Elina kimi təzyiqə məruz qaldı, intihar etdi, amma... - Günel Natiq yazır...

Elina kimi təzyiqə məruz qaldı, intihar etdi, amma... - <span style="color:red;">Günel Natiq yazır...
14 may 2019
# 12:05

Kulis.az Günel Natiqin “İntiharlar” yazısını təqdim edir.

Elinanın faciəsindən sonra intihar xəbərlərinə qarşı daha həssas olmuşuq. Təəssüf ki, günaşırı belə xəbərlərlə üzləşirik. İntihar motivləri isə müxtəlifdir.

Məsələn, bir neçə gün öncə 1983 təvəllüdlü qadın özünü yaşadıqları evin həyətindəki tövlədən asaraq intihar edib. İlkin məlumata görə, intihara quzusu onların həyətinə girmiş qonşusu ilə aralarında yaranmış mübahisə səbəb olub. İlk baxışda inandırıcı deyil. Amma insanın psixologiyası elə mürəkkəbdir ki, hansı anda necə hərəkət edəcəyinin heç bir qarantı yoxdur.

Ola bilər ki, qonşusu ilə mübahisə edən qadın əsəblərini cilovlaya bilməyib, bəlkə də panikaya düşüb, kritik vəziyyətə çatıb və həyatına son qoyub. Bəlkə də daha bir neçə dəqiqə düşünmək imkanı və yaxud yaxınlıqda bölüşəcəyi bir insan olsaydı, bu faciə yaşanmazdı.

Bəzən qəti qərar vermək üçün insanlar özlərindən o “bir neçə dəqiqəni” əsirgəyirlər.

Və yaxud başqa bir hadisə. 1988-ci il təvəllüdlü qız özünü uçurumdan ataraq intihar edib. Ən müxtəlif, hətta önəmsiz saydığımız məsələlər intihara səbəb ola bilər. Çox vaxt kiçik hadisələri şişirdib dağ boyda edirik, sonra o dağla döyüşməyə başlayırıq. Əslində o dağı özümüz uydurmuşuq. Problemləri özümüz onları həll edə bilməyəcəyimiz dərəcəyə çatdırmışıq.

Bir neçə gün öncə daha bir gənc qız intihar etdi. İş yoldaşları onu oğurluqda ittiham edib. Bu faciə deyil. Yanlış anlamalar hər zaman ola bilər. Problemin harda olduğunu aramağa çalışmaq və səbrlə məsələni yoluna qoymaq lazım olan bir vaxtda ittiham olunan qız qısa yolu - ölümü seçib. Nəticədə bir ailə faciəsi yaşanıb.

İntiharlar niyə baş verir? İnsan özünü böhrandan çıxarmaq durumunda deyil. Ətrafdakılar isə dəstək ola bilmir. Ya da insan dərdini deyəcəyi bir adam tapmır. Bilir ki, gecikmiş və lazımsız məsləhətləriylə onu daha da tupikə salacaqlar. “Niyə belə etdin?” “Gərək etməyəydin” və s. Halbuki böhranda olan insanın bəzən adi bir “hər şey yaxşı olacaq” kəlməsinə hava-su kimi ehtiyacı olur.

Belə hallarda savadlı psixoloqdan yardım almaq olar. Bu psixoloqu ağıllı məsləhətlər verə bilən dostunuz da əvəz edə bilər. Xarici ölkələrdə depressiyada, kritik situasiyada olan insanların anonim olaraq yardım ala biləcəkləri telefon xidmətləri fəaliyyət göstərir. Yetər ki, dərdinizi içinizdə saxlamayın, paylaşın, bölüşün. “Dərdini deməyən dərman tapmaz” deyiblər.

Xüsusilə yeniyetmələr bu mənada həssas olurlar. Onlara xüsusi yanaşma lazımdır. Ev, məktəb, toplum yeniyetmələrə xüsusi münasibət sərgiləməlidir. Onların hərəkətlərini kapriz, ərköyünlük kimi yox, yeniyetməlik mərhələsinin çılğınlığı kimi qəbul etmək lazımdır.

Tanışımız olan bir qadın əsəb xəstəsidir, hər zaman problem yaşayır, əsəb xəstəliyi bütün orqanizmində fəsadlar yaradıb. Bir dəfə xalasından nifrətlə danışdı. Hələ də o ağrının təsiri altındaydı. Məlum oldu ki, yeniyetməlik vaxtı hansısa oğlanın bu qızdan xoşu gəlib, xalası da bu xəbəri anasına çatdırıb. Məlumdur ki, belə sadəlövh şeylər bizim toplumda faciə kimi qəbul edilir. Anası qızını sorğu-suala tutub. Qız isə başını divara döyərək günahının olmadığını deyib. Başından aldığı travmalar sinir sisteminin zədələnməsinə səbəb olub. Adi bir anlaşılmazlıq görün nələrə yol açıb. Oğlanın bir qızdan xoşu gəlməsi kimi normal bir şey yoxdur. Yaxud qızın oğlandan xoşlanması... Bunun üçün yeniyetmə qızı sanki cinayət etmiş kimi sorğu-suala tutmaq, təzyiq göstərmək axı nəyə lazımdır?

Qadın indi oğul-uşaq anasıdır, amma mənəvi və fiziki travma özünü hələ də bəlli edir.

Elina da yeniyetməlik çılğınlığının qurbanı oldu. Onu gözməzlikdən gələn topluma öz varlığını sübut etmək cəhdiydi bu. Onun da canlı insan olduğunu, hisslərinin olduğunu və ona olan laqeydliyə biganə qala bilmədiyini göstərmək istədi. Sonda toplumun sevgisini və anlayışını qazandı, amma bədəli çox ağır oldu.

Buna bənzər bir hadisəyə rus saytlarının birində rast gəldim. Amma həmin hadisədə faciəni önləyə biliblər.

Onun adı Kristinadı, ucaboy, çilli qızdır. Fizikanı çox sevir. Evlərini dəyişəndən sonra başqa bir məktəbə getməli olub. Hər şey idman müəlliminin ona münasibətindən başlayıb.

“Müəllim hər dəfə deyirdi ki, mən tənbələm və ərə getmək istəyib-istəmədiyimi soruşurdu”.

Kristina etiraf edir ki, o hamıdan yavaş qaçır, ipdən tullanmağa isə utanır, çünki oğlanlar gözlərini onun sinəsinə zilləyir. İdman müəllimi isə onun qaça bilmədiyini, artıq çəkisini ələ salıb gülürmüş. Tezliklə Kristinanın çəkisi, köklüyü şagirdlərin də dilinə düşür, onu lağa qoymağa başlayırlar. Sinif rəhbərinin Kristinaya rəhmi gəlir və deyir ki, uşaqlara fikir verməsin, deyib-deyib yorulacaqlar. Amma şagirdlər yorulmaq bilmədən onu ələ salıb gülməkdə davam edirdilər. Hətta bir dəfə Kristinanın rus dili dəftərinə böyük hərflərlə “Gombul Donuz” sözlərini yazırlar.

“Onda mən özümü öldürmək istədim. Əlvida deyib beşinci mərtəbəyə qalxdım və pəncərədən tullanmaq istədim. İstəyirdim, hamı bilsin ki, günahkar kimdir”.

Özünü pəncərədən atmaq istəyən Kristina xilas edilib. Kristinanın insidentdən sonra məktəbə çağırılan anası idman müəllimini məktəbdən qovmalarını tələb edib. Əks halda polisə şikayət edəcəyini bildirib.

Müəllim işdən qovulub, Kristinanı isə anası başqa məktəbə keçirib. O hələ də baş verənlərə inana bilmir:

“O həmişə sakit, sözəbaxan qız olub, çoxlu kitab oxuyur, mənim isə başım öz işlərimə qarışıb, həm də onun işlərinə burnumu soxmaq istəmirdim”.

Kristina intihara cəhd etdiyinə peşmandır, bir də belə bir ağılsızlıq etməyəcəyini bildirir.

Bu hadisə xoşbəxt sonluqla başa çatıb. Ana ilə qız bu hadisədən sonra bir-birlərinə yəqin ki, daha yaxın olacaqlar. Yeniyetmələrə daim nəzarət lazımdır və bu nəzarət evdən, ailədən başlamalıdır.

Statistikaya görə, gün ərzində hər beş adamdan biri intihar haqqında düşünür. Bu o demək deyil ki, hər beş adamdan biri intihar edir. Deməli son həddə gəldiyini düşünənlər təsəvvür etdiyimizdən də çoxdur. Və deməli son addımdan geri çəkilmək mümkündür. Demək ki hər şey göründüyü qədər qorxulu deyil. İnsan özündə güc tapıb ən qlobal problemlərin də öhdəsindən gələ bilər.

Həyat böyüklü-kiçikli səhvlərimizdən ibarətdir. Heç kim deyə bilməz ki, mən səhvsiz yaşamışam. Bir dəfə Alla Puqaçova dedi ki, mənim həyatım dağıntılardan ibarətdir. Həmişə parlayan, ya da bizim elə zənn etdiyimiz məşhur qadın, milyonların sevimlisi Alla Puqaçova... Amma baxın, böyük olmaqdan, güclü olmaqdan heç vaxt vaz keçməyib. Demək ki insanın önündəki ən böyük maneə o özüdür.

Onkoloji xəstəxanalarda həyat üçün mücadilə edən insanları görmüsünüz? O insanların gözlərindəki ümidi heç bir rəssam çəkə bilməz. Yaşamaq üçün mübarizə edən o insanlardan öyrənməli çox şeylər var. İntihar acizliyin etirafıdır.

Ona görə dərindən nəfəs alın və günəşə, quşlara, ağaclara, həyata gülümsəyin.

# 2604 dəfə oxunub

Oxşar xəbərlər

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
#
#
# # #