Ən gözəl 8 Mart hədiyyəm – SORĞU

Ən gözəl 8 Mart hədiyyəm – <span style="color:red;">SORĞU
8 mart 2016
# 09:30

Bu gün 8 Mart Qadınlar günüdür. Kommunist hərəkatının fəal iştirakçısı Klara Setkin 8 Mart Beynəlxalq Qadınlar gününün ideya müəllifi hesab olunur. Qadınlar öz zəhmətlərini görməzdən gələnlərə, hüquqlarını tapdalayanlara qarşı küçələrə axışmışdı həmin gün. Bu tarix daha sonra bütün dünyada qeyd olunan bayrama çevrildi.

Kulis qadın yazarlarımızın 8 Martda aldıqları ən özəl hədiyyə haqqında xatirələrini təqdim edir.

Rəbiqə Nazimqızı: “8 Martdakı üç özəl hədiyyəni deyim. Qızım üzüklər bağışlayıb, az qalmışdım sevincdən ağlayam, məktəbə yemək pulundan yığmışdı. Qardaşım ötən il mobil telefon almışdı bayrama. Bir də dostlar nərgizgülü bağışlayıblar adətən. Sevgilidən-filandan 8 Mart hədiyyəsi ömrüm boyu almamışam.”

Könül Həsənqulu: “8 Martda aldığım özəl hədiyyələrdən ən əzizi atamın bağışladığı qol saatı olub, bir də təxminən 3 il öncə məktubla aldığım 1 manat. Bu 1 manatın elə müqəddəs tarixçəsi var ki, artıq bir hekayə mövzusudur. Haçansa yazacağam bu haqda.”

Sahilə İbrahimova: “Mənə dostum almışdı. Sevgilim yox (gülür). Sağlam olmağım üçün təbii şirə içməliydim. Buna görə mənə şirəçəkən maşın hədiyyə eləmişdi.”

Sevda Sultanova: “8 Mart da daxil olmaqla, bayramlarda, ad günlərində nə təbrik eləməyi, nə təbrik almağı sevmirəm. Bayram gərək insanın qəlbində olsun. Çox nadir hallarda kimisə təbrik edirəm. Bu 8 Mart ağlımda bir qadın var, yalnız onu təbrik edəcəm. 8 Martda adətən ənənəvi hədiyyələr veriblər, ətir, gül. İndi düşündüm ki, görəsən, nə hədiyyə alsam sevinə bilərəm. Ağlıma heç nə gəlmir. Yəqin ona görə ki, Mariya Svetayeva demiş, indi tamam fərqli şeylərlə yaşayıram.”

Aygün Aslanova: “Heç nə yadıma düşmür, deməli, elə bir xatirəm də yoxdur. Ümumiyyətlə, hədiyyə almağı sevmirəm. Bir qayda olaraq, bir həftə, maksimum bir aydan sonra yox eləyirəm. Hər hədiyyəni yox amma. "Anlamlı", adamın boynuna məsuliyyət yükləyən hədiyyələri.”

Sevinc Elsevər: “8 Mart gələndə nəsə bizim əlimiz aşağı düşür həmişə. Bayramın elə bil ayağı ağırdır (gülür). 10-cu sinifdə oxuyanda sinfimizin oğlanları yığılıb balaca, tüklü it almışdılar. O iti gətirib pişiyimə göstərmişdim, qorxmuşdu, çığırıb qaçmışdı. Sonra başa düşdü ki, bu oyuncaqdı, yaxınlaşdı. Mən elə gülüb əylənirdim ki onda. O hədiyyə yadımda qalıb. Yoldaşım Elsevər gül alıb keçən il mənə 8 Martda, hələ də pəncərəmin ağzındadı, çox xoşbəxt və bəxtiyardır, yamyaşıldır. Çox vaxt mən hələ 8 Marta bir-iki gün qalmışkən, ona demişəm ki, a kişi, evimizdə tava yoxdu, filan tərzdə qazan yoxdu, birdən gedib mənə ətirdən zaddan alarsan ha. Onu alınca filan qazanı al. O da əməl eləyib. İnanın ki, bu il də hələ on gün bundan qabağa Elsevərə dedim ki, mənə elə bir qazan lazımdı ki, dolma bişirəndə dibini yandırmasın. Dükanın yerinə qədər demişəm haradadır. Bilirəm ki, bayramda alıb gətirəcək. Azərbaycanda bir çox qadınlar elə belə eləyir, bilirəm. Ərlərinə qıymırlar ki, əlavə xərc çəksin. Seymur Baycan qardaşım da bizi bəyənmir (gülür). Özəl hədiyyələr düşünməyə isə nə Elsevərin vaxtı, həvəsi var, nə mənim. Məişət qayğıları aşıb daşır. Uşaqlardan qaçıb bir yaxşı tamaşaya baxmağımızı istərdim ikilikdə, sonra bulvara çıxıb popkorn yeyərdik, bir skamyada oturardıq, polis yaxınlaşardı, ona xorla deyəydik ki, "evliyik artıq, evliyik artıq! Dədəmizi çağırırsan, çağır!” (gülür) Adətən belə qorxudurlar axı, dədələrinizə xəbər verəcəyik! Olardı bu maraqlı gün, maraqlı hədiyyə....Bunlar heç biri olmayacağına görə bir qazanla da yola verəcəyik. Bir də Nərmin Kamalın bir 8 Mart səhəri yazdığı mesaj məni xoşbəxt edib. Mənə təxminən belə yazmışdı: “Klara Setkinin çəkdiyi əməklər halaldır sənə”. Bu bayramı ən çox haqq edənlərdənmişəm Azərbaycanda.... Gözlərim dolmuşdu onda. Əlbəttə, yazdığım şeirlərə, yazılara görə belə yazmışdı...”

Aysel Əlizadə: “Gözəl bir buket və üzüklə evlilik təklifi almışam. Ən çox o yadımda qalıb - alınmasa da. Amma bu il həyat yoldaşımdan gözləyirəm o "ən gözəl hədiyyə"ni. Nə olsa deyəcəm sizə, söz.”

Yeganə Kərimzadə: “Hədiyyələri heç vaxt sevmədim, onlar məndə kədərli hisslər doğurur, amma iki nəfər - atam və qardaşımdan aldığım hədiyyələr həmişə qeyri-adi olub mənim üçün. Atamın (Fərman Kərimzadə) hədiyyəsi kitablar idi. İndi də onları əziz xatirə kimi qoruyub saxlayıram. Qardaşım özü mənim üçün Allahın bir hədiyyəsidir. Hər 8 Mart günü (bu uzun illərdi belədir) gecə 11-12 arası qapım döyülür, açıram Əzizin üzü qızılgüllərin arxasında gizlənib və hər dəfə ona elə gəlir ki, üzünü görməsəm onu tanımayacam. Mən yenə adətim üzrə “Sənə bacın qurban” deyirəm, qucaqlayıb məni öpür, mütləq mənə başqa nə hədiyyə alsa da ayrıca paketdə 100 dollar verir. Həmişə gülürəm, nəyə lazım deyirəm, amma inanın o 100 dolların bərəkəti ayrı cür olur. Oğlum Muradın hədiyyələri qəribə olur ad günümdə, 8 Martda mənə ya gözəl qablar ya da qazan hədiyyə verir. Nədənsə, ona elə gəlir ki, anaların hədiyyəsi bu ola bilər. Onu fikrindən döndərmək də istəmirəm.

Birdə unuda bilmədiyim hadisə: 8-ci sinifdə oxuyurdum. Xəstə idim, dərsə gedə bilməmişdim. Bir də gördüm qapımız döyülür, açdıq. Sinif yoldaşım Cavad. Allah şəhidlərimizin ruhunu şad eləsin. Cavad Şəhidlər Xiyabanında uyuyan şəhid qardaşlarımızdan biridir. 20 Yanvar hadisəsi zamanı yaralıları daşıyarkən özü də şəhid oldu... Çox gözəl, özü də mərd oğlandır. Hə, Cavad birbaşa evimizə mənə hədiyyə gətirmişdi, bir qərənfil, bir dənə də "Şipir" ətri. Ruhu şad olsun. Onda onu nə qədər anam evə dəvət eləsə də gəlmədi. Hədiyyəsini verib getdi... Mən də ona qərənfillər aparıram. Və hər dəfə xatirəmdə ilişib qalan uşaqlığımızın 8 Mart hədiyyəsi də yaddaşımda...”

Xuraman Hüseynzadə: “Həmin gün qadınların gözütoxluq nümayiş etdirməsinin səmimiliyinə inanmıram. Bir dəstə gül belə xoşbəxt edər onları. Ən azından, qadın olduqlarının fərqində olarlar. 8 Martı çox sevirəm. Səbəbi bizim üçün özəl gün olmasıdır yəqin. Standart hədiyyələr olur adətən. Amma sevdiyim insanın hamıdan öncə bir kəlmə "Təbrik edirəm" deməsinə çox sevinərəm. Təbii, o da bilir ki, hədiyyə bir kəlmədən ibarət olmur.”

Svetlana Turan: “Sözün düzü, elə bir özəl və ya qeyri-adi hədiyyə yadıma gəlmir. Ona görə yox ki, hədiyyə almamışam, sadəcə, buna böyük əhəmiyyət verməmişəm. Ona görə də yadımda qalmayıb. Ümumiyyətlə, 8 Mart və digər bayramlarda, hətta ad günümdə də hədiyyə almağı sevmirəm. Bu cür təqvim günləri insanları buna maddi imkanı çatsa da, çatmasa da, hədiyyə almağa məcbur edir, prosesin əsasında səmimiyyət dayanmır. Sadəcə, hamı ümumi prosesə qoşulur. İnsan xətrini istədiyi adama hədiyyəni özünün ürəyindən keçən vaxt almalıdır, daha cəmiyyətə sırınmış konkret günlərdə deyil. Bir də, mən çox istərdim ki, qadınlar 8 Martın Qadınlar günü kimi qeyd olunmasının tarixçəsini araşdırıb öyrənsinlər və görsünlər ki, belə bir günü, sadəcə, "kişilərdən hədiyyə almaq" gününə çevirmək özümüzə dəyər verməmək deməkdir.”

# 2402 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #