azarsınız, dəryanızı qurudaram. Dərya deyəndə ruzi mənbələri nəzərdə tutulur-zavodlar, fabriklər, kolxoz-sovxozlar, müxtəlif istehsalat müəssisələri. İnsanlar yollarından azdıqca bu iş yerləri bağlanır. Əvvəllər insanların çox hissəsi kolxoz-sovxozlardan dolanırdı, onlar dağıldı, sonra zavod-fabriklər bağlandı, indi də neft tükənir. Yəni bütün dəryalar qurumağa doğru gedir. Bunun səbəbi isə mənəvi böhrandır.

- İndiki böhrandan çıxış yolunu nədə görürsünüz?

- İnsan mənəvi cəhətdən insan olmalıdır. İnsan olandan sonra Allah ruzi də yetirəcək. Bayaq quşun misalın çəkdim, məgər quşun nefti-buruğu var? Yox, amma Allah ruzisini yetirir. İnsan da insan olsa, başa düşsə ki, onu Allah yaradıb, onda Allah da ruzisini verər.

- Elmi-ladun haqqında çox geniş danışmadınız.

- Vallah, mənim bu haqda danışmağım düzgün deyil. Onda bu özünü tərifləmək olur. Təkəbbür olur.

- Ərəb dilin bilirsiniz?

- Yox bilmirəm.

- Quranı ancaq tərcümədə oxuyursunuz?

- Bəli. Quranın tərcüməsində də düzəlişlər aparmaq istəyirəm.

- Demək istəyirsiniz Quranda səhvlər var?

- Texniki səhvlərdi. Onu tərcümə edənlər mənə elə gəlir nəzəriyyəni bilsələr də praktikanı bilmirlər. Biri var qəndi görüb yazasan, biri də var qəndi görməmiş onun haqqında yazasan. Quranın tərcüməçiləri də belədirlər. Nəzəriyyəni bilirlər, praktikadan xəbərləri yoxdur. Tutalım, mələkdən yazırlar, amma mələyi görməyiblər.

- Siz görmüsüz?

- ...Gördüm-görmədim nə fərqi... Mələyin necə olmağını deyərəm e. Amma lovğalıq kimi görünəcək. Ona görə bu barədə susmaq istəyirəm. Mən kitabda bəsirət gözünün açılmasının yollarını üç “W” ilə göstərmişəm, oxudunuz onu? Bax mələyi görmək odur. Hər əlin üç barmağını sifətdə birləşdirəndən sonra-hansı nöqtələrdə birləşdirmək lazım olduğunu deməyəcəm- güzgüdə baxsanız “WWW” işarəsini görəcəksiniz. Kompüter insanın alt kopyasıdır. İnsan internetə, alt kopyaya girə bildiyi kimi üst kopyaya da girə bilər, üst kopya da mələklər aləmidi. Deməli, kompüterdəki “WWW”-dan bizdə də var. Bunlar bizdə olmasaydı kompüterdə belə şey olmazdı. Barmaqları müvafiq şəkildə tutub üç dablyunu qurduqda adamın bəsirət gözü açılır. Mənim bəsirət gözüm açılandan sonra çiynimdəki mələkləri görə bilirəm. Bütün kainat ətrafdakı nurla idarə olunur. Mən həmin nuru ziyarət edirəm.

- Bəs @ işarəsi nə deməkdir?

- @ işarəsi mədənin üstündədir. İnternetdə insanın anatomiyasına baxın. Görəcəksiz ki, bağırsaq mədəyə sarılıb. Bax həmin işarə budur. Siz fikir vermisiniz, insan qəfil, həyəcanlı xəbər alanda o dəqiqə mədəsi sancır. İnsana xəbər, mesaj birinci bax həmin yerdən gəlir. Enerji birinci orda sancı verir.

- Yenə “WWW” məsələsinə qayıdaq, onu necə edirlər?

- Hər əlin üç barmağını götürüb sifətdə birləşdirirsən. Güzgüyə baxsan barmaqların fəzadakı vəziyyətindən “WWW” yarandığını görəcəksən. Bundan sonra müəyyən dua var, onu oxumalısan. Dua da elə bil parol kimidir. İnternetə girəndə parol yığmırsan, dua da bax o cürdür. Bundan sonra gözlərini yumursan, bəsirət gözün açılır və çiynindəki, ətrafındakı mələkləri nur içində görürsən. Əslində bunlar sirdir, demək olmaz.

- Onsuz bunları kitablarınızda yazırsınız.

- Üstüörtülü yazıram, heç çox adam mələyi görüb-görmədiyimi bilmir.

- Kitabda qadının qabırğadan yaranmasını təsdiqləmisiz, hələ peyğəmbərdən hədis də yazmısız.

- Quranda bu var. Üstəlik anatomiya elmi də qadının kişinin qabırğasından yarandığını sübut edir. Əlinizdə internet var, kişi qabırğalarının da şəklini götürün, qadın qabırğalarının da. Sonra sayın. Kişidə bir dənəsi əskikdir. Həmin o bir dənə qabırğanı da Allah kişinin bədənindən çıxarıb qadını yaradıb. Quranda da bu barədə yazılıb: Həvvanı onun qabırğasından yaratdıq. Elmdə də sübut olunub ki, qabırğanın biri əskikdir.

- Siz insanı məişət cihazların bənzədirsiniz.

- Hər bir kamil insan, yəni peyğəmbərlər transformator funksiyasını yerinə yetirirlər. Fizika qanunlarında enerji mənbədən mənsəbə gələnə kimi transformatorlardan keçdikcə ilahi informasiya da peyğəmbərlərlə insanlarla ötürülür. Ümumiyyətlə kainat fizikanın qanunları ilə idarə olunur. Adi deyilən söz də enerjidir. Söz elə-belə şey deyil. Məsələn Allah dünyanı sözlə yaratdı, “Ol” dedi, oldu. Qurandakı bütün sözlər də enerjidir.

- Məişət cihazları 220 voltla işlədiyi kimi insan bədəni də 220 sümüyün birləşməsindən yaranıb deyirsiz. Bunu necə izah edərdiniz?

- Tibb elmi də bunu sübut edir. Onun 22-si başdadır, qalan sümüklər də bədənin digər üzvlərindədir. 22-ci surə də Həcc surəsidir. Kəbə də başın rəmzidir. Dinin başı Kəbədədir.

- Belə çıxır Quranda bu şeylər hamısı rəqəmlərlə əks olunub, siz də bu sirri çözürsünüz.

- Bunlar hamısı alt qatdadır. Mən bu əlaqəni tapıram, cəmiyyətə göstərirəm. Hər adam bunları görə bilmir. Elmlər arasında rabitə var. Onları görmək olmur, yeraltı çaylar kimi bu bağlar da görünmür. Bunu ancaq elmi-ladunla görmək olar.

- Təyyarə, qatar qəzalarının baş verəcəyini xəbər verirsiniz?

- Yox, qəza baş verəndən sonra məntiqi izahını verirəm, səbəbini deyirəm, çünki əvvəldən hiss edirəm ki, nəsə olacaq. Cəmiyyətə göydən bəla gələcəyini bilirəm, amma nə olacaq, təyyarə qəzasımı, selmi, zəlzələmi onu müəyyənləşdirə bilmirəm.

- Bu ayın beşi zəlzələ olanda qabaqcadan hiss eləmişdiniz?

- Nəsə olacağını bilirdim, hiss etmişdim, amma hansı formada olacağı mənə qaranlıq idi. Elə bil ki, insanlar qəflət yuxusunda yatıblar, özü də ağır yatıblar. Ağır yatan adamları silkələyib oyadırlar axı. Cəmiyyət ağır yatdığı üçün Allah-Taala da silkələyib oyadır.

- İnsanlıq yatıb?

- Bəli. Qəflət yuxusunda yatıb.

- Onu necə oyatmaq olar?

- Ancaq zəlzələ ilə, ayrı cür, mümkün deyil. Ümumən bir neçə ilə dünyada böyük kataklizmlər, mikro qiyamətlər olacaq. Ta ki, dünya əhalisinin 29 faizi qalana qədər. Ondan sonra artıq insanlar qəflət yuxusundan oyanacaqlar.

- Təyyarə qəzalarının xüsusi bir qanunauyğunluqla baş verdiyini deyirsiniz.

- Eyni markalı təyyarələr 858 günün tamamında bir də qəzaya uğrayır.

- Bu məlumatları əlaqədar dairələrə göstərmisiz?

- Azərbaycanda astrofizika ilə məşğul olan adamlar mənim kitablarımı oxuyur, hamısı ilə əlaqələrim var. Bunları 2001-ci ildən araşdırmağa başlamışam. Mənə elmi-ladun gəldikcə bütün elmləri araşdırırdım; anatomiya, kimya, fizika, astronomiya haqqında universitet səviyyəsində kitabları oxuyurdum. Məsələn, tibb elminə aid vəsaitləri oxuyurdum. Bunları oxuduqca Quranla əlaqələndirirdim. Mənə elm gəldikcə bilirdim ki, Qurandakı filan surə insanda da özünü göstərməlidir. Və gedib tibb elminə aid, universitetdə tədris olunan kitabları tapıb oxuyurdum, görürdüm ki, var.

- Təyyarələrin müəyyən qanunauyğunluqla qəzaya uğradıqlarını rəqəmlərlə göstərirsiz. Deməli sizin hesablamanızla növbəti qəzanın axırıncı qəzadan neçə gün sonra olacağını bilmək olar. Bunu əldə etmək imkanınız olduğu halda niyə müəyyən orqanlara xəbər vermirsiniz?

- Əvvəla bunu cəmiyyətə demək olmaz. Onda o gün heç kəs təyyarəyə minməz. Həm də bilmirsən axı təyyarə Bakıda qəzaya uğrayacaq, yoxsa başqa şəhərdə-Moskvada, Pekində. Buna görə də qəzanı qabaqcadan hesablamağa tələsmirəm.

- Ay və günəş tutulmalarını da qabaqcadan bilirsiniz?

- Bəli onları da hesablayıb bilirəm.

- Ən yaxın ay tutulması nə vaxt olacaq?

- Dayan cədvələ baxım. Bu ayın 13-də günəş tutulması, 28-də ay tutulması olacaq. Bu cədvəl astronomiya elmində mənim kəşfimdir. Buna qədər belə cədvəl olmayıb. Astronomları ən çox heyrətləndirən odur. Astronomiya elmində Allahın varlığını sübut edən bax bu cədvəldir. Günəş tutulmaları, ay tutulmaları Allahın xəbərdarlığıdır, elə bil siqnaldır. Siqnaldan sonra 114 günəmi, 286 günəmi mütləq bir hadisə olacaq. İnsan ona hazır olmalıdır.

- Elmi-ladunu bilən adam uça bilər?

- Hə, niyə uçmur? Uçan adamlar olub. Bizim cəmiyyətimizdə də olub.

- Siz istəsəniz uça bilərsiniz?

- Mən nə ona cəhd eləmişəm, nə də ki, mənə lazımdır. Mənə lazım olmayan şeyi Allahdan niyə istəyim? Lazım olmayan şeyi Allahdan istəyəndə deyir ki, sənə lazımdır?

- Belə çıxır insana həqiqətən uçmaq lazım olsa və bunu Allahdan istəsə, o da verər?

- Lazım olsa Allah uçurdar. Gərək sidq ürəkdən istəyəsən. Adamda utanmaq hissi olar. Allahdan hər şeyi istəməzlər. 2004-cü ilin may ayında Konqoda təyyarə qəzası olmuşdu. Sərnişinlərin hamısı ölmüşdü, təkcə 4 yaşında uşaq 10 km hündürlükdən sağ-salamat yerə düşmüşdü. Bu uçmaq deyilmi? Bu uşağı elə Allah uçurdub da.

- Konqodakı uşağı uçurdub sağ saxlayan Allah bir neçə gün əvvəl Türkiyə sahilində ölü tapılan Aylanı niyə sağ çıxarmadı? Facebookda bu mövzuda müzakirələr oldu, çox adam deyirdi ki, Allah varsa Aylan ölməməli idi.

- Allah hər bir ruha hədd verir. Sənin ruhuna verilən vaxt bitdimi getməlisən. Cənnətdə uşaqlar da olacaq. Uşaqlar günahsız məxluqlardır. Onlara “cənnət bülbülü” də deyirlər.

# 5764 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #