12 yaşlı şagirdini 33 yaşlı oğluna alan sinif rəhbəri - Könül Cəfərli yazır

<b>12 yaşlı şagirdini 33 yaşlı oğluna alan sinif rəhbəri</b> - <span style="color:red;">Könül Cəfərli yazır
24 yanvar 2018
# 11:00

Nə qədər mağaza gəzsələr də, qıza nişan üzüyü ala bilməyiblər. Hamısı Günayın (şərti ad – red.) barmağına böyük olub. Məcbur qalıb zərgərə sifariş veriblər. Paltar alarkən də qaynanası çətinlik çəkib. Kiçik bədən ölçüsünə bər-bəzəkli gəlin paltarı tapılmayıb. Geyim məsələsini də dərziyə tapşırıb, xonça hazırlığına başlayıblar.

Günayla hələ tanış olmamışam, barəsində qohumların danışdığı qədər məlumatım var. Deyirlər kənddə 6-cı sinifdə oxuyur, sinif rəhbəri də qayınatasıdır. Tərbiyəli, əlaçı şagirddir. Amma təhsili nişana qədərdir. Barmağına üzük taxılandan sonra məktəbdən çıxaracaqlar. Böyüklər belə razılığa gəlib, nişanlı qızın dərsə getməyini məsləhət bilməyiblər. Həm də oğlan oxumağını istəmir.

Bəy bizim qohumdur. Rusiyada işləyir, 33 yaşı var. Günayı toyda görüb bəyənib. Atası da zamin durub ki, ağıllı, sözəbaxan uşaqdır. Elçi düşüb, “hə”sini alıb, indi nişana hazırlaşırlar. Toy 3 ildən sonra olacaq. Qaynanası deyir ki, o vaxtacan qız irilənməsə, gəlin donunu da tikdirməli olacağıq.

Maraq üçün Günayın fotosuna baxdım. Dedim bəlkə yaşı az olsa da, özü yetkin qızdır. Amma nə gülümsəyən üzündə, nə də balaca vücudunda qadını andıran heç nə görmədim. 33 yaşlı adam bu uşağa necə kişi gözü ilə baxıb, onu anlaya bilmədim. Başa düşmədiyim başqa məqamlar da var. Məsələn, deyək ki, bəy kiçik qızlara qarşı seksual istək hiss edir, 12 yaşlı Günayda bizim görə bilmədiyimiz qadını, yataq partnyorunu görür, bəs məktəblinin valideynləri buna necə razı olur? Görəsən 6-cı sinif şagirdi evlənmək deyəndə nə başa düşür? Təhsildən ayırıb, ərin istismarına vermək uşaq hüquqlarının pozulması deyilmi? Erkən nikaha bələdiyyə, icra nümayəndələri, məktəb direktoru niyə göz yumur?

Onu da deyim ki, Günay kənddə tək deyil. O yaşda nişan taxılan başqa qızlar da var. İldən ilə də yaş həddi aşağı düşür. Əvvəl 14-15 yaşlı məktəblilərə elçi düşürdülərsə, son illərdə artıq 6-7-ci sinif şagirdlərini nişanlayırlar. Demək olmaz ki, bütün azyaşlı qızların hamısını zorla evləndirirlər. Həvəsə düşüb ər arzulayanlar da var. Bir də o kənddə mühit, ictimai düşüncə erkən nikahı diktə edir. Uşaq yaşda ərə getmək məqbul sayılır, təbliğ olunur. Elə oğluna 12 yaşlı qız alan müəllim özü deyir ki, 9-cu sinfə qız qalmır, əksəriyyəti ərdə olur, bir neçə subay şagird isə dərsə gəlmir. Yalnız yoxlama olan gün gəlinləri gətirib sinfə “düzür”lər. Sonra yenə ərləri gəlib aparır.

Bu kəndəki qızların evlənməkdən başqa xəyalları və gələcəklə bağlı planları da olmur. Ağılları kəsəndən gəlin köçmək barədə düşünürlər. Oxumaq, işləmək, karyera qurmaq onların dünyasında yoxdur. Bu haqda nə evdə söhbət gedir, nə də çevrələrində danışırlar. Qızları ancaq ərə vermək üçün yetişdirirlər.

Özü də gəlin seçimi əsasən toylarda baş tutur. Evlənmək istəyən oğlan əksər vaxt qızı xeyir işdə görüb bəyənir. Bunu bilən ana balasını bəzəyib-düzəyib toya gətirir. Baxırsan uşaqdır, amma üz-gözündə boya, üstündə zərli paltarı var. Donun ora-burasını daraltsalar da, yenə əyninə böyük olduğu, libasın altındakı uşaq vücudu aydın sezilir. Hələ qadınlaşmamış bədəndə iri paltar, xüsusən də sinə hissəsi çox nataraz görünür. Bilmirsən ağlayasan, ya güləsən.

Bir dəfə yenə kənddə toyda idim. Yanımda ana-bala əyləşmişdi. Yaşını soruşdum, dedi ki, 7-ci sinifdə oxuyuram. Ayağına “kapron” kalqotka, əyninə böyük qızlara uyğun ziyafət donu keçirmişdi. Kosmetika yaşını bir az böyütsə də, üzündəki uşaq məsumluğunu ört-basdır edə bilməmişdi. Anası tez-tez uşaq davranışlarına irad tutur, özünü ağır aparmasını tələb edirdi. Toyun şıdırğı vaxtında oğlanlar “palatka”dan asılmış şarları qoparmağa başladılar. Bu qız da qaçıb yerdəki şarlardan birini götürdü. Anası tez əlindən alıb, yerində oturtdu. Ha gözünü ağartsa da uşaq istəyindən əl çəkmədi, başladı ağlamağa. Dodağı pomadalı, saçı “toy priçoskalı” qızın şar üçün ağlamağını təsəvvür edirsinizmi? Anası necə pərt olmuşdu. Ər tapması üçün gətirdiyi övladı oyuncaq üçün göz yaşı tökürdü.

Qeyd edim ki, qızları müxtəlif səbəblərdən tez evləndirirlər. Kiminin imkanı çatmır dolanmağa, ərə verməklə yükünü yüngülləşdirir. Kimisi qohum-qonşunu görüb, camaatdan geri qalmaq istəmir. “Filankəsin qızı ərə getdi, mənimki niyə evdə qalsın?”,- bəhsi ilə balasını gəlin köçürür. Bəzi məktəblilər nişanlı sinif yoldaşlarını görüb, özləri ər eşqinə düşür.

Bu yolla namusunu sığortalayanlar da var. Bir dəfə qızına kiçik yaşda toy edən kişidən səbəbini soruşdum. Dedi ki, erkən ərə vermək qulaq dincliyidir, nə qədər tez başından rədd etsən, o qədər salamatçılıq olar. Bir sözlə, ata namus məsuliyyətini kürəkənə ötürüb, özü rahatlığa çıxır.

Həm də uşaq yaşda gəlin almaq ər evinə də sərf edir. Balaca qızı idarə və tabe etmək, əzmək çox asan olur. Qorxusundan səsini çıxarmır. Gördün sözə baxmır, bir qapaz ilişdirirsən, quzuya dönür. İldə də birini doğuzdursan, başı açılmayacaq. Bir də ayılacaq ki, öz qızına elçi gəlirlər. Beləcə bir ömür xərclənib bitir.

Kiçik olduqları üçün kötək də çox yeyirlər. 15 yaşlı gəlinin uşaq hərəkətləri, söylədiyi fikirlər böyükləri qıcıqlandırır. Balaca qızdan yetkin davranış və düşüncə gözləyirlər. “Bizimki uşaq da doğdu, amma hələ ağıllanmayıb, başdan xarabdır”,-deyən qaynanalar gördüm.

Erkən nikahla bağlı araşdırmamda rayonda ginekoloq işləyən həkimdən də müsahibə almışdım. O, da yetkinlik yaşına çatmamış qızların evləndirilməsindən ürək ağrısı ilə danışmışdı. Hətta bəzən kiçik gəlinlərin ərləri tərəfindən təcavüzə məruz qaldığını da demişdi: “Qanaxma ilə yanıma təzə gəlin gətirmişdilər. Toy gecəsi ciddi zədə almışdı. Müayinə edərkən çox kobud rəftar edildiyini, zorakılıq əlamətləri olduğunu gördüm”. Həkimin söylədiyinə görə, azyaşlı qızların orqanizmi cinsi həyata, hamiləliyə hazır olmur.

O kənddə doğulan qızlara yazığım gəlir. Çoxunu anasının aqibəti gözləyir. Tək-tük oxumaq istəyən olsa da, ailədən dəstək görmədikləri üçün məqsədlərinə çata bilmir, yarı yolda qalırlar. Qızların işıqlı gələcəyi göz görə-görə qaranlığa gömülür. Demirəm ki, ailə lazım deyil, heç kim ərə getməsin. Əlbəttə bu da önəmlidir. Amma evliliyin də bir yaşı var. Mən erkən nikaha və qızların təhsildən uzaqlaşdırılmasının əleyhinəyəm. İmkan verin, kömək edin oxuyub bir sənətə, peşəyə yiyələnsinlər. Ələbaxımlı, başıqapazlı olmasınlar.

Vallah yazıqdır, qızlara da yazıqdır, elə bizə də. Bu haqsızlığı nə övladınıza, nə də cəmiyyətə edin. Heç kəs yaxasını kənara çəkməsin. Erkən nikah çoxaldıqca, bir gün fəsadını hamımız hiss edəcəyik, geci-tezi var...

# 2086 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
#
#
# # #