Etibar Əliyev: “Müqəddəs kitabı təhqir edənlər Nobel alır”

Etibar Əliyev: “Müqəddəs kitabı təhqir edənlər Nobel alır”
16 oktyabr 2014
# 16:12

Kulis.Az fəlsəfə elmləri namizədi, Nobel araşdırmaçısı Etibar Əliyevlə müsahibəni təqdim edir.

- Etibar bəy, 113-cü Nobel mükafatları təqdim olundu. Ötən Nobel həftəsini necə dəyərləndirirsiniz?

- Nobel həftəsi çox maraqlı oldu. Xüsusilə Sülh sahəsində 17 yaşlı bir qızın Nobel alması, Nobel yeniliyi idi. Ən gənc nobelçi 25 yaşında mükafat alan fizik Uilyam Lourens Breqq olmuşdu. Pakistanlı Yusuf Malalayın bu mükafatı alması yenilik idi. İkinci yenilik iqtisadiyyat sahəsində mükafatın fransalı iqtisadçıya verilməsi idi. Amerikanlar heç bir ölkəyə macal vermirdilər. Bu da təbiidir ki, Amerikada böyük iqtisadiyyat məktəbləri var və böyük iqtisadçıların 95 faizi burada yaşayır. Ədəbiyyat sahəsində də Modianonun mükafat alması gözlənilən idi. Çox böyük yazıçıdır. Mən onun mükafat almamışdan əvvəl bir neçə müsahibəsini oxumuşdum. İşğal mövzusu ilə bağlı macar yazıçı İmre Kertes də mükafat almışdı. Madiono yaşlı və peşəkar yazıçıdır. Son vaxtlar Nobel ədəbiyyat sahəsində yaşlı yazıçılara önəm verir; Tranströmer, Munro və ən yaşlısı isə Doris Lessinq idi.

- Amma yaşlılardan Kundera qalıb, ona mükafat verilmir.

- Ədəbiyyat haqqında müəyyən proqnozlar verilir və bu çox vaxt düz çıxmır. Mariya Varqas Lyosanın Nobel alacağı deyilirdi. Bu özünü doğrultmalıydı, çünki Lyosa böyük yazıçıdır. Sənət adamlarının yaradıcılığı izlənilir və zamanında qiymət verilir. Fizika-kimya sahəsində də mükafatçılar böyük alimlərdir. Bizim üçün bu sahə haqqında danışmaq bir qədər çətindir. Çünki bizim alimlər bu texnologiyalardan və məktəblərdən uzaqdır. Keçən il mükafat Hiksə verildi. O çoxdan deyirdi ki, belə bir hissəciklər var. Amma o hissəciklər 2013-cü ildə kəşf olundu və Hiks Nobel aldı. Ən çox mübahisə, müzakirə doğuran ədəbiyyat və sülh sahəsi olur. Elm sahələri üzrə hər şey konkretdir. Ekspertlər çox dəqiq işləyir, kəşflər isə çox az olur.

- İqtisadiyyat, tibb, kimya, fizika sahəsində mükafata namizədlər ilin əvvəlindən bəlli olurmu? Yoxsa namizədlər hansısa başqa üsulla seçilir? Məsələn ilin əvvəlindən artıq bilinirmi ki, fizika üzrə iki kəşf var və onlardan biri mükafat alacaq?

- Dünyanın bir neçə təhqiqat mərkəzi var və böyük beyinlər də orda toplanır. Onlar hər şeyi ciddi təhlil edir. Səhv etmirəmsə 2003-cü ildə kəşf olmadığına görə mükafatı Ginsburqa verdilər. Yəhudi əsilli rus olan Ginsburq mükafatdan 20 il qabaq o uğuru əldə etmişdi. Bu cür geri qayıtmalar olub. Kəşf olmadığı halda geri qayıdıb keçmişə yenidən nəzər salırlar. I və II dünya müharibələri vaxtı Nobel mükafatı verilməyib. Amma kiçik, elementar bir kəşfin belə gözdən yayınması halı olmayıb. Heç bir saxtakarlığa yol verilmədiyi üçün Nobel mükafatı hələ də dünyanın ən nüfuzlu mükafatadır.

- İqtisadiyyat, fizika, tibb, kimya kimi sahələr inkişaf etmiş ölkələrdə daha çox təmərküzləşib. Üçüncü dünya ölkələrində bu sahədə Nobel alanlar varmı? Məsələn mən misirli Zevalın adını çəkə bilərəm.

- 1999-cu ildə Əhməd Zeval kimya sahəsində Nobel aldı. Onun etdiyi kəşf çox əhəmiyyətli və önəmli idi. Kimya üzrə ilk Nobel mükafatçısı Vant Hoffdan sonra bu sahəyə yenilik gətirdi. Zeval tələbə vaxtından Amerikada yaşayır. Amerika-Misir alimi hesab olunur. Nüvə sahəsində çox böyük kəşflərə imza atmış Əbdüssalam Pakistan fizikidir. Ancaq o bütün tədqiqatlarını Böyük Britaniyada aparıb. II dünya Müharibəsinə qədər ABŞ-dan cəmi bir fizik-Albert Maykelson Nobel mükafatına layiq görülmüşdü. Müharibədən sonra isə hər il ən azı bir Amerika fiziki mükafat alır.

- Yaponiyanın da payı artır bu sahədə...

- Yaponiyada kimya, fizika sahəsində bu il 3 nəfər Nobel alıb. Bu ölkədə kimya, fizika, tibb sahəsində nobelçilər artır. Maraqlıdır ki, 2000-ci ildə Çindən Qao Sinszyan, 2012-ci ildə isə Mo Yan ədəbiyyat üzrə Nobel mükafatı alıb. Amma Çindən iki böyük fizik mükafata layiq görülüb. Onlar da Amerikada tədqiqat aparıblar. Şərait kəşflərə böyük təkan verir.

- Almaniyanın payı necədir? Almaniyada vəziyyət qənaətbəxşdirmi?

- Almaniya üçüncü yerdədir. Birinci yerdə ABŞ-dır. 370-ə yaxın nobelçisi var. Onlardan 102 nəfəri tibb sahəsində mükafat alıb. Almaniya bütün sahələr üzrə üçüncü yerdədir. Sülh üzrə almanlara az verilib bu mükafat.

- İqtisadi inkişaf həm də elmin inkişafı sayıla bilər...

- Bəli. Vaxtında yaradılmış böyük məktəblər bu işə xeyli təkan verir. Universitet reytinqlərində orda neçə Nobel mükafatçısının, Filts medalı mükafatçısının çalışması nəzərə alınır. Nobel birinci kriteriya sayılır. Massaçusets Texnologiya Universitetində 21, Harvardda 17 Nobel mükafatçı laureatı çalışır.

- Gəlin ədəbiyyat üzrə Nobel mükafatlarından danışaq.

- Ədəbiyyat sahəsində ilk mükafat 1901-ci ildə Prüdoma verilib. Onu şair kimi çox adam tanımırdı. Ona verilməsi belə izah olundu; “Yüksək idealizm və poetik tamlığa görə”. Bu isə Alfred Nobelin vəsiyyətinə uyğun idi. O idealizmi əsas götürməyi tövsiyə etmişdi. Əsərlər universal dəyərləri ehtiva etməlidir. Modianoya “işğal”ı işıqlandırdığına görə verildi. Mo Yana xalq nağıllarını yüksək bədiiliklə istifadə etdiyinə görə verildi. Tranströmerə yarımşəffaf obrazların baxışlarımızı təmizlədiyinə görə verildi. Lyosaya hakimiyyət strukturlarının detallı təsvirinə, ayaqda duran, mübarizə aparan insanın parlaq təsvirinə görə verilib. Neçə ildir Murakami deyirlər, Amos Oz deyirlər, Adonisin adını çəkirlər.

- Kunderanın adını çəkirlər...

- Amma bunlar özünü doğrultmur.

- Nobelin verilməsində bilmədiyimiz hansı detallar var? Hər il ədəbiyyatsevərlər təkid edirlər ki, Kundera almalıdır, Eko almalıdır. Almayanda da məyus olurlar. Niyə dünyanın böyük yazıçıları bu mükafatı ala bilmirlər. Madianonun mükafat almasından sonra “Radio svaboda”da bir veriliş izlədim. Ruslar deyirlər ki, Tolstoy kilsədən çıxdığı üçün ona mükafat verilmədi. Nobel komitəsi kilsəyə qarşı hörmətsizlik etmiş yazıçıya mükafat vermir. Başqa bir misal, deyirlər ki, Nabokov “Lolita”nı yazdı və kilsə onu əxlaqsız əsər elan etdi. Ona görə də Nabokov heç vaxt Nobel ala bilməzdi. Bu bəhanələr əsaslıdırmı?

- Maraqlı məsələyə toxundunuz. Portuqaliya yazıçısı Joze Saramaqo “Bibliya”nı təhqir etmişdi, katolik kilsəsi “İsanın İncili” əsərinin qadağan olunması üçün çağırış etmişdi. Laqerkvist əsərlərində İsa peyğəmbəri, dini təhqir etmişdi. Naypol bütün əsərlərində islam dünyasını təhqir edir. Buna baxmayaraq 2001-ci ildə mükafat alıb. Ruslar düzgün əsaslandırma aparmırlar. Tolstoy 1901-ci ilin ən yaxşı namizədi idi. Nədənsə Nobel komitəsi mükafatı ona vermədi. Bundan küsən Tolstoy da 1902-ci ildə bir fin dostu vasitəsi ilə Nobel Komitəsinə məktub yazıb bildirdi ki, mənim adımı Nobel mükafatı namizədləri arasında çəkməsinlər, mükafatı mənə versələr imtina edəcəyəm. Yəqin ki, yeni yaranmış komitə də ilk illərdə belə bir uğursuzluğun baş verməsini istəmədi.

- Bəs Nobel mükafatı ilk dəfə veriləndə laureat Tolstoy olmadı?

- Tolstoyun əsərləri Alfred Nobelin vəsiyyətində bildirdiyi ideal yönümə cavab vermirdi.

- Nobelin dediyi kriteriya nədir ki, o gah pozulur, gah pozulmur. O kriteriya dəqiq qeyd olunubmu?

- Əsərlər məhdud praqmatik dəyərləri deyil, ideal dəyərləri ehtiva etməlidir. “Qoca və dəniz” əsəri bir balıqçının yaşantısı yox, ideal dəyərləri ehtiva edir. Markesin “Yüz ilin tənhalığı” ideal dəyərləri ehtiva edir. 1930-cu illərə qədər Alfred Nobelin tezisi özünü doğruldub. Nobel ya əsərə görə, ya da bütün yaradıcılığa görə verilir. Nobelin o vəsiyyəti müəyyən mənada pozulub. Heç kəsə ölümündən sonra mükafat verilə bilməzdi. Amma şair Erik Karlfeldə, BMT-nin təyyarə qəzasında dünyasını dəyişmiş isveçli sədri Daq Hammarşeldə ölümündən sonra mükafat verilib. Bir şəxsə iki dəfə Nobel vermək olmaz, Amma Küriyə iki dəfə verildi. Nobel 5 sahə üzrə verilməliydi, iqtisadiyyat sahəsini də əlavə etdilər. 1930-cu illərdə ədəbiyyatla bağlı kriteriyaya tam riayət edilirdi.

- Bəzən narazılıqlar olur ki, tanınmayan adama Nobel verdilər. Folkner ABŞ-da tanınmırdı, Nobeldən sonra tanındı. Mo Yan tanınmırdı, mükafatdan sonra tanındı. Ümumiyyətlə belə hallar çox olub. Məşhurluq Nobel komitəsi üçün nə qədər vacib kriteriyadır?

- Mo Yan əsas əsərlərini Çin dilində yazır və ingilis dilinə tərcümə edilib. İngilisdilli ölkələr onu daha yaxşı tanıyır. Burda əsas dil problemidir. Klassiklərə geri qayıtma məsələsi var. Gənclər Markes, Dostoyevski, Çexov oxuyur. Siz kiminsə çantasından ingiliscə, fransızca Modianin əsərinin çıxdığını görmüsünüzmü? Monro mükafat almayana qədər bir əsəri də Rusiyada çap olunmamışdı. Artıq Nobel mükafatı alandan sonra maraq artır.

- Macar yazıçısı İmre Kertes Amerikada tanınmırdı. 2002-ci ildə Nobel alandan sonra müsahibəsində deyir ki, şükür məni Amerikada tanıyacaqlar. 50 il əvvəl də bu cür vəziyyət var idimi?

- Burda maraqlı bir məqam da yazıçının özünü tanıtmasıyla bağlıdır. 90-cı illərdə Müzili, Lagerkvisti, Svayqı təbliğ edirdim. Üstündən neçə il keçəndən sonra həmin əsərlər dilimizə tərcümə olundu. Yazıçıları tanımağa başladılar. Nobel Komitəsi ədəbiyyat üzrə vətəndaş mövqeyi olanlara mükafat verir, “məşhur”lara yox. Yazıçıların özünü büruzə verməsi əsasən müsahibələri, publisistikası ilə üzə çıxır. Bu elə idealist yönümdür. Brodski ilə bağlı deyirlər ki, mükafat siyasi xarakterli idi. Amma Brodski çox gözəl esselər yazırdı.

- Soljenetsinlə bağlı deyirlər ki, siyasidir. Ruslar Şoloxovdan sonra Nobel alan yazıçıların əsərlərinə görə bu mükafatı aldıqlarına inanmırlar.

- Bu oxucu fikri ola bilər. Primitiv yanaşma doğru deyil.

- Təkcə əsər yox, eyni zamanda namizədin həyatı, fəaliyyəti də öz sözünü deyir?

- İngilis yazıçı Qoldinq “Milçəklər hökmdarı”nı yazandan sonra 19 il görünməyib. Uzun müddətli fasilədən sonra “Görünən cənnət” adlı şedevr yazıb. Saramaqo “İsanın incili”ndən sonra 10 il heç nə yazmayıb. Nobel Komitəsi mükafatı elə-belə vermir.

- Nobel cümlələri haqqında danışaq. Yazıçının yaradıcılığını bir cümlə ilə ifadə etmək maraqlıdır.

- Nobel Komitəsi o bir cümləni hazırlamaq üçün nə qədər çalışır.

- Modilainin haqqında deyilən “İşğal zamani insan taleləri...” cümləsini çevirmək üçün çox düşündük, bir neçə peşəkar tərcüməçi ilə məsləhətləşib hazırladıq.

- 1901-ci ildən indiki dövrə qədər mükafatın nəyə görə verilməsi bir cümləylə ehtiva olunur. Munroda “qısa hekayələrinə görə...” deyilir. Amma Munro Borxes qədər maraqlı hekayə yazmayıb. Knut Hamsunda “monumental “Torpağın bərəkəti” əsərinə görə...” yazılıb. Bir cümlə ilə namizədin fəaliyyətini dəyərləndirmək daha yaxşıdır. Təkcə ədəbiyyat deyil, bütün sahələrə mükafat verəndə bir cümlə il ehtiva olunur.

- Bir namizədin adı hər il səsləndirilə bilərmi?

- Varqas Lyosa 1970-ci ildən namizəd idi. Amos Oz 10 ildir namizəddir. Ədəbiyyatda durğunluq, intibah, inkişaf dövrü olub. 1901-ci ildən 1910-cu ilə qədər ədəbiyyatda durğunluq dövrüdür. Parlaq imza yoxdur. 20-ci ilə qədər Taqor və Romen Rolan var. 20-ci ildən 30-cu ilə qədər Hamsun, Anatol Frans, Tomas Mann və Bernad Şou var. 30-40-cı illərdə bir qədər gerilimə olub, Qolsuorsi ilə Pirandello var. Ən uğurlu dövr 1945-55-ci illərdi; Herman Hesse, Andre Jid, Eliot, Folkner, Rassel, Lagerkvist, Moriak, Hemenquey var. Bir də 1975-1985-ci illər: Bellou, Zinger, Elitis, Çeslov Miloş, Elias Kanetti, Markes, Qoldinq, Seferis. Mən hesab edirəm ki, 2000-2015-ci illərdə də ədəbiyyat durğunluq dövrü yaşayır; Yelenek, Mo Yan, Lekleizo və başqaları parlaq imzalar deyil.

- Bəs Pamuk?

- Pamuku yüksək qiymətləndirirəm. Onun ədəbiyyat sahəsində yazılarını oxumaq lazımdır. Ədəbiyyatı gözəl bilir.

- Pamukdan danışdıq. Elə bir geosiyasi məkandan çıxmış yazıçının Nobel nitqindən ciddi şeylər gözlənilirdi; Qondarma erməni soyqırımı, PKK, Yaxın Şərq siyasəti və sair. Amma o olduqca şəxsi bir mövzu seçdi. Misal üçün, Lyosa əsərlərində dilə gətirdiyi mövzulara Nobel nitqi ilə yekun vurdu.

- Lyosanın Nobel nitqi çox maraqlı idi.

- Bəli. Həyat istiqamətlərini gözəl göstərdi. Ən gözəl Nobel nitqləri hansılardır?

- İki Nobel nitqini müqayisə eləmək istərdim; Pamuk və Pinter. Pinter Nobel nitqində demişdi ki, müsəlmanların qanını tökdüyünə görə Toni Bleyr və Buşa cinayət işi açılsın. O deyir ki, jurnalın birinin üz qapağında mənim ölkəmin başçısı bir uşağı gülümsəyərək qucağına alır. İkinci səhifədə isə mərmi qollarını qoparmış iraqlı körpə var. Bleyer onu qucağına almır ki, üstü qana batar. O uşaq isə soruşur, nə vaxt mənim qələmim olacaq. Bu İngiltərə vətəndaşı olan yəhudinin çıxışıdır. Pamuk isə atasının çamadanından danışdı. Mənim üçün ən maraqlı Nobel nitqi 1927-ci ilin mükafatçısı Anri Berqsonun nitqidir. İkinci nitq Hamsunundur. O qocalara müraciət edir ki, gənclərə mane olmayın. Zingerin də nitqi möhtəşəmdir. O deyir, qocalar elə işlərlə məşğul olub ki, uşaqlar Allaha inana bilmir. Kutzyenin də nitqi maraqlıdır.

# 4981 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #