Qanad açır uçmağa tənha qadın - Şeirlər

Qanad açır uçmağa tənha qadın - Şeirlər
20 sentyabr 2019
# 18:20

Kulis.az Ələddin Əzimlinin şeirlərini təqdim edir.

Yalanlara

Səndən mənə
deyilənlər yalanmış,
ağ yalan.
Bax odur,
bu xəbərdən diksinib
qızara-qızara
Pəncərədən boylanan.
Qanad açır uçmağa
bax o tənha qadın da.
Mənsə, can atıram yaşamağa-
imkan versə yalanlar,
gözümə baxa-baxa
haqqı damğalayanlar...

Baxtsız qayıdış

Qapı
elə bağlanmışdı,
kilidlənmişdi ki,
sındırıb çərçivələri, şüşələri
zorla yol tapıb
pəncərədən girdi içəri.
Ehtiyatsızlıqdan
qanamışdı əlləri.
İçəri
it günündə idi.
Allah bilir neçə illərdi ki beləydi.
O gedəndən-
əslində, aparılandan sonra
evdəkilər də
yəqin ki tərk etmişdi buranı-
bu sahibsiz xarabanı.
Gördüklərindən doluxsunub
istədi ağlasın.
Ancaq
ürəyi bu illər ərzində
daşlaşmışdı sanki.
Gözləri
quraq illərdəki bulaq kimi
qupquru qurumuşdu.
Can qalmamışdı canında.
Özü yaxşı bilirdi
günahkar olduğunu,
hamının-
qohum-əqrəbanın,
dost-tanışın,
lap elə Allahın yanında...

Xasiyyətnamə

Ayağının altındakı torpağı,
udduğu havanı,
içdiyi suyu,
işığı, qaranlığı,
xülasə, nə varsa,
hiss etmədən yaşayan
bu insanın
yanından ötəndə,
şəhərdə, ya kənddə
ehtiyyatlı olun.
Ehtiyat
yaraşıqdır igidə
ya burda,
ya da ki, başqa yerdə.
Bəy kimi keçin
bu adamın yanından.
Məsləhətdir, bunları
heç bir kəs
çıxarmasın yadından.
Yaddaşını,
yurddaşını
itirən bu insan
daş kimi düşəcək
bir gün
kiminsə başına.
Hətta,
qənim kəsiləcək
çətinə düşəndə
dost-doğma qardaşına,
yəni-
millətinə,
soydaşına...

Vədəsiz axşama

Bu gün
Yaşanıb qurtarmamış,
Günəş hələ batmamış
qaraldı qürub yeri,
bağlandı yerlə-göyün
dirəksiz sərhədləri.
Nə gələn var,
nə gedən,
nə də qapını döyən.
Pəncərənin sınıq şüşəsindən
külək doldu içəri.
Özü ilə gətirdi
vədəsiz axşamı.
Silkələndi bir anlıq
daxmanın dirəkləri,
uçuq-sökük damı.
İçəridə
dolaşırdı qaraltılar
səssiz-səmirsiz,
bir-birindən xəbərsiz...

Zaman yetişəndə

Zaman yetişəndə,
fərqinə varma
uzat əllərini ocağa sarı-
közün üstünə.
Əvvəl evdəkilər,
sonra qonşular,
uzaqlar, yaxınlar
cəmləşsin sənin tüstünə.
Hayqırsın içində
bir dəli nərə,
çaxsın ildırım.
Titrəsin
illərdi yatan dağların
bağrında qıvrılan
boğulan nida!
Qeyrət damarları coşsun,
çıxsın qınından,
təmkinə, dözümə
desin əlvida!
Yapış
ruhundan susqunluq yağan
yolların,
yalların,
ayağın altından qaçan torpağın
şah damarından.
Qoy təzə pöhrələr,
körpə fidanlar
boy versin,
ucalsın sənin
alışa-alışa
axan qanınla.
Qalxsın dəli külək
sovursun külü.
Qorxudan əssin,
titrəsin ağaclar.
Təzədən közərsin
gur qığılcımlar,
yansın ocaqlar...

Torpaq eşqi

Yapışdım əllərindən
göylərin,
asıldım ətəyindən
dolaşıq buludların.
Çəkdi məni arxasınca
sonsuzluğun gözləri.
Göylər nə uca,
yerlər nə dərin !
Mehi vurdu üzümə səhərin.
Ayıldım,
boylandım ucalıqdan
hüdudsuz dərinliyə.
Üz çevirdim
tək-tənhalıq və
qəribliyə.
Sarıldım
göylərin dirəyinə.
Bir qərib duyğu,
bir qorxu, təlaş
çökmüşdü ürəyimə.
...İlahi bir əl
endirdi məni
yavaş-yavaş aşağı,
illər ayrısı kimi
qucaqladım torpağı...

Duman

Duman
bürüyüb bəndi bərəni,
seçmək olmur ətrafda
düzü, dərəni.
Naşı yolçunun
azan vaxtıdır.
Bu duman, bu şehli cığır
mənə
ötənləri xatırladır.
O saman sağ idi
atam da,
anam da.
Uşaqdım
bir hərarət
dövr edirdi qanımda.
İndisə
kövrəlir qəlbim.
O vaxtdan
gör nə qədər
doğmam, yaxınım
"itib dumanda"-
artıq
yoxdur yanımda...


Quru səsə

Beşikdəki körpənin
bu günü,
sabahı nə?
Xəbərsizik.
Təkcə bumu,
budumu?
Çox mətləbdən
çox uzağıq,
quru səsik-
o da boğuq,
qırıq-qırıq,
kəsik-kəsik...

Sahil

Yayın
son ayı
yandıra-yandıra gedir
qurunu, yaşı.
Artır, yüksəlir
yerin hərarəti,
canın atəşi.
...Gün günortadır,
heç yerdə kölgə yox.
Günəş
dayanıb pik nöqtəsində.
Sərinə
meyillənən döngə yox.
Torpağın altına
qısılıb böcəklər.
Su həsrətilə
açıb dodaqlarını
dolça tək çiçəklər.
Hətta,
dəniz də sərilib
xalça tək yatağına,
nəsə pıçıldayır
sahilin qulağına...

Bürkülü gecə

Muğanın
bir yay gecəsi
bir ay qədər uzun.
Ayı, ulduzu parlaq-
çıraq-çıraq.
Səhəri
uzun bir
köç yolu qədər uzaq.
Bürküdən
təngişən nəfəslər,
əsəbləri oynadan
cırcırama səsləri.
Sükutu pozan
it hürüşməsi,
at fınxırtısı,
qocaları diksindirən
bayquş qışqırtısı.
Gündüzü Günəşli-
odlu-alovlu,
gecəsi-bax belə,
dolam-dolaşıq.
Mürgülü,
bürkülü,
qarmaqarışıq...

Tənha palıd

Yaşıl bir nəğmə,
illəri yola salan
hiss etmədən qocalan
yaşlı bir nəğmə-
palıd ağacı.
Kiminsə hökmüylə,
bəlkə də, istəyilə
uzaq düşüb meşədən,
gəlib çıxıb Muğana-
bu yol ayrıcına.
Çox illər, zamanlar
bəzək olub
bu elə,
bu obaya.
İstini qova-qova
sərinlık paylayıb
çox yoldan ötənə-
burdan yolu düşənə.
Tənha palıd,
bu bomboz çöllükdə
dayanıb üzü payıza.
Göz dağı olub
Muğana-
hamımıza!..

Payız havası

Yay qurtarıb,
amma hələ istidir.
Canlı, cansız nə varsa,
selləmə bir
yağış istəyir.
İslanmaq istəyir
o qız
gözünün giləsinəcən,
lap ölüsünə, dirisinəcən.
Nəmlənmək istəyir torpaq,
dirilmək istəyir çəmən.
Yuyunmaq,
soyumaq,
soyunmaq istəyir ağac.
Quşlar
çəkilmək istəyir yuvasına.
Dincəlmək istəyirəm
bürünüb
sərin payız havasına...

Ağac

Silkələnsə bir budaq,
xışıldasa
Yarpaq-yarpaq,
ötüb keçsə yanından
bir dəlisov külək,
havanın
bu qaranlıq vaxtı,
demək,
bu ağaca da
növbə çatdı.
Diksinməyin bir anlıq,
əslində, bu ağaca
həzin-həzin
tumar çəkdi qaranlıq.
Oxşadı gövdəsini,
budaqlarını və
yarpaqlarını.
Bir sevgi nəğməsi oxudu,
dəlisov külək və
yumşaq qaranlıq.
Yarpaqları
pəncərəmin şüşələrini
piano tək dilləndirən,
məni ağırlayan, əzizləyən
budaqların,
yarpaqların
can verərək
canlandırdığı ağac
pəncərədən düşən işığa
qərq oldu
qucaq-qucaq...

img014.jpg

# 6447 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış yazıçılarla Sabirabadda görüş keçirildi

Tanınmış yazıçılarla Sabirabadda görüş keçirildi

22:21 27 aprel 2024
Namiq Hacıheydərli vəfat etdi

Namiq Hacıheydərli vəfat etdi

19:59 27 aprel 2024
"Big Band" caz orkestrinin konserti təşkil ediləcək

"Big Band" caz orkestrinin konserti təşkil ediləcək

16:50 27 aprel 2024
Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edildi

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edildi

16:30 27 aprel 2024
Xətai rayonunda “Kəlağayı festivalı” keçirildi

Xətai rayonunda “Kəlağayı festivalı” keçirildi

15:30 27 aprel 2024
Tanınmış xanəndə Züleyxa Rəhimi vəfat etdi

Tanınmış xanəndə Züleyxa Rəhimi vəfat etdi

15:10 27 aprel 2024
# # #