Hüseyn Əzizoğlunun qüsuru və yaxud milli vaynerlərimiz

Hüseyn Əzizoğlunun qüsuru və yaxud milli vaynerlərimiz
11 iyun 2018
# 11:32

Aliyə

“Vine” (“vayn”) qısa, 1 dəqiqəyədək videroliklər çəkməyə imkan verən mobil tətbiqetmə idi. Tvitterin aldığı bu xidmət az sonra rəqabətə davam gətirməyib dayandı. Amma vayn özü dayanmadı, janra keçib sosial şəbəkələrdə dolaşmağa başladı.

Vizual sahələrin və informasiya texnologiyaların sürətli inkişafı mövzulara qısa, vurucu yanaşma tələb edir. İnformativlik yox, assosiativlik tələb olunur. Bir janr kimi “Vayn”lar bu şəraitdən yaranıb. Daha doğrusu, 1 dəqiqəyədək qısa zaman şərtinin yaratdığı keyfiyyətlər “vayn”-ı janra çevirdi, hətta sonralar çəkilənlər vaynın zaman şərtini aşdı, “Mozalan” süjetlərinə oxşayan qısa videolar oldu.

Bu janrın əsas keyfiyyətləri nələrdir? Həmin qısa zaman şərti, tamaşaçının qısa vaxtda məsələnin məğzini qavraması üçün bu tələbləri qoydu: ümumiləşdirilmiş tip, onları ortaya çıxaran situasiyalar, təqlidçi aktyor oyunu, didaktik tənqid tonu, ümumiləşdirilmiş tənqid hədəfi, tanış tipajlar, tənqidin vuruculuğu, aydın yumor hədəfi, bədii yox, publisist populist yanaşma; geq (qəhrəmanın naqolaylığını, ya naqolay vəziyyətə düşməsini təsvir edən komik epizod) çərçivəsində həll olub vayn janrının əsas keyfiyyətləri oldu.

Bunlar xeyli tamaşaçını vaynlar ətrafında birləşməyə vadar etdi. “Bütün ölkələrin proletarları” vayn ətrafında birləşdikcə, “vayner”lər cəmiyyətin müxtəlif sosial statusda olan insanlarını, müxtəlif sahələrini əhatə etməyə başlayırlar beləliklə, müxtəlif mövzulara toxunulur – gözəllik, dəb, qadınlar günü, imtahan, kino, kommunal tariflərin artırılması, elektron ünsiyyətin canlı ünsiyyəti üstələməsi və s kimi aktual məsələlər. “Bütün ölkələrin proletarları” sözü yalnız zarafat deyil. “Vayn” sosial şəbəkə janrıdırsa, real həyatı sosial şəbəkədən daha sönük olan böyük bir təbəqəni-sosial şəbəkə istifadəçilərini əhatə edir. Azərbaycan sosial mediasında bu janrın təmsilçiləri, yeni fenomenlər ortaya çıxdı.

İnsanlar öz həyatlarını tanıdıqca Hüseyn Əzizoğlunun, Taleh Yüzbəyovun, Əlixan Rəcəbovun və başqalarının vaynlarının tamaşaçısı olurlar.

H.Əzizoğlunun çəkdikləri daha teatraldır, daha düzü, o, cəmiyyət həyatından şəkillər təqdim edir. Hərəkətli karikatura da demək olar. Təqlidçi aktyor oyunu, tanış tipajlar hamısı vayn tələblərinə uyğundur, amma mövzuların əksəriyyətinin klişe olması, məişət tonallığından çıxa bilməməsi müəllifin məhdudiyyətlərindən xəbər verir.

Taleh və Əlixan daha dərinə gedir, situativ–fraqmental məqamlar deyil, daha ciddi mövzular, yanaşma rakursu, aktyor oyunu, fərqli tipajlar gətirir və tamaşaçı ilə ortaq tanış axtaran vaynerdən müəllif statusuna doğru gedirlər. Çün, onlara tamaşaçıya çıxmaq üçün tanış gərək deyil, onlar özləri tamaşaçı ilə tanış olub, ciddi söhbətlər ediblər. Yüzbəyov və Rəcəbovun işlərində aktyor oyunu, mətn, yanaşma daha fundamentaldır.

Sosial məsuliyyət, publisist ruh hər iki video bloggerin işlərinə hakimdir.

Assosiativlik, ümumiləşdirmə operator işində də klişelər tələb edir. Amma bu klişelər hansısa vizual həllə mane olmur. Əlixanın və Talehin videolarında belə həllər var – S.O.S. videosunda Əlixan telefon xəstələrini bir avtomobilə yığıb qəza işıqlarını yandırır – Bu, “qəza təhlükəsi var – düz getmirik” deyir.

Və ya Talehin süjetlərindəki çevik montaj həlləri. Qadınlar gününə həsr olunmuş, yerli feministlərin məntiqsizcə tənqid etdiyi sosial rolikdə qadınların öhdəlik və vəzifələri yox, onlarsız kişilərin necə boz, sönük, kobud, incəlikdən, gözəllikdən uzaqda məhv olduğu göstərilir. Qadının təbəssümü ilə hər şey dəyişir, həyat rənglənir, zəriflik, gözəllik yenidən dünyaya qayıdır. Rejissorun demək istədiyi yanımızda olan, gündəlik həyat ritmində “unudulan” məqamı vurğulamaqdı – qadınların dəyərini dərk etməkdi, xoşbəxtlik mənbəyi xatırlatmaqdı. Bu vayn deyil, sosial rolikdir. Çün, Taleh və Əlixanın bütün keyfiyyətləri ilə vayn-süjet estetikasından uzaq işləri var. Bunlardan biri Taleh Yüzbəyovun müəllif üslubu ilə fərqlənən “Heydər babaya salam” süjetidir. “Cinemazadeh”-in “Şaizadeh” layihəsi çərçivəsində işlənən “Heydər babaya salam”da aktyor Şamil Süleymanovun səsləndirdiyi mətn (M.Şəhriyar “Heydərbabaya salam” poemasından parça) nostalji həsrət tonallığı bu günün ritminə uyğunlaşmır, Talehsə bu ziddiyyəti olduqca rəvan keçidlərlə ötürür. Qaranlığın, gecənin canındakı həsrəti tapıb göstərir və finalda gördüyümüz bayram xonçası diskoteka içində fonda qalması ilə o günlər üçün “darıxır”.

Üslub baxımdan Əlixan Rəcəbovun “Bakılının gündəliyi” və “Alxanın gündəliyi” sənədlilik intonasiyasında işlənmiş tragikomik novellaları fərqlənir. Birincidə bakılının həyat tərzi, dəyərlər sistemi, güzəranı və dünyaya baxışı qəhrəmanın özünü təqdimi ilə açılır. Komik olan bu təqdimetmə tərzi və onun arxasından boylanan, gizlədilə bilməmiş reallıqlardır.

Bir bakılının yaşam qaydaları sənədlilik tonu ilə təqdim olunur, amma arxasından böyük faciə çıxır. Əlixan tamaşaçını qəhrəmanının həyat ritminə salır, bu ritmdə narkoman qardaşının intiharını proqnoz edə bilməzsən. Rəcəbov bu qəfil, gözlənilməz intihar finalı ilə daha dərin reallıqların olduğunu deyir. Bu intihar finalı ilə bütün sənədlilik intonasiyasını, görünən bakılı reallığını batırır. Nəinki qəhrəmanın kameraya təqdim etdiyindən, hətta kameraya boylananlardan daha dərində bir görüntünün olduğunu söyləyir. “Hər gördüyünüzü bilmirsiniz”- deyir. “Görə bilmədiklərimiz var”- deyir. Tamaşaçı bir bakılının həyatından daha artıq suallarla çıxır. Daha düzü bu həyatı anlaya bilməyəcəyini bilərək çıxır.

Məni Talehin və Əlixanın “vayn” olmayan işləri haqqında qısa film sözünü işlətməkdən nə çəkindirir? Onların da kinoya ciddi yanaşmasına inanmağım. Onlardan daha çoxunu gözləməyim. Çün, onlar da, mən də bilirik, film böyük ekranı haqq etməlidir. Film böyük ekranın hər kvadrat santimetrini öz məzmunu, çoxqatlılığı ilə doldurmalıdır.

Arthauzun, meynstrimdən, houmvideodan, ciddi fərqi nədir? – bədiilik: janr (yanaşma), məzmunda, ideyada çoxqatlılıq, “dərinlik” dediyimiz bədii oyun, üslub keyfiyyəti.

Biz vayner dediyimiz bu adamların fərqindəyik. Onlar da etdiklərinin və edə biləcəklərinin fərqindədir. Reklamçılar da onların izləyici sayının fərqindədirlər.

Əlixanın, Talehin vaynları keyfiyyətindən asılı olmayaraq müəlliflərini gerçəkdən narahat edən məsələlərdir, bəziləri düşündürür, bəziləri ayaqqabının içindəki daş qırıntısı kimi narahat edir. Elə ona görə də, izləyicilər onların reklam işindəki iştirakına qəzəblə yanaşır. Onlar izlədikləri insanların səmimiyyəti itirəcəyindən şüuraltı olaraq qorxurlar. Səmimiyyəti - bir müəllif üçün ən vacib olanı.

Vayn kino deyil, amma vayner kinematoqraf ola bilər. Milli kinoda arzu olunanlar qarşısıalınmaz proses kimi sosial şəbəkədə gedir. Burada fəxri ad, hansısa idarə və qurumlar yoxdur - tamaşaçı və danışmaq istədiyin mövzularla dolu olan yeni fenomen var.

# 1422 dəfə oxunub

Oxşar xəbərlər

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

21:00 10 dekabr 2024
#
#
# # #